Futbolda təhsil nə qədər vacibdir? - LAYİHƏ

23:14 31 May 2017

Sportarena.az saytı AFFA yanında Media Komitəsinin dəstəklədiyi "Uşaq futbolu: problemləri necə aradan qaldırmalı?" mövzusunda layihənin icrasına davam edir.

 

Layihə çərçivəsində beşinci yazımızın mövzusu uşaq futbolunda təhsilin vəziyyəti ilə bağlıdır. Hamıya məlumdu ki, futbol dayanmadan, iri addımlarla inkişaf edir. 10-15 il əvvəlki futbolla indiki arasında yerlə göy qədər fərq var. İllər ötdükcə insanların həyata, futbola baxışı dəyişir. Müasir dövrün yenilikləri, texnologiyaları hər bir sahə kimi futbola da təsirini göstərir. Futboldakı dəyişikliklər sadəcə kənar müdaxilərlə kifayətlənmir. Hər gün futbolun oyun formasında və qaydalarında da dəyişikliklər baş verir. Bu, isə çatışmazlıqları, aşkarlanan problemləri aradan qaldırmaq yönündə atılan addımlardı. Əsas hədəf inkişaf etməkdi.

 

Bu dəyişikliklərə nail olan şəxslər isə müasir və fərqli düşüncəyə, yenilik axtarışında olmaq qabiliyyətinə və ən əsası normal savada malik olan insanlardı. Hər bir sahədə olduğu kimi futbolda da savad ön planda olan amillərdən biridir. Savadlı futbolçunun və ya futbol adamının yetişməsi üçünsə təhsil olmalıdı. Avropanın və dünyanın bir çox futbol akademiyaları bu məsələ ilə uzun illərdir ciddi şəkildə fərqli olur. Azərbaycanda isə bu sarıdan vəziyyət tamam fərqlidi. Uzun illər ölkəmizdə futbola məşğul olmaq istəyən hər bir kəsin qarşısına bir şərt qoyulub: ya futbolu seç, ya da təhsili. Elə bunun nəticəsidi ki, azərbaycanlı futbolçuların çox hissəsinin savadında, dünya görüşündə bir sıra problemlər olub.

 

Bəzi futbolçuların təhsil baxımdan durumları acınacaqlıdı. Onların böyük bir qismi özünü ifadə etmək və danışıq qabliyyətinə malik deyil. Bu, ən çox brifinq və fərdi müsahibələr zamanı xüsusilə hiss olunur. Adlarını belə yazmaqda çətinlik çəkən futbolçularımız var. Bəzi oyunçularımızın düşüncələri və dərk etmə qabiliyyətləri o qədər aşağı olur ki, onlar məşqçilərin sıradan tapşırıqlarını anlamaqda çətinlik çəkirlər. Bu kimi nümunələrin sayı kifayət qədər çoxdur. Bunların hamısı isə həmin futbolçuların vaxtında təhsil almaması ilə əlaqədardır.

 

Həmin futbolçular vaxtı ilə yuxarıda qeyd etdiyimiz - ya futbol, ya da təhsil seçimi arasında qalıb, birinciyə üstünlük verənlərdi. Həmin futbolçuların dövründə ölkə futbolunda vəziyyət tamam başqa cür olub. Bəhs etdiyimiz vəziyyət şərait olmadığından yaranıb. İndi isə hər şey tamam başqa formadadı. Artıq ölkəmizdə uşaqların bir qismi daha yaxşı şərtlər altında həm futbol, həm də təhsillə məşğul olmaq imkanına sahibdilər. Bir çox klublarda, akademiyalarda təhsil ön plandadı.

 

Futbolda təhsilin rolu kifayət qədər böyükdür. Mütəxəssislər hətta bu idman növünü ayrı bir elm olduğunu da söyləyirlər. Bəlkə də onlar bu fikirdə yanılmırlar. Bu elmi anlamaq üçün təhsil almaq çox vacibdir. Şahin Diniyev də futbolda təhsilin kifayət qədər vacib olduğunu vurğulayır. Hazırda "Kəpəz"in baş məşqçisi olan təcrübəli mütəxəssis bizimlə söhbətində savadlı futbolçunun və məşqçinin üstünlüklərindən danışdı:

 

