Dünyanın ən böyük turniri "Vətən"ə nələri qazandırdı? - LAYİHƏ

07:17 3 İyul 2017

Sportarena.az saytı AFFA yanında Media Komitəsinin maliyyələşdirdiyi "Uşaq futbolu: problemləri necə aradan qaldırmalı?" mövzusunda layihənin icrasına davam edir.

 

Bu il futbolumuzun ən çox danışılan komandalarından biri "Vətən"in U-10 kollektividi. Aprel ayında İzmirdə keçirilən "İzmir cup"da ilk dəfə iştirak etməsinə rəğmən, qalib olan komanda qu uğurla nüfuzlu "Champions trophy" turnirində iştirak etmək hüququ qazandı. Sözügedən turnirə qədər isə "Vətən" Futbol Məktəbi müvafiq yaş qrupu üzrə ilk dəfə təşkil edilən ölkə çempionatının finalına vəsiqə qazanmış və həlledici görüşdə əlavə edilmiş dəqiqələrdə məğlub olaraq gümüş medala yiyələnmişdi.

 

Bu uğurla kifayətlənməyən "sarı-qaralar" Avstriyada keçirilən və uşaqlar arasında dünyanın ən böyük futbol turniri olan "Champions trophy"də də uğurlu çıxışa nail oldu. Təsnifat mərhələsi də daxil olmaqla 1000 komandanın qatıldığı turnirin final mərhələsində 128 komanda çıxış edib. Hər qrupda 8 olmaqla 16 qrupa bölünən iştirakçılar çempionluq uğrunda mübarizə aparıb. 128 seçmə heyətin gərgin mübarizəsi 3 mərhələdə davam edib.

 

 
A qrupunda yer alan “Vətən” keçirdiyi 7 oyundan (3 qələbə, 3 məğlubiyyət və 1 heç-heçə) 10 xal toplayaraq mübarizəni 3 və 4-cülər arasında davam etdirib. Burada da uğurla yarışan Azərbaycan komandası üçüncü yeri tutub. Yekun mərhələdə 3-cü yerlər uğrunda yarışan (8 komanda arasında) “Vətən” ən yaxşı nəticə göstərib. Turnirin qalibi isə İngiltərənin “Çelsi” klubunun U-10 komandası olub. “Benfika” ikinci, “Yuventus” isə üçüncülüklə kifayətlənib.

 

"Vətən"in qazandığı bu uğurda əsas pay sahiblərindən biri də U-10 komandasının baş məşqçisi Samir Əbdürrəhmanov idi. Gənc mütəxəssis hələ ölkə çempionatının final görüşü zamanı diqqətimi cəlb etmişdi. Final görüşündə alınan gözlənilməz məğlubiyyətə rəğmən, özünü itirməyən, təmkinli davranaraq göz yaşlarını saxlaya bilməyən futbolçularına dəstək olan mütəxəssis onların qeydinə də qalmağı unutmurdu. Təsadüfi deyil ki, onun bu əziyyəti cəmi 1 ay sonra "Champions trophy"də  öz bəhrəsini verdi. Elə bu məqamı nəzərə alıb layihəmizin doqquzuncu yazısında Əbdürrəhmanovla söhbətləşmək qərarına gəldik. O, öncə turnir, daha sonra qazanılan nəticə barəsində fikirlərinı bölüşdü:

 

 

"Uşaq futbolunda keçirilən ən böyük turni oln "Champions trophy"də iştirakımız barədə artıq məlumatlısız. Bu yarışda dünyanın ən güclü U-10 komandaları iştirak edirdi. Mən bu turniri kiçik dünya çempionatı da adlandırardım. Çünki bir çox ölkələrdən 128 klub iştirak edirdi. Təsnifat mərhələlərini də saysaq, iştirakçıların ümumi sayı 1000-ə bərabər idi. Bu isə kifayət qədər ciddi rəqəmdi. "Champions trophy" həyacanı bizim üçün hələ apreldə başlamışdı. Biz həmin vaxt "İzmir cup"da qalib olmaqla bu yarışa vəsiqə qazandıq. Bizim kimi digər komandalar da təsnifat mərhələsini kemişdilər. "Champions trophy"nin final mərhələsinin formatı ilə artıq tanışsız. Biz ilkin olaraq 8 komandalı qrupda çıxış etdik və orada dördüncü olduq. Turnirin çox maraqlı reqlamenti vardı. Fərqli formada idi. Biz daha sonra 3-4-cü yerləri tutan komandalarla yarışdıq. Çox maraqlı mübarizə alındı.

