"Bu, nəinki bir bölgənin, bütün ölkənin uşaq futbolunun bəlasıdı" - LAYİHƏ

23:15 31 Mart 2017

"Sportarena.az" saytı AFFA yanında Media Komitəsinin dəstəklədiyi "Cənub bölgəsində uşaq futbolunun son durumu, problemlər və onların həlli yolları" mövzusunda layihənin icrasına davam edir.
 
Layihə çərçivəsində bir öncəki yazımızda Şahin Diniyevlə cənub bölgəsində uşaq futbolunun durumu barədə söhbət etmişdiksə, bu dəfə Arif Əsədovla həmsöhbət olduq. Arif Əsədov əslən cənublu olsa da, karyerasının əsas hissəsi "Neftçi" ilə bağlıdı. Elə məşqçi kimi ilk və hələki yeganə titulunu "ağ-qaralar"a rəhbərlik edərkən qazanıb. O, paytaxt klubu ilə 2010/11 mövsümündə Azərbaycan Premyer Liqasının qalibi olub. 46 yaşı olmasına rəğmən, kifayət qədər təcrübəyə sahib olan Əsədov hazırda AFFA-nın məşqçi kurslarında çalışır. O, məşqçi kimi futboldakı son yenilikləri öyrənmək istəyənlərə dərs keçir.

Mövzudan çox yayınmadan keçək mətləbə. Şahin Diniyev kimi Arif Əsədov da cənub zonasında uşaq futbolunun hazırkı durumundan, problemlərindən danışdı. O, xüsusilə məşqçilərlə bağlı məsələyə xeyli həssaslıqla yanaşdı.

 


- Arif bəy, siz də əslən cənub bölgəsindənsiz. Öncə bu barədə danışaq...
- Bəli, əslən cənub zonasının gözəl rayonlarından olan Yardımlıdanam. Valideynlərim orada dünyaya gəlib. Özüm isə Sumqayıtda doğulmuşam. Futbola elə orada başlamışam. Amma Sumqayıtda 2 il məşq etmişəm. Daha sonra Böyükağa Ağayevin dəvəti ilə Bakıda futbol akademiyasına yollanmışam. Cənubla bağlılığım olsa da, futbola başlamağım o bölgə ilə əlaqəli deyil.

 

- Bəs cənub futbolu barədə fikirləriniz necədi?
- Cənub futbolu ilə həmişə maraqlanmışam. Çünki bu bölgədə futbol aktivliyi ilə seçilib. Bu zonanın həmişə yaxşı klubları olub. "Xəzər Lənkəran" ilə "Viləş"in adını çəkmək kifayət edir ki, bu bölgənin necə klublara sahib olduğu bilinsin. Hər iki klub və digərləri uğurlu çıxış ediblər. İstər SSRİ dönəmində, istərsə də müstəqillik zamanında cənubda futbol olub və buradan həmişə yaxşı oyunçular yetişib.

 

- Yəqin ki, bu bölgənin uşaq futbolu ilə də maraqlanırsız. Sizin futbolçu kimi çıxış etdiyiniz dövrdə xeyli sayda cənublu futbolçu vardı. İndi isə elə deyil. Bunun səbəblərini nədə görürsüz?
- Əvvəllər cənub bölgəsindən Fazil Əsədov, Alay İbrahimov, əslən Lerikdən olan Nazim Süleymanov və başqa futbolçular yetişib. O zaman bu zonada bir neçə klub fəaliyyət göstərirdi. Həmin dövrdə futbolçuların inkişafı üçün yaxşı şərait vardı. Oyunçulara mütəmadi olaraq şans verilirdi. Bu da onların inkişafına, üzə çıxmasına şərait yaradırdı. Elə indinin özündə də cənubdan yaxşı futbolçular yetişib. Elnur Cəfərov, Kazım Kazımlı, İlyas Səfərzadənin adlarını çəkmək olar. Son zamanlar az sayda futbolçunun yetişməsinin səbəbi isə bir müddətdir bu bölgədə klubun fəaliyyət göstərməməsidi. Bayaq qeyd etdim ki, burada bir neçə klub fəaliyyət göstərib. Onlar həmişə iştirak etdiyi turnirlərdə uğurla çıxış ediblər. Hətta yüksək yerlər uğrunda da mübarizə aparıblar. Elə bunun nəticəsində həmin klublardan yaxşı futbolçular yetişib. Daha sonra isə cənub zonasında bir müddət fəaliyyət göstərən klub olmadı. Bir müddət keçdikdən sonra "Xəzər Lənkəran" fəaliyyətə başladı. Klub rəhbərliyi əsas komanda ilə yanaşı uşaq futboluna da diqqət ayırdı. Akademiya yaradıldı və ora təkcə Lənkərandan yox, bütün bölgədən uşaqlar cəlb edilməyə başladı. Klubun yaxşı legionerlər cəlb etməsi və yüksək yerlər uğrunda mübarizəsi uğurlu reklam oldu. Beləcə həm valideynlərdə, həm də uşaqlarda futbola ayrıca həvəs yarandı. Valideynlər Uinston Parks, Julius Vobay və başqa legionerlərin uğurlu çıxışını görüb, övladlarının da onlar kimi olmasını arzulayırdılar. Bu proses son illərə qədər davam etdi. Hər şey "Xəzər Lənkəran"ın fəaliyyətini dayandırmasıyla başa çatdı. Çünki əsas komandanın olmaması valideynləri düşündürməyə vadar edir ki, uşağımın gələcəyi necə olacaq. Çünki klub dağılandan sonra bacaran özünə klub tapdı, tapmayanın karyerası isə demək olar ki qurtardı. Bu səbəbdən atalar-analar düşünməyə başlayırlar ki, əsas komanda yoxdusa, övladımı başqa peşəyə yönəldim. 