- Şahin müəllim, təhsil və futbolun bir yerdə olması nə deməkdi?
- Əvvəllər fikirləşirdik ki, ikisindən biri seçilməlidi. İndi isə hər şey tamam başqa formadadı. Artıq futbolda da təhsil vacib məqamlardan birinə çevrilib. Hər bir futbolçunun savadlı və təhsilli olması mütləqdi. Futbolçu savadlı olanda məşqçilərin ona verdiyi tapşırığı rahatlıqla dərk edir. O, eyni zamanda, oyun zamanı məşqçilərin tapşırığından başqa öz düşüncəsi ilə işlər görməyi də rahatlıqla bacarır, gözlənilməz çətinliklərə qalib gəlməyə müvəffəq olur. Futbolçular fizika, kimya, anatomiya kimi elmləri mütləq bilməlidilər. Bu, məşqçilərə də aiddir. Məşqçilər xüsusilə anatomiyanı bilməlidilər. Məşqçi savadlı olanda futbolçunun səhhətini, fiziki durumunu, problemlərini tez dərk edir. Mən özüm də məşqçi kimi savadlı futbolçuları sevirəm. Kim deyirsə ki, futbolla təhsil bir arada tutmur, yanlış fikirdədi. Uşaqlar indiki dövrdə daha çox əyləncə növlərindən istifadə edirlər. Həmin vaxtın 1/3 hissəsini futbola və təhsilə ayırsalar, hər ikisinə çatdırmaq mümkün olar. İlkin təhsil çox vacibdir. Ola bilər ki, uşaqdan futbolçu ola bilməsin. Belə hallarla çox tez-teZ qarşılaşırıq. Futbolla məşğul olan milyonlarla insan var. Onların heç də hamısı futbolçu ola bilmir. Belə olan halda həmin şəxs həm təhsilsiz qalır, həm də futbolsuz.

 

 

Daha sonra Diniyevlə  klublar və akademiyaların təhsillə futbolu bir araya salmaq üçün nə etməli olduğunu müzakirə etdik.

 

- Dünyanın hər bir yerində artıq klubların akademiyası var. Həmin akademiyalarda təkcə futbolla məşğul olmurlar. Təhsillə futbolu birləşdiriblər. Futbolçunun inkişaf etməsi, dünyada baş verən hər bir yeniliklərdən xəbər tutması üçün təhsil almalıdılar. Azərbaycanda buna yenicə başlanılıb. "Qəbələ"nin akademiyası bunun göstəricisidi. Təkcə təhsillə kifayətlənmək lazım deyil. Ora başqa dilləri tədris edən müəllimlər də cəlb olunmalıdı ki, futbolçu dil öyrənsin və dünyada gedən proseslərdən xəbərdar olsun. Artıq bu bütün dünyada var. Bizdə də müəyyən qədər var və onun tam oturuşması üçün müəyyən qədər zamana ehtiyac var.

 

Sonda isə Şahin bəy əsas komandasının baş məşqçisi olduğu "Kəpəz"in uşaq futbolundan danışdı. O, Gəncə təmsilçisində  vəziyyətin heç də yaxşı olmadığını bildirdi.

 

- Özünüz də bilirsiz ki, nəinki uşaq futbolunun, heç əsas komandanın da şəraiti - bazası yoxdur. Bazası olmayan klubun akademiyasından söhbət belə getməz. Nə vaxtsa bu olacaq. "Kəpəz"də uşaqlar ya dərsdən sonra yemək yeyib məşqə gəlirlər, ya da məşqdən sonra dərsə gedirlər. Bu bir akademiyanın içərisində olmadığından həm vaxt itkisidi, həm də uşaqlar üçün əlavə problem. Çünki onlar ikisi arasında qalırlar, hər ikisinə də köklənə bilmirlər. Eyni zamanda, onlarda yorğunluq yaranır.

 

Diniyev futbolda təhsilin nə qədər vacib olduğunu vurğuladı. Mütəxəssislərin işi mövcud vəziyyəti təhlil etmək, gördüklərini danışmaq və həlli yollarını təklif etməkdi. Problemlərin həlli ilə məşğul olanlar isə tamam başqa şəxslərdi. Bu işlərlə adətən bir başa olaraq klub rəhbərliyi və müəyyən vəzifəli şəxslər məşğul olurlar. Vaxtılə "Turan"da və "Neftçi"də vitse-prezident postunda çalışmış Tahir Süleymanovla da bu sahədə təcrübəli olan şəxslərdəndir. Onunla klubların təhsil problemini necə həll etməli olduğunu müzakirə etdik.

