Yeni mövsümdən gözləntilər, ölkə futbolunun azarkeş dərdi - LAYİHƏ

06:56 10 Avqust 2017

Sportarena.az saytı AFFA yanında Media Komitəsinin maliyyələşdirdiyi "Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması" mövzusunda layihənin icrasına davam edir.

 
Layihə çərçivəsində dördüncü yazımızda avqustun 11-də başlayacaq Azərbaycam Premyer Liqasında iştirak edən klublardan gözləntilər barədə bəhs edəcəyik. Eyni zamanda, klubların azarkeş probleminə toxunacağıq.

 

Yeni mövsüm üçün edilən dəyişikliklər

 

Avqustun 2-də AFFA-nın inzibati binasında Premyer Liqanın təşkilatçısı Peşəkar Futbol Liqası tərəfindən  yeni mövsümün püşkatma mərasimi keçirildi. Bununla, ötən sezon olduğu kimi 2017/18 mövsümündə də Premyer Liqada 8 klubun mübarizə aparacağı dəqiqləşdi. Belə ki, "Qarabağ", "Qəbələ", "İnter", "Zirə", "Kəpəz", "Sumqayıt" və "Neftçi" ilə yanaşı, debütant "Səbail" də yüksək dəstədə mübarizə aparacaq. Püşkatmadan sonra məlum olub ki, mövsüm avqustun 11-də bütün çempionatlarda iştirak etmiş və son illərdə oyunları kifayət qədər maraqlanan qarşılanan "Neftçi" - "Qarabağ" dueli ilə başlanacaq. Bundan bir gün sonra isə "İnter" və "Qəbələ" münasibətlərinə aydınlıq gətirəcək. Sonuncu oyun günündə isə iki qarşılaşma baş tutacaq. "Zirə" Premyer Liqanın 59-cu iştirakçısı olacaq "Səbail"i qəbul edəcək. İlk tura Sumqayıtda yekun vurulacaq. Şəhərin eyniadlı təmsilçisi "Kəpəz"lə üz-üzə gələcək.

 

 

Yeni mövsümdən bir sıra yeniliklər də olacaq. PFL-in bayrağı altında keçirilən bütün yarışlarda - Azərbaycan Premyer Liqasının, Ölkə kubokunun, Birinci Divizionun və əvəzedicilərin turnirinin oyunlarında klublar sifariş ərizəsinə 23 futbolçunun adını daxil etmək imkanına sahib olacaqlar. Digər dəyişiklik isə Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin yarışında matçlar əsas komandaların görüşündən bir gün əvvəl deyil, bir gün sonra keçiriləcək. PFL-in prezidenti Ramin Musayev püşkatma mərasimi zamanı keçirilən mətbuat konfransında bu qərarın məşqçilərin xahişi əsasında qəbul etdiklərini, ancaq, bu qərarı şəxsən doğru hesab etmədiyini bildirmişdi.

 

PFL-in qəbul etdiyi digər bir qərar isə icarəyə verilən futbolçuların öz klublarına qarşı oynamaması ilə bağlı rəsmi qərarların aradan qaldırılmasıdı. Belə ki, bundan sonra futbolçusunu icarəyə verən klub müqavilə hazırlayarkən qarşı  tərəfə "bizə qarşı oynaya bilməz" tələbini irəli sürə bilməyəcək. Bu medalın görünən üzüdü. Görünməyən tərəf isə klubların sözdə əməl edib-etməyəcəkləridi. Bu isə çətin məsələdi. Qəbul edilmiş qərara rəğmən, tərəflər öz aralarında bu barədə sözləşə bilərlər ki. icarəyə verilən futbolçu öz klubuna qarşı oynamasın. Buna nəzarət və ya müdaxilə etmək demək olar ki mümkün deyil.

 

Çempionluğa oynayan klubları ilk turlarda nələr gözləyir?