 

- Arif bəy, siz hazırda AFFA-nın məşqçilər kursunda çalışırsız. Cənub bölgəsində uşaq futbolunda fəaliyyət göstərən məşqçilər kateqoriya almaq üçün müraciət ediblərmi?
- Həm cənubdan, həm də ölkənin digər bölgələrindən uşaq futbol məşqçiləri bizə oxumaq üçün müraicət edib.

 

- Onların nə kimi problemləri olur?
- Məşqçilərin oxuması çox yaxşı haldı. Bu təkcə kateqoriya almaq üçün lazım deyil. Məşqçilərin işlərini daha yaxşı görməsi üçün vacib olan faktorlardandı. Məsələn, uşaq məşqçiləri oxuyan zaman bilirlər ki, beynəlxalq praktikaya görə hansı yaş qrupundan olan uşaqlara hansı tapşırıqlar vermək olar, hansıları vermək olmaz. Məşq proqramları ilə tanış olurlar. Eyni zamanda, biliklərini yeniliyirlər. Onların inkişaf etməsi, futbol aləmində baş verən son yeniliklərdən xəbər tutması uşaq futbolunun irəliləməsində, yaxşı futbolçuların yetişməsində mühüm rol oynayır. Həmçinin, məşqçilərin dünya görüşləri dəyişir. Kurslar zamanı bir çox nəzəri və praktiki məlumatları öyrənirlər.

Futbolda məşqçi faktoru vacib məqamdı. Məşqçinin bacarığı, xasiyyəti hər şeyə öz təsirini göstərir. Mənim oğlum da futbolla məşğul olur. Bəzən onların oyunlarına gedirəm. Müxtəlif mənzərələrlə rastlaşıram. Uşaqlardan erkən yaşlarından nəticə tələb olunur. Halbuki onların hər gün nəsə öyrənən yaşlarıdı. Onlar daima təzyiq altındadılar. Məşqçilərin bir hissəsi onların gələcəyini yox, verəcəyi nəticəni gözləyirlər. Məsələn, Avropa futbolunda müdafiəçilərin hücum qurmasını çox tez-tez görürük. Rəqibin hücumunun qarşısı alındıqdan sonra müdafiəçilər əks hücum qurmağa, sürətli oynamağa çalışırlar. Bunu onlara uşaqlıqdan öyrədirlər. Bizdə isə vəziyyət tamam başqa cürdü. Müdafiəçi topu alıb uğurla irəli verirsə, yaxşıdı, bu alınmırsa, məşqçi onu dərhal danlayır ki, gərək topu vurub meydandan çıxarardın. Uşaq da növbəti dəfə eyni halla üzləşməmək üçün məcburən məşqçinin dediyini edir. Beləcə nəsə öyrənməkdən məhrum olur, eyni zamanda onda qorxu yaranır. Halbuki uşaq futbolunda oyunçulardan nəticə tələb edilməməlidi. Əksinə, onların yeni nəsə öyrənməsi üçün şərait yaradılmalıdı. Uşaqlar taktiki biliklərini, bacarıqlarını daha da artırmalıdılar.

