"Neftçi" və "Kəpəz" yayı necə keçirir? - LAYİHƏ

21:50 29 İyul 2017

Sportarena.az saytı AFFA yanında Media Komitəsinin maliyyələşdirdiyi "Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması" mövzusunda layihənin icrasına davam edir.

 

Layihə çərçivəsində ikinci mövzumuzda Premyer Liqanın iki köklü klubu - "Neftçi" və "Kəpəz"in yeni mövsümə hazırlıq prosesi, transfer siyasəti barədə məlumat verəcəyik.

 

Ötən günlərinin həsrətində olan "Neftçi"...

 

Son zamanların ən çox müzakirə edilən klublarından biri də "Neftçi"di. Ölkənin qocaman klubunun azarkeşləri keçmiş günləri həsrətlə anır."Neftçi" daxilində uzun müddətdi qeyri-müəyyənlik hökm sürürdü. Təsadüfi deyil ki, klubda əsas söz sahibinin kim olduğu belə yaxın günlərdə məlum olub.

 

Bildiyimiz kimi, 2015-ci ildə "Neftçi"nin təsisçiləri klubun prezidenti postunu ləğv edərək Müşahidə Şurasının yaradılmasıyla bağlı qərar qəbul etdilər Şuraya kifayət qədər tanınmış şəxslər və klubun əsas sponsoru olan SOCAR-ın rəhbərliyindən bir neçə şəxs dəvət edildi. Şuranın sədri vəzifəsi isə istər Azərbaycanda, istərsə də başqa ölkələrdə yazıçı kimi ciddi nüfuza sahib olan Çingiz Abdullayevə həvalə edildi. Bu qərardan sonra "Neftçi"nin daha böyük uğurlara imza atacağı, əsas hədəfin Çempionlar Liqasının qrup mərhələsi olduğu söylənilirdi. Xüsusilə klubun 80 illik yubileyinə daha ciddi hazırlıq görülürdü. Bakıxanov qəsəbəsində yerləşən və kluba məxsus olan İsmət Qayıbov adına stadionun bazaya çevrilməsi yönündə əməlli işlərə başlanmışdı. Ancaq heç nə planlaşdırıldığı kimi getmədi. 2015/16 mövsümünün nəticələrinə görə, avrokuboklara vəsiqə qazana bilməyən "Netçi"nin bəxt üzünə güldü. "Zirə"nin UEFA-nın lisenziya qaydalarına uyğun olmaması (3 ildən az fəaliyyətdə olması) və "İnter"in isə sözügedən qurum tərəfindən avrokuboklardan bir illik uzaqlaşdırılması "ağ-qaralar"a Avropa Liqasında iştirak etmək hüququ qazandırdı. 

 

2016/17 mövsümündə heyətdəki ciddi dəyişikliklərə rəğmən, "Neftçi" Avroliqada fiaskoya uğradı. Uğursuzluqlar Premyer Liqada da davam etdi. Klub daxilindəki əhval-ruhiyyə, nizam-intizam aşağı səviyyəyə endi. Vəli Qasımovun postundan göndərilməsindən sonra onu əvəzləyən Elxan Abdullayev Qasımovun gətirdiyi az qala bütün legionerləri komandadan göndərdi. "Ağ-qaralar" ötən mövsümün ilk yarısını boşa verməklə yanaşı, bütün rəqibləri üçün asan yem oldu. Təsadüfi deyil ki, paytaxt klubu 8 komandalı çempionatın ilk hissəsini 9 xalla 7-ci sırada tamamladı. Mövsümün ikinci yarısında bir neçə legionerlə güclənən "Neftçi" vəziyyətini yaxşılaşdırsa da, avrokuboklara vəsiqə qazana bilmədi.

 

Dəyişikliklərə davam...

 

Uğursuz daha bir mövsümdən sonra "Neftçi"də dəyşikliklər qaçılmaz idi. Bir çoxları azarkeşlərlə yola getməyən baş məşqçi Elxan Abdalleyin göndərilənlər siyahısında olacağını proqnozlaşdırsa da, vəziyyət heç də düşünüldüyü kimi olmadı. Abdullayevə 2 illik müqavilə təklif edildi. Daha sonra lpçamdadan bir sıra futbolçular göndərildi. Mövsümlər arası fasilə zamanı "ağ-qaralar" Cavid İmamverdiyev, Kamal Qurbanov, Mahir Şükürov, Murad Ağayev, Jairo Rodriges və Elvin Bədəlov ilə yollarını ayırıdısa, Edson Kastilyonu Venesuelanın “Mineros Quayana” klubuna icarəyə verdi. Georgi Navalovski üçün Rusiyanın "SKA-Xabarovsk" klubundan təklif gəldi və paytaxt təmsilçisi bu təklifi müsbət cavablandırdı.