 

Ötən mövsüm olduğu kimi bu il də Premyer Liqanın matçları 28 tur ərzində baş tutacaq. Bu o deməkdir ki, bütün oyunlarda qazanılan nəticələr klublar üçün önəmlidir. Oyun sayı az olduğundan itirilən xalları bərpa etmək çətin ola bilər. Xüsusilə, yenə çempionluq üçün mübarizə aparacaq "Qarabağ" və "Qəbələ" üçün. Onların bu mübarizəsinə hansısa klubun qoşulacağını indiki vəziyyətdə söyləmək çətindi. Bununla, belə bu iki komanda arasındakı mübarizənin daha maraqlı keçəcəyi gözlənilir. "Qəbələ"nin ötən mövsümdən fərqli olaraq bu dəfə Avropa Liqasında mübarizəni erkən dayandırması buna səbəb ola bilər. Roman Qriqorçukun rəhbərlik etdiyi komanda artıq əsas diqqətini çempionluğa yönəldib və bir cəbhədə mübarizə aparmaq onlar üçün nisbətən rahat olacaq. İlk 5 turda "Qəbələ"ni 4 çətin qarşılaşma gözləyir. "İnter", "Sumqayıt", "Qarabağ" və "Zirə" ilə güclü rəqiblərlə qarşılaşmadan sonra 5-ci turda "qırmızı-qaralar"ı "Səbail"ilə matç gözləyir. Paytaxt təmsilçisinin nəyə qadir olduğu bizə olmadığından, onların "Qəbələ"yə qarşı necə mübarizə aparacağını söyləmək düzgün olmaz.

 

 

Ölkə çempionu olan "Qarabağ"ın da ilk turlarda işi çətin olacaq. Artıq avrokuboklarda dekabr ayına qədər çıxış edəcəyi məlum olan Ağdam klubu üçün avqust ayı olduqca çətin keçəcək. Belə ki, ilk tur çərçivəsində avqustun 11-də "Neftçi" ilə qarşılaşacaq son çempionunu bundan 4 gün sonra tarixi matç gözləyir. Belə ki. "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində "Kopenhagen"lə qarşılaşacaq. Bu iki klub bir həftə ərzində 2 dəfə üz-üzə gələcək. Çempionlar Liqasının qrup mərhələsinə yüksəlmək istəyən "köhlən atlar" Danimarka klubu ilə matçların arasında - "İnter"i də qəbul etməlidi. Qurban Qurbanovun komandasını isə üçüncü turda "Qəbələ" ilə vacib görüş gözləyir. Daha sonra "Qarabağ" "Səbail"lə səfərdə, "Kəpəz"lə isə evdə qarşılaşacaq.

 

Bu iki klubun ilk 5 turunun oyunlarının təqvimi barədə boşuna məlumat vermədik. Adətən ilk turlar komandaların nəyə qadir olduqlarını göstərməsi baxımından önəmlidi. Ötən mövsüm "Qarabağ" ilk 5 oyundan 4-də qalib gəlmiş, 1-də "İnter"ə məğlub olmuşdu (1:2). "Qəbələ" isə Ağdam klubundan fərqli olaraq məğlub olmamış, amma elə "İnter"lə görüşdə (0:0) xal itirmişdi. Xal itkisinə rəğmən, "Qəbələ" 13 xalla birinci, "Qarabağ" 12 xalla ikinci pillədə qərarlaşmışdı. Onlara çətinlik yaradan "İnter" isə məğlub olmadan 11 xal toplayaraq üçüncü idi. Sonradan baş maddi problemlərə qarışan paytaxt təmsilçisi bu iki klubla mübarizədən xeyli aralı düşdü. Məhz ilk 5 tur kimin nəyə qadir olduğunu görmək baxımından önəmlidir. "Qarabağ"la "Qəbələ"nin çempionluq mübarizəsinə hansısa klubun qoşulub-qoşulmayacağı da məhz bu zaman kəsiyində bilinəcək.

 

Həlli tapılmayan azarkeş problemi

 

Azərbaycan futbolunun həlli tapılmayan problemlərdən biri də azarkeş məsələsidi. Artıq neçə ildi ki, ölkə çempionatının oyunlarının əksəri az qala boş tribunalar önündə keçirilir. Bunun əsas səbəblərindən biri də Premyer Liqada mübarizə aparan klubların yarısından çoxunun Bakıda çıxış etməsidi. Paytaxt sakinlərinin isə futbola marağı elə də yoxdur. Onlar daha çox klublarımızın və milli komandanın beynəlxalq oyunlarını izləməyə üstünlük verirlər.

