İlk dəfə keçirilən turnir, göz yaşları, Gürcüstana səyahət - LAYİHƏ

15:38 4 May 2017

Sportarena.az saytı AFFA yanında Media Komitəsinin dəstəklədiyi "Uşaq futbolu: problemləri necə aradan qaldırmalı?" mövzusunda layihənin icrasına davam edir.

 

Layihə çərçivəsində ikinci yazımızı AFFA-nın U-10 liqasının final matçına həsr etdik. Bu turnir müvafiq yaş qrupu üzrə ilk belə yarışdı. Bunun səbəbi isə U-10 liqasının mövsümün əvvəlində yaradılmasıdı. Əslində, bunu kifayət qədər doğru addım adlandırmaq olar. U-10 liqasının yaradılması ilə uşaq futbolunun miqyası daha da böyüyür, eyni zamanda uşaqların futbolla daha erkən məşğul olmalarına zəmin yaranır. Belə bir turnirin olması isə onlarına inkişafına hər mənada müsbət təsir göstərir.

 

 

U-10 liqasının final matçı mayın 3-ü saat 13:00-a nəzərdə tutulmuşdu. Sözügedən matç isə uşaq futbolunda xüsusi çəkiyə sahib olan iki komanda - "Neftçi" və "Vətən" arasında keçiriləcəkdi. Təqribən 12 radələrində evdən çıxaraq matça yollanmağa çalışsam da, bu baş tutmadı. Tıxac bu istəyimi 20-25 dəqiqə yubatdı. Mən matçın keçirildiyi "Bayıl Arena"ya çatanda artıq hesab açılmışdı. "Vətən"in futbolçuları fərqlənmişdi. Oyunun ilk hissəsi elə bu hesabla başa çatdı. Fasilə zamanı məşqçilər uşaqlara öz məsləhətlərini verərkən, tribunalarda əyləşən valideynlər övladlarına dəstək olmağa çalışırdılar. Valideynlərlə yanaşı uşaqların yaxın qohumları da stadiona təşrif buyurmuşdular. Onlar matça böyük həvəslə yanaşırdılar. Hətta futbolçulara müxtəlif şüarlarla dəstək oldurdular. Bu isə meydanda mübarizə aparan komandalara əlavə motivasiya verirdi. Bunu hiss etməmək mümkün deyildi. Çünki uşaqlar meydanın hər qarışı uğrunda amansız mübarizə aparırdılar. Nə də olsa, bu onların karyeralarında ilk ciddi turnir idi. Finala qədər itkisiz irəliləyən bu komandalar sonuncu görüşdə də qalib gəlib çempion olmaq arzusunda idilər.

 

 

Oyunun ikinci hissəsini tam izlədiyimdən komandaların çxışını müəyyən qədər təhlil etmək imkanım oldu. Futbolçular bacardıqları qədər sürətli, çevik oynamağa çalışırdılar. Bu müsbət məqam olsa da, onların fiziki kefiyyətləri belə oynamağa imkan vermirdi. Hiss olunurdu ki, uşaqlar bəzi epizodlarla fiziki baxımdan çatdıra bilmirdilər. Biraz da hər iki komandada tələskənlik hiss olunurdu. Kritik hücumlar vaxtı belə uşaqlar tələskənliklərinin ucbatından topu rəqibə hədiyyə edirdilər. Dediklərimi hər iki komandanın ifasında görmək mümkün idi.  Amma bu məqam oyunun maraqlı keçməsinə maneə törətmirdi. U-10 liqasında matçları 20 dəqiqəlik 2 hissədən ibarət olduğundan vaxt "Neftçi"nin əleyhinə işləyirdi. Məğlub tərəf olan  komnda  hesabı bərabərləşdirmək üçün əlindən gələni edirdi. "Vətən"in futbolçuları isə ikinci qolu vurmaq üçün vuruşurdular. Bu isə qarşılıqlı hücumların yaranmasına gətirib çıxarırdı. Hər şeyə rəğmən, matçın əsas vaxtının son 5 dəqiqəsi tamamilə "ağ-qaralar"ın üstünlü şəraitində keçdi. İslam Kərimovun yetirmələri rəqibi öz qapısına sıxışdırmağa nail ola bilmişdi. Elə bunun nəticəsidi ki, sona bir neçə dəqiqə qalmış hesabı bərabərləşdirə bildilər. Bu qol "Vətən"in futbolçuları üçün "soyuq duş" effekti yaratdı. Onlar qoldan sonra toparlanmaqda çətinlik çəkdilər. Bu məqamdan istifadə etməyə çalışan rəqib komanda ikinci qolu vurmağa yaxın olsa da, qolkiperin sayıqlığı buna imkan vermədi.