Problemlər bununla bitmir. Bir uşaq bir müddət zəif çıxış etdisə, oyununda nəsə çatışmadısa, demək olar ki, onun üstündən xətt çəkirlər. Ona növbəti şans verilmir. Öyrənmək lazımdı ki, bu uşaq niyə zəif çıxış edir, nə problemi, qayğısı var. Bəlkə zədəlidi, deməyə çəkinir və ya oynadığı mövqe ona uyğun deyil. Daha sonra məşqlərin hansı formada keçirilməsinə diqqət yetirmək lazımdı. Məsələn, uşaqlıqdan futbolçulara məşqlər dinamik və sürətli şəkildə keçirilərsə, bu onlara gələcəkdə müsbət təsirini göstərəcək. Xüsusilə sürətli oyunlar zamanı özlərini itirməyəcəklər. 


Belə misallar çoxdur. Bu, nəinki bir bölgənin, bütün ölkənin uşaq futbolunun bəlasıdı. Bir sıra məşqçilərin futbola baxış tərzlərinin, savadlarının aşağı olması nə qədər uşağın gələcəyini məhv edir.

 

- Bütün bu problemlərdən çıxış yolunu nədə görürsüz?
- Bunun üçün öncə futbol akademiyası olmalıdı. Orada futbolla məşğul olmaq üçün hər cür şərait yaradılmalıdı - Meydançalar, uşaqların qalması üçün yer. Eyni zamanda, onların təhsili də nəzərə alınmalıdılır. Mümkün olduğu qədər uşaqlar orada qalmalıdılar,"Qəbələ"də olduğu kimi. Orada sistem düzgün qurulub. Bu, uşaqların xeyrinə olan amildi. Onların hər gün evdən məşqə gedib-gəlməsi yorulmalarına səbəb olur. Hətta uşaqların qidalanması da çox önəmlidi. Biri yaxşı qidalana bilər, digərində isə hər hansı problem ola bilər. Bu da onların inkişaf etməsinə təsir göstərən məqamlardan biridir. Eyni zamanda, onları yetişdirə biləcək yaxşı mütəxəssislər də lazımdı. Futbolçuların təcrübəsinin artması üçün xarici ölkələrdə yarışlarda iştirak etmək mütləqdi.

 


- Cənub bölgəsində yetişən futbolçular hansı keyfiyyətlərinə görə seçilirlər?
- Cənubda yetişən futbolçular daha çox çevik, texnikalı və döyüşkən olurlar. Eyni zamanda, ağıllı futbola üstünlük verirlər. Bu zonada yetişən futbolçuların hər biri bu keyfiyyətləri ilə tanınırlar.

 

- Ola bilərmi ki, son dövrlərdə yetişən futbolçular qarşılarına qoyulan məqsədə xarakterlərinə görə çata bilmirlər? Sanki müəyyən səviyyəyə çatdıqdan sonra bununla kifayətlənirlər.
- Əlbəttə, bu məqam da var. Futbolçu üçün beş önəmli faktor var. Taktiki hazırlığı, fiziki durumu, texniki bacarıqları, sosial vəziyyəti və psixologiyası. Sonda qeyd etdiyim iki məqam birbaşa futbolçunun özündən asılıdır. Bu məsələdə onun düşdüyü mühit, ailə tərbiyəsi və digər məqamlar ciddi rol oynayır. Amma onlarla məşğul olan məşqçilərin hər biri psixoloq da olmalıdı. Bilməlidi ki, onun futbolçusu nə düşünür, psixoloji durumu nə yerdədi. Bir komandada 20-23 futbolçu olur. Hərəsi bir xarakterə, tərbiyəyə sahib olur. Onların hər birini idarə edə bilmək məşqçi üçün önəmli amildi. Məşqçilər futbolçularla həm ayrı-ayrılıqda, həm də qrup şəklində söhbət etməli, onlara nəzarət etməlidilər. Məşqçi bilməlidi ki, futbolçunun bu gün nə problemi var. Ona yaxın olmalıdı ki, oyunçu da ehtiyac duyanda dərdini danışa bilsin.

Biz son dövrlərdə görürük ki, gənc futbolçular - xüsusilə 17-19 yaşlılar müəyyən səviyyəyə çatdıqdan sonra inkişaf etmək istəmirlər. Onlar nail olduqları ilə kifayətlənirlər. Bu da futbolun inkişafında ciddi problemlər yaradır. Belə problemlər olmasın deyə, futbolçularla uşaq yaşlarından məşğul olmaq lazımdı. Onlara əslində hansı yolun düz olduğu göstərilməlidi.

 

Heybət Məmmədov
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


Digər xəbərlər

Xəbər xətti