 

Ötən mövsüm 28 turdan 112 matçdan ibarət Premyer Liqanın oyunlarını stadiondan təqribən 225000-dən çox azarkeş izləyib. Ötən mövsüm ən çox tamaşaçı 6-cı tur çərçivəsində Gəncədə keçirlən "Kəpəz" - "Qarabağ" matçını izləyib. Həmin oyunda stadionda 14238 azarkeş olub. Ümumiyyətlə Gəncə təmsilçisi son 2 mövsüm ərzində Premyer Liqa matçlarında liderliyi əla alıb. Təsadüfi deyil ki, "sarı-göylər"in doğma meydanda keçirdiyi 14 oyunu 113300 tamaşaçı olub. Bu o deməkdir ki, "Kəpəz"in ev oyunlarını orta hesabl 9500 azarkeş canlı olaraq stadiondan izləyib. Qərb klubundan sonra oyununa ən çox azarkeş gələn klub "Qarabağ"dı. Məlum səbəblərdən Bakıda məskunlaşan və ev oyunlarını burada keçirməli olan Ağdam klubunun 14 ev oyununu təqribən 25600 tamaşaçı izləyib. Orta hesabla hər matçda tribunalarda 1800 azarkeşin olması anlamına gəlir. Son 4 ilin çempionun Premyer Liqadakı ev oyunlarnı avrokubok matçlarına nisbətən dəfələrlə çox tamaşaçı gəlir. "Qarabağ"ın beynəlxalq arenadakı hər bir matçında tribunalarda boş yer tapmaq müşkülə çevrilirsə, çempionat oyunlarında "Azərsun Arena"da eyni vəziyyət yaşanmır. Avropa arenasında Tofiq Bəhramov adına respublika stadionunda dəfələrlə tarix yazan "Qarabağ"ın Premyer Liqadakı ev oyunlarını daha çox azarkeşin izləməsi daha yaxşı olardı. Ümid edirik ki, Ağdam təmsilçisi avqustun 15-də növbəti dəfə tarix yazaraq Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq və bu uğur da insanların Premyer Liqa oyunları üçün stadiona getmək barəsində fikirlərini tamamilə dəyişəcək. Bu isə əslində çətinliklərlə boğuşan ölkə futbolunun dirçəlməsinə, toparlanmasına müəyyən qədər təkan ola bilər.

 

 

Ötən mövsümün sonlarında Avropa Liqasına vəsiqə uğrunda vəsiqə uğrunda "Kəpəz" və "Zirə" ilə mübarizə aparan, ancaq sonda paytaxt təmsilçisindən 2 xal az toplayaraq Avropa macərasına qoşula bilməyən "Sumqayıt"ın ev oyunlarını təqribən 198000 tamaşaçı izləyib. Bu isə hər matça orta hesabla 1410 azarkeşin gəlməsi deməkdir. "Kimyaçılar"ın rəqiblərini bir tribunalı və 1500 tamaşaçı tutumuna malik oln "Kapital Bank Arena"da qəbul etdiyini nəzərə alsaq, bunun kifayət qədər yaxşı göstərici olduğunu söyləmək olar. Ölkə futbolunda xüsusi çəkisi olan Sumqayıtda futbola böyük marağın olduğu məlumdur. Ancaq əsl statistik rəqəmləri öyrənmək üçün Mehdi Hüseynzadə adına stadionun təmir olunması lazımdı. Bu arena komandanın uğurlu çıxış etdiyi və rəqibləri üçün kifayət qədər təhlükəli rəqib olduğu vaxtda hazır olsaydı, bəlkə də biz daha yaxşı rəqəmlər barədə fikir bildirmək imkanına sahib olacaqdıq. Görünən odu ki, "Sumqayıt"ın ev oyunlarını indiki halda maksimum azarkeş izləyir. İlk dördlüyü isə "Qəbələ" qapayır. Bölgə klubu olmasına rəğmən, Qəbələdə futbola maraq elə də yüksək səviyyədə deyil. Hətta klub rəhbərliyindən tutmuş hər bir işçi stadiona azarkeş gətirmək üçün dəridən-qabıqdan çıxsa da, komanda iki il ardıcıl olaraq Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazansa da, təsnifat mərhələsində Avropanın bir sıra güclü kollektivlərini məğlub etsə də, vəziyyət bölgə klubunun xeyrinə dəyişmir ki dəyişmir. Hətta Birinci divizionda mübarizə aparan bir sıra bölgə klublarının matçlarına "Qəbələ"dən fərqli olaraq daha çox azarkeş gəlir. İndi sözlərimə rəqəmlərlə aydınlıq gətirəcəm. Təsəvvür edin, "Qəbələ"nin 14 ev oyununu təqribən 19700 azarkeş izləyib. Bu isə hər oyuna orta hesabla 1400 azarkeş deməkdi. Düzdü, "Qəbələ" "Sumqayıt"dan 10 tamaşaçı geri qala bilər, klubların şəraitlərini mövcud vəziyyətlərini göz önünə gətirsək, bunun "Qəbələ" azarkeşləri üçün kifayət qədər pis rəqəm olduğunu söyləyə bilərik.

