Klublarımızın yay hazırlığı, transfer fəaliyyətləri və avrokubok macəraları - LAYİHƏ

12:28 23 İyul 2017

Sportarena.az saytı AFFA yanında Media Komitəsinin maliyyələşdirdiyi "Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması" mövzusunda layihənin icrasına start verir.

 

Layihə çərçivəsində ilk yazımızda ötən mövsümün yekunlarına görə Azərbaycan Premyer Liqasını ilk dörd sırada tamamlayan, bununla ölkəmizi avrokuboklarda təmsil etmək hüququ əldə edən və bu səbəbdən yeni mövsümün hazırlıqlarına daha erkən başlayan klubların - "Qarabağ", "Qəbələ", "İnter" və "Zirə"nin  yay hazırlığı, nəticələri və transfer siyasəti ilə yaxından tanış olacağıq. Növbəti yazımız isə digər klublara - "Kəpəz", "Sumqayıt", "Neftçi" və debütant "Səbail"ə həsr olunacaq.

 

"Qarabağ"ın uğur ənənəsi - "Qızıl dubl"

 

Öncə başlayaq ötən mövsümün ən uğurlu komandası "Qarabağ"dan. Ağdam klubunu boşuna ötən mövsümün ən uğurlu komandası adlandırmadıq. Təsadüfi deyil ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda həm Azərbaycan Premyer Liqasının, həm ölkə kubokunun qalibi olmaqla "qızıl dubl"a etdi. "Köhlən atlar" bu uğura ilk dəfə deyil, ardıcıl üçüncü dəfə nail olurdu. "Qarabağ" ölkə çempionatında mövsüm ərzində meydana çıxdığı 28 oyundan 19-da qalib gəldi. Digər 9 görüşdən 5-də rəqibləri ilə sülh bağlayan ağdamlılar 4 matçda isə meydanı məğlub tərk etmişdi. 46 dəfə rəqib komandaları məyus edən çempion qapısında 14 top görmüşdü ki, bu da mövsümün ən yaxşı nəticəsidir.

 

Ölkə kubokuna gedən yol isə heç də çətin olmadı.1/8 finaldan başlayaraq müvafiq şəkildə "Səbail"i (5:0), "Sumqayıt"ı (6:0, 5:2), "Neftçi"ni (2:0, 0:0) və sonda finalda "Qəbələ"ni məğlub edən (2:0) Ağdam təmsilçisi sayca altıncı dəfə ölkə kubokunun qalibi oldu.

 

Çempionlar Liqasına hazırlıq

 

Mövsüm bitdikdən sonra "Qarabağ"ın yay istirahəti elə də çox çəkmədi. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda yeni mövsümün hazırlıqlarına iyunun 1-dən başladı. İki mərhələdən ibarət olan hazılığın ilk 15 günü Bakıda keçdi. Ağdam klubu hazırlığın ilk mərhələsində bir sıra futbolçulardan məhrum oldu. Belə ki, milli komandaların düşərgəsində olanlar toplanışda iştirak edə bilmədi. Bakıda keçirilən İslam Həmrəyliyi oyunlarında U-23 millimizin formasını geyinmiş 5 futbolçu - Elşən Abdullayev, Şahruddin Məhəmmədəliyev, Coşqun Diniyev, Ağabala Ramazanov və Mahir Mədətov da komandanın sıralarına nisbətən gec qoşuldu. Bu səbəbdən Qurban Qurbanov əvəzedici heyətin bir neçə üzvünü əsas komandanın hazırlığına cəlb etmişdi.

 

 

Bakı hazırlığı çərçivəsində "Qarabağ" bir yoxlama oyunu keçirdi. "Köhlən atlar" vaxtılə ölkənin ən güclü klublarından biri hesab edilən, Azərbaycan Premyer Liqasının və ölkə kubokunun qalibi olmuş, hazırda isə Həvəskarlar Liqasında çıxış edən "Bakı" ilə üz-üzə gəldi. Ağdam klubu böyük hesablı qələbəyə sevindi - 9:0. "Qarabağ"ın heyətində Dino Ndlovu 5, Mahir Mədətov 2, İbrahim Aslanlı və Nicat Süleymanov hərəyə 1 dəfə fərqlənmişdi.

