Uşaq futbolunda həkimlər hansı tip zədələrdən qorxurlar? - LAYİHƏ

10:34 25 İyun 2017

Sportarena.az saytı AFFA yanında Media Komitəsinin maliyyələşdirdiyi "Uşaq futbolu: problemləri necə aradan qaldırmalı?" mövzusunda layihənin icrasına davam edir.

 

Layihə çərçivəsində səkkizinci yazımızda fərqli mövzuya toxunmaq qərarına gəldik. Uşaq futbolunda diqqət etməsi vacib olan sahələrdən birindən - zədələrdən bəhs edəcəyik. Bu səbəbdən uşaq futbolu ilə bağlılığı olan Natiq Süleymanova müraciət etdik. Natiq müəllim U-19 millimizin həkimi olmaqla yanaşı, «Vətən» RİOEUG-da da uşaqların səhhətinə nəzarət edir. Azərbaycan Tibb Universitetinin məzunu olan həmsöhbətimiz ölkə xaricində də təhsil alıb. O, idman həkimliyi üzrə kurs və seminarlarda biliyini artırıb. Cavan olmasına baxmayaraq, bu sahə üzrə artıq müəyyən qədər təcrübəsi var. Təsadüfi deyil ki, həmsöhbətimizin adı AFFA-nın güvəndiyi həkimlər siyahısındadı.

 

- Yəqin ki böyük futboldan fərqli olaraq uşaq futbolunda çalışmaq daha çətindi...
- Əlbəttə, hərəsinin öz yeri, öz nüansları var. Böyük futbolda vəziyyət fərqlidir. Orada başqa tip zədələnmələrə rast gəlinir. Uşaq futbolunda isə tamam başqa cür zədələrlə qarşılaşırıq. Eyni zamanda, yaş fərqi, orqanizmin xüsusiyyətləri və digər məqamlar zədələrin fərqliliyini artırır. Uşaq futbolunda çalışmaq üçün uşaqlarla dost olmaq, onların psixologiyasını yaxşı bilmək lazımdır. Bunun üçünsə, bu sahədə bir neçə il çalışmaq və müəyyən təcrübə toplamaq lazımdır.

 

- Uşaq futbolunda alınan bəzi zədələr futbolçunun gələcək karerasına ciddi şəkildə təsir göstərə bilər?
- İdman həkimlərinin zədəyə baxışı klinika həkimlərindən fərqlənir. Biz bəzən elə patologiyalarla qarşılarıq ki, futbolçunun futbolla məşğul olmasına icazə veririk. Eyni vəziyyətdə klinika həkimləri çalışırlar ki, həmin uşağı idmandan mümkün qədər uzun müddətə futboldan uzaq tutsunlar.  Altı aylıq, bir illik, iki illik fasilə idmançının gələcək karyerasına ciddi şəkildə təsir göstərə bilər. İdmandan uzaq qaldıqdan sonra əvvəlki formanı bərpa etmək çox çətindi. Ona görə də biz - idman həkimləri hər bir zədəyə fərqli yöndən baxırıq və çalışırıq ki, idmançı idmandan uzaqlaşmadan, mümkün olduğu qədər tez zədəsini sağaldaq.

 

 

- Yəqin ki, karyerasında ciddi zədələr alan futbolçular sonrakı müddətdə sizin ciddi nəzarətinizdə olur...
- Bəli. Bizə lazım olan, potensiallı idmançının səhhətini və reabilitasiyasını nəzarət saxlayırıq. Bayaq dediyim kimi, klinika həkimlərindən fərqli olaraq biz çalışırıq ki, spesifik müalicə, reabilitasiyasını  və fizioterapiyanı özümüz yerinə yetirək. Bunun əsas səbəbi idmançının bərpasına daha tez nail olmaqdı.

