"Xəzər Lənkəran" bərpa olunsa, bütün yaş qrupları fəaliyyətə başlayacaq" - LAYİHƏ + FOTOLAR

20:53 7 Fevral 2017

"Sportarena.az" saytı AFFA yanında Media Komitəsinin dəstəklədiyi "Cənub bölgəsində uşaq futbolunun son durumu, problemlər və onların həlli yolları" mövzusunda layihənin icrasına davam edir.

 

Layihə çərçivəsində dördüncü yazımız  Lənkərana həsr olunur. Futbol və Lənkəran - bu sözlər yan-yana gətirəndə ağıla gələn ilk "Xəzər Lənkəran" olur. Başqa variant da ola bilməz. 2004-cü ilə qədər Lənkəran deyəndə ağıla istiqanlı, qonaqpərvər insanlar, suptropik meyvələr, gözəl təbiət gəlirdisə, ondan sonrakı müddətdə futbol ictimaiyyətinin nümayəndələri ilk olaraq məhz bu klubu düşünürdülər. Fəaliyyətdə olduğu müddətdə çempionata rəng qatan, cənub zonasının futbol olan marağını daha da artıran "Xəzər Lənkəran"ın yeri əməlli başlı görsənir.

 

"Xəzər Lənkəran" təkcə əsas komandası ilə deyil, uşaq futbolu ilə cənub bölgəsində seçilir. Klubun nəzdində fəaliyyət göstərən akademiyada təkcə lənkəranlılar deyil, digər rayonlardan olan uşaqlar da futbolun sirrlərinə yiyələniblər. Amma 2016-cı ilin yayından - əsas komanda fəaliyyətini dayandırdıqdan sonra burada da heç nə əvvəlki kimi deyil. Artıq akademiyada məhdudiyyətlər var.

 

 

Bu barədə akademiyanın rəhbəri Ağadadaş Həmidovla söhbət edərkən məlumat aldıq. Həmidov klubun əsas komandasının bazasının onlara verildiyini desə də, bu ildən sadəcə 3 yaş qrupu üzrə fəaliyyət göstərdiklərini söylədi:

"Bildiyiniz kimi, akademiya 2004-cü ildə klubla birgə fəaliyyətə başlayıb. Əsas komanda çıxışını dayandırsa da, bu, bizə şamil edilməyib. Klubun bütün bazası - stadionu, məşq meydançaları, digər xidmətlər ixtiyarımıza verilib. Bizə lazım olan hər şeydən istifadə edirik. Əvvəlki kimi akademiya bütün yaş qrupları ilə deyil, sadəcə 3 yaş qrupu üzrə fəaliyyət göstərir. Ona görə də, artıq uşaqların sayı əvvəlki qədər deyil. Bununla belə AFFA-nın bayrağı altındakı turnirlərdə iştirak edirik".

 

 

O, komandanın forma və ləvazimat sarıdan heç bir probleminin olmadığını da söylədi:

"Forma və ləvazimatla bağlı heç bir problemimiz yoxdur. Bizə nə lazımdırsa, klub tərəfindən alınır. Vaxtı-vaxtında yeni toplarla, formalarla təmin olunuruq. Hər fəsilə uyğun formalarımız, geyim dəstlərimiz var. Uşaqlara butslar da alırıq. Bu sarıdan bizdə heç bir problem yoxdur".

 

 

Həmidov akademiyanın çətinliklərindən də danışdı. Onun sözlərinə görə, komandaların sayı azaldığından komandalara yeni uşaqların cəlb edilməsində problem yaranır:

"Söhbətimizin əvvəlində qeyd etdiyim kimi aşağı yaş qrupları üzrə komandaların sayı azaldığından bir sıra məhdudiyyətlər yaranıb. Artıq əvvəlki kimi istədiyimiz qədər komandaya futbolçu cəlb edə bilmirik. Üç yaş qrupu üzrə - U-12, U-14 və U-17 üzrə fəaliyyət göstərərik. Artıq valideynlərdə və uşaqlarda əvvəlki həvəs qalmayıb. Çünki burda yaş qrupları üzrə məhdudiyyətlər var. U-17 komandasında çıxış edən uşaqlar isə U-19 olmadığından başqa klublara üz tuturlar. Bu isə yaşla əlaqədardı. Yaşları artır, oynamaq istəyirlər. Burada isə belə komanda yoxdur. Ya valideynlər, ya da uşaqların özləri bu barədə bizə müraciət edirlər, klub rəhbərliyi bu barədə lazım olan qərarı verirlər. Futbolçulara transfer vərəqləri verilir, onlar da özlərinə yeni klub tapırlar. Təkcə "Qarabağ"ın U-19 komandasında 6 futbolçumuz var. Digər klublarda da yetirmələrimiz var".

 

 

Ağadadaş bəydən bu problemlərin həlli yolunda klubun nə kimi planları olduğunu da öyrəndik:

"Bütün problemlərin həlli maliyyədən asılıdı. Yazda rəhbərlik klubun fəaliyyəti ilə bağlı yeni qərarlar qəbul edəcək. "Xəzər Lənkəran"ın əsas komandası bərpa olunsa, bütün yaş qrupları fəaliyyətə başlayacaq. Bildiyiniz kimi, bu AFFA-nın qaydalarında da var. Hər şey mart-aprel aylarında məlum olacaq. Həmin vaxt yəqin ki, akademiyayla bağlı qərarlar da qəbul olunar".

 

 

Akademiyanın fəaliyyəti məhdudlaşdırıldığından qonşu rayonlarda və şəhərlərdə uşaq futbolu ilə bağlı addımlar atılmır:

"Əvvəllər qonşu rayonlardan akademiyaya uşaqlar cəlb edilirdi. Amma artıq maliyyə imkanlarımız buna vermir. Hətta Masallıdan və digər yerlərdən bura məşq etməyə gələn uşaqların yol pulları valideynləri tərəfindən qarşılanır. Kimin imkanı çatır uşağını göndərir".

 

 

Həmidov milli komandalara akademiyanın futbolçularının cəlb edildiyini də bildirdi:

"Milli komandalara cəlb olunan futbolçularımız da var. U-17 komandanın qapıçısı Yusif Abbbaslı. U-15 milliyə də uşaqlarımız çağrılır. Toplanışlar da iştirak edirlər".

 


Söhbətimizin sonunda Ağadadaş Həmidov akademiya ilə bağlı arzularını da çatdırdı:

"Sonda sözüm odu ki, akademiyada, klubda hər şeyin əvvəlki kimi olmasını istəyərdik. Ən azından akademiyada yaş qrupları üzrə komandaların sayı artırılsın ki, biz də yeni futbolçular seçək, yetişdirək. Yaşı artan futbolçuları itirməmək üçün ən azından birinci divizionda klub olsun". 


"Xəzər Lənkəran"ın həm Lənkəran, həm də bölgə üçün nə qədər önəmli olduğunu Ağadadaş bəylə söhbətdə bir daha anladıq. Ümid edək ki, yazda klubun fəxri prezidenti Mübariz Mənsimov bu yöndə bir sıra addımlar atacaq. Lənkəranın, lənkəranlıların və cənub bölgəsinin futbolsuz günləri yazın gəlişi ilə başa çatacaq.

 

 

Heybət Məmmədov

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


Xəbər xətti