"Hərbi xidmət nə qədər futbolçunun itirilməsinə səbəb olur" - LAYİHƏ

23:41 30 Aprel 2017

Sportarena.az saytı AFFA yanında Media Komitəsinin dəstəklədiyi "Uşaq futbolu: problemləri necə aradan qaldırmalı?" mövzusunda layihənin icrasına başlayır.

 

Azərbaycan futbolunun həssas mövzularından biri də uşaq futboludur. İllərdi uşaq futbolundakı problemlər, çatışmazlıqlar müzakirə edilir. Müəyyən məsələlər illər ötdükcə həllini tapır. Çatışmazlıqlar və bir sıra problemlər isə hələ də qalmaqdadı. Onların həllini tapması üçün bəzi qərarlar qəbul edilməli, müəyyən işlər görülməlidi. Bunun üçün zamana da ehtiyac var.

 

Zamanı məsələsini boş yerə vurğulmadıq. Çünki geriyə baxdığımızda futbolumuzda, xüsusilə uşaq futbolunda illər əvvəllə müqayisədə xeyli dəyişikliklərin baş verdiyini görə bilərik. Məsələn, klublar uşaq futbolu baxımından xeyli inkişaf edib. Xüsusilə AFFA-nın uşaq futbolu üçün lisenziyalaşdırmayla bağlı tələblərindən sonra Premyer Liqa klubları bu sahəyə daha diqqətlə yanaşmağa başlayıblar. Bəzi klublarımız isə daha da irəli gedərək hətta futbol akademiyalarını da yaradıblar. "Xəzər Lənkəran", "Qəbələ", "İnter" kimi klubları misal göstərmək olar. Hazırda fəaliyyətdə problemlər olsa belə, bir vaxtlar ölkənin aparıcı klublarndan olan "Bakı"nın futbol akademiyasını da vurğulamaq lazımdır. Əksər akademiyalardakı şərait beynəlxalq standartlara cavab verir. Elə bunun nəticəsidir ki, sözügedən akademiyalar qısa zaman kəsiyində ölkə futboluna xeyli sayda yeni oyunçu bəxş edib. Həmin futbolçuların bir qismi artıq klublarımızın aparıcı üzvlərinə də çevrilə bilib. Təbii ki, bu məqam müsbət amil olsa da, problemlərin, həlli tapılmamış məsələlərin sayı heç də az deyil. Bu layihə boyunca mümkün olduğu qədər problemlərə, qaranlıq qalan məsələlərə, çatışmazlıqlara toxunmağa çalışacağıq və onların həlli yollarını müzakirə edəcəyik.

 

Layihəmizin birinci mövzusu olaraq futbolçuların hərbi xidmət məsələsinə toxunmaq qərarına gəldik. Azərbaycan Respublikasının vətəndaşı olan hər bir kəs ölkə qanunvericiliyinə uyğun olaraq hərbi xidmətdə olmalıdır. Yaşı 18-dən yuxarı, sağlam olan hər bir vətəndaş ölkə prezidentinin əmri ilə il ərzində 4 dəfə həqiqi hərbi xidmətə çağrılır. Bu məqam hər bir vətən oğlu üçün nə qədər qürur verici olsa da, idmançılar üçün karyeralarında bir sıra problemlər yaradır. Bu məsələ Azərbaycan dövləti tərəfindən nəzərə alınıb. Belə ki, çıxış etdiyi idman növündə milli komandada çıxış edən və ya böyük uğurlara sahib olan hər bir idmançı Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərən Mərkəzi Ordu İdman klubunda (MOİK) xidmət edir. Bu qayda futbolçulara da şamil edilsə də, MOİK-in futbol komandası əvvəlki illərə nisbətən bir o qədər də iddialı deyil. Bir neçə il əvvəl yüksək dəstəni tərk edən komanda hazırda Birinci divizionda mübarizə aparır.

 

Mətləbdən uzaqlaşmadan keçək yazımızın mövzusuna. 18 yaşına çatdığı zaman hər bir futbolçu  hərbi xidmətə çağırılır.  Hərbi xidmət müddətində - 1 il, 6 ay ərzində (Ali təhsil alıbsa, 1 il) həmin şəxs futboldan uzaq düşür. Xidməti başa vurduqdan sonra futbolla məşğul olmaq sarıdan xeyli çətinlik çəkir. Bir çoxları potensialını tam itirdiyindən başqa peşə ilə məşğul olmaq məcburiyətində qalır. Futbolçu karyeralarını bərpa edənlər də olur. Ancaq çox nadir hallarda əvvəlki formalarını bərpa edirlər. Bir çox hallarda isə onlar Birinci divizionda, Həvəskarlar Liqasında mübarizə aparan klublarda çıxış edirlər. Həmin futbolçuların sayı kifayət qədər çox olduğundan onların heç də hamısını MOİK-ə cəlb etmək mümkün deyil. Ən yaxşı halda il ərzində 30 oyunçu bu klubda çıxış edə bilər ki, bu da problemin həllinə elə də ciddi təsir etməyəcək. Bəs necə etmək olar ki, futbolçular həm vətənə hərbi xidmət borcunu ödəsinlər, həm də futbolla məşğul olmaqda davam etsinlər?