 

- Əvvəlki illərdə ölkə futbolunda əsas müzakirə edilən məsələlərdən biri də futbolçularımızın fiziki baxımdan zəif olması idi. Buna səbəb kimi uşaq futbolunda bu məsələyə ciddi yanaşılmaması göstərilirdi. Uşaqların fiziki kefiyyətlərinin inkişaf etməsi üçün həkimlərin köməyindən istifadə etmək mümkündürmü?
- Bu sahə üzrə fiziki hazırlıq üzrə məşqçilər çalışır. Onlar nəyin necə olmalı olduğunu yaxşı bilirlər. Biz onların işinə müdaxilə edə bilmərik. Amma məşqlərdən sonra onlarla futbolçular barəsində fərdi söhbətlərimiz olur. Bəzi hallarda bizimlə məsləhətləşirlər. Çünki uşaqların hamısı eyni deyil. Hər birinin fərqli xüsusiyyətləri var. Bu barədə fikir mübadiləsi aparırıq. Lazım olduqda uşaqlarla bağlı ayrı-ayrılıqda planlar hazırlayırıq. Uşaqların səhhəti barədə məşqçilərə məlumat veririk. Onlar da bu məlumatlardan mümkün olduğu qədər yararlanırlar. 

 

- Uşaq futbolundakı hansı tip zədələr təhlükəli hesab edilir?
- Uşaq futbolunda hər bir zədə ciddi olmasa belə, təhlükəli hesab olunmalıdır. Çünki uşaqların orqanizmləri bir-birindən fərqlənir. Ən vacib məqam elə onların uşaq olmalarıdı. Ən xırda zədə qısa zamanda sağalsa belə, uşaqda psixoloji problemlər yarada bilər. Yaxud, uşağın psixoloji sarsıntı keçirməsi zədənin daha tez sağalmasında mane ola, prosesi yubada bilər. Bu səbəbdən uşaq futbolundakı hər bir zədə təhlükəli hesab edilir. Çünki uşaq yaşlarında alınan hər hansı zədə gələcək illərdə futbolçunun karyerasını erkən başa vurmasına zəmin yarada bilər. Uşaq yaşlarında əzələlərlə bağlı zədələrə rast gəlinmir. Əsasən, sınıq, sıyrıqlar, əziklər, qanama, burxulma tipli zədələrə rast gəlinir. Belə zədələr adətən tez sağalır, uzun müddətli olmur. Əsasən, sınıq tipli zədələrdən qorxuruq. Bunun səbəbi uşaqların sümüklərinin bərkiməməsidi. Məhz sınıqlar bəzi hallarda həkimlərə problem yaradır.

 

- Uşaqların zədələnməsinə səbəb olacaq faktorlar hansılardı?

- Çoxdur. Meydanın örtüyü, geyim dəsti, idman ayaqqabısı, topun növü, hətta topun içindəki havanın təzyiqi, qidalanma, fiziki durum və başqa faktorları misal göstərə bilərik. Hətta ciddiyə alınmayan bir sıra xırda detallar belə zədəyə səbəb ola bilər.

 

- Uşaq futbolunda xroniki zədələr qeydə alınırmı?
- Uşaq yaşlarında xroniki zədələrə rast gəlinmir. Əsasən, böyük futbolda belə hallarla rastlaşırıq. Bu tip zədələr əsasən əzələlərlə bağlı olur. Bir çox tanınmış futbolçular məhz əzələlərlə bağlı xroniki zədələrdən əziyyət çəkirlər. Həmçinin, diz oynağında, daban, baldır oynaqlarında da xroniki zədələr idmançılar üçün xarakterik olur. Əsasən, vaxtında qoyulmayan diaqnoz və ya təkrarlanan mikro-zədələr nəticəsində xroniki zədələr əmələ gəlir. Xroniki zədələrin müalicəsi isə oyunçuların durumundan asılı olur. Əgər zədə kifayət qədər ciddisə, fiziki durumları idmanla məşğul olmağa imkan vermirsə, biz onlara müəyyən qadağalar qoyuruq. Yox, əgər futbolçunun durumu müəyyən hərəkətləri etməyə imkan verirsə, icazə veriririk ki, o, idman formasını itirməsin və ya zədədən sonra əzələlərini bərpa etsin. Bu barədə konkret nəsə demək mümkün deyil. Hər şey zədədən asılıdı.

