Sportarena.az saytı AFFA yanında Media Komitəsinin dəstəklədiyi "Uşaq futbolu: problemləri necə aradan qaldırmalı?" mövzusunda layihənin icrasına davam edir.
Layihə çərçivəsində dördüncü yazımızı futbolumuzda xüsusi çəkiyə sahib olan, eyni zamanda, Azərbaycan Premyer Liqasında və Kubokunda ardıcıl olaraq qələbələr qazanaraq hegomonluğu əla alan "Qarabağ"ın uşaq futboluna həsr edilib. Bu mövsüm Ağdam klubu üçün xüsusiliyi ilə seçildi. Əsas komandanın qızıl dubl etməsi "köhlən atlar" üçün mövsümün uğurlu keçməsi baxımından önəmli nəticə idisə, əvəzedici heyətin və U-19 komandasının çempion olması gələcəyə hesablanmış düzgün addımların bəhrəsi idi. Bu, təsadüf ola bilməzdi. Çünki "Qarabağ"ın rəhbərliyi, eyni zamanda, uzun illərdir əsas komandanın baş məşqçisi olan Qurban Qurbanov illərdir klubun uşaq futbolunda inkişafa nail olmaq istəyir və bu yöndə ciddi addımlar atırdılar. İrəliyə hesablanmış düzgün addımların nəticəsi isə təsadüf ola bilməz. Bu səbəbdən qərara gəldik ki, növbəti yazımızı məhz "Qarabağ"a həsr edək.
Hazırda uşaq futbolunda da mövsüm bitdiyindən istirahətdə olmayan hansısa komandanı tapmaq çətin məsələdi. Ağdam klubunda isə belə olmadı. "Qarabağ"ın U-15 komandası mövsümün bitməsinə rəğmən, növbəti məşqinə çıxırdı. Sərhədçi İdman Kompleksinin stadionunda məşq edən komandanın düşərgəsinə yollanarkən məlum oldu ki, həmin gün komandanın seleksiya xarakterli seçimləri də var. Bu səbəbdən məşqdə çox sayda futbolçu iştirak edirdi.
Komandanın baş məşqçisi İlyas Qurbanov isinmə hərəkətlərindən sonra futbolçulara toplu çalışmalarla bağlı tapşırıq verdi. Və bundan sonra onunla söhbət etmək üçün zəmin yarandı. "Qarabağ"ın U-15 məşqçisi İlyas Qurbanov 1979-cu ilin sentyabrın 1-də Şamaxıda dünyaya gəlib. O, 2004/05 mövsümündə çıxış etdiyi "Bakı" ilə ölkə kubokunu qazanıb. Növbəti mövsüm isə "zolaqlılar"ın heyətində Premyer Liqanın qalibi olub. Futbolçu karyerasını bitirdikdən sonra uşaq futbolunda məşqçi kimi fəaliyyətə başlayıb. "Bakı", "Neftçi" İK-da məşqçi kimi, Qazaxıstanda isə "Qalatasaray"ın uşaq futbol mıəktəbinin koordinatorunun köməkçisi postunda çalışıb. Bu ilin yanvarından etibarən "Qarabağ"ın u-15 komandasında çalışır.
37 yaşlı mütəxəssislə söhbətə "Qarabağ"ın əsas komandasının son illərdə qazandığı uğurların uşaq futboluna təsiri barədə danışmaqla başladıq. Eyni zamanda, klub rəhbərliyinin və əsas komandanın baş məşqçisi Qurban Qurbanovun uşaq futboluna diqqəti barədə söhbət etdik:
- "Qarabağ"ın adı gələndə futbola baxış tam dəyişir. Bunun futbolçuların yetişməsində təsiri varmı?
- Bəli, böyük təsiri var. Bu günki gündə əsas komandanın, daha sonra əvəzedici heyətin, ardınca U-19 komandasının çempion olması uşaqlara yaxşı mənada təsir edir. Rəşad Sadıqovun özü belə həm məşqçi, həm də futbolçu kimi uşaqlara böyük stimuldu. 17-19 yaşlı futbolçular əsas komanda ilə məşqə çıxırlar. Bu, indiki uşaqlar üçün müsbət məqamdı. Ki, onlar özlərini göstərib, daha da irəli getsinlər.
- Bildiyimizə görə, klub rəhbərliyi başda olmaqla əsas komandanın baş məşqçisi Qurban Qurbanov və kapitan Rəşad Sadıqov uşaq futboluna xüsusilə diqqət ayırır...
- Elədi ki var. Son 1 il ərzində Qurban Qurbanovun klubun uşaq futboluna diqqəti sayəsində ciddi dəyişikliklər olub. Həm uşaqlar, həm də məşqçilər sarıdan. Hamımız üzərimizdə böyük məsuliyyət hiss edirik. Artıq uşaqlar da bilir ki, Qurban müəllimin tələbləri nədir.