 

 

"Qarabağ" hazırlığın ikinci mərhələsinə iyunun 17-də Avstriyada başladı. Komandanın digər üzvləri məhz bu ölkədə komandanın sıralarına qoşuldu. Ağdam klubu burada yoxlama oyunlarında da qüvvəsini sınadı. Öncə "Axmat"a 0:1 hesabı ilə məğlub olan ölkə çempionu ikinci görüşünü Bolqarıstan ÇSKA klubuna qarşı keçirdi. Kifayət qədər məhsuldar keçən görüşdən təmsilçimiz məğlub ayrıldı - 2:5.

 

 

"Qarabağ"ın növbəti rəqibi isə bir mövsümlük fasilədən sonra Rusiya Premyer Liqasına qayıdan Moskva "Dinamo"su oldu. Qurban Qurbanov yetirmələri bu görüşdən də məğlub ayrıldı - 0:1. Ağdam təmsilçisi toplanış çərçivəsində sonuncu matçını Danimarkanın güclü klublarından biri hesab edilən "Brondbü"yə qarşı keçirdi. "Qarabağ" Avstriyadakı sonuncu görüşündə də yenilgidən qaça bilmədi - 1:5.

 

Alınan məğlubiyyətlər futbol ictimaiyyətində narahatlıq yaratsa da, Qurban Qurbanov daha səbrli davranırdı. Yoxlama oyunlarında nəticədən daha vacib komandanın oyun planın yaxşılaşdırılması əsas məqsəd idi. Mövcud vəziyyətin rəsmi oyunlarda davam etməyəcəyi gözlənilirdi. Belə də oldu. Bu barədə bir qədər sonra. "Qarabağ" iyulun 3-də Avstriya toplanışına yekun vuraraq Bakıya qayıtdı. Çempionlar Liqasının II təsnifat mərhələsində qarşılaşacağı "Samtredia" ilə görüşün hazırlığını çempion Bakıda davam etdirdi.

 

Göndərilən futbolçular, gecikən transferlər

 

"Qarabağ" həmişə transfer siyasətinə həssaslıqla yanaşan klublardan biri olub. Təsadüfi deyil ki, Ağdam təmsilçisi tələsik transferlərdənsə, gecikmiş amma uğurlu keçidlərin tərəfdarıdı. Bu dəfə də belə oldu. Futbol ictimaiyyəti "Qarabağ" nə vaxt transfer edəcək?" sualına cavab tapmağa çalışsa da, Qurbanov Qurbanov və "Qarabağ" rəhbərliyi təmkinli davranmağa çalışırdı. Çünki komandadan kifayət qədər futbolçu göndərilmişdi və onlara layiqli əvəzləyici tapmaq lazım idi. Boyan Şaranov,  Vüqar Nadirov, İlqar Qurbanov və Muarem Muarem Ağdam klubunun əsas komandasından ayrılan futbolçular idi. Ötən mövsümü icarə əsasında "Zirə"də keçirən Vüqar Mustafayevlə müqaviləyə xitam verilmişdi. Bununla belə, müqaviləsi başa çatan Qara Qarayev, Əfran İsmayılov, Ansi Aqolli və Migel Maderaya (Miçel) yeni sözləşmə təklif edilmiş və müsbət cavab alınmışdı.

 

 

"Qarabağ" göndərilən futbolçuların əvəzinə kifayət qədər yaxşı futbolçular cəlb edə bilib. Ağdam klubunun yerli bazardan yeganə transferi "İnter"dən Abbas Hüseynov olub. Gənc müdafiəçinin keçidi böyük ehtimalla gələcəyə hesablanıb. Digər transferlər isə legionerlərdi. Ötən mövsüm müdafiənin mərkəzində ciddi problem yaşayan və xüsusilə Rəşad Sadıqovun tez-tez zədələnməsindən sonra yararan problemləri Qurban Qurbanov Polşanın "Legiya" klubundan Yakup Jezniçakın transfer ilə aradan qaldırmağl planlaşdırır. Digər diqqət çəkən transfer isə "Şaxtyor"da çıxış etmiş qolkiper Anton Kanibolotskinin keçidi idi. Qapı xəttində İbrahim Şehiçlə rəqabət yarada biləcək qapıçının transferi bu mövqenin daha da möhkəmləndirə bilərdi ki, Qurban Qurbanov da böyük ehtimalla bu məqamı nəzərə alıb.

