Qara Qarayev: "Komandalar arasında "diş göstərən"lər var"

18:11 4 Dekabr 2016

“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev “Səbail”lə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
 

- Bu oyunu “Qarabağ” üçün məşq adlandırmaq olarmı?
- Məşq deyildi, əksinə, bir qədər düşünüləsi oyun idi. Çünki “Səbail”in meydandakı düzülüşü fərqliydi. Ötən il kubok oyunundakı startımız çətin alınmışdı. Həmin vaxt rəqib yaxşı müdafiə olunduğundan hesabı aça bilmirdik. Bu dəfə səhvsiz başlamaq istəyirdik. Həm də bu mərhələ bir oyundan ibarət olduğundan, hazırlaşmaq çətin oldu. Hansısa səhv səni kubokda mübarizəni davam etdirməkdən məhrum edə bilərdi. Eşitdiyimə görə, “Qəbələ” əsas vaxtda qələbə qazana bilməyib, penaltilər seriyasında üstünlük əldə edib. Bu isə göstərir ki, aşağı dəstədən gələn komandalar arasında “boy” verəni, “diş” göstərəni var.
 

- “Zaqatala”nı çıxmaq şərti ilə digər oyunlardakı nəticələr Premyer Liqa ilə I divizion təmsilçiləri arasında fərqin böyük olduğunu göstərdi. Bunu yəqin meydanda da hiss etdiniz...
- Reallığı nəzərə alsaq, bəli, I divizionla Premyer Liqa arasında böyük fərq var. Bu da aşağı dəstə təmsilçilərinin maddi durumunun zəif olması, eləcə infrastruktur baxımından geri qalmalarının nəticəsidi. İnanıram ki, “Səbail” mövsümün sonunda Premyer Liqaya yüksəlsə, heyətini gücləndirə bilər.

 
- Bir neçə gün əvvəl “Qəbələ” ilə oyundan sonra yaşanan gərginliyi, stressi üzərinizdən ata bilmisinizmi?
- Bizim işimiz stressi, gərginliyi fikirləşmək deyil. Xoşagəlməz hal yaşandı, aidiyyatı şəxslər məşğul oldu. İşimiz meydana çıxıb, oynamaqdı. Kaş bunlar baş verməyəydi.

 
- Oyundan sonra da hakimlə bərabər “Qarabağ”ın adı da mətbuatda çox hallandırıldı. Amma futbolçular buna cavab verməyi lazım bilmədi. Bu qədər təmkinli davranmağınızın səbəbi nədi?
- Baş məşqçimizin tapşırığı bu cür mübahisəli epizodlardan kənarda qalmaqdı. Rəqib həm də uduzduğuna görə, biz meydandan kənarda da onlara cavab verməməyə çalışdıq. Ancaq çox maraqlı oyun alındı. Bu qarşılaşma bizə əvvəlki illərdə keçirilən “Qarabağ” – “Neftçi” duellərini yaşatdı. Nəticədən asılı olmayaraq, hər iki komanda çempionatda yüksək yerlərə layiqdi.
 

- Bu oyuna qədər “Qarabağ”la “Qəbələ” arasında yaxşı münasibət vardı. Baş verənlər həmin münasibətə mənfi mənada təsir edə bilərmi?
- Klub olaraq “Qarabağ”la “Qəbələ” arasında münasibətlər normaldı. Hansısa hakim xətasına görə bu münasibətlər dəyişə bilməz. Hakim səhvləri bizə qarşı da olub. Bunun qərəz olduğuna inanmıram. Qərəzdirsə, Allahdan qorxmur bu qədər insanın haqqına girir. Bu, oyundu, münasibətlər davam edir. Gözəl, çempionata rəng qatan rəqabət qalıb.

 
- Bugünkü qələbənin davamı “Fiorentina” ilə matçda gələ bilərmi?
- Bilirsiz ki, qrupdan növbəti mərhələyə yüksəlmək şansımız son tura qalanda həm media, həm azarkeşlər bizdən çox şey tələb edirlər. Bu da təsirsiz ötüşmür. Yenə deyirəm, “Slovan”la səfərdəki oyun karyeramdakı ən vacib matç idi. Amma nəticə qazana bilmədik. Hələ bir şansımız da var. “Fiorentina” ilə oyunda qazanılacaq qələbə karyeramın davamı üçün çox vacibdi. Bəlkə bir də belə şansımız olmayacaq. Mübarizə, əzmkarlıq, azarkeş dəstəyi lazımdı.

 
- Rəşadın durumu naməlumdu, Miçel və Maksim isə meydana çıxmayacaq. Onların yoxluğunu doldura biləcəksinizmi?
- “Slovan”la oyunda bir futbolçumuzun yoxluğu problem yaratdısa, bu oyunda 3 oyunçumuzun oynmaması problemsiz ötüşməyəcək. Amma böyük komandayıq. Onların yoxluğunda yarana biləcək boşluğu dolduracaq futbolçularımız var. Azarkeşlərimizlə birgə bu vəziyyətdən çıxacağıq.
 

- Vaxt azaldıqca gərginlik hiss olunurmu?
- Gərginlik yoxdu, məsuliyyətimiz artır. Hər kəs bizdən mərhələ adlamağımızı istəyir. Bəlkə bu, bizə mənfi təsir etsin. Bacardıqca fikir verməməliyik ki, oyuna yaxşı hazırlaşaq. Tələb edirlər, haqqları var. Ancaq qələbə haqda çox düşünmək ziyanımıza da işləyə bilər. Ona görə də təmkinimizi pozmamalıyıq.(apasport.az)


Digər xəbərlər

Xəbər xətti