"İnter" Türkiyədə terrorla üzləşməkdən qorxur? - AÇIQLAMA

16:10 7 Yanvar 2017

Azərbaycan klublarının bir hissəsi maddi məsələlərlə bağlı mövsümün ikinci hissəsinə ölkə daxilində hazırlaşsalar da, digər hissə isə xaricə üz tutur. Klublarımızın əsas yollandığı ölkə Türkiyənin Antalya şəhəridir.

 

Sportarena.az xəbər verir ki, nə qədər üzücü olsa da son zamanlar qardaş ölkədə vəziyyət yaxşı deyil. Ölkə daxilində baş verən terror hadisələri xeyli sayda insanın həyatına son qoyub. Az qala hər gün Türkiyədən yeni terror hadisəsinin və onun qurbanlarıyla bağlı xəbərlər alırıq. Artıq bir çox insanlar qış istirahəti üçün Türkiyəyə yollanmaqdan imtina edib. Bunlar arasında futbol klubları da var. Ancaq eyni sözlər Azərbaycan təmsilçilərinə aid deyil. Klublarımız çəkinmədən mövsümün ikinci hissəsinə Türkiyədə hazırlaşırlar.

 

Məsələnin ciddiliyini nəzərə alaraq qış hazırlığının ikinci hissəsini Antalyada keçirmək istəyən "İnter"in mətbuat xidməti rəhbəri Səbuhi Məmmədovla əlaqə saxladıq. "Türkiyəyə getməkdən qorxmursunuzmu", "təhlükəsizliklə bağlı hər hansı tədbir görmüsüzmü", "sizi Antalyada kim qoruyacaq" suallarına Səbuhi bəy belə cavab verdi:

 

 

"Xeyr, Türkiyəyə getməklə bağlı heç bir narahatlığımız yoxdur. Baş verən hadisələrə görə biz də təəssüflənirik. Ancaq heç nədən qorxmuruq. Belə səbəb də görmürük. Əvvəllər də Türkiyədə hazırlamışıq. Həm də baş verən hadisələrin miqyası Antalyadan uzaqdır. Antalyada bu müddət ərzində hər hansı bir hadisə baş verməyib.

 

Təhlükəsizliyimizə gəlincə, bizim bu səfərimiz təşkil edən şirkət var. Bu məsələ onların nəzərində olmalıdır. Yəqin ki, onlar bu işlə məşğul olacaqlar. Getdiyimiz ölkənin hüquq mühafizə orqanları da təhlükəsizliklə bağlı məsələlərlə məşğul olurlar. Həmçinin, qaldığımız otelin də təhlükəsizlik xidməti var. Onlar ümumi təhlükəsizliyə həssas yanaşırlar. Bu səbəbdən bizim üçün heç bir narahatçılıq yoxdur. Ümid edir ki, heç bir problem yaşamayacağıq".

 

Məsələni diqqətdə saxlamaqda davam edəcəyik...

 

Heybət Məmmədov


Digər xəbərlər

Xəbər xətti