 

 

Türkiyənin "Alanyaspor" klubundan transfer edilən vinger Vild-Donald Geryeyə isə Muarem Muaremin və qış da "Adanaspor"a transfer edilən Reynaldo Silvanın əvəzləyicisi kimi baxılır. Haitili futbolçu ona bəslənən ümidləri komandanın düşərgəsinə yenicə qoşulmasına rəğmən doğrultmağa başlayıb. Belə ki, o, Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində baş tutan "Samtredia" ilə ilk oyununda (5:0) fərqlənmişdisə, cavab görüşündə isə komandasına qələbə qazandırdı (1:0). 

 

Yeni macəranın möhtəşəm başlanğıcı - Və ya yeni şanlı tarixin bir addımlığında

 

Ardıcıl dördüncü dəfə ölkə çempionu olaraq Çempionlar Liqasına vəsiqə qazanan "Qarabağ" bu tunirə möhtəşəm başlanğıc etdi. II təsnifat mərhələsində Gürcüstan təmsilçisi "Samtredia" ilə üz-üzə gələn Ağdam klubu cütün taleyini elə ilk görüşdəcə - Bakıdaca həll etdi. Çempionumuz çox güc sərf etmədən rəqibini meydana çıxmağına peşman etdi - 5:0. Bu nəticə cavab görüşünü formallığa çevirsə də, Qurban Qurbanov komandanın arxayınlaşmasına imkan vermədi. Elə bunun nəticəsində təmsilçimiz cavab görüşündə də qələbə qazandı - 1:0.

 

 

"Qarabağ"ın III təsnifat mərhələsindəki rəqibi isə "Şerif" oldu. Moldova çempionu Albaniyanın "Kukesi" klubuna iki görüşün nəticəsində qalib gələrək çempionumuza rəqib olub. Tərəflər arasında ilk görüş iyulun 25-i saat 21:00-da Bakıda, cavab görüşü isə 1 həftə sonra - avqustun 1-də eyni saatda keçiriləcək.

 

"Şerif" III təsnifat mərhələsində bu vaxta kimi qarşımıza çıxan rəqiblərdən ən münasibidir desək, bəlkə də yanılmarıq. Təsadüfi deyil ki, "Qarabağ" Moldova çempionu ilə görüşlərdə favorit hesab edilir. Təcrübə baxımından rəqibindən üstün olan Qurban Qurbanovun yetirmələri bu amildən yararlana bilərlər. Bununla belə, "Şerif" təhlükəli, bir o qədər sirrli komandadır. Yay transfer pəncərəsi zamanı komandanın heyətində edilən dəyişiklər bunun göstəricisidi. Hər şeyə rəğmən, "Qarabağ" yeni şanlı tarix yazmağa çox yaxındır. O tarix ki bizi Avropada dahada zirvələrə qaldıra, bəlkə də Çempionlar Liqasının qrup mərhələsinə bir addım da yaxınlaşdıra bilər.

 


 

"Qəbələ" ciddi dəyişikliklər

 

Ötən mövsüm "Qəbələ" üçün uğurlu hesab edilə bilərmi? Bu suala cavab tapmaq çox çətindi. Ardıcıl ikinci il Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan, Premyer Liqada və ölkə kubokunda gümüş medallara yiyələnən və sadəcə "Qarabağ"ın gerisində qalan "qırmızı-qaralar"ın rəhbərliyi ötən mövsümü uğursuz hesab etdi. Təsadüfi deyil ki, klubun büdcəsinin azaldıldığı barədə xəbərlər yayıldı. Bununla belə, baş məşqçi Roman Qriqorçuk yeni müqavilə təklif edildi heyətdə də kifayət qədər ciddi dəyişikliklər edildi.

 

 

Teo Uiks, Rəşad Eyubov, Rəşad Sadiqov, Rafael Santos, Daniel Subotiç, Məhəmməd Mirzəbəyov, Sergey Zenyov, Nika Kvekveskiri və David Pietrzkieviç komandadan göndərildi. Onların əvəzinə çox sayda, amma kifayət qədər təcrübəli və yaxşı CV-ə malik olan futbolçular cəlb edildi. Yerli futbolçulardan "Qarabağ"dan ayrılan İlqar Qurbanov, son mövsümü "Zirə"də keçirən Elvin Məmmədov, AZAL-ın Premyer Liqanı tərk etməsindən sonra klubsuz qalan Aqil Məmmədovla müqavilə imzalandı. "Qəbələ"nin transfer etdiyi legionerlər də maraqla qarşılandı. Polşanın “Qurnik Lençna” klubundan Xavi Ernandes Qonzales, Fransa "Brest"indən Stiven Jozef-Monroz, Hollandiyanın "Den Haaq" klubundan Dion Malone, Almaniya futbolunda kifayət qədər nüfuza sahib olan "Nürnberq"dən Deyv Bultuis transfer edildisə, Türkiyənin "Göztəpə" klubundan Famussa Kone, Şotlandlya "Reyncers"indən Endi Hallidey icarəyə götürüldü.

 

 

Bütün bu dəyişikliklər qısa müddət ərzində edildi. Bu səbəbdən futbolçuların bir çoxu az sayda yoxlama oyunlarında iştirak etdi. Yeri gəlmişkən, "Qəbələ" yeni mövsümün hazırlığına iyunun 3-də başlayıb. İyunun 6-a qədər Bakıda hazırlıq keçən bölgə təmsilçisi toplanışı Avstriyanın Tirol bölgəsində davam etdirib. Ayın 23-ə qədər burada hazırlıq keçən "qırmızı-qaralar" 4 günlük istirahətdən sonra Avstriyanın digər şəhəri Zaltsburqda məşqlərini bərpa edib.

 

 

"Qəbələ" yoxlama oyunlarında da qüvvəsini sınayıb. İlk sınaq matçı Avstriyanın "Fulpmes" klubuna qarşı olub. Təmsilçimiz rəqibini "qol yağışı"na tutub - 8:0. "Qırmızılar"ın ikinci rəqibi "Rusiya"nın "Axmat" klubu oldu. Çeçenistan təmsilçisi "Qarabağ" kimi "Qəbələ"yə də minimal hesabla qalib gəldi - 1:0. Roman Qriqorçukun rəhbərliyi komandanın növbəti görüşlərini "Stubay cup" mini turniri çərçivəsində keçirdi. Bir hissədən ibarət olan oyunlardan keçirilən turnirdə "Qəbələ" ilə yanaşı Avstriyanın "Vakker" və Bolqarıstanın ÇSKA klubu iştirak etdi. "Qəbələ" turnirdəki hər iki görüşündə məğlub oldu. Avstriya təmsilçisinə 0:1 hesabı ilə uduzan Premyer Liqamızın gümüş mükafatçısı bolqarlara 0:2 hesabı ilə məğlub oldu. Mini turnirin qalibi elə ÇSKA oldu. "Hərbiçilər" "Vakker"i 1:3 hesabı ilə məğlub etməklə buna nail oldu.

 

"Qəbələ"nin növbəti rəqibi kifayət qədər güclü komanda idi. Söhbət Kiyev "Dinamo"sundan gedir. Ukrayna təmsilçisi ilə görüşdə "qırmızı-qaralar" rəqibinə müqavimət göstərsə də, məğlubiyyətdən qaça bilmədi - 1:2. Təmsilçimizin sonuncu yoxlama oyunundakı rəqibi də Hollandiyanın heç zəif olmayan "Utrext" klubu idi. Digər görüşlərdən fərqli olaraq bu dəfə Roman Qriqorçukun yetirmələri meydanı qalib kimi tərk etdilər - 1:0.

 

Polyaklara ağır sillə

 

Təlim-məşq toplanışını başa vurduqdan sonra "Qəbələ" komanda olaraq bütün diqqətini Avropa Liqasının II təsnifat mərhələsində qarşılaşacaqları "Yaqelloniya" ilə oyuna yönəltmişdi. Polşa təmsilçisi ilə Bakıda keçirilən ilk oyun 1:1 hesabı ilə başa çatsa da, vəziyyət "qırmızı-qaralar"ın ürəyincə deyildi. Yeni oyunçulardan qurulmuş komandada bir sıra problem vardı. Roman Qriqorçuk da bu məqamı gizlətmir, bununla belə inamı itirmirdi. Ukraynalı mütəxəsis sözügedən oyundan sonra 1:1 hesabının faciə olmadığını, Polşada sona qədər mübarizə aparacaqlarını bidirdi. Polşalılar isə "Qəbələ"ni asanlıqla keçəcəklərini söyləyirdilər. Xüsusilə rəqib komandanın baş məşqçisi İreniuş Mamrot arxayın şəkildə açıqlamalar verirdi. Qriqorçuk sözünün üstündə durdu. Polşadakı qarşılaşmaya fırtına kimi başlayan "Qəbələ" matçın 18-ci dəqiqəsində İlqar Qurbanovun vurduğu qol sayəsində hesabda önə keçdi. Qoldan sonra oyuna nəzarəti bir an belə olsa itirməyən təmsilçimiz 88-ci dəqiqədə Filip Ozobiçlə mərhələnin taleyinə tam şəkildə aydınlıq gətirdi. Əslində Ozobiçin qolu onları hesabdan erkən silən polyaklara sillə əvəzi oldu. Mamrot oyundan sonra etiraf etdi ki, futbolçuların diqqəti mərhələ adlamamış III təsnifat mərhələsindəki "Panatinaikos"la oyuna yönəlmişdi. Hansı ki, həmin oyuna "Yaqelloniya" yox, "Qəbələ" çıxacaq.