- Yəqin ki, bu məqam uşaqların motivasiyası baxımından işinizi asanlaşdırır...
- Bəli, bizim işimiz tək məşq keçmək deyil. Bizim uşaqlarla söhbətlərimiz olur. Həm ümumi, həm də invidual formada. Onlar bilmədilər ki, gələcəkləri hansı istiqamətdədi. Əsas komandaya düşmək üçün nələr tələb olunur. Təkcə futbol sarıdan yox, istər təhsil, istərsə də mədəniyyət baxımından. Bütün bu məqamlara nəzarət edirik.
Daha sonra İlyas bəy klubun onlara yaratdığı şəraitdən söz açdı. O, həmçinin, bölgələrdə yaşayan uşaqların komandalara cəlb edilərkən harada məskunlaşması və onların hansı şəraitdə yaşaması barədə məlumat verdi.
- "Qarabağ"ın uşaq futbolunun şəraiti necədi?
- Şərait baxımından heç bir problemimiz yoxdu. Rəhbərlik uşaq futboluna xüsusi diqqət ayırır. Uşaqlar əsas komandanın geydiyi formalardan geyinir. Top və digər ləvazimatlar sarıdan problemimiz də yoxdur. Məşq etdiyimiz meydança klub rəhbərliyi tərəfindən icarəyə götürülüb. Amma yaxın gələcəkdə əsas komanda kimi uşaq futbol komandaları üçün də şərait yaradılacaq. Bu barədə məlumatım bar. Eyni zamanda, geniş məşqçi heyətinə sahibik. Köməkçi məşqçimiz, qapıçılarla işləyən məşqçimiz, inzibatçımız, həkimimiz belə var. Hər şey əsas komandakı kimidi. Hətta uşaqlara da xüsusi diqqət ayrılıb. Maddi imkanı aşağı olan futbolçuların məşqə gəlib-getmək xərcləri klub tərəfindən qarşılanır.
- "Qarabağ"ın adı artıq böyük təsirə sahibdi. Bunu uşaq futbolçuların cəlbi baxımından hiss edirsinizmi?
- Bəli. Bizim əslində 18-19 futbolçumuz var. Gördüyünüz kimi hazırda baş tutan məşqimizdə uşaqların sayı çoxdu. Bu, seleksiya ilə əlaqədardı. Hazırda çox sayda futbolçu bizdə baxışdadı. "Neftçi"dən, "Qəbələ"dən, AZAL-dan gələni də var. Onlar burada oynamağa can atırlar. Həmin uşaqların bizim klubda çıxış etməyə olan həvəsləri bizim işimizi asanlaşdırır. Hamı "Qarabağ"a can atır.
- "Qarabağ"ın aşağı yaş qrupları üzrə komandalarında bölgələrdən gələn futbolçular da var. Onlar harda qalılar, şəraitləri necədi, təhsillə hansı formada məşğul olurlar?
- Bölgələrdən olan uşaqlar "Ruslan 93"dəki bazada yerləşdirilib. Onların orada qalması və qidalanması baxımından hər cür şərait yaradılıb. Eyni zamanda, yaxınlıqdakı məktəbdə təhsil alırlar. Onlara xüsusilə nəzarət olunur. Onların bütün problemlərinə diqqətlə yanaşılır.
- Bölgələrdə yaşayan uşaqları hansı formada seçirsiz?
- Bizim tez-tez seleksiya xarakterli toplanışlarımız olur. Ora uşaqları dəvət edirik. Klubun oyun sisteminə, strukturuna uyğun gələnləri seçirik.
Daha sonra mütəxəssis uşaq futbolunda tətbiq edilən sistemlərdən də danışdı. Çalışdırıcı uşaq futbolunun önəmli problemlərindən birinə də toxundu:
- Bildiyimiz qədəri ilə həm Qurbanov Qurbanov, həm də Rəşad Sadıqov aşağı yaş qrupları üzrə komandaların əsas komanda ilə eyni sistemdə oynamasının tərəfdarıdılar. Bununla bağlı nə işlər görülür?
- Düzgün vurğuladız. Bu səbəbdən uşaqların seçiminə xüsusi diqqət edirik. Onların topla davranışına, oyun üslübüna, fiziki göstəricilərinə, nizam-intizamına xüsusi diqqətlə yanaşırıq. Uşaqlara bildiririk ki, mümkün olduğu qədər çox əsas komandanın oyununa baxsınlar. Bununla bilsinlər ki, bizim və Qurban müəllimin onlar tələbi nədir.
- Uşaqları üçün xırdalıqları öyrənmək baxımından əsas komandanın oyunun təhlil edirsizmi?
