İrəliləyən "Sumqayıt", debütant "Səbail" - LAYİHƏ

22:29 5 Avqust 2017

Sportarena.az saytı AFFA yanında Media Komitəsinin maliyyələşdirdiyi "Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması" mövzusunda layihənin icrasına davam edir.

 

Layihə çərçivəsində üçüncü yazımızda Premyer Liqanın növbəti 2 iştirakçısı - "Sumqayıt" və "Səbail"in yeni mövsümə hazırlıq prosesi, transfer siyasəti barədə məlumat verəcəyik.

 

İnkişaf edən "Sumqayıt"

 

Ötən mövsüm "Sumqayıt" sərgilədiyi oyunla diqqətləri cəlb edə bildi. 2016/17 mövsümü başlamazdən əvvəl "kimyaçılar"ın adət etdiyimiz kimi turnir cədvələnin nisbətən aşağı sıralarında məskunlaşacağı gözlənilirdi. Premyer Liqada klubların sayı 8-ə endikdən sonra isə elitada qalmaq uğrunda mübarizə aparmaq məcburiyyətində qalacağı proqnozlaşdırılırdı. Ancaq heç nə düşünüldüyü kimi olmadı. "Neftçi" və AZAL-ın uğursuz çıxışından yararlanan "Sumqayıt" nisbətən yüksək pillələr uğrunda mübarizə aparmağa çalışdı. Mövsümün gedişində Samir Abasovun komandası bir sıra  matçlarda güclü rəqiblərinə əsl başağrısı oldu. Hətta sezonun sonlarına yaxın Gənclik şəhərinin təmsilçiləri Avropa Liqasına vəsiqə verən dördüncü sıra uğrunda mübarizəyə də qoşuldu. Ancaq "Sumqayıt" "Kəpəz" və "Zirə" ilə mübarizədən məğlub ayrıldı. Samir Abbasovun komandası Avroliqaya yollanan "Zirə"dən cəmi 2 xal geri qaldı.

 

Təəccübləndirən transferlər

 

Yay transfer pəncərəsi zamanı "Sumqayıt" aktivliyi ilə seçildi. "Kimyaçılar" üzdə olan bir sıra futbolçuları transfer etməklə gündəmə gəldilər. Maraqlı məqam heyətə qatılan futbolçuların hamısının yerlilərdən ibarət olmasıdı. "Kəpəz"dən Tural Axundovla Vüqar Bəybalayev, "Neftçi"dən Cavid İmamverdiyev, "Qəbələ"dən Rəşad Eyyubov, "Zirə"dən Cavid Tağıyev və AZAL-dan Kamal Mirzəyev transfer edilən oyunçulardı. "Sumqayıt" həmçinin, "Qəbələ"dən hücumçu Ramin Həsənovu da icarə əsasında heyətinə qatıb. Gördüyünüz kimi, transfer edilən futbolçuların adları yeni mövsümdə "Sumqayıt"ın daha güclü, daha iddialı olacağından xəbər verir. Kim bilir, bəlkə də onların Avropa Liqasına vəsiqə qazanmaq arzusu bu dəfə çin olacaq.

 

 

Gələnlər olduğu kimi gedənlər də var. Ötən mövsümü bu klubda icarə əsasında çıxış edən Mirabddulla Abbasov ("Neftçi) və Yusif Nəbiyev ("Qəbələ") klublarına geri döndülər. Bu iki futbolçudan əlavə, Məhhəmməd Qurbanov, Ayaz Mehdiyev, Mikayıl Rəhimov, Tərlan Əhmədli, Kamran Abdullazadə, Nasir Abilayev, Seymur Əsədova yeni müqavilə təklif edilməyib və onlar komandadan göndərilib.

 

Əvvəl Sumqayıt, sonra Bolu

 

"Sumqayıt" yeni mövsümün hazırlıqlarına iyunun 22-də başlayıb. İyulun 12-dək komandanın ev oyunlarını keçirdiyi "Kapital Bank Arena"da məşq edən "kimyaçılar" bu müddət ərzində iki yoxlama görüşü də keçirdi. Hər iki görüş Premyer Liqanın debütantı "Səbail"ə qarşı oldu. Tərəflər arasındakı ilk matçda 4 qol vurulsa da, qalib müəyyənləşməyib - 2:2. İkinci qarşılaşmada isə Samir Abbasovun komandası rəqibindən üstün oldu - 1:0.

