Yunis Hüseynov: "Xarakterləri bizim futbolçulara irəli getməyə imkan vermir"

16:37 26 Dekabr 2016

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Yunis Hüseynovun müsahibəsi:
 
- Demək olar ki, bu il milli komandamız üçün düşərli oldu. Dörd oyuna 7 xal toplamaq yaxşı nəticədir. Bunun ardını gözləyirik. Əsas odur ki, futbolçularımız yaxşı oyun göstərib, stabil çıxış etsin.
 
- Sizcə, millimiz yaxşı oyun göstərdi?
- Tarixdə qalan nəticədir. Ona görə də pis oynayıb, nəticə qazanmağın əleyhinə deyiləm. Amma onu da deyim ki, bəli, gözəl oyunla xal toplamamışıq.
 
- Çempionatımızın səviyyəsi yəqin sizi də qane etmir.
- Çempionatda 8 komandanın olması üzücüdür. Təbii ki, Premyer Liqamızın səviyyəsi xoşuma gəlmir. Belə davam etsə, çempionatın səviyyəsi lap aşağı düşəcək. Ona görə də gələn il komandaların sayı artırmalıdırlar. Oyunlara baxıram. Çox zəif rəqabət var. Adətən, hər turda cəmi 1 maraqlı oyun olur. Bu, tək mənim fikrim deyil. Bunu hər bir klubun məşqçiləri təsdiq edər.
 
- Klubların sayının az olmağından əlavə, həm də onların arasında rəqabət azdır.
- Rəqabəti yaratmaq üçün regionlarımızda klublar olmalıdır. AFFA bölgələrdəki klublara dəstək verməsə, siz komandalar arasındakı səviyyə fərqini görməyəcəksiniz. Çünki rayonlarda azarkeşlər stadionu doldurur. Rəqiblər böyük azarkeş kütləsi qarşısında oynamağa çətinlik çəkir. Təbii ki, bütün komandalar Bakıda oynayanda azarkeş olmayacaq. Mən də futbolçu olmuşam. Azarkeş qarşısında oynamağın nə olduğunu bilirəm. Futbolçu istəməz ki, azarkeş ona nalayiq söz desin. Hər halda azarkeş olan stadionda oynamaq çox məsuliyyətlidir. Boş tribunalar qarşısında isə futbolçu arxayınlaşır. Ona görə də bölgələrdə futbolun inkişafı ən vacib məsələdir.
 
Mən sizə bir faktı deyim. Hazırda Premyer Liqa oyunlarında ən çox azarkeşi olan komanda “Kəpəz”dir. Söhbət ev oyunundan gedir. Ona görə də son dövrlər heç bir komanda Gəncədə “Kəpəz”ə qalib gələ bilmir. Bu, “Qarabağ” üçün də çətindir. Məgər, “Kəpəz” “Qarabağ”dan güclüdür? Əlbəttə ki, yox. Ancaq 15-20 min azarkeşin qarşısında çıxış etmək tamam başqa cür olur. Gəncə kimi digər bölgələrdə də klublarımız olsa, çempionatın da marağı ikiqat artar.
 
- Qeyd etdiyiniz məsələ ilə bağlı nə vaxtsa AFFA-ya müraciət etmisiniz?
- Bəli, vaxtilə fikirlərimi AFFA-ya çatdırmışam. Bildirmişdim ki, hər bir kluba pul ayırmaq lazımdır. Bunu eləmək mümkündür. İnkişafın olması üçün işlər görülməlidir. O qədər də çətin iş deyil.
 
- 2016-cı il həm də bir neçə azərbaycanlı futbolçunun xarici klublara getməsi ilə yadda qaldı.
- Əslində bizdə xarici klublarda oynaya biləcək futbolçular var. Ancaq bizim futbolçuların xarakteri imkan vermir ki, karyeralarında irəli getsinlər. Gedib başqa ölkədə qala bilmirlər. O şəraitə uyğunlaşa bilmirlər.
 
- Siz də bu səbəbdən legioner həyatı yaşamaq istəmədiniz?
- Bəli, məndə də Azərbaycandan kənarda qalmaq sarıdan problem olub.  Mənə o qədər təkliflər olub ki... 5-6 xarici klubdan təklif almışdım. Bəzi təklifləri də dəyərləndirdim və getdim. Ancaq o yerlərdə qala bilmədim. İnanıram ki, Azərbaycan futbolçuların çoxunun xarakteri mənimki kimidir. Amma öyrənmək lazımdır. Müvvəqqəti çətinliyə dözmək olar. Emin Mahmudovla Kamran Ağayevin Portuqaliya çempionatında çıxış etməsi  sevindiricidir. Düzdür, Emin Rusiyada böyüyüb. Amma Kamran bizim futbolun yetirməsidir. (Qol.az)


Digər xəbərlər

Xəbər xətti