 

Çempionatın tamaşaçı sıralamasında beşinci pillədə "Neftçi" qərarlaşıb. Ölkənin ən titullu klubu heç də yaxşı günlərini yaşamır. 80 illiyini qeyd edən klubun yubiley ili ərzində yüksək naliyyətlər uğrunda mübarizə aparacağı gözlənilsə də, vəziyyət tamam başqa cür cərayan etdi. Söhbəti uzatmadan, "ağ-qaralar"ın 8 klublu çempionatı 7-ci sırada tamamlamasını misal göstərmək kifayət edir ki, "Neftçi"nin hansı vəziyyətdə olduğunu anlayasan. Hətta mövsüm ərzində baş verən hadisələr azarkeşləri sevimli komandalarından küsməsinə, boykotla bağlı qərar verməsinə səbəb oldu. Bun, təkcə klubdaxili proseslərə və uğursuz çıxışa görə deyildi. Bəzi futbolçularla yanaşı baş məşqçi Elxan Abdullayevlə fanatlar arasındakı soyuqluq və söz atışmaları sonda "Neftçi"nin tamaşçı itirməsinə səbəb oldu. Paytaxt təmsilçisinin orta hesabla hər matçını 1200 azarkeş tribunadan izləyib. Mövsüm ərzində ümumilikdə 16800 tamaşaçı "ağ-qaralar"ın oyunlarına təşrif buyurub.

 

Premyer Liqada cəmi iki mövsüm çıxış etməsinə rəğmən, özündən söz etdirməyə başlayan "Zirə"nin ev oyunlarını 13600 tamaşaçı izləyib. Bu o deməkdir ki, qəsəbə komandasının hər ev qarşılaşmasında orta hesabla 970 azarkeş olub. 1200 nəfərlik azarkeş tutumuna malik olan Zirə Olimpiya Kompleksinin stadionunda rəqiblərini qəbul edən klub üçün yəqin ki, bu, normal göstəricidir. Premyer Liqada ən azarkeşə sahib olan klublar sırasında "İnter" də var. "Paytaxt" klubunun mövsüm ərzində keçirdiyi 14 ev matçını təqribən 11400 azarkeş izləyib. Bu isə bir oyun üçün 810 tamaşaçı deməkdir. İllərdir fəaliyyətdə olmasına və həmişə yüksək pillələr uğrunda mübarizə aparmasına rəğmən, bu "İnter" üçün adi haldı. Azarkeş sıralamasında sonuncu sıra AZAL-a məxsusdu. Elə Premyer Liqada da eyni nəticəni göstərib, elitanı tərk edən klub yeni mövsümdən "Şüvəlan" adı altında Birinci divizionda çıxış edəcək. AZAL-ın ev oyunlarını təqribən 5100 azarkeş izləyib. Bu d hər matçda "AZAL Arena"da 360 nəfərin olması anlamına gəlir.

