"Qismət elə gətirdi ki, "Xəzər Lənkəran"ın ilk baş məşqçisi elə lerikli Nazim Süleymanov oldu" - LAYİHƏ

16:59 10 Mart 2017

"Sportarena.az" saytı AFFA yanında Media Komitəsinin dəstəklədiyi "Cənub bölgəsində uşaq futbolunun son durumu, problemlər və onların həlli yolları" mövzusunda layihənin icrasına davam edir.

 


Layihə çərçivəsində səkkizinci yazımız Biləsuvar və Lerik rayonlarıa həsr olunur. Cənub regionun digər rayonlarından fərqli olaraq adını çəkdiyimiz yerlərlərdə uşaq futbolu bir o qədərdə inkişaf etməyib. Daha doğrusu, sözügedən rayonlarda futbolla sadəcə Uşaq Gənclər İdman Məktəblərində məşğul olmaq mümkündür. Nə Biləsuvarda, nə də Lerikdə uşaq futbolu ilə məşğul olan klub yoxdur. Bütün diqqətlər hər iki rayonda fəaliyyət göstərən UGİM-lərə yönəlib. Maraqlı məqam isə Lerikdə uşaq futbolu bölməsinin sadəcə son iki ildə fəaliyyət göstərməsidi. Bu barədə daha sonra ətraflı məlumat verəcəyik.

 

İndi isə başlayaq Biləsuvardan. Qeyd etdiyimiz kimi, burada uşaqlar futbolla sadəcə UGİM-də məşğul ola bilərlər. Orada çalışan məşqçi Yusif Mehdiyev bildirir ki, məktəbdə cəmi 4 komanda fəaliyyət göstərməsinə rəğmən, futbola böyük maraq var:

 

"AFFA-nın təşkil etdiyi yarışlara dörd komanda ilə qatılırıq. Nəticələrimiz qəanətbəxşdi, komandalarımız yüksək yerlər uğrunda mübarizə aparırlar. Futbolla məşğul olmaq üçün hər cür şəraitimiz var. Məşqlərimizi rayonumuzda yerləşən Olimpiya İdman Kompleksində edirik. Uşaqların və valideynlərin də futbola marağı var. Dörd yaş qrupunun hər birində istedadlı futbolçular çıxış edir. Onların yaşı artdıqca burada məşq etmək, oynamaq imkanları azalır. Bunun səbəbi yuxarı yaş qrupları üzrə komandalarımızın olmamasıdı. Bununla belə, onların başqa klublara yollanması üçün əlimizdən gəldiyi qədər köməklik edirik. Valideynin razılığı olduqdan sonra uşaqlarımız istənilən klubda çıxış edir. Xüsusilə, "Vətən"də bir-neçə yetirməmiz var. Rayonda böyük futbol olsaydı, bəlkə da həmin uşaqlar başqa yerlərə getməzdilər. Karyeralarını həmin klubda davam etdirərdilər".

 

Daha sonra UGİM-in direktoru Qurbanxan Məhərrəmovla da söhbətləşdik. O, UGİM-in futbol bölməsinin şəraitindən bəhs etdi. Məhərrəmov eyni zamanda, turnirlərin azlığından da şikayətləndi:

 

"Dörd yaş qrupu üzrə komandamız Olimpiya İdman Kompkleksinin stadionunda məşq edirik. Mənim vasitəçiliyimlə komplekslə Gənclər və İdman Nazirliyi arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən, biz yayda açıq havadakı meydançadan, qışda isə qapalı zaldan istifadə edirik. Xərclərimiz isə nazirlik tərəfindən ödənilir. Kompleksdə hər cür şərait var. Orada məşqlərimizi rahatlıqla edirik. Havalar soyuq olduğundan idman zalında hazırlaşırdıq. Havalar istiləşməyə başladığından yaxın günlərdə açıq meydançada məşqlərimizi davam etdirməyi planlaşdırırq.

Forma və digər idman ləvazimatlarımız var. Hamısı AFFA tərəfindən verilib. Yol xərclərimizi də federasiya ödəyir. Regional yarışlarda da iştirak edirik. Amma oyunların sayı azdır. Bu aralar demək olar ki, dayanmışıq. Çünki oyunlar yoxdur. Bu isə uşaqların ziyanına olan amildi. Onlar inkişaf etmək üçün müntəzəm olaraq oynamalıdırlar. İstərdik ki, turnirlərin sayı artsın. Başqa heç bir problemimiz yoxdur".