 

 

- Bir sıra ölkələrdə uşaqların topa başla təması qadağan edilib. Buna səbəb kimi uşaqların topa başla toxunan zaman çox sayda beyin hüceyrələrinin ölməsi əsas gətirilir və bu onların səhhəti üçün təhlükəli hesab edilir.
- İdmanla bağlı bir sıra məsələlələr elm adamları tərəfindən araşdırılır. Qeyd etdiyiniz məsələdə həmçinin. Elm inkişaf etdikcə, tez-tez nəsə yenilik eşidirik. İdman həkimləri olaraq ölkə xaricində olarkən və ya kurslarda, tədbirlərdə iştirak edərkən bu tipli məsələləri müzakirə edirik. Amma bu, kifayət qədər açıq və mübahisəli məsələdi. İdman həkimlərinin bu məsələyə yanaşması fərqlidir. Elm adamları futbolda uşaqların başla oynamağını düzgün hesab etməyə bilərlər, haqsız deyillər. Biz isə idmanın içindəyik, bilirik ki, başla oynamaq futbolun ayrılmaz hissəsidi. Tutaq ki, uşaqlara başla oynamaq qadağan edildi. Bəs, onlar bunu uşaq yaşında öyrənməyəcəklərsə, nə vaxt öyrənəcəklər? Belə təzadlar var. Bu və digər məsələlərin müzakirəsi açıq qalıb. Göstərilən fakt futbol mütəxəssisləri və elm adamları arasında müzakirə edilib, qərar veriləcək bir haldır. Ola bilsin ki, illər sonra belə bu məsələlərin müzakirəsi davam etsin. Futbolun içində olan adam kimi deyə bilərəm ki, yol verilməzdi. Həkim gözü ilə məsələyə baxsam, həmkarlarıma dəstək verə bilərəm. Özüm belə qərarsızam bu məsələdə.

 

Həmsöhbətimlə idman həkimliyinin durumu barədə də danışdıq. O, bu sahənin çətinlikləri, eyni zamanda, idman həkimi olmaq üçün lazım olan meyarlar haqqında da məlumat verdi:

 

- Azərbaycan idman sahəsi üzrə həkimlik son illərdə inkişaf etməyə başlayıb. Əvvəllər futbolçularımız xırda bir zədəni sağaltmaq üçün ölkə xaricinə üz tutmaq məcburiyətində qalırdılar. Bəzən düzgün edilməyən müalicə fonunda karyeralarını başa vurmalı olurdular. Eyni sözlər uşaq futboluna da aiddir. Bəs, indi bu sahədə vəziyyət necədir? İnkişaf etmək üçün nə kimi addımlar atmaq lazımdır?
- Bəli, əvvəlki illərdə idman həkimliyi təbabətin digər sahələrindən geri qalırdı. Bu sahə üzrə mütəxəsisslər də az idi. Qeyd etdiyiniz kimi, bu səbəbdən idmançılarımız ölkə xaricinə üz tuturdular. Bəzən düzgün olmayan adamlarla qarşılaşırdılar, vaxt itkiləri və maddi xərcləri də çox olurdu. Eyni zamanda, psixoloji baxımdan da sarsıntı keçirirdilər. Bu, onlara hər cür təsir edirdi. Artıq hər bir sahə kimi idman həkimliyi də inkişaf edib. Yaxşı mütəxəssislərimiz yetişib. İnkişaf bu templə davam etsə, yaxın gələcəkdə idmançılarımızım ölkə xaricinə üz tutmasına tamamilə ehtiyac qalmayacaq.

 

İdman həkimi olmaq üçün təkcə Tibb Universitetini bitirmək kifayət deyil. Əlavə biliklərə də yiyələnməlisən. Eyni zamanda, idmanı sevməli, idmançının dostu olmağı bacarmalısan. İdmanda baş verən proseslərdən xəbərdar olmaq da vacibdir. İdman həkimi olmaq üçün bir neçə sahəni yaxşı bilməlisən. Ən əsası psixoloq olmağı bacarmalısan. Bu, idmançının durumunu anlamaq və onunla ünsiyyət qurmaq üçün lazım olan faktordur. Bizim sahəmiz çox çətindir. Digər həkimlərlə fərqimiz barədə danışdım. Onlarla işimiz arasında kifayət qədər fərq var.

 

İdman həkimləri ofisdə oturmurlar və onların müəyyən iş saatları olmur. İdmançılar hardadırsa, biz də ordayıq. Məşqlərində də, oyunlarında da, istirahətlərində də onlarla oluruq. Onlar həyacanlananda biz də həyacanlarıq. Onların yaşadığı hər bir hissi biz də yaşayırıq. Biz bir komandayıq. Qələbəyə bir yerdə sevinir, məğlubiyyətə bir yerdə üzülürük. İdman həkimi olmaq elə də asan deyil. Bizim işimizi asanlaşdıran peşəmizə olan sevgimizdi.

 

Heybət Məmmədov
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


Digər xəbərlər

Xəbər xətti