 

Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığından, hər hissəsi 5 dəqiqədən ibarət olan əlavə vaxta ehtiyac duyuldu. Bu 10 dəqiqənin futbolçular və onların valideynləri üçün necə çətin keçdiyini sözlə ifadə etmək mümkün deyildi. Analar, atalar və qohumlar statuslarını, yaşlarını bir kənara qoyaraq övladlarının çıxış etdiyi komandaya uşaq kimi ürəkdən dəstək olurdular. Onlar bacardıqları qədər futbolçularla dostluq etməyə, onlarda özünəinamın azalmamasına çalışırdılar. Hətta hakimin qərarlarına belə sərt şəkildə etiraz edirdilər. Müəyyən epizdolarda - xüsusilə matçın son dəqiqələrində bu məqam özünü qabarıq şəkildə göstərdi. Hakimin bir neçə epizodda açıq-aşkar səhvə yol verməsi valideynləri özündən çıxardı. Bununla belə, onlar dayanmadan övladlarını ruhlandırmağa çalışırdılar. Elə bunun nəticəsində izlədiyim matçın bitməsini heç istəmirdim.

 

 

Uşaqlar qalib gəlmək üçün əllərinə düşən bütün imkanlardan yararlanmağa çalışırdılar. Bununla belə "Neftçi"nin azacıq da olsa, üstünlüyü hiss olunurdu. Bu üstünlük kifayət etdi ki, "ağ-qaralar" matçın son dəqiqələrində qələbə qolunu vura bilsinlər. Həmin vaxt stadionda qəribə mənzərə vardı. Stadionun yarısı bayram içindədi, digər yarısı isə... Bu sözü yazmağa əlim gəlmir. Əslində belə görüşlərdə məğlub tərəf olmur. Çünki bu uşaqların futbol aləmində ilk addımları, ilk uğurlarıdı. Qazanılan hər bir qələbə, hər bir medal onların inkişafında kiçik tövhədi. Hər şeyə rəğmən, məğlub tərəfin - "Vətən"in futbolçuları final fitindən sonra sarsıntı keçirməyə başladılar. Bəzi futbolçular göz yaşlarına belə sahib ola bilmədilər. Onlar hakim səhvlərinin nəticəsində məğlub olduqlarını iddia edirdilər. Həmin epizodları kənardan yaxşı görmədiyimdən şərh verə bilməsəm də, müəyyən qədər haqsız olmadıqlarını da deyə bilmərəm. Hər halda həmin qərarlara görə hakimlərlə mübahisə etmək olardı.

 

10 yaşlı uşaqlara hakim səhvlərinin psixoloji cəhətdən təsir göstərməsi təbii haldı. Bunun qarşısını almaq isə çox çətindi. Belə vəziyyətdə valideynlər futbolçuları toparlamağa, onlara dəstək olmağa çalışırdılar. Amma bu da faydasını vermirdi. Elə bu səbəbdən mükafatlandırma mərasimi zamanı "Vətən"in futbolçuları çox üzgün görünürdülər. Onlar ikinci olmalarını belə qəbul etmirdilər.

 

 

Matçdan sonra mükafatlandırılma mərasimi keçirildi. Futbolçulara mükafatları AFFA-nın İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov, baş katibin müavini Sərxan Hacıyev, Texniki direktor Bernhard Lippert təqdim etdilər. "Neftçi" qızıl, "Vətən" gümüş, "Qəbələ" isə bürünc medallarına qovuşdu. Həmçinin, fərdi mükafatların sahibləri də müəyyənləşdi. 71 qola imza atan “Qəbələ”nin futbolçusu Həsən Nəzərli U-10 liqasının bombardiri oldu. “Vətən”in oyunçusu Babamirzə Mehdiyev "Fair Play" mükafatına layiq görüldü. Onun komanda yoldaşı Anar Hüseynov isə turnirin ən yaxşı futbolçusu seçildi.

 

Matçdan sonra "Vətən"in futbolçuları ilə söhbətləşmək istəsəm də, buna müvəffəq olmadım. Onların psixoloji vəziyyətləri həddindən artıq pis idi. Matçın bitməsindən xeyli vaxt keçməsinə görə baxmayaraq göz yaşlarına hakim ola bilməyənlər də vardı. Sadəcə bir söz söyləyirdilər: "Hakim bizi uduzdurdu"! Vəziyyəti dəyişmək istəyən valideynlər uşaqlarını stadiondan uzaqlaşdırmağa, evə aparmağa tələsirdilər. Ona görə də heç valideynlərlə də söhbətləşmək mümkün olmadı.

 

 

Elə bu məqamda fürsət tapıb "Vətən"in U-10 komandasının baş məşqçisi Samir Əbdürrəhmanovla komandası və turnir barədə fikirlərini öyrəndim. Gənc mütəxəssis hakimin idarəçiliyinə də münasibət bildirdi:

 

"Bu turnir bildiyiniz kimi ilk dəfə keçirilir. Komandamız 7-8 ay ərzində yığılıb. Uşaqlardan razı qaldım. Finala qədər uğurla irəlilədilər, məğlubiyyətə rəğmən yaxşı oyun sərgilədilər. Qalib gəlməsək də, ikincilik də pis deyil. Oyunda hesabı açdıq. Hesabı artırmaq imkanımız da oldu. Əlimizə düşən imkanlardan yararlana bilmədik, qismət.

 

Hakimin idarəçiliyindən danışmaq istəməzdim. Nəsə söyləsəm, bu mənim subyektiv fikrim olacaq. Amma məsələyə başqa yöndən də baxmaq lazımdı. Bununla belə hakim səhvlərinin və tərəfkeşliyin olduğunu deyə bilərəm. Uşaqlar psixoloji baxımdan sındılar. Bu yaşda olan futbolçulara qarşı bunu etmək olmaz. Onlara dəstək olmaq lazımdı. Hər biri gələcəyin bir ulduzu ola bilər. Onların karyeralarını belə amillərlə məhv eləmək olmaz".

 

 

Samir bəy daha sonra uşaq komandaların əsas problemlərində bir olan oyun sayının az olmasından danışdı:

 

"Bir müddət əvvəl İzmir Kuboku turnirində iştirak etdik. Güclü komandaların iştirak etdiyi yarışda qalib olduq. Orda gündə 4-5 oyun keçirirdik. Oyunlar arasında sadəcə su içməyə vaxtımız olurdu. Bu çox müsbət amildi. Uşaqların daha yaxşı yetişməsinə, təcrübə toplamalarına, fiziki kefiyyətlərinin yaxşılaşmasına səbəb olur. Bizdə isə oyunlar həftədə bir dəfə olur. Çox istərdik oyunların, turnirlərin sayı çoxalsın. Bu isə daha AFFA-dan asılı olan bir şeydir. Biz AFFA-nın turnirləri ilə yanaşı "Sabahın ulduzları"nda da çıxış edirik ki, oyun sayımız çox olsun".

 

Gənc məşqçi sonda iştirak hüuqu əldə etdikləri super turnir barədə də söhbət açdı:

 

"İzmir kubokunda qalib olduqdan sonra Avstriyada keçiriləcək super turnirə vəsiqə qazandıq. Orada top klubların - "Çelsi"nin, "Barselona"nın və dünyanın digər güclü klublarının U-10 komandaları iştirak edəcək. Bu, həm təcrübə, həm də inkişaf baxımından bizim üçün çox önəmlidi".

 

 

"Neftçi"dən isə futbolçu  Vüsal Kərimovla söhbətləşməyə imkan tapdıq.  Hücumçu mövqeyində çıxış edən Vüsal qələbəyə inandıqlarını, məğlub durumda olduqlarında belə inamlarını itirmədiklərini bildirdi:

 

"Qələbə qazanmağı çox istəyirdik. Bu oyuna ciddi hazırlaşmışdıq. Hesabda geri düşəndən sonra tez toparlanmağı bacardıq. Fasilədən sonra baş məşqçimizin etdiyi dəyişiklilər bizə qələbə gətirdi. Çempion olduğumuza görə çox sevinirik ".

 

Ardınca "Neftçi"nin icracı direktoru Orxan Hüseynzadə gənc futbolçularla görüşdü. Öncədən futbolçulara turnirdə qalib gələcəkləri təqdirdə sürpriz ediləcəyi vəd edilibmiş. Orxan bəy futbolçuları təbrik etdikdən sonra onlara Gürcüstana istirahət paketi qazandıqlarını bildirdi. Hüseynzadə stadiona tərk edərkən ondan müsahibə götürmək istədiyimi bildirdim. O isə ayaq saxlamadan sadəcə əlini silkələməklə yox cavabını verdi. Yəqin icraçı direktor mövsüm boyunca yığılan suallarımızın "yağış"ına tutulmaqdan qorxub, qaçmağı üstün tutdu.

 

 

Yağış demişkən, elə bu ərəfədə yaz yağışı yağmağa başladı. Yağış başlayan kimi stadion və onun ətrafında qalmadı. Hər kəs bir istiqamətə yol aldı. Mən də hamı kimi məcbur qalıb evə yollanmalı oldum.

 

Heybət Məmmədov
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


Digər xəbərlər

Xəbər xətti