 

- Tahir bəy, sizin klub idarəçisi kimi kifayət qədər təcrübəniz var. Əsas komanda ilə yanaşı, uşaq futboluna da diqqətlə yanaşmısız. Uşaq futbolunun problemli mövzularından biri də təhsillə bağlıdı. Bu məsələni işlədiyiniz klublarda necə həll edirdiz?

- Təhsillə bağlı məsələlər hər zaman aktual olub. İndi deyil, sovetlər dönəmində də problemlər olub. Bununla yanaşı, münasibət fərqli idi. Vaxtilə idman cəmiyyətlərindən verilən arayışlara uyğun məktəbli vaxtlarımızda bizə güzəşt edirdilər. Eyni zamanda, şəkillərimiz məktəbin şərəf löhvəsində olurdu. Təhsillə yanaşı, idmançılara xüsusi diqqət var idi. İndiki ROİL o vaxtlar da fəaliyyət göstərirdi. Ölkənin ən istedadlı yeniyetmə idmançıları inernat tipli məktəbdə həm təhsil alır, həm də peşəkar idmanla məşğul olurdular.  İndi də idmançılara xüsusi qayğı göstərilir. Ümumi təhsildə olan problemlər isə idman, futbola da təsir edir.

 

 AFFA İcraiyyə Komitəsin üzvlərindən biri  nazirliyin məsul rəsmilərindəndir. Onlar imkan daxilində məsələləri həll etməlidir. Uşaq futboluna kompleks yanaşma lazımdır. Bu, hansısa klubun həll edəcəyi məsələ deyil. Klubun gələcəyini düşünərək uşaq futboluna hər zaman xüsusi diqqətimiz olub. Məşq prosesləri təhsilə mane olmamaq şərtilə tərtib olunub. Yarışlarda isə müəyyən çətinliklər yaşanırdı. Rəsmilərimiz uşaq futbolçuların oxuduğu məktəblərlə, valideynlərlə  ünsiyyətdə olur, vəziyyətdən çıxmağa çaləşırdıq. Uşaqların yaxşı oxumaları üçün də nəzarətimiz olurdu. Valideyn, futbolçularla daimi psixoloji söhbətlər aparırdıq. Bir daha qeyd edirəm ki, bu ümumi problemdir və bütün dünyada mövcuddur. Təhsil və futbol keyfiyyətini qaldırmaq üçün kompleks yanaşma ilə qanunlar hazırlanmalı, işlər görülməlidir.

 

 

-  Müəyyən dövrlərdə yetişən futbolçularımız təhsil almaq sarıdan ciddi problemlərlə üzləşdilər. Onların qarşısına şərt qoyulurdu ki, ya təhsil, ya da futbol. İndi isə vəziyyət tam əksinədi. Hər cür şərait var. Klubların özləri bu məsələni necə həll etməlidilər?

 - Yuxarıda qeyd etdim. Bu klub səviyyəsində həll olunacaq məsələ deyil. İlk növbədə cəmiyyətdə təfəkkür dəyişməlidir. İdman, futbola məşğul olmaq sağlamlıq, hər xalqın genefondunun möhkəmliyi deməldir. Uşaq-yeniyetmə yaşlarında məşğul olan futbolçuların çox az qismi peşəkar futbolçu olur. Bunu hər kəs dərk etməlidir. Peşəkar səviyyədə futbol istedadlar üçündür. İstedadların yetişməsi üçünsə futbolda xüsusi proqram hazırlanmalıdır. Əksər valideynlər övladlarıın istedadı olmasa belə, futbolçu görmək istəyirlər. Təəssüf ki, uşaq futbolunda, federasiya, klublarda çalışan rəsmilər, məşqçilər valideynləri aldatmaqla da məşğul olurlar. Zaman keçəndən sonra isə gec olur. Bölgələrdə klubların olmaması isə hətta istedadların yeniyetmə yaşlarından sonra çölə atılmasına gətirib çıxarır. AFFA-nın üzvləri olan bu sahə üzrə federasiyalar mövcuddur. Onlar kağız üzərində deyil əməli işlə məşğul olmalıdılar.  Ümumi təhsillə bağlı əlaqələrlə yanaşı futbol təhsilində də çox böyük problemlər var.

 

- Akademiyası olmayan klublar başqa bölgələrdən uşaqların təhsil problemini necə həll etməlidilər?