 

 

"Neftçi" isə transfer pəncərəsi zamanı elə də aktiv olmadı icarə əsasında "Sumqayıt"da çıxış edən Mirabdulla Abbasovu geri qataran "ağ-qaralar"ın samballı transferləri milli komandanın üzvləri Səlahət Ağayevlə Məhəmməd Mirzəbəyov oldu. Paytaxt klubun əzəli rəqibinin - "Xəzər Lənkəran"ın yetirməsi olan Elnur Cəfərovun da transferi kifayət qədər maraqla qarşılandı. Son mövsümü "Səbail"də keçirən gənc qolkiper Rəşad Əzizli də transfer edilənlər siyahısında idi.  "Neftçi"nin heyətinə qatdığı tək legioner isə hələ ki Sloveniyanın "Rudar" klubundan Mateo Mujekdi. Onun keçidi bir neçə gün əvvəl baş tutub. Daha bir neçə legionerin transferi gündəmdə olsa da, hələlik ortada rəsmi xəbər yoxdur.

 

Ləğv edilən postların geri qaytarılması

 

İyulun 6-da "Neftçi" klubu kifayət qədər ciddi və səs-küyə səbəb olan məlumat yaydı. Belə ki, klubun təsisçisi tərəfindən 2015-ci ildə ləğv edilmiş prezident və vitse-prezident postları geri qaytarıldı. Sözügedən vəzifələrə müvafiq olaraq Orxan Hüseynzadə və Elnur Eyvazov təyin edildi.

 

 

"Neftçi"nin yay hazırlığı

 

"Neftçi” yeni mövsümün hazırlığına nisbətən gec iyunun 26-da başladı. İyulun 23-dək təlim-məşq toplanışın birinci hissəsini İsmət Qayıbov adına stadionda keçən "ağ-qaralar" bu müddət ərzində 4 yoxlama görüşündə qüvvəsini sınadı. İlk sınaq matçında “Kəpəz”ə (0:2) məğlub olan paytaxt təmsilçisi daha sonra Birinci divizionun debütantı “Binə”ylə qarşılaşdı. Elxan Abbdulayevin komandası bu görüşdə çətinliklə qələbə qazandı - 1:0. Üçüncü yoxlama oyununda divizionun digər iştirakçısı “Şüvəlan”ı məğlub edən (2:0) "ağ-qaralar"ın son sınağı Avropa Liqasında iştirak etmiş “Zirə” oldu. "Neftçi" bu görüşdən də qalib ayrıldı - 1:0. 

 

 

Bununla da hazırlığın ilk mərhələsini başa vuran flaqman bir günlük istirahətdən sonra - iyulun 24-də Avstriyaya yola düşdü. Toplanış zamanı "Neftçi" nisbətən güclü rəqiblərlə yoxlama oyunları keçirməyi planlaşdırırdı. Artıq belə görüşlərdən biri 3 gün öncə - iyulun 26-da baş tutub. Paytaxt təmsilçisi Almaniyanın "Şalke” klubu ilə yoxlama oyunu keçirib. Yağmurlu hava şəraitində keçən qarşılaşmada qapılara 1 qol vurulub Sevinən tərəf isə Bundesliqa klubu olub.

 

"Neftçi" Avstriyada daha iki görüş keçirəcək. İyulun 30-da Birləşmiş Ərəb Əmirliklərinin "Əl Eyn" klubu ilə qarşılaşacaq "Ağ-qaralar"ın sonuncu sınağı avqustun 2-də olacaq. Belə ki, Elxan Abdullayevin komandası yenidən Bundesliqa klubu ilə üz-üzə gələcək. Söhbət "Herta"dan gedir. Avstriya toplanışı avqustun 4-ə qədər davam edəcək və həmin gün "Neftçi" Azərbaycana qayıdacaq.

 


 

Özünü avrokuboklardan kənar qoyan  "Kəpəz"

 

"Kəpəz" Azərbaycan futbolunun köklü klublarından biri olsa da, əvvəlki əzəmətindən bir xeyli uzaqdadır. Düzdü, Gəncə təmsilçisi heç kim üçün asan rəqib deyil. Xüsusilə, Nizami yurduna səfər edən komandaların baş məşqçiləri oradan xalla qayıtmaq üçün baş sındırırlar. Bəli, rəqiblərin birinci problemi ot örtüyü bərbad olan Gəncə şəhər stadionu idisə, ikinci problem qərblilərin məzmunlu oyunu idi. Birinci problem artıq öz həllini tapmaq üzrədir. Belə ki, AFFA və Gəncə Şəhər İcra Hakimiyyəti birlikdə stadionun ot örtüyünün və infrastrukturunun yaxşılaşdırılması yönündə işlərə başlayıb. Yeni mövsümdən "Kəpəz" rəqiblərini daha kefiyyətli qazonda sınağa çəkəcək.