 

Bu məsələni hazırda MOİK-in baş məşqçisi olan Ramil Əliyevlə müzakirə etdik. Mütəxəssis bunun üçün AFFA ilə Ordu klubunun birgə fəaliyyət göstərməli olduğunu söylədi:

 

"Qaldırdığınız məsələ kifayət qədər ciddi və önəmlidi. Bu problemin həlli yolunda ilk addım MOİK-in AFFA-nın İcraiyyə Komitəsində təmsil olunmasıdı. Necə ki Təhsil Nazirliyi komitədə üzvlə təmsil olunur, bizdə də elə olmalıdı. Bu hal baş verdiyi zaman istər bu, istərsə də digər problemləri qısa zamanda həll etmək mümkündür. Həm təhsil sahəsi, həm də hərbi xidmət uşaq futbolunun inkişafına ciddi problemlər yaradır. Hərbi xidmətin yaratdığı problemləri vurğulamısız. Futbolla məşğul olan bütün uşaqlar orta məktəblərdə təhsil alır. Dərs saatları, imtahanlar və təhsillə bağlı digər məsələlər uşaqların futbolla məşğul olmasına ciddi əngəllər törədir. Bəzən futbolçular məktəbdən oyunlara belə buraxılmırlar. Bu isə onların karyeralarına ciddi təsir göstərir. Bu səbəbdən hər iki məsələ üzrə tezliklə işlər görülməlidi". 

 

 

Əliyev milli komanda üzvləri ilə yanaşı, mülkü futbolçuları da MOİK-ə hərbi xidmətə cəlb edilməsinin vacib olduğunu söylədi:

 

"Milli komanda üzvləri ilə yanaşı mülkü futbolçuları da hərbi xidmətə cəlb etsək çox yaxşı olar. Yığmalarda çıxış edən futbolçuların heç də hamısını bir yerdə xidmətə cəlb etmək mümkün deyil. Bəzən futbolçuların sayında məhdudiyyətlər yaranır. Ona görə də digər futbolçulardan yararlanmağa ehtiyac var. Özümüz də komandaya futbolçu seçməkdə maraqlıyıq. Məsələn, "Qarabağ"la "Neftçi"nin əvəzedici heyətlərinin görüşünü izləmək mənim üçün maraqlıdı. Çünki bu komandalarda yaxşı oyunçular çıxış edirlər. Onların MOİK-də oynaması həm bizə, həm futbolçuların özlərinə böyük xeyir verə bilər. Hazırda bizdə hərbi xidmətə görə çıxış edən oyunçular var. Amma bunlar kütləvi şəkildə olmalıdı. Futbolçular MOİK-də çıxış etməklə həm hərbi xidmətdə olurlar, həm də oynamaq şansı əldə edirlər. Hər iki halda qazanan tərəf futbolçu olur. Hərbi hissədə 1 il 6 ay xidmət kifayəq qədər böyük zamandı. Bu nə qədər futbolçunun itirilməsi anlamına gəlir. Çünki 18 yaşında futbolu atıb getdikdən sonra əvvəlki vəziyyəti bərpa etmək demək olar mümkün deyil".

 

Ramil bəy MOİK-də şərait baxımından heç bir problemin olmadığını da vurğuladı:

 

"MOİK-də futbolçular üçün hər cür şərait var. Oyunlarımızı standartlara cavab verən "Bayıl Arena"da keçiririk. Hətta Premyer Liqada oynamaq imkanımız var. Biz bunu sıradan bir şəkildə deyil, vəsiqə qazanmaqla reallaşdırmaq istəyirik. Lisenziyalaşdırılma qaydaları ilə bağlı tək problemimiz uşaq futbolu ilə bağlıdı ki, Premyer Liqaya vəsiqə qazanacağımız halda bu problemləri qısa zamanda həll edə bilərik. Qalır hərbi xidmətlə bağlı lazım olan məsələlərin həlli. Bunun üçünsə, qeyd etdiyimiz kimi MOİK İcraiyyə Komitəsində təmsil olunmalıdı".

 

Göründüyü kimi MOİK də bu məsələnin həllində maraqlıdır. Ordu klubu bu problemi həll edərsə, həm futbolçuların gələcəyi ilə bağlı qayğılar aradan qalxar, həm də futbolsevərlər daha güclü MOİK izləmək imkanına sahib ola bilərlər. Azərbaycan futboluna Kamran Ağayevlər, Ruslan Abışovlar, Araz Abdullayevlər bəxş edən əməkdar məşqçi İslam Kərimov da Ramil Əliyevlə həmfikirdir. "Neftçi"nin aşağı yaş qrupları üzrə komandalarında çalışan mütəxəssis hərbi xidmət məsələsinin həllinin Azərbaycan futboluna böyük xeyir verəcəyinə əmindi:

 

"Çox gözəl mövzuya toxunmusuz. Bu məsələ ölkə futbolunun həssas problemlərindən biridi. Ad çəkməyi etik cəhətdən düzgün görmürəm, kifayət qədər futbolçu var ki, uşaq yaşlarında böyük perspektivi olub. Amma hərbi xidmətə gedib qayıtdıqdan sonra potensialını itirib. Bəziləri futbolla vidalaşıblar. Digərləri isə nisbətən zəif klublarda çıxış etməli olublar. Hazırda Birinci divizion klublarında çıxış edən çox sayda belə oyunçu var. Onlar MOİK-də çıxış etsəydilər, bəlkə də ölkə futbolunun üzdə olan simalarından olacaqdılar".

 

 

Kərimovun fikrincə bu problemin həlli yolunda ilk addım MOİK-in və ya Müdafiə Nazirliyinin AFFA-nın İcraiyyə Komitəsində təmsil olunmasıdı. Belə olacağı təqdirdə həm sözügedən problem daha rahat həll edilə bilər, ölkə futbolunun çətin durumunda çox pul xərcləmədən Premyer Liqa üçün bir klub qazanmaq olar:

 

"İlkin olaraq MOİK-in və ya Müdafiə Nazirliyinin rəhbərliyindən yüksək vəzifəli şəxs İcraiyyə Komitəsində təmsil olunmalıdı. Bu ona görə lazımdı ki, həmin şəxs futbolla daha çox ünsiyyətdə olacaq. Belə olan halda problemlərdən, çatışmazlıqlardan tez xəbər tutacaq və lazım gəldikdə hər hansı bir məsələyə daha çevik müdaxilə etmək mümkün olacaq. Müdafiə Nazirliyinin İK-da təmsil olunmasını ona görə istəyirəm ki, klub həmişə nazirliyin diqqətində olsun. Hətta şəxsən müdafiə naziri Zakir Həsənov klubla bağlı tez-tez məlumatlandırılsın. Belə olan halda MOİK üçün ayrıca baza, stadion yaradıla bilər. Ordu klubunun əvvəllər öz stadionu, bazası olub. İndi bilmirik ki, orda şərait necədi. Bütün bunlar nazirliyin nəzarətində olsa, Azərbaycan futbolu gözəl klub qazana bilər. Hazırda AFFA Premyer Liqada oynamağa klub axtarır. İndiki vəziyyətdə az pul xərcləyərək ölkə futboluna böyük xeyir verəcək MOİK-i qazanmaq olar.

MOİK Premyer Liqada oynasa, daha çox futbolçu xidmətə cəlb edilə bilər. Lisenziyalaşdırma ilə bağlı qaydalara uyğun olaraq klubun daxilində həm əvəzedicilər, həm aşağı yaş qrupları üzrə komandalar fəaliyyət göstərəcək. Məhz həmin komandalara da uyğun futbolçuları da cəlb etmək olar. Hətta klubların özləri ehtiyatda qalan amma böyük potensialı olan futbolçuları MOİK-ə icarəyə göndərməkdə maraqlı olacaqlar. Görün bu məsələ nə qədər problemi həll edə bilər. Bu kluba şərait yaradılsa, heç vaxt Premyer Liqanı tərk etməyəcək. Döyüşkən komanda olacaq".

 

O, eyni zamanda, futbolçuların hərbi xidmətdə olmalarının onlara intizam baxımından çox şey qazandıracağına əmindi:

 

"Mən özüm Qarabağ müharibəsində könüllü olaraq çıxış etmişəm. Bu mənim üçün qürurvericidi. MOİK-də oynamaq futbolçular üçün şərəf olmalıdı. Çünki onlar hərbi xidmətdə olmaqla yanaşı öz peşələri ilə məşğul ola biləcəklər. Onlar orada müəyyən qədər hərbi biliklərə yiyələnməlidilər. Çünki müharibə vəziyyətində olan ölkədə yaşayarıq. Torpaqlarımızı işğaldan azad etməyə hər an hazır olmalıyıq. Fikrimcə, MOİK-də çıxış etmək futbolçuların nizam-intizamına da yaxşı mənada təsir edə bilər. Bu, onların karyeralarına müsbət təsir edəcək. Bəlkə də hansısa futbolçunun MOİK-dəki çıxışından sonra ölkə xaricinə yolu açılacaq".

 

Sonda İslam bəy maraqlı təkliflə çıxış etdi:

 

"MOİK-in ölkə futboluna faydasından danışdıq. Danışdığımız məsələ həll edilərsə, nə qədər qaranlıq məsələ işıqlana bilər. Bir vaxtlar "Ədliyyə" adlı klub da vardı. Bu klubu da MOİK ilə eyni statusda hesab etmək olar. Çünki hər iki qulluqla bağlıdı. Həmin klubun da fəaliyyətini bərpa edib,  eyni sistemlə fəaliyyət göstərmək olar. Bunu şəxsən çox istəyirəm. Belə çətin vəziyyətdə ölkə futbolu iki təminatlı klub qazana bilər. Bunun üçün AFFA və nazirliklər birgə fəaliyyət göstərməlidilər. Ümid edirəm ki, qaldırdığınız bu məsələ tezliklə həllini tapacaq. Biz də bu xəbərə sevinəcəyik".

 

 

Heybət Məmmədov
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


Xəbər xətti