 

 

Biləsuvarda artıq vəziyyətin nə yerdə olduğunu yəqin anladız. Rayonda uşaq futbolla məşğul olan bir komanda olduğundan, onlara hər cür şərait yaradılıb. UGİM rəhbəri qeyd etdiyi kimi tək problem oyun sayının xeyli az olmasıdı.


Biləsuvar kimi Lerikdə də futbolla məşğul olmaq üçün yalnız bir yer var - UGİM. Maraqlı məqam odu ki, məktəb uzun müddət fəaliyyət göstərməsinə rəğmən, futbol bölməsi sadəcə iki ildi ki, fəaliyyət göstərir. UGİM-in direktoru İlham Feyziyev bizimlə söhbətə məhz bu mövzuyla başladı. O, futbol bölməsinin necə yaradılmasından bəhs etdi:

 

 

"Məktəbdə futbol bölməsi əvvəllər olmayıb. Son iki ildə fəaliyyət göstərib. Həmin vaxt mən məktəbdə direktor müavini vəzifəsində çalışırdım. Əlimizdən gələni edirdik ki, futbol bölməsini yaradaq. Bu məsələ ilə bağlı həm Gənclər İdman Naziri Azad Rəhimova müraciət etmişdim, həm də AFFA prezidenti Rövnəq Abdullayevlə İmişliyə səfəri zamanı görüşüb, bu barədə danışmışdım. Mən ona fikirlərimi çatdırdım. Rövnəq bəy kömək edəcəyini bildirdi. Beləcə, həm federasiya prezidentinin, həm də nazirin dəstəyini aldım. Rəsmi işlər görüldükdən sonra nazirlik tərəfindən göstəriş verildi ki, məktəbimizdə futbol bölməsi fəaliyyətə başlasın".

 

 

Feyziyev daha sonra məktəbdəki şəraitdən də danışdı:

 

"Hazırda iki komandamız var. Hava isti olanda rayondakı mərkəzi stadionda məşq edirik. Yağışlı, soyuq havalarda isə 1 nömrəli məktəbin idman zalından yararlanırıq. Forma və toplarımız var. Bildiyiniz kimi, Gənclər və İdman Nazirliyinin regional idarələri yaradılıb. Biz onlarla, həm də Təhsil Nazirliyi ilə söhbətləşmişik. Bizə yenə forma və top verəcəklər. Digər köməliklilər də ediləcək".

 

 

İlham bəy Lerikdə əvvəllər futbolun olduğunu, bu idman növünün gələcəkdə də inkişaf edəcəyinə inandığını bildirdi. Həmçinin, Lerikdə insanların futbola olan marağından da söhbət açdı:

 

"Bəzən qatıldığımız tədbirlərdə mənə deyirlər ki, Lerikdə futbol yoxdur. Lerikdə futbol olub, olacaq da. Bu rayondan neçə-neçə futbolçular yetişib. Nazim Süleymanov futbolda ilk addımlarını burada atıb. Lerikin məhlələrində futbol oynamağa başlayıb və haralara qədər yüksəlib. Hətta qismət elə gətirdi ki, "Xəzər Lənkəran"ın ilk baş məşqçisi elə lerikli Nazim Süleymanov oldu. Biz inanırıq ki, gələcəkdə Lerik futbolu inkişaf edəcək. Bunu istədiyimiz üçün futbol bölməsini yaratdıq. Sovet dönəmində regional turnirlərdə futbolçu kimi çıxış etmişəm. Əvvəllər burada futbol komandaları da olub. Əlimizdən gələni edəcəyik ki, hər şey əvvəlki kimi olsun. Çünki burda futbola maraq olduqca böyükdür. Oyunlarımız olanda nə qədər insan bizi izləməyə gəlir. Həm valideynlər, həm rayon camaatı stadionda olurlar. Çalışırlar ki, uşaqlara dəstək olsunlar. Təkcə sadə insanlar yox, elə vəzifəli şəxslərdə stadiona gəlirlər. İcra başçısının müavininə qədər gəliblər, mənəvi dəstək olublar. Hətta tədbirlərimizdə də iştirak ediblər. Lazım olduğu zaman mükafatlandırma mərasimlərinə qatılıblar. Bizdə çalışacağıq ki, bu inamı itirməyək, gələcəyin futbolçularını yetişdirək".

 

 

Heybət Məmmədov

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


Xəbər xətti