 

Mən nəinki nəticədən, hətta futbolçularımın turnirdəki çıxışından razı qaldım. Onların çıxışı təkcə məni yox, bütün turnir iştirakçılarını təəccübləndirdi. Uşaqlar ilk dəfə belə böyük turnirdə iştirak etmələrinə rəğmən, güclü və tanınmış rəqibləri ilə başa-baş mübarizə aparırdılar. Onlar "Çelsi"li, "Atletiko"lu, PSJ-li həmyaşıdlarından seçilmirdilər. Özlərini meydanda tam sərbəst aparırdılar və heç bir rəqibdən çəkinmirdilər. Təsadüfi deyil ki, bir vaxtlar dünya futbolunun əfsanələrindən olan Patrik Klüvert də komandamız haqqında xoş fikirlər söylədi. Onun kiçik oğlu PSJ-nin u-10 komandasında çıxış edirdi deyə oyunları yaxından izləyirdi. Hətta onunla tərcüməçi vasitəsilə ünsiyyətdə olduq. Komandamızla bağlı fikirlərini bildirdi. Eləcə də digər komandaların məşqçiləri və turniri yaxından izləyən mütəxəssislər də bizdən belə oyun və nəticə gözləmədiklərini, çıxışımızdan razı qaldıqlarını söylədilər. Bu, bizim üçün sevindirici idi. İlk dəfə iştirak etdiyimiz turnirdə iştirakımız və sərgilənən futbol bizə gələcək bağlı böyüm ümidlərlə düşünməyə imkan verir. Bu futbolçular belə templə davam edərlərsə, yaxın gələcəkdə ölkənin ən güclü futbolçularından olacaqlar".

 

 

Samir bəy turnirin təşkilatçılığı barədə də danışdı. O, "Champions trophy" turnirinin yüksək səviyyədə, nizam-intizamla keçirildiyini bildirdi:

 

"Turnirin təşkilatçılığı diqqətimi çox çəkdi. Hər şey inanılmaz qədər dəqiq və yüksək səviyyədə qurulmuşdu. Yarış bildiyiniz kimi, Avstriyada keçirilirdi. Avstriyalılar millət olaraq almanlara yaxın olduğundan eyni alman nizam-intizam"ının hökm sürdüyünü deyə bilərəm. Orda olduğumuz 3 gün ərzində heç xırda bir qüsurla da qarlımadıq. Təşkilatçılara yaxınlaşıb sual verməyə ehtiyac da qalmamışdı. Hər şey məşqçilər üçün ayrılmış tablodan idarə olunurdu. Həmin tabloda oyunların hansı saatda, hansı meydançada keçirildiyi, komandaların istirahət, yemək vaxtları və hansı otaqlarda olacağı qeyd olunurdu. İnanırsız, proqram elə qurulmuşdu ki, 128 komandanın iştirak etdiyi turnirdə xırda problem belə qeydə alınmadı. Hər şey hazırlanmış proqrama uyğun, öncədən nizamlanmış şəkildə getdiyindən mükəmməl vəziyyət yaranmışdı".

