"Neftçi" 80 illiyini necə qeyd edəcək? - "Sürprizlər hazırlamışıq" - AÇIQLAMA

13:55 6 Mart 2017

Bir neçə gün sonra - daha dəqiqi martın 18-də "Neftçi" 80 illiyini qeyd edəcək. Paytaxt təmilsçisi son illər ciddi dəyişiklərə uğrayıb. Hətta komandanın nəticələri də əvvəlki kimi deyil. Hər şeyə rəğmən, "ağ-qaralar"ın yubileyini təmtəraqlı şəkildə qeyd edib-etməyəcəyi maraq doğurur.

 

Bu məsələ ilə bağlı klubun mətbuat xidmətinin rəhbəri Mehman Rəsulovla əlaqə saxladıq. Klub rəsmisi Sportarena.az saytına açıqlamasında bildirdi ki, yubileylə bağlı bir neçə sürprizləri var:

 

 

"Bəli, klubumuzun 80 illiyi ilə bağlı tədbirlər keçirməyi planlaşdırırıq. Bununla bağlı sürprizlər hazırlamışıq. Yubileymizi qeyd edəcəyimiz gün komandanın oyunu olacaq. Bununla əlaqədar olaraq  stadionda azarkeşlərə sürprizimiz olacaq. Daha  sonra silsilə tədbirlər də keçirməyi nəzərdə tutmuşuq. Planlarımızın detalları barədə məlumat vermək istəmirəm. Qeyd etdiyim kimi hər şeyin sürpriz olmasını istəyirik".

 

Müşahidə Şurası "Neftçi"də fəaliyyətə başladıqdan sonra İsmət Qayıbov adına stadionun ərazisində klubun yeni bazasının inşa edilməsiylə bağlı qərar qəbul etdi. Dərhal bu yöndə işlər görülməyə başlandı. Şuranın əsas istəyi bazanın klubun 80 illiyinə tam hazır olması idi. "Klub rəhbərliyinin bu istəyi baş tutacaqmı" sualına Rəsulov belə cavab verdi:

 

"Bazamızda işlərin bu ay içərisində yekunlaşması inandırıcı görünmür. Çünki bəzi işlər qalıb. Amma yubiley ili ərzində tam təhvil verilməsi mümkündür".

 

 

Heybət Məmmədov


Xəbər xətti