 

 

Köhnə tanışlar yenə üz-üzə

 

Bəli, "Qəbələ"nin III təsnifat mərhələsindəki rəqibi bizə yaxşı olan "Panatinaikos"dur. "Qəbələ" daha öncə qrup mərhələsinə gedən yolda bu komandaya qalib gəlmişdi. İki il öncə Avroliqanın pley-off mərhələsi çərçivəsində Bakıda baş tutan ilk görüşdə qapılara qol vurulmasa da, cavab oyununda təmsilçimiz sərfəli nəticə qazana bilmişdi - 2:2. Məhz səfərdə vurulan qollar "Qəbələ"ni tarixində ilk dəfə qrup mərhələsinə çıxarmışdı. 2 il sonra bu komandalar yenə üz-üzə gələcək. "Panatinaikos"un heyətində ciddi dəyişikliklər edilib.  "Qəbələ" də sözün hər mənasında əvvəlki komanda deyil. Bir sözlə, azarkeşləri kifayət qədər maraqlı 2 qarşılaşma gözləyir.

 


 

Başıbəlalı "İnter"

 

Artıq neçənci ildir ki, "İnter"in problemləri bitmək bilmir. Başverənlər barədə hər kəsdə kifayət qədər məlumat olduğunundan təffərrüata varmağa lüzum görümürük. Paytaxt təmsilçisi ötən mövsümü çox çətinliklə keçirdi. Məlum transfer qadağasının qüvvəyə minməsindən öncə heyətini bir neçə oyunçu ilə gücləndirən "ağ-göylər" qış transfer pəncərəsi zamanı komandanın vacib oyunçulardan ikisini - Ruslan Abışovu və Ağabala Ramazanovu satmaq məcburiyyətində qaldı. Həmin vaxt məlum oldu ki, "İnter"in kifayət qədər ciddi problemləri var. Əsas sponsor Beynəlxalq Bank klubu maliyyələşdirməkdən və idarə etməkdən imtina edərək AFFA-ya təhvil verib. Bütün bu çətinliklər komandaya təsirsiz ötüşmədi. Klub daxilində maaş problemi və gərginlik yarandı. Bununla belə, mövcud vəziyyət komandanın Premyer Liqadakı çıxışına elə də çox siraət etmədi. Komanda mövsümün əvvəlindən qərarlaşdığı üçüncü pilləni sona kimi heç kimə vermədi və bürünc medalla yanaşı, Avropa Liqasına vəsiqə qazandı. Mövsümün sonlarında isə klubda Müşahidə Şurası yaradıldı. Şuranın sədri vəzifəsinə AFFA-nın İdarə heyətinin üzvü, Futzal Federasiyasını və "Araz Naxçıvan" Futzal Klubunun prezidenti Zaur Axundov təyin edildi. 

 

 

Heyəti çətinliklə qorudular

 

Zaur Axundov işə başlayarkən ciddi çətinliklərlə üzləşdi. Futbolçuların əksərinin klubla müqaviləsi başa çatmışdı. Digər klublar isə həmin futbolçulara daha yaxşı müqavilələr təklif etmişdi. Hətta oyunçuların bir neçəsi bu təklifləri müsbət cavablandırmışdı. Amma Axundov son anda məsələyə müdaxilə edərək vəziyyəti dəyişdi. Ancaq 3 futbolçunu razı salmaq mümkün olmadı. Abbah Hüseynov "Qarabağ"la müqavilə bağladısa, Zurab Xzinaşvili futbolçu karyerasını ümumiyyətlə başa vurdu. Səlahət Ağayev isə "Neftçi" ilə razılığa gəlsə də, "ağ-qaralar"ın rəhbərliyi qolkiperin Avropa Liqasında "İnter"ə kömək etməsinə razılıq verdi.