- Bəli, bizim əsas işimiz elə bundan ibarətdi. Onları tez-tez əsas, əvəzedici, U-19 komandaların oyunlarına aparırıq. Biz bunu onların öyrənməsi üçün edirik. Onlardan nə istədiyimizi, peşəkar futbolçuların özlərini necə aparmalı olduqlarını öyrətməyə çalışırıq. Təkcə meydanda olanları deyil, meydanda kənar məqamları da futbolçulara öyrədirik. Məsələn, necə müsahibə vermək lazım olduğunu. Onların nitq baxımından da inkişafına nail olmaq istəyirik.
- İş olan yerdə problemlər də olur. İşiniz zamanı nə kimi problemlərlə qarşılaşırsınız?
- Əvvəllər şərait yox idi, uşaqlarda həvəs, istək var idi. İndi isə əksinədi. Hər cür şərait var, uşaqlarda əvvəlki istək qalmayıb. Əsas problem odu. Onlarda əzmkarlıq, xarakter çatışmazlığı yaranıb. Uşaqlar virtual aləmə qapanıblar. Özlərini əziyyətə vermək istəmirlər. Virtual həyata üstünlük verirlər.
- Bu barədə onlarla söhbətlər edirsiz?
- Tez-tez bu barədə uşaqlara məlumat veririk. Onlara deyirəm ki, sizə lazım olan problemləri, dərsləri həll etdiniz və ya sizə lazım olan informasiyanı aldınız kifayətdi. İnterlə məşğul olmaq üçün 1-2 saat kifayətdi. Sonra internetdən uzaq durun.
- Lazım olduqda texnologiyalardan istifadəyə qadağa qoyursuzmu?
- Bəli, olur. Oyunlardan qabaq bacardığım qədər telefonları yığmağa çalışıram. Ki, elə şeylərdən uzaq olsunlar, oyunlarını, məşqlərini fikirləşsinlər.
- Uşaqların bu mənfi cəhəti nə ilə əlaqədardı?
- İndiki uşaqlar "yox" sözünün nə olduğunu bilmirlər. Futbolla məşğul olmaq üçün yaxşı şəraitləri var. Çətinlik görməyiblər. Buna görə də belə şeylərlə üzləşirik.
- Bu baxımından sizinlə yola gələn və ya sözünüzə baxmayan uşaqlar olub?
- Olub. Eləsi var ki, sözə qulaq asır, internetdən az istifadə edir. Eləsi də olur ki, bizi dinləmir. Elə uşaqlarla yenə söhbətlər aparmağa çalışırıq. Görürük ki, alınmır, yollarımızı ayırmaq məcburiyyətində qalırıq.
- Müasir texnologiyalardan söz düşmüşkən, siz özünüz necə məşqlər və oyunlar zamanı bu imkanlardan yararlanırsızmı?
- Bəli, olur. Bizim burada şəraitimiz var. Oyunlardan və məşqlərdən sonra bir araya gəlib uşaqlarla etdiklərini videotəkrarlar vasitəsilə təhlil edirik. Bunun bizim üçün üstünlükləri böyükdur. Tək danışıqla fikirlərimiz uşaqlara gec çata bilər. Biz dediklərimizi praktikti baxımdan görmək onlara yaxşı mənada təsir edir. Səhvlərini, düzlərini tez görürlər. Texnologiyanın belə gözəl üstünlükləri də var.
Qurbanov uşaq komandalarının az oyun keçirməsi barədə söhbət açdı. Eyni zamanda, əsas komandaya yüksələ biləcək futbolçuların sayını açıqladı:
- Uşaq futbolunda çalışan məşqçilərimizin dilə gətirdiyi əsas problemlərdən biri də oyun sayının azlığı olub. Siz bu barədə nə düşünürsüz?
- Bəli, belə problemimiz var. Artıq mövsüm bitib. Mən komandanın məşqlərini mayın axırına qədər uzatmışam. 2-3 aylıq fasilə uşaqlar üçün çoxdur. Eyni zamanda, oyun və turnir sayı da azdı. Ola bilərdi ki, çempionat oyunları ilə yanaşı, ölkə kuboku adı altında turnir keçirilərdi. Və ya başqa kiçik yarışlar təşkil etmək mümkündü. Futbolçular nə qədər çox oyun keçirsələr o qədər inkişaf edərlər. Təcrübə, oyun praktikası qazanarlar. Bütün günü məşq etməklə həyəsə nail olmaq mümkün deyil. Futbolçu oyunda yetişir.
- Bu uşaqlar arasında əsas komandaya yüksəlmək gücündə olanlar varmı? Onların sayını, və kimliyini deyə bilərsiz?