- "Qəbələ" və "Bakı" klublarını çıxmaq şərtilə heç bir klubun akademiyası yoxdur. Təəssüf ki, məlum səbəblərdən "Bakı" klubu bu işi davam etdirə bilmədi. 

 

Akademiya geniş anlayışdı. Kağız üzərində akademiyamız var deməklə akademiya olmur. "Neftçi"də çalışdığımız dönəmdə bir dəfə də olsun akademiyamız var cümləsini işlətməmişəm. Uşaq futbolunda strukturumuz var idi və uşaq futbolu üçün bazamız olmasa belə, keyfiyyətli iş görmək üçün ROİL və "Neftçi" İSM-lə müqavilələrimiz mövcud idi. Öz bölmələrimizlə yanaşı, istedadlı futbolçuların cəlb olunması üçün bölgələrimizdən də istifadə edirdik. Seleksiya işinə də çox ciddi nəzarətimiz var idi. Yəni, akademiyanın geniş anlamda olmamasını daha keyfiyyətli işlə kompensasiya etməyə çalışırdıq. "Neftçi"yə  heç vaxt digər klublardan hazır gənc futbolçular cəlb etməmişik. Yalnız öz yetirmələrimiz çıxış edib. Təəssüf ki,  hazırda "Neftçi"yə lazım olan yetirmələri digər aparıcı klublarda çıxış edir.

 

Bölgələrdən uşaqların akademiyalara cəlb olunması üçün xüsusi qanunlar hazırlanmalıdır. Uşaq yaşlarından onları ailədən, valideyn tərbiyyəsindən məhrum etmək olmaz. Uşaqların 80-100 km ailədən uzaqda yaşaması doğru deyil. Ailədən uzun müddət ayrı qalan, formalaşma dövrünü yaşayan uşaqlarda psixoloji problemlər üzə çıxır. Eyni zamanda, akademiyada yeniyetmə, gənclərlə bir yerdə qalmaları mənfi fəsadlara da gətirib çıxarır. Uşaqlar müəyyən yaş dövrünə kimi valideynlərdən məhrum olmamalıdır. Bu amillərə görə heç bir yeniyetmə futbolçumuz Avropa klublarına gedə bilmir. Çünki mütləq şərtlərdən biri uşaq-yeniyetmə futbolçu ilə valideynlərdən birinin yaşamasıdır. Əksər klublar bu yükün altına girmək, valideynlər üçün şərait yaratmaq istəmir. Futbolun təməli uşaq-gənclər futbolu olduğu üçün mütləq şəkildə şəraitlə yanaşı tənzimləyici qanunların olması vacibdir.

 

- Bu məsələ ilə bağlı özünüzün yeni təklifləri varmı?
- İllərin təcrübəsi var. Təbii, bu yöndə fikirlərimiz, layihələrimiz mövcuddur. Son on ildə ölkə futbolunda yetişən istedadların əksəriyyəti müəllifi olduğumuz "Sabahın Ulduzları" yarışlarından çıxıb.  Daha böyük layihələr var. Bunun üçün müvafiq qurumlar təşəbbüs göstərməli, uşaq futboluna ayrılan milyonlardan düzgün istifadə olunmalıdır.

 

Tahir Sülemanov təhsil məsələsinin detalların yetərincə toxundu. Bəzi məsələlərin həlli yolunda təkliflərini irəli sürdü. Bəs klublarda təhsil sarıdan vəziyyət necədi? Bəzi klublarla əlaqə saxlayıb, məlumat aldıq.

 

"Kəpəz"dəki vəziyyət bağlı Şahin Diniyev yuxarıda məlumat verdi. "Əlincə" klubunun akademiyasında futbolla məşğul olan uşaqların təhsil sarıdan heç bir problemi yoxdur. Belə ki, akademiyanın yaxınlığında hazırda bir məktəb fəaliyyət göstərir. Yeni tədris ilindən isə akademiyadan cəmi 50 metr aralıda olan daha bir məktəb fəaliyyətə başlayacaq. "Qəbələ"klubun akademiyasında da futbolçuların təhsil alması üçün hər bir şərait var. Eyni sözlər, iki bazaya sahib olan "Vətən"ə də aiddir. Bu klubda futbolun sirrlərini öyrənməyə çalışan futbolçular həmin bazaların ətrafında yerləşən orta məktəblərdə yerləşdirilib və onların təhsil alması üçün hər cür şərait yaradılıb.

 

Heybət Məmmədov
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


Digər xəbərlər

Xəbər xətti