 

Erkən başlanan hazırlıq

 

"İnter" yeni mövsümün hazırlığına erkən - mayın 25-də başladı. 11 gün ərzində "İnter Arena"da məşq etməklə kifayətlənən paytaxt təmsilçisi toplanışın ikinci mərhələsini iyulun 6-dan etibarən Türkiyənin Bolu şəhərində keçdi. Bakılılar hazırlıq çərçivəsində 3 yoxlama oyununda qüvvəsini sınadı. İlk görüşünü Kamerunun "Colombe Sportive" klubuna qarşı keçirən təmsilçimiz 1:0 hesabı ilə qalib gəlib. "İnter"in ikinci rəqibi Boluda hazırlıq keçən digər təmsilçimiz "Zirə" oldu. Bu görüş qəsəbə komandasının qələbəsi ilə nəticələndi - 0:2. "Ağ-göylər" Boludakı sonuncu matçını Rumıniyanın "Viitorul" klubuna qarşı keçirdi. "İnter" bu görüşdən qalib ayrılmağa müvəffəq oldu - 2:1. İyulun 18-də Bolu toplanışını başa vuran komanda vətənə qayıdıb və Avropa Liqasındakı ilk matçına qədər Bakıda hazırlıq keçib.

 

 

Faciə ilə bitən macəra

 

Avropa Liqasının I təsnifat mərhələsində "İnter"in rəqibi Serbiyanın "Mladost" klubu oldu. Təmsilçimiz ilk matçını səfərdə keçirdi və gözlənilməz şəkildə qələbə qazandı. Paytaxt təmsilçisi cütün taleyini demək elə ilk oyundaca həll etmişdi. 3:0 hesablı qələbənin başqa cür şərhi ola bilməzdi. Adrian Skarlatakenin dublu, Rauf Əliyevin bir qolu ilə qələbə qazanan təmsilçimiz cavab görüşündə də rəqibinə şans vermədi. Bu dəfə "İnter" 2:0 hesablı qələbəyə sevindi. Komandamızın qollarını isə hərəyə bir dəfə fərqlənən Denis Silva və Nizami Hacıyev vurdu.

 

 

II təsnifat mərhələsində rəqibimiz Lüksemburq "Fola"sı idi. Bəli, bu komanda "İnter" üçün uyğun rəqib hesab edilirdi. Komandanın növbəti mərhələyə keçmək şansları da yüksək qiymətləndirilirdi. Tərəflər arasında ilk görüş Bakıda baş tutdu. Təmsilçimiz çətin və gərgin mübarizə şəraitində keçən görüşün son dəqiqələrində qələbə topunu vura bildi. Mirhüseyn Seyidov komandasına vacib qələbə qazandırdı. Səfər oyunu öncəsi artıq hər şey "İnter" xeyrinə idi. Komandamızın etibarlı müdafiə xəttinin üstünlüyü rəqibə verəcəyi inanındırıcı deyildi. Atalarımızın gözəl misalı var - sən saydığını say, gör fələk nə sayır. "Fola" cavab görüşündə nəinki vəziyyəti dəyişməyə müvəffəq oldu, hətta Lüksemburq futbolu üçün şanlı tarix yazdı. "İnter" gözlənilməz şəkildə böyük hesabla uduzdu - 1:4. Bu son demək idi. Paytaxt klubunun Avroliqadakı macərasının arzuolunmaz sonu.

 

 

"İnter"də hər şey dəyişir

Avropa Liqasında mübarizə aparan "İnter" artıq bir sıra dəyişikliklərin astanasındadı. Klub stadionunu, bazasını, loqosunu, formalarını, hətta rənglərini belə dəyişir. Stadion və bazanın dəyişdirilməsi klubun ixtiyarında olan məsələ deyil. Belə ki, paytaxt təmsilçisinin keçmiş prezidenti Cahangir Hacıyev Beynəlxalq Bankdan böyük məbləğdə kredit götürüb və sənədlərdə girov kimi "İnter Arena"nı göstərib. Məlum hadisələrdən sonra həmin kredit problemli kreditlər siyahısında yer alıb. Sözügedən bankın problemli kreditləri ilə "Aqrarkredit" şirkəti  məşğul olur. Kreditlə bağlı vəziyyətin müsbət mənada dəyişmədiyini görən təşkilat "İnter"dən stadionunu təhvil verməyi tələb edib. Klub rəhbərliyi isə məcbur şəkildə buna əməl edəcək. "İnter" bundan sonra ev oyunlarını "Dalğa Arena"da keçirəcək. Komanda AFFA-nın Mərdəkanda yerləşən milli komandalar üçün yaradılmış bazasında məskunlaşacaq.