 

 

Üç günlük istirahətdən sonra iyulun 15-də "Sumqayıt" hazırlığın ikinci mərhələsinə start vermək üçün Türkiyənin Bolu şəhərinə yollandı. Sumqayıtlılar burada 5 yoxlama görüşü keçirdilər. İyulun 17-də baş tutan ilk qarşılaşmada rəqib Türkiyə Superliqasının güclü və təcrübəli komandalarından olan "Osmanlıspor" oldu. Qapılara üç qol vurulan matçda qalib tərəf rəqib oldu - 1:2. Komandamızın yeganə qolunun müəllifi Amil Yunanov oldu. "Sumqayıt"ın ikinci sınaq matçını üç gün sonra Səudiyyə Ərəbistanının "Əl-Fateh" klubuna qarşı keçirdi. Təmsilçimiz bu görüşdə böyük hesablı qələbəyə sevindi - 3:0. "Sumqayıt"ın heyətində Rəşad Eyyubov 2, Ramil Həsənov 1 dəfə fərqləndi.

 

"Sumqayıt"ın Boludakı üçüncü matçında Superliqaya yenidən qayıtmış "Sivasspor"la üz-üzə gəldi. Bu görüşdə Tükiyə klubu 4:0 hesablı qələbəyə sevindi. Dördüncü yoxlama görüşü də qardaş ölkə təmsilçisinə qarşı oldu. Birinci Liqada mübarizə aparan "Adana Dəmirspor"la görüşdə komandamız məğlubiyyət acısı daddı - 1:2. "Sumqayıt"ın heyətində Rəşad Eyyubov fərqləndi. "Kimyaçılar"ın Boludakı sonuncu matçı iyulun 28-də Səudiyyə Ərəbistanının "Əl-Tavun" klubuna qarşı baş tutdu. Cavid İmamverdiyevin vurduğu yeganə qol sayəsində Samir Abbasovun komandası görüşdən qalib ayrıldı - 1:0.

 

 

İyulun 29-da Bolu toplanışını başa vuraraq vətənə qayıdan "Sumqayıt" 3 gün istirahət etdikdən sonra "Kapital Bank Arena"da yenidən məşqlərini bərpa edib. Komanda Premyer Liqanın startına qədər hər gün 1 dəfə məşq edəcək. Yeri gəlmişkən, avqustun 2-də Azərbaycan Premyer Liqasının püşkü atılıb. "Sumqayıt" yeni mövsümün ilk matçını doğma meydanda keçirəcək. Samir Abbasovun komandası avqustun 13-də "Kəpəz"i qəbul edəcək.


 

Premyer Liqanın yeni klubu

 

Layihə çərçivəsində məlumat verəcəyimiz sonun klub isə "Səbail"di. Məlum olduğu kimi, paytaxt klubu Premyer Liqanın debütantıdır. 2016-cı ildə yaradılan klub çıxışına ötən mövsümdə Birinci Diviziondan başlayıb. Paytaxt təmsilçisinin debütü uğurlu alınıb. Mövsümün yekunlarına görə, 57 xal toplayan "Səbail" ikinci olub. "Aslanlar" lider "Turan Tovuz"dan 4 xal geri qalsa da, Premyer Liqaya tək yollanan klub olub. Ölkənin futbol qurumları yüksək dəstədəki klubların sayını 8-dən 10-a qədər artırmağı planlaşdırsalar da, istəklərinə nail ola bilməyiblər. Belə ki, Birinci Divizionda çıxış edən klublardan yalnız "Səbail" Premyer Liqada iştirak üçün lisenziya ala bilib. Beləcə, paytaxt təmsilçisi Premyer Liqanın 59-cu iştirakçısı olub.

 

 

Baş məşqçini də dəyişdilər, futbolçuları da

 

Diviziondan elitaya yüksələn hər bir klub kimi "Səbail" də ciddi dəyişikliklərə əl atdı. İlk addım baş məşqçi postu ilə bağlı atıldı. "Aslanlar"ı Premyer Liqaya yüksəldən Elman Sultanov əvəzedici komandanın "sükanı arxası"na göndərildi. Onun xələfi isə Samir Əliyev oldu. Məşqçi kimi karyerası "Neftçi"nin əsas və əvəzedici komandası ilə bağlı olan gənc mütəxəssis yeni işində fəaliyyətə başlar-başlamaz komanda daxilində islahatlara başladı. O, Birinci divizionda çıxış etmiş futbolçuların əksərinin xidmətində maraqlı olmadı və yeni kollektiv qurmağa başladı.

