"Zirvə"nin gələcək vəd edən futbolu - LAYİHƏ + VİDEO

19:21 6 İyun 2017

Sportarena.az saytı AFFA yanında Media Komitəsinin dəstəklədiyi "Uşaq futbolu: problemləri necə aradan qaldırmalı?" mövzusunda layihənin icrasına davam edir.

 

Layihə çərçivəsində altıncı yazımız Azərbaycan idmanında kifayət qədər nüfuza sahib olan "Zirvə" Beynəlxalq İdman Klubu ilə bağlıdır. Əsasən ağır atletikada böyük uğurlar qazanan bu klub digər idman növlərini kənardan qoymur. Burada ağır atletikadan savayı, karate, cüdo, gimnastika, üzgüçülük, şahmat və eləcə də futbol üzrə bölmələr var. Əsas bazası AAAF Park Yaşayış Kompleksində yerləşən bu klub infrastruktur baxımından ölkənin ən qabaqcıl idman klublarından biridir.

 

 

Futbol idmanın şahı hesab edildiyindən hər bir klubda bu idman növünə xüsusi həssaslıqla yanaşılır. İnfrastruktur baxımından geniş imkanlara sahib olan "Zirvə" klubu da futbola biganə qalmır. Təsadüfi deyil ki, bu klubun AAAF Parkda yerləşən bazasında bir neçə aydır futbol məşğələlərinə start verilib. Yeni mövsümdən "AAAF Park Xırdalan" adı altında AFFA-nın aşağı yaş qrupları üzrə liqalarında 2 komandanın iştirak etməyi planlaşdırılır. Bir çox klublar hazırda istirahətə üstünlük versələr də, burada vəziyyət yaxşı mənada başqa cürdü. Belə ki, ölkədaxili yarışlarda debüt edəcək komandaların heyətləri indidən formalaşdırılır və futbolçuların hazırlığının yüksək səviyyədə olması üçün müntəzəm məşqlər keçirilir. Bakıdan müəyyən qədər aralıda olan Xırdalan şəhərinin sakinlərinin də futbola marağı var. Belə ki, onlar övladlarının burada məşq etməsində, futbolun sirrlərini öyrənməsində maraqlıdılar. Valideynlərdən biri ilə kiçik dialoqumda o da məlum oldu ki, valideynlər artıq övladlarının futbolla məşğul olmasından bir o qədər də narahat deyillər. Çünki uşaqlar məşq etmək üçün Bakıya getmək məcburiyyətində deyillər. Artıq şəhərin içində yaxşı şəraitə sahib olan klub var.

 

 

Daha sonra fürsət tapıb bu klubda fəaliyyət göstərən məşqçi Arzu Nəsibovla söhbətləşdik. İki ildi məşqçi kimi çalışan gənc mütəxəssis futbol bölməsi fəaliyyətə başladığı müddətdən - 2 aydır ki burada çalışır. 

 

- "AAAF Park Xırdalan" yeni fəaliyyətə başlayıb, bu müddət ərzində görülən işləri necə qiymətləndirirsiz?
- İki ay ərzində seleksiya işləri görülüb. Artıq burada hər yaş üzrə uşaqlar var. Yeni mövsümdən ilk dəfə iki yaş qrupu üzrə - 2006 və 2007-ci illər təvəllüdlü uşaqların çempionatında iştirak etmək istəyirik. Bu da bizə stimul verir ki, sözü gedən yaş qrupu üzrə əlimizdə olan uşaqları həmin turnirlərdə sınayaq. Məqsədimiz "AAAF Park Xırdalan" adını təbliğ etmək və Azərbaycan futboluna yeni istedadlı uşaqlar bəxş etməkdi.

 

- Neçə yaş qrupu üzrə komandanız var?
- İki yaş qrupu üzər komandamız var. Amma biz 7-14 yaş arası uşaqlar arasında seçimlərin aparıldığı barədə elan vermişik. İki qrup üzrə seçimlər aparılır. 7-10 və 10-14 yaş arası.

 

- Təqribən neçə uşaq sizin məşqlərdə iştirak edir?
- Hazırda 20-ə yaxın uşaq var. Yenə də müraciətlər olur. Yeni olduğumuzu nəzərə alsaq, bu rəqəmin də artım olacağını gözləyirik.

 

- Seleksiya müddəti nə qədər davam edəcək?
- Seleksiya müddəti hələ davam edir. 2 ay, 3 ay, 4 ay çəkə bilər. Demək olar ki, işləri yekunlaşdırırıq.

 

.

 

- Komandaya yaradılan şərait necədi?
- Şərait normaldır. Gördüyünüz kimi, meydançalardan istədiyimiz kimi istifadə edə bilirik. Uşaqları məşq formaları və digər ləvazimatlarla təmin edirlər.