 

 

"İnter"in loqosu da dəyişəcək. Buna səbəb kimi əvvəlki loqoda klubun keçmiş sponsoru olan Beynəlxalq Bankın simvollarının təsvir edilməsidi. Buna uyğun olaraq klubun yeni formalarda meydana çıxacaq.


 

İkinci cəhddən istəyinə çatan "Zirə" 

 

"Zirə" yeni yaranmasına rəğmən, ölkə futbolunda artıq kifayət qədər nüfuz qazanmış klublardan biridir. Təsadüfi deyil ki, komanda Premyer Liqadakı debüt - 2015/16 mövsümündəcə gümüş medallara yiyələnərək Avropa Liqasına vəsiqə qazanmışdı. Ancaq UEFA-nın yeni qaydalarına görə avrokuboklarda iştirak edən klub ən azı 3 mövsüm fəaliyyətdə olmalıdı. "Qartallar" isə sadəcə 2 il idi yaranmışdı. 2014/15 mövsümündə Birinci diviziondan elitanın, bir il sonra isə Premyer Liqadan avrokubokların qapısını döymüşdü. Bununla belə, qəsəbə komandası bir mövsüm sonra istəyinə çatdı. Mövsümün sonunda Premyer Liqanın dördüncüsü olan "Zirə" Avropa Liqasında iştirak hüququ qazandı. AFFA ötən ilki hadisənin təkrar yaşanmaması üçün cəld tərpənərək UEFA-ya paytaxt təmsilçisi ilə bağlı müraciət ünvanladı. Federasiya Avropanın ali futbol qurumundan xahiş etdi ki, avrokubok oyunları gedən zaman 3 yaşını qeyd edəcək "Zirə"yə vaxtından bir neçə ay öncə qitəmiqyaslı yarışlara buraxılması ilə bağlı qərar verilsin. UEFA da öz növbəsində bu təklifə müsbət yanaşdı. Beləcə "Zirə"nin Avroliqada iştirak etməsi ilə bağlı hər hansı bir əngəl qalmadı.

 

 

Dəyişən komanda

 

Mövsüm bitdikdən sonra "Zirə" rəhbərliyi baş məşqçi Ayxan Abbasovun başçılığı altında komanda daxilində ciddi dəyişiklərə başladı. Migel Lorenso, Nurlan Novruzov, Ben Sanqare, Elvin Məmmədov, Cavid Tağıyev və Sezar Meza Kolli kimi futbolçular komandadan göndərildi. Onların əvəzinə kifayət qədər futbolçu cəlb edildi. "Kəpəz"lə müqaviləsini yeniləməyən Nicat Qurbanov və Orxan Əliyev, "Qəbələ"dən ayrılan Rəşad Sadiqov , İsrailin Hapoel Aşkelon klubundan David Manqa, İsveçin "Siriyanska"sındn Kervens Belfort, Türkiyənin "Qaziantep BB" klubundan Jozef Bum və Polşa "Qurnik"indən Qabriel Matey transfer edildi. Eyni zamanda, ötən mövsümü "Zirə"də keçirən, mövsümün sonunda "Qarabağ"ın xidmətində maraqlı olmadığı Vüqar Mustafayev də transfer edilənlərin siyahısında yer aldı.

 

 

"Qartal"ın Bolu səfəri

 

"Zirə" avrokubokların hazırlığına "İnter" kimi mayın 25-də başladı. Həmin tarixdə bir araya gələn komanda iyun 10-a kimi Zirə qəsəbə stadionunda məşq etməklə kifayətləndi. İyunun 11-dən etibarən isə hazırlığın ikinci mərhələsinə start verildi. Türkiyənin Bolu şəhərində məskunlaşan komanda burada 3 yoxlama görüşündə qüvvəsini sınadı. İlk görüşdə Bakı "İnter"inə 2:0 hesabı ilə qalib gələn "qartallar" ikinci sınaq matçında Kamerunun “Columbe Sportive” klubuna divan tutdu - 8:0. Qəsəbə təmsilçisi toplanış çərçivəsində üçüncü və sonuncu matçını Rumıniyanın "Vitorul" klubun qarşı keçirdi. Qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatdı. İyunun 21-də Bolu toplanışını başa vuraraq vətənə dönən komanda Avropa Liqasının startına qədər Zirədə hazırlıqlarını davam etdirdi.