 

 

Ötən mövsüm isə "Kəpəz" üçün müəyyən qədər uğurlu alınmadı. Qış fasiləsindən sonra "qara zolağa" düşən komanda gec toparlandı ki, bunun nəticəsində "sarı-göylər" mövsümü 36 xalla 5-ci sırada tamamladı. Şahin Diniyevin komandası Avropa Liqasına vəsiqə verən 4-cü sırada qərarlaşan "Zirə"dən cəmi 3 xal geri qalıb. Mövsümün ortasında itirilən xallar sonda "Kəpəz"i avrokuboklardan etdi desək, yanılmarıq.

 

Gedən çox, gələn çox

 

Mövsüm bitən kimi Gəncə təmsilçisi heyətdəki oyunçulardan gedənləri və qalanları müəyyənləşdirməyə çalışdı. Gedənlər arasında başda kapitan Tural Axundov olmaqla Tural Qürbətov, Tural Nərimanov, Nicat Qurbanov, Eyyub Əliyev, Dario Frederiko, Vüqar Bəybalayev, Orxan Əliyev, Julien Ebah, Serjio Kosta, Tadas Simaitis və Renan Silva kimi oyunçular var idi. Gördüyünüz kimi onların bir çoxu komandanın əsas üzvləri idi. Gedənlərin sayının çox olması göstərirdi ki, Şahin Diniyev kifayət qədər ciddi dəyişikliklər əl atacaqdı.

 

 

Gedənlərdən fərqli olaraq Davud Kərimi, Şəhriyar Rəhimov, Şəhriyar Əliyev, Novruz Məmmədov, Azad Kərimov, Kərim Diniyev, Ceyhun Cavadov və Tural Rzayev yeni müqaviləyə imza atmaqla "sarı-göy" formanı daha bir müddət geyinmək fikrində olduqlarını göstərdilər. Şahin Diniyev komandadakı boşluqları yerli futbolçulardan İlyas Səfərzadə, Kamran Abdullazadə, Tural Cəlilov, İlkin Sadıqov, Azər Məmmədov, Ruzi Qiyaslı və Aydın Qasımovla doldurmağa çalışdı. Həmçinin, əvəzedici komandadan yarımmüdafiəçilər Yusif Cəfərov, Əli Səmədov və hücumçu Fərid Məmmədov əsas komandaya cəlb edildi. "Kəpəz" isə heyətinə cəmi 4 legioner qatıb. Onlar Oseqheyl Laki Victor, Dialo Samba, Ferreyra Das Çaqas Dedimar və Serqey Çernışevdir.

 

İyulda başlayan toplanış

 

“Kəpəz” yeni mövsümə ən gec başlayan klublardandı. İyulun 3-də Bakıda bir araya gələn komanda üzvləri ilk iki gün ərzində tibbi müayinədən keçib. Məşqlərə isə iyulun 5-dən başlanılıb. Gəncə təmsilçisi iyulun 14-nə kimi çəkən təlim-məşq toplanışı zamanı iki yoxlama oyununda qüvvəsini sınadı. Həvəskarlar Liqasında mübarizə aparan "Bakı"ya 2:1 hesabı ilə qalib gələn "sarı-göylər" ikinci və sonuncu matçında "Neftçi"dən də üstün olub - 2:1. 

 

 

“Kəpəz” hazırlığın ikinci mərhələsini Türkiyənin Ərzurum şəhərində keçib. 10 gün burada toplanışda olan Şahin Diniyevin komandası Türkiyənin Birinci Liqasında çıxış edən "Samsunspor", "Ankaragücü" və "Elazığspor"la qarşılaşdı. İlk yoxlama oyununda Samsun təmsilçisinə 1:2 hesabı ilə uduzan Gəncə təmsilçisi ikinci sınağında ankaralılara qalib gəldi - 2:0. “Elazığspor”la sonuncu sınaq matçında isə qapılara qol vurulmayıb - 0:0.

 

"Sarı-göylər" iyulun 25-də Türkiyə toplanışını tamamlayaraq Azərbaycana qayıdıb. Bundan sonra komanda iyulun 29-a qədər üç günlük istirahətə buraxılıb. Komanda məhz bu gün axşam saatlarında  bir dəfə məşq edib. Artıq "Kəpəz"in daha bir yoxlama oyunu keçirəcəyi məlum olub. Belə ki, gəncəlilər avqustun 3-də, saat 18:00-da "Dalğa Arena" U-19 millisi ilə üz-üzə gələcək.

 

Heybət Məmmədov

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


Digər xəbərlər

Xəbər xətti