 

Bu rəqəmlərin yeni mövsümdə dəyişəcəyinə elə də inam yoxdur. Ən yaxşı halda "Qarabağ" və "Kəpəz" nəticələrini yaxşılaşdıra bilərlər. Yuxarıda qeyd etdiyim kimi, Ağdam klub ÇL-in qrup mərhələsinə vəsiqə qazanmaqla edə bilərsə, "Kəpəz" ölkə daxili yarışlarda uğurlu iştirak etməklə buna nail ola bilər. "Neftçi" əvvəlki gücünü qaytararsa, tamaşaçı sayında müəyyən dəyşikliklərin baş verməsi mümkündür. "Sumqayıt" isə daha iri tutumlu stadiona köçəcəyi təqdirdə nisbətən daha çox azarkeşə sahib ola bilər. Qəbələdə futbola elə də böyük maraq olmadığından eyni adlı komandanın azarkeş sayında mümkün irəliləyiş görünmür. Ümumiyyətlə, Premyer Liqada bölgə klublarının sayı az olduğu müddətdə azarkeşlərlə bağlı bu rəqəmlər də elə böyük dəyişikliklər olmayacaq.

 

 

Premyer Liqanın yeni iştirakçısı "Səbail"ində azarkeş sarıdan problemlə üzləşəcəyini proqnozlaşdırmaq olar. Çünki debütantın ev oyunlarını keçirəcəyi "Bayıl Arena" əvvəllər bir sıra klublara, xüsusilə Premyer Liqada çıxış etmiş "Rəvan"a məskən olub. İstənilən vəziyyətdə bu arenaya tamaşaçı axını olmayıb. "Səbail"in Müşahidə Şurasının üzvü Firuz Abdulla bizimlə söhbətində azarkeş problemi olduğunu gizlətmədi. O, bununla belə, ətrafda yaşayan sakinlər arasında təbliğat işlərini aparacaqlarını bildirdi:

 

"Azərbaycan futbolunda azarkeş problemi var. Hətta avrokuboklarda uğurla çıxış edən klublarımızın ev oyunlarına elə də çox sayda azakeş gəlmir. Bu, bizim üçün də problem olacaq. Bayıl qəsəbəsində yaşayan yerli sakinlər arasında təbliğat işləri aparacağıq. Bu və digər məsələlərlə Müşahidə Şurasının qarşıdan gələn iclasında müzakirə aparılacaq və qərarlar veriləcək".

 

"Səbail" Premyer Liqadakı ilk ev oyunlarını Bayılda deyil Mərdəkandalı "Dalğa Arena"da keçirəcək. Buna səbəb "Bayıl Arena"da təmir işlərinin aparılmasıdı:

 

"Bayıl Arena"nın ot örtüyü dəyişdirilir. Eyni zamanda, stadionun inzibati binasında klub üçün baza tikilir. Bu işlər bir qədər uzun çəkəcəyindən klub bir neçə ev oyununu "Dalğa Arena"da keçirəcək. Arena tam hazır olduqdan sonra istifadəmizdə olacaq".

 

"İnter" "Keşlə" oldu

 

Ötən mövsüm Beynəlxalq Bankın "İnter"dən imtina etməsi ölkə futbolunda böyük rezonans doğurdu. İllərdir Premyer Liqada yüksək pillələr uğrunda mübarizə aparan, avrokuboklarda ölkəmizi təmsil edən, ən əsası Premyer Liqanın çempionu olmuş bir klubun maliyyəsiz qalmasına səbəb oldu. Heç bir sponsor kluba yaxın durmadığından "İnter" AFFA-nın himayəsinə keçdi. Bununla belə, paytaxt təmsilçisində vəziyyət heç də yaxşı deyil. Futbolçular, məşqçilər və klubun işçiləri aylardır maaş almırlar. Hətta bir neçə futbolçu klubu tərk etmək fikrinə düşüb. Amma "İnter"in Müşahidə Şurasının sədri Zaur Axundov vəziyyətin düzələcəyini söyləyir.

 

 

"İnter" artıq yeni mövsümdən "Keşlə" adı altında çıxış edəcək. Bu barədə Zaur Axundov klubun saytı vasitəsilə rəsmi açıqlama verib. Klubun loqosu da, formaları da dəyişəcək. Paytaxt təmsilçisinin ev  oyunlarını keçirəcəyi stadionun da dəyişəcəyi gözlənilsə də, bu baş vermədi. "İnter" 30 milyondan artıq kredit borcuna görə "Aqrarkredit" tərəfindən stadiondan çıxarılacağı dəqