"Nə vaxta kimi "Xəzər Lənkəran" vardı, problem deyilən şey yox idi" - LAYİHƏ

18:06 22 Fevral 2017

"Sportarena.az" saytı AFFA yanında Media Komitəsinin dəstəklədiyi "Cənub bölgəsində uşaq futbolunun son durumu, problemlər və onların həlli yolları" mövzusunda layihənin icrasına davam edir.
 

Layihə çərçivəsində növbəti yazımızda сənub bölgəsində uşaq futbolunun ümumi durumu barədə mütəxəssislərin fikrini öyrənməyə çalışdıq. Üç müxtəlif rayonda çalışan və uşaq futbolunda təcrübəsi olan şəxslərlə söhbət etdik. Onlar bir-birilərindən xəbərsiz şəkildə eyni məsələni xüsusilə qabartdılar.

 

İlk həmsöhbətim Lənkəran Uşaq Gənclər İdman Məktəbinin direktoru Fazil Əsədov oldu. Əsədov cənub futbolunun önəmli və tanınmış simalarındandı. Futbolçu kimi "Vasxod" (Sumqayıt),  "Avtomobilçi" (Mingəçevir) "Xəzər Lənkəran". Viləş, "Xəzri Buzovna" komandalarda çıxış edən Fazil bəy məşqçi kimi "Masallı"nın əsas və "Xəzər Lənkəran"ın isə əvəzedici heyətində çalışıb. SSRİ İdman ustası adına namizəd olmaqla yanaşı, fəxri bədən tərbiyəsi işçisidir. Onun fikrincə, cənub futbolunun əsas problemi bölgədə fəaliyyət göstərən futbol klubunun qalmamasıdı. O, fikrini belə əsaslandırır:

 

"Cənub bölgəsində uşaqların futbola olan marağı yüksək səviyyədədi. Həvəs və maraq olduğu kimi istedadlar da var. Ancaq cənub futbolunda müəyyən qədər çaşqınlıq var. Bunun səbəbi bu zonada birinci divizionda və ya Premyer Liqada iştirak etməsindən asılı olmayaraq bir klubun olmamasıdı. Artıq uşaqlar gələcəklərinin necə olacağı ilə bağlı tərəddüd içindədilər. Uşağın yaşı artır, amma harada oynayacağı bilinmir. Əvvəllər "Xəzər Lənkəran" vardı. Bu sarıdan problem olmurdu. Bu klubun uşaq futbolunda böyük rolu var idi. "Xəzər Lənkəran" fəaliyyətini dayandırdıqdan sonra vəziyyət qəlizləşdi. İndi orada 3 yaş qrupu üzrə komandalar var ki, bu da cənub futbolunun problemlərini həll edəcək sayda deyil. Klub rəhbərliyi komandanın və ya ən azından akademiyanın fəaliyyətini tam aktivləşdirsə, hər şey əvvəlki vəziyyətinə qayıda bilər. Bu isə çox əhəmiyyətlidi. Həm uşaqlar futbolla məşğul olur, həm də gələcək istedadlar itmir".

 

 

Əsədov bildirir ki, uşaq futbolunda maddi-texniki bazanın rolu böyükdür. Lazımı şərait olan yerdə nəticə əldə etmək də asan olur:

 

"Uşaq futbolu üçün önəmli məqamlardan biri də maddi-texniki bazadı. Şərait yaxşı olan təqdirdə problemlər az olur, işləmək və nəticə vermək asanlaşır. Bu önəmli amildi. "Xəzər Lənkəran"ın akademiyasının şəraiti yaxşı idi. Futbolla məşğul olmaq üçün hər cür imkan var idi. Hər bir yerdə şəraitin olması vacibdir. Xüsusilə futbol meydançalarının sayı nə qədər çox olarsa, futbolla məşğul olan uşaqların sayı da artar. Biz də bu məqamı nəzərə almışıq. Bu il üçün rəhbəri olduğum məktəbin təmir edilməsi nəzərdə tutulub. Bu məsələ ilə bağlı Təhsil Nazirliyi ilə danışıqlar aparmışıq və müsbət cavab almışıq. Yaxın zamanda işlərin görülməsinə başlanacaq. İndinin özündə belə məktəbin şəraiti pis deyil. Standardlara cavab verən təbii örtüklü futbol meydançamız var ki, AFFA-nın turnirlərinin oyunları məhz orada keçirilir. Əlavə meydançaların olması bizim üçün çox yaxşı olardı".

 

 

Daha  sonra Masallıda fəaliyyət göstərən "Ərkivan" uşaq futbol klubunun məşqçisi Ramin Həsənovun da bu barədə fikirlərini öyrəndik. O da Fazil Əsədov kimi bölgədə uşaq futbolunun inkişaf etməsi üçün mütləq bir kluba ehtiyac olduğunu bildirdi:

 

 

"Uşaq futboluna böyük maraq var. Bizim klubda 120 uşaq futbolla məşğul olur. Çətinliklər olsa belə, hər gün həvəslə çalışırıq. Amma "Xəzər Lənkəran"ın fəaliyyətini dayandırmasından sonra bölgədə uşaq futbolunda vəziyyət dəyişib. Uşaqlar məcbur qalıb Bakı klublarına, "Qəbələ"yə yollanırlar. Heç olmasa birinci divizionda bölgənin bir komandası olsa, vəziyyət dəyişər. Fərqi yoxdu "Xəzər Lənkəran" qayıtsın və ya başqa komanda yaradılsın. Əsas odur ki olsun. Əlimizdəki istedadları itirmərik, həm də daha çox uşağın peşəkar futbolla məşğul olmaq şansı olar".

 

 

O, sözlərinə əlavə edərək bildirdi ki, bölgədə uşaq futbolunun əsas problemlərindən biri kimi idman ləvazimatlarının olmamasıdır:

 

"Top, forma və başqa idman vasitələri baxımından hamımız çətinlik çəkirik. Öz gücümüz hesabına nəsə etməyə çalışırıq. O da bəzən yetərli olmur. Bu sarıdan kömək olsa, çox yaxşı olar. Çətinliyimizin bir qismi aradan qalxar. Eyni zamanda, daha çox futbol meydançasının olması da, bizim xeyrimizə olan amillərdəndir. Həm təbii, həm də süni örtüklü meydançalara ehtiyac var. Təbii meydançalar əlverişsiz hava şəraitində yararsız vəziyyətə düşür. Palçıq içində olur. Valideynlər də istəmirlər ki, uşaqları palçığın içində futbolla məşğul olsun. Ona görə də bəzən məşqə buraxmırlar. Məcbur qalıb xahiş edirik, sonra icazə verirlər. Özümüz uşaqlarla pul yığıb "Sədərək" ticarət mərkəzindən formalar alırıq. Həvəslənsinlər deyə üzərlərinə adlarını yazırıq. Biz bacardığımızı edirik. Şərait, köməklik olsa, daha çox iş görmək olar".

 

 

"Xəzər Lənkəran"da seleksiyaçı və aşağı yaş qruplar üzrə komandalarda məşqçi kimi çalışmış Cəlil Quliyevin fikrincə "Xəzər Lənkəran"ın fəaliyyətini dayandırmasından sonra bölgədə ümumiyyətlə futbol pərəm-pərəm olub:

"Nə vaxta kimi "Xəzər Lənkəran" vardı, problem deyilən şey yox idi. Bu klub bölgə üçün çox önəmli idi. Mən orda seleksiyaçı kimi çalışırdım. Rayonları gəzib uşaqları seçirdik. Cəlilabad rayonunda yaşadığımdan daha çox buradan seçim edirdim. Apardığımız uşaqlara akademiyada yenidən baxırdılar. Bəyəndiklərini komandaya götürürdülər. İndi isə rayonda futbol tamam ölüb. Bölgədə futbol klublarının yaradılmasına ehtiyac var, yoxsa əlimizdəki uşaqlar tamam itəcək. 10-12 yaşlı istedadlı uşaqlar var ki, futbolsuz qalıblar. Onlara oynamaq, məşq etmək lazımdı. Həmin uşaqlar körpədi, "Qəbələ"də, Bakı klublarında valideynlərsiz qala bilməzlər. Onları bu yaşda analarından ayırmaq da düzgün deyil. "Xəzər Lənkəran"ın vaxtında avtobus ayrılırdı. Uşaqlar səhər yığılıb məşqinə gedirdi, axşam evə yatmağa gəlirdi. Bu yaxşı hal idi. "Xəzər Lənkəran"ın olmaması təkcə uşaqlara yox, məşqçilərə də təsir edib. Çoxusu işsiz qalıb. Heç kim öz gücünə bu işlə məşğul olmağa qadir deyil. Ümid edirik ki, hər şey tezliklə düzələcək".

 

 

Heybət Məmmədov

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


Digər xəbərlər

Xəbər xətti