 

 

Gənc çalışdırıcı sonda bu turnirin onlar üçün böyük təcrübə olduğunu söylədi. O, həmçinin beynəlxaql turnirlərdə iştirak məsələsinin ənənəvi hal alacağını, eyni zamanda, "Champions trophy"də iştirak edən U-10 komandasının qarşıdakı illərdə də diqqət mərkəzində saxlanılacağını dedi:

 

"Bu turnir bizim üçün böyük təcrübə oldu. Yarış zamanı məktəbimizin rəhbərliyi də bizimlə idi. Rəhbərlik daima bizimlə olurdu və hər bir məqama diqqət yetirirdilər. Görülən işlər və komandanın çıxışı rəhbərliyi razı salıb. Artıq məktəbimiz Avstriyada qazanılan təcrübədən yararlanmaq fikrindədilər. Turnirdən qayıtdıqdan sonra rəhbərliklə görüşüb yeni mövsüm barədə fikir mübadiləsi aparmamışıq. Amma bu yaxınlarda görüşümüz olacaq. Mən həmin görüşdə uşaq komandaları barədə fikirlərimi çatdıracam. Mən "Champions trophy" zamanı bir çox komandanın matçlarını  izlədim və oyun üslubları ilə tanış oldum. Eyni zamanda, bir sıra yeniliklərdən xəbərdar oldum. Xüsusilə, "Kopenhagen" komandasının oyunu çox xoşuma gəldi. Bildiyiniz kimi, U-10-ların matçlarında meydanda 7 uşaq olur. Bununla belə, danimarkalılar komanda şəklində hücumda olurdular və eyni formada da müdafiəyə çəkilirdilər. Eyni zamanda, bir sıra həmkarlarımla fikir mübadiləsi apardıq. Bir sözlə, bu turnir bizim üçün böyük təcrübə oldu və qazanılan təcrübəni itirmək istəmirik. Əksinə, fürsət düşmüşkən öyrəndiklərimizi, gördüklərimizi burada tətbiq etmək istəyirik ki, Avropa və dünya futbolundan nəinki geri qalmayaq, hətta onlarla ayaqlaşaq. Elə rəhbərliklə bu mövzu ətrafında görüşümüz olacaq. Rəhbərlik də artıq futbol komandalarımızın davamlı olaraq beynəlxalq turnirlərdə iştirak etməsində maraqlıdılar. Rəhbərliyimiz çox gözəl anlayır ki, beynəlxalq turnirlərdə iştirak etməklə futbolçular daha yaxşı inkişaf edə bilərlər, nəinki ölkə daxilində oynamaqla.

 

 

Bizim əsas məqsədimiz cənab prezidentimiz İlham Əliyevin ölkə idmanına göstərdiyi qayğının nəticəsini verək. Eyni zamanda, bizə hər zaman dəstək olan cənab nazirimiz Mikayıl Cabbarovun ümidlərini doğruldaq və ölkəmizə yaxşı idmançılar, futbolçular qazandıraq. Bu bizim üçün böyük uğur olar. Bu yöndə faəliyyətimizi davam etdirəcəyik.

 

Sonda isə valideynlərdən bir xahişim var, idmanla məşğul olan uşaqlarına diqqət yetirsinlər. Onların rejiminə - yeməklərinə, yatmaqlarına, istirahətlərinə nəzarət etsinlər. Avstriyada olduğumuz zaman yeməklər sərbəst masa arxasında idi. Futbolçuların özləri istədikləri yeməkləri götürürdülər. Mən məşqçilərdən xahiş etdim ki, yemək zamanı uşaqlara diqqət yetirək. Kimisi normadan artıq qidalana bilərdi, kimisi isə ilk dəfə belə turnirdə iştirak etdiyindən utanıb az yemək yeyə bilərdilər. İstənilən halda, onlar uşaqdılar və böyüklərin diqqətinə ehtiyac var. Turnir zamanı uşaqlardan telefonları, planşetləri yığışdırdım. Müasir texnologiyalar indiki uşaqlara xeyirdən çox ziyan verir. Onlar bu vasitələrdən istifadə etdikcə tənbəlləşirlər. Bu səbəblərdən uşaqlara diqqət yetirmək vacibdi. Çünki onlar gələcəyin potensial futbolçusu və idmançılarıdılar".

 

 

Heybət Məmmədov
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


Xəbər xətti