 

 

Uğurlu start

 

Qeyd etdiyimiz kimi, geridə qoyduğumuz günlər "Zirə" üçün xüsusiliyi ilə seçidli. "Qartallar" Avropa Liqasında debüt etdilər. Ayxan Abbasovun komandasının debütü yaxşı alındı. Avroliqanın I təsnifat mərhələsində Lüksemburqun "Differdanj"la üz-üzə gələn təmsilçimiz Riçart Qadze və Kervens Belfortun qolları ilə inamlı qələbə qazandı. Cavab görüşü isə təmsilçimiz üçün çətin və həyəcanlı keçdi. Ev sahibləri matçın 10-cu dəqiqəsində Devid Vandenbrokla hesabı açdılar. Bundan sonra ehtiyalı oyuna üstünlük verən "Zirə"yə vəziyyəti dəyişmək üçün mütləq qol və ya qollar vurmaq lazım idi. Qəsəbə komandasının futbolçuları bu istəklərinə 63-cü dəqqədə çata bildilər. David Manqa fərqləndi. Bu qoldan 4 dəqiqə sonra təmsilçimiz Riçard Qadzenin qolu sayəsində hesabda önə keçməyi bacardıl. Bununla da "qartallar" tarixində ilk dəfə qartıldığı Avropa Liqasında mərhələ adlamağı bacardı.

 

 

Zəhra üçün qara sarğı

 

"Zirə" Lüksemburqda təkcə mərhələ adlamaqla yadda qalmadı. Klub rəhbərliyinin iyulun 4-də Ermənistan ordusunun açdığı atəş nəticəsində həlak olan mülki şəxslərin - 2 yaşlı Zəhra və onun nənəsinin xatirəsinə görə futbolçuların meydana qara sarğıyla çıxmasıyla bağlı UEFA-ya müraciətinə qurum gözlənilməz şəkildə müsbət cavab verdi. Qitənin ali futbol qurumu yalnız "Zirə"nin futbolçuların qara sarğıdan istifadə etməyə icazə verdi. "Qartallar"ın bu addımı ölkədə rəğbətlə qarşılandı.

 

 

Döyüşkən sonluq

 

II təsnifat mərhələsində isə "Zirə"nin rəqibi "Astra" oldu. Rumıniya təmsilçisi ötən mövsüm Avropa Liqasında mübarizə aparmış və mübarizliyi ilə özündən söz etdirmişdi. Bununla belə, maliyyə problemləri ilə üzləşən komanda ciddi dəyişikliklərə məruz qalmışdı. Bu səbəbdən "qartallar"ın işi müəyyən qədər yüngülləşirdi. Ancaq səfərdə baş tutan ilk görüş gözlədiyimiz kimi keçmədi. İlk dəqiqələrdən üstünlüyü ələ alan ev sahibləri maç boyu təmsilçimizin qapısı qarşısında təhlükəli epizodlar yaratdılar. Onların bu üstünlüyü matçın sonunda hesabda da öz əksini tapdı - 3:1. Komandamızın heyətində yeganə qolun müəllifi təcrübləli Rəşad Sadiqov oldu. Səfərdə vurulan qol Ayxan Abbasov olmaqla bütün komandanı cavab oyunu öncəsi mübarizə əzmini itirməməyə sövq edirdi. Elə də oldu. "Zirə"nin futbolçuları vaxtından əvvəl təslim olmaq istəmədilər. Onların bu istəyi meydanda öz əksini tapdı. Qarşılaşmaya sürətli hücumlarla başlayan komandamız matç boyunca saysız-hesabsız qol imkanları yaratsa da, bunların heç birindən yararlana bilmədi. "Zirə"nin futbolçuları həmin gün təkcə bəxtləri ilə deyil, həm matçın gürcüstanlı referisi Georgi Vadaçkoriya və "Astra"nın hər epizoddan sonra yerə uzanaraq vaxt keçirməyə çalışan futbolçularıyla da mübarizə aparırdılar. Görüş isə başladığı kimi də bitdi - 0:0.

 

 

Bununla da "Zirə"nin Avropa macərası ikinci təsnifat mərhələsindəcə başa çatdı. Bu nəticəni "qartallar" üçün uğursuz hesab etmək bəlkə də düzgün olmaz. Mübarizəni dayandırmasına rəğmən, bütün görüşlərdə rəqibindən qorxmadan döyüşən "Zirə" üçün bu, ilk təcrübə və yeni uğurlar üçün yaxşı başlanğıc oldu.

 

Heybət Məmmədov
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


Digər xəbərlər

Xəbər xətti