 

 

Transfer edilən futbolçuların əksəri "Neftçi"də çıxış edən və bu klubun yetirməsi olan futbolçular. Başqa sözlə desək, Samir Əliyev riskə getməyərək daha çox tanıdğı futbolçulara güvəndi. "Ağ-qaralar"ın əsas və əvəzedici heyətindən Kamal Qurbanov, Murad Ağayev, Aqşin Qurbanlı, Orxan Qurbanlı, Təyyar Məmmədov "Səbail"ə cəlb olunub. Onlardan başqa, "Zirə"dən Yamin Ağakərimzadə ilə Nurlan Novruzov, "Zaqatala"dan Emin Mehtiyevlə Raul Yaqubzadə, "Qarabağ"dan Vüqar Nadirov, Emil Balayev, "Turan Tovuz"dan Aqşin Muxtarlı, AZAL-dan Emin Cəfərquliyev və Türkmənistanın "Altın Asır" klubundan Elman Taqayev debütanta transfer edilib. Bakılılar hələ ki bir legioner transfer etməklə kifayətləniblər. Söhbət Portuqaliyanın "Jil Visente" klubunda çıxış etmiş müdafiəçi Maudo Lamine Jarjuedən gedir.

 

 

"Dalğa"dan Kartəpəyə

 

"Səbail" yeni mövsümün hazırlığına iyunun 12-dən başladı. Samir Əliyevin rəhbərliyi etdiyi komanda məşqlərini iyulun 6-dək "Dalğa Arena" keçdi. Bu müddət ərzində paytaxt klubu 3 yoxlama oyununda qüvvəsini sınadı. İki dəfə qarşlılaşdığı “Sumqayıt”la görüşlərdən birində heç-heçə etdi (2:2), digərində isə məğlub oldu (0:1). Yeni mövsümdən Birinci divizionda çıxış edəcək “Binə” 2 cavabsız qolla məğlub edildi.

 

 

"Aslanlar" hazırlığın ikinci mərhələsinə iyulun 10-dan etibarən Türkiyənin Kartəpə bölgəsində başladı. İyulun 27-dək davam edən toplanış çərçivəsində 4 yoxlama oyunu keçirdi. İlk matçda Omanın U-23 millisi ilə qarşılaşan "Səbail" rəqibi ilə heç-heçəyə razılaşdı - 0:0. Təmsilçimiz iyulun 20-də Səudiyyə Ərəbistanının "Əl-İttifaq" klubu ilə üz-üzə gəldi. Beş qolun vurulduğu qarşılaşmadan ərəblər qalib ayrıldı - 1:4. Paytaxt klubunun heyətində Murad Ağayev fərqləndi. "Səbail" iyulun 24-də Özbəkistanın "Paxtakor" klubuna da eyni hesabla məğlub oldu. Bu dəfə debütantın heyətində qol vuran futbolçu Nurlan Novruzov oldu.

 

İyulun 26-da isə Səudiyyə Ərəbistanının "Əl Raed" komandasıyla qarşılaşan təmsilçimiz yenə meydanı məğlub tərəf kimi tərk etdi - 1:2. Bu, paytaxt klubunun Türkiyədəki sonuncu yoxlama matçı oldu. İyulun 27-də Bakıya dönən komanda yeni mövsümün hazırlıqlarını davam etdirir. "Səbail" Premyer Liqanın ilk turunda isə "Zirə"nin qonağı olacaq. Görüşün avqustun 13-də keçirilməsi planlaşdırılır.

 

Yeni loqo

 

Bir neçə gün sonra Premyer Liqada debüt edəcək "Səbail" bir neçə gün öncə dəyişikliyə imza atıb. Belə ki, paytaxt klubu loqosunu tamamilə yeniləyib. Klub tərəfindən yeni loqotipin mənası barədə açıqlama da verilib:

 

 

"Loqonun mərkəzində klubun adının birinci hərfini əks etdirən S hərfi yer alıb. Bütövlükdə klubun özünü simvolizə edən hərfin ətrafında mavi rəngin iki çaları öz əksini tapıb. Bunlardan nisbətən açıq rəngdə olanı dəniz, daha tünd rənglisi isə dəniz dalğası anlamındadır. Sulara qərq olmuş Səbail qalası haqqında əfsanənin motivlərini özündə əks etdirən loqotip daha çox sadəliyi ilə diqqət çəkir, başqa sözlə, son dövrlərdə bir çox klubların öz loqolarını yenilədiyi zaman müraciət etdiyi minimalizm tendensiyası əsasında yaradılıb".

 

Heybət Məmmədov

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


Digər xəbərlər

Xəbər xətti