"Uşaq futbolunun problemləri təkcə meydançalar, stadionlar deyil" - LAYİHƏ + FOTOLAR

12:55 15 Fevral 2017

"Sportarena.az" saytı AFFA yanında Media Komitəsinin dəstəklədiyi "Cənub bölgəsində uşaq futbolunun son durumu, problemlər və onların həlli yolları" mövzusunda layihənin icrasına davam edir.

 

Layihə çərçivəsində növbəti yazımız da Lənkərana həsr olunur. Əvvəlki yazıda "Xəzər Lənkəran"ın futbol akademiyasından bəhs etdiksə, bu dəfə rayonda uşaq futbolunun ümumi vəziyyəti ilə yaxından maraqlanmağa çalışdıq. Bunun üçün bu sahə üzrə illərdir təcrübəsi olan Sakin Məmmədzadə ilə görüşdük. Sakin bəy Cənub Regional Futbol Federasiyasının prezidenti olduğundan uşaq futbolu ilə bağlı bütün məsələləri yaxşı bilir. Bu səbəbdən problemlərdən, qayğılardan ürəkdolusu danışdı.

 

 

Söhbətimizin əvvəlində məlum oldu ki, Lənkəranda uşaq futbolu heç də ürək açan vəziyyətdə deyil. Burada yaşayan uşaqların futbolla məşğul olması üçün heç bir şərait yoxdur:

"Həkim dili ilə desək, Lənkəranda uşaq futbolunun vəziyyəti orta ağırdır. Rayonda futbolla məşğul olmaq üçün heç bir şərait yoxdur. Məşq etməyə stadion, meydança ümumiyyətlə tapa bilmirik. "Xəzər Lənkəran"ın məşq meydançaları var. Onlar özləri həmin meydançalardan istifadə edirlər. Həm də bu ildən pul ilə icarəyə verirlər. Olimpiya Kompleksi isə təmirdə olduğundan ümumiyyətlə oradan istifadə etmək mümkün deyil. Uşaq Gənclər İdman Məktəbinin (UGİM) meydançasında isə AFFA-nın turnirləri keçirilir. Rayonun özündə və kəndlərində isə futbolla məşğul olmaq üçün demək olar ki, heç bir şərait yoxdur.


Lənkəranda uşaq futbolu komandaları olan üç idman qurumu var : "Xəzər Lənkəran" hər kəsə bəllidi, "Zirvə" idman klubu və bir də UGİM-in nəzdində uşaq futbolu ilə məşğul olurlar. "Xəzər Lənkəran" öz meydançalarında məşq edir. UGİM-in stadionu olsa da, təbii örtüklü olduğundan yağışlı, qarlı havalarda istifadə etmək mümkün olmur. Mən "Zirvə"nin Akademiyasında çalışıram. Klubumuz məşqlərini dəniz kənarında keçir, hava əlverişsiz olduğu zaman qapalı meydançalarda məşq edirik".

 

 

Məmmədzadə problemlərlə bağlı lazımı qurumların məlumatlandırıldığını və onlara biganə yanaşıldığını da söylədi:

"Bu barədə danışmaq istəməzdim. Amma bütün aidiyyatı orqanların problemlərdən xəbəri var. Hər yerə müraciət etmişik. Heç kim bu problemləri həll etmək istəmir. Hətta AFFA belə bizə qarşı soyuq münasibət bəsləyir. Yarışlar və tədbirlər zamanı federasiyamıza heç bir məlumat verilmir. Biz sonradan məsələlərdən xəbərdar oluruq. Məsələn, AFFA-nın uşaq futbolu üzrə "Coca-Cola" turniri keçirilir, amma bizə məlumat verilmir. Məktəblərdə futbol dərsləri keçirilir və dərs deyən müəllimlər barədə də məlumatsızıq. Problemlər həll olunmadığından rayonda uşaq futbolunun vəziyyəti də get-gedə pisləşir. Valideynlərin, uşaqların inamı azalır".

 

 

 

Sakin bəy uşaq futbolunun problemlərinin həlli və perspektivləri barədə söhbət açdı:

"Uşaq futbolunun problemləri təkcə meydançalar, stadionlar deyil. Vəziyyət tam fərqlidi. Bütün məsələlər bir-birinə bağlıdı. Məsələn, yaxşı futbolçu yetişdirmək üçün savadlı məşqçilərə ehtiyac var. Məşqçilər üçün kateqoriyalar mövcuddur. Amma rayon yerində çalışan məşqçilərin 500 manat verib C kateqoriyası üzrə təhsil almağa imkanı yoxdur. Vaxtilə federasiya olaraq bu barədə addımlar atdıq. Bəzi məşqçilərin oxuması üçün şərait yaratdıq. İndi bizim də belə imkanımız yoxdur. Məşqçilərin oxuması, təhsil alması çox vacibdir. Yaxşı futbolçu yetişdirmək üçün məşqçiləri oxutdurmaq lazımdır. C kateqoriyası almaqla da heç nə bitmir. Futbol yerində dayanmır, inkişaf edir. Avropa səviyyəsinə çatmaq üçün daha çox oxumaq, öyrənmək lazımdı. Belə olan halda futbolçularımızın da bilikləri daha geniş olar, daha tez inkişaf edərlər. Eyni zamanda, legioner həyatı yaşayanda çətinliklərlə üzləşməzlər. O qədər yaxşı futbolçumuz var ki bilikləri yüksək olmadığından getdikləri ölkələrdə əziyyət çəkiblər. Gördüyünüz kimi hər şey bir-birinə bağlıdır.

 

Uşaqların oyun praktikalarını da artırmaq lazımdı. Onlar təkcə AFFA-nın turnirlərində iştirakla kifayətlənməməlidirlər. Avropada uşaq futbolçuların bir ildə keçirdiyi oyun sayını bizim uşaqlar bir neçə ilə keçirilər. Bu, onların oyun praktikasına, daha yaxşı inkişafına kömək edə bilər. Ona görə də əlaqəli qurumlar əlavə turnirlər təşkil etməlidi. Rayonlar, regionlar, məktəblər arasında turnirlər keçirilsə, futbolçuların oyun praktikası artar. 

 

AFFA-nın elit layihəsi çox gözəl layihə idi. Təəssüf ki, təkcə bizim regionda dayandırıldı. Sadəcə Salyanda elit laiyhə davam edir. Bu layihə çox uğurlu idi. Heç bir uşaq futboldan kənarda qalmırdı. Belə layihələrdən daha çox olmalıdır. Eyni zamanda, məktəblərdə futbol dərslərinin keyfiyyəti artırılmalıdır, müəllimlərin biliyinə nəzarət edilməlidir".

 

 

Onun fikrincə, uşaq futbolundakı problemlərinin həlli yolunda medianın dəstəyinə ciddi ehtiyac var:

"Bilirsiz, mətbuat da uşaq futboluna soyuq yanaşır. Bəzən saytlar və televiziyalar sadəcə bir dəfə bir mövzu kimi toxunub keçirlər. Uşaq futbolunu həmişə gündəmdə saxlamırlar. Bir dəfə ilə heç nə düzəlmir. Televiziyalarımızın hamısında futbol verilişi var. Amma həmin proqramlarda ancaq Premyer Liqa müzakirə edilir. "Filan oyunda top ələ dəydi", "filan oyunda ofsayd var idi" kimi söhbətlər heç də hamıya maraqlı deyil. Futbolla bağlı başqa mövzular da var. Kanalların birində uşaq futbolu ilə bağlı ayrıca layihə olsa, bu sahə üzrə mütəxəssislər bir araya toplaşıb problemlərin həlli yolunda danışsa, zamanla hər şey düzələr. Hər dəfə bir məsələ müzakirə edilsə, irəliləyişə də nail olarıq. Hər kəs problemlərin nələrdən ibarət olduğunu görər. Eyni zamanda, valideynlər və uşaqlar da bu yolla futbol barədə daha geniş informasiya əldə etmiş olarlar. Beləcə, futbola maraq daha çox artar".

 

 

Heybət Məmmədov

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

 


Xəbər xətti