 

- Uşaqların və valideynlərin futbola marağı varmı?
- Valideynlərin marağı böyükdür. Onlar məşqlərimizə gəlib, hər şeyi diqqətdə saxlayırlar. Sükürlər olsun ki, hər şey yaxşıdır. Biz də əlimizdən gələni edirik ki, bu uşaqlar gələcəkdə yaxşı futbolçu olsunlar.

 

- Komandanın gələcək planları nədir?
- Təlim-məşq toplanışı keçirmək istəyirik. Çempionat avqust-sentyabr aylarında start götürəcək. Təxminən o vaxtlarda toplanış keçirmək istəyirik. Ölkə daxilində və ya xaricdə uyğun yaş qrupu üzrə turnirlər olsa, iştirak edə bilərik.

 

- Planlarda növbəti yaş qrupları və əsas komanda varmı?
- Bunlar rəhbərlikdən asılı olan işlərdir. Ola bilsin ki, gələcəkdə olsun.

 

 

Daha sonra "Zirvə"nin nfrastrukturu ilə tanış olmağa başladıq. Burada məşğul olduğu idman növündən asılı olmayaraq hər bir idmançı üçün xüsusi şərait yaradılıb. Ötən yazımızda diqqət ayırdığımız təhsil məsələsinə "Zirvə" İdman Klubu ayrıca diqqət ayırıb. Belə ki, bu klubun üzvü olan idmançılar AAAF Parkda yerləşən liseydə təhsil ala bilirlər. Həmçinin, onların gündəlik istifadəsində olan yeməkxanalar da yüksək standartlara cavab verir. Eyni zamanda, onların istirahəti və məskunlaşması üçün hazırlanan yataqxanadakı şərait isə müasir otellərdən heç də geri qalmır. Burada Azərbaycanın müxtəlif bölgələrindən gələn idmançılar məskunlaşırlar. Onlar üçün yaradılan şərait elə səviyyədədi ki, onlar evlərindən uzaq olsalar belə, heç bir çətinlik çəkmirlər. İdmançıların fiziki məşqləri isə ən son avadanlıqlarla təchiz edilmiş fitnes zalında keçirilir. Klubun bazasında idmançıların istirahəti üçün də bir sıra obyektlər ayrılıb.

 

 

Sadaladığımız faktlar onu göstərir ki, burada hər bir idman növü kimi futbolla da məşğul olmaq mümkündür. Bunun üçün xüsusi meydançalar da yaradılıb. "Zirvə" İdman Klubunun tərkibində futbol bölməsi yeni fəaliyyətə başlasa da, yaxın gələcəkdə uğurlar qazanmaq iqtidarındadır. Bunun səbəbi isə klubun sahib olduğu şəraitdir. Belə olan halda, kifayət qədər əhalisi olan Xırdalanda da futbola olan maraq artacaq. Kim bilir, bəlkə də yaxın gələcəkdə bu klubun yetirməsi olan futbolçular milli komandanın üzvünə çevriləcəklər.

 

 

"Zirvə" İdman Klubunun fəaliyyəti təkcə Xırdalan şəhəri ilə kifayətlənmir. Klub bir neçə bölgə üzrə eyni istiqamətdə fəliyyət göstərir.  Lənkəranda da həmin rayonlardan biridir. Burada dörd yaş qrupu üzrə (U-10, U-11, U-12, U-13) fəaliyyət göstərən futbol komandası var. Onlar AFFA-nın bayrağı altında keçirilən turnirlərdə, eyni zamanda, cənub zonası üzrə keçirilən yarışlarda iştirak edirlər. Bu komandalardan üçü son mövsümdə final mərhələsinə yüksəlib, U-11 isə finala vəsiqə qazansa da, sonda ikinci olub. İki yaş qrupu üzrə komanda isə Zirvə yarışlarında iştirak edib. U-11-ikinci olduğu yarışda U-12 üçüncü olub.

 

Komandalara yaradılan şərait də yüksək səviyyədədir. Belə ki, "Zirvə" klubu futbolçuları hər cür idman formaları və ləvazimatları ilə təmin edir. Komandalar isə klubun meydançalarında məşq edirlər. "Zirvə" klubunun nəzdində fəaliyyət göstərən futbol komandalarının rəhbəri Sakin Məmmədzadə də yaradılan şəraitdən və klub rəhbərliyinin diqqətindən razıdır:

 

"Artıq 4 ildir fəaliyyət göstəririk. Bu müddət ərzində "Zirvə" klubun rəhbərliyi bizə diqqət ayırıb. Yaradılan şəraitə görə, klub rəhbərliyinə minnətdarlığımızı bildiririk. Onlar həmişə uşaqlar üçün lazım olan şəraiti yaradıblar. Futbolçular ən son idman formaları və ləvazimatları ilə təmin olunub.

 

Cənub futbolunun çətin günlər yaşadığı bir dövrdə yaradılan şərait bizə futbolla məşğul olmağa imkan verir. Bu görülən işlərin müqabilində bizim də məqsədimiz ölkə futboluna, milli komandalara yeni istedadları qazandırmaqdır".

 

Heybət Məmmədov
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

 

 


Xəbər xətti