- 3-4 futbolçu var. Ad çəkə bilmərəm. Onlar bu yazını oxuyub, psixoloji baxımdan təsirə düşə bilərlər. 3-4 futbolçu var ki, ən azı əvəzedici heyətə qədər yüksələ bilərlər. Ondan sonrası öz əllərindədi. Əvəzedici komanda artıq peşəkarlıq deməkdi. Bu barədə uşaqlara demişəm, hər şey öz əllərindədi.
- "Qarabağ"ın aşağı yaş qrupları üzrə komandaları beynəlxalq turnirlərdə iştirak edirlərmi?
- Artıq bu ildən komandalarımızın ölkə xaricində keçirilən turnirdə iştirak etmə prosesi başlanılıb. Rəhbərliyin qərarına əsasən, hər il ən azı 3-4 komanda ölkə xaricində çıxış edəcək. Artıq bu il U-10 komandası Türkiyənin İzmir şəhərindəki beynəlxaq turnirdə iştirak edib.
Beynəlxalq təcrübə çox vacibdir. İslam Həmrəyliyi oyunlarında iştirak edən U-23 komandamız məhz bu təcrübə sayəsində uğur qazandı. Həmin yığmada çıxış edən "Qarabağ"ın futbolçularından Mahir Mədətov, Çoşqun Diniyev, Şahruddin Məhəmmədəliyev özlərini meydanda çox rahat hiss edirdilər. Bu onların təcrübəsi ilə əlaqəli olan bir şeydir. Bu sonda nəticəyə də təsirini göstərdi.
Sonda isə onunla bir vaxtlar çalışdığı Qazaxıstanın uşaq futbolu barədə qısa fikirlərini öyrəndik:
- Qazaxıstanda da işləmisiz. Bu ölkələrin uşaq futboluna nə kimi fərqlər var?
- Fərq çoxdu. Onlar atletik, biz isə texnikalı futbola üstünlük veririk. Orada işləmək mənim üçün çətin idi. Çünki üslubları tamam başqa idi. Onlar fiziki yükləmələrə üstünlük verirdilər. 10 yaşlı uşaqları dağda qaçırdırdılar. Bu, düz deyildi. Uşaqlara topsuz futbol öyrətmək mümkün deyil. Uşağa topla oynamağı, davranmağı öyrətmək lazımdı. Uşaq topu hiss eləməlidi. Hətta fiziki yükləməni topla vermək lazımdı ki, uşaq həvəslə və düzgün öyrənsin. Topsuz futbol öyrənmək mümkün deyil. Zaman keçdikcə biz bunu faktlarla onlara başa saldıq. Sonda gördülər ki, biz haqlıyıq.
- Bəs oradan niyə ayrıldız?
- Ailə vəziyyətimlə bağlı. Mən orada yaşamalı idim. Amma ailəmi yanıma aparmaq istəyirdim. Bu mümkün olmadı. Ona görə də ayrılmalı oldum. Ordaa işləmək mənə çox rahat idi. Türk xalqları üstünlük təşkil edirdi. Onlarla rahatlıqla ünsiyyət qururdum. Türk və rus dillərində fikirlərimi rahatlıqla ifadə edə bilirdim. Uyğunlaşmaq baxımından çətinliyim olmamışdı.
Daha sonra U-15 komandasının kapitanı İlham Ağazadə ilə söhbətləşdik. Yarımmüdafiəçi mövqeyində çıxış edən Ağazadənin ailəsi klubun təmsil etdiyi Ağdamda yaşayır. Özü isə bölgələrdən olan komanda yoldaşları ilə birlikdə "Qarabağ"ın "Ruslan 93"-dəki bazasında yaşayır:
"Qarabağ"da oynamaq çox yaxşıdı. Özüm Ağdamlıyam. Sevinirəm ki, doğma klubumuzda çıxış edirəm. Ailəmdən uzaqda qalmaq çətin olsa da, dözməliyik. Futbolçu olmaq üçün bütün çətinliklərin öhdəsindən gəlmək lazımdı. İnanıram ki, hər şey yaxşı olacaq.
"Qarabağ"ın əsas komandasında çıxış edən futbolçulardan Qara Qarayevlə, Maksim Medvedevlə söhbətləşmişəm. Oyun üslubu baxımından Riçard Almeyda xoşuma gəlir. Oyun baxımından biraz ona bənzəməyə çalışıram".
Bəli, "Qarabağ" kifayət qədər ciddi klubdu. Klubun sahib olduğu uğurlar, görülən işlər bu fikirdə haqlı olduğumuzu göstərir. Əsas olan məqam klub təkcə əsas komanda ilə kifayətlənmir, gələcəklə bağlı addımlar atır. Uşaq futboluna yaradılan şərait elə bunun göstəricisidi. Ümid edirik ki, bir neçə ildən sonra "Qarabağ"ın heyətində yeni Əfranlar, Qaralar, Maksimlər peyda olacaqlar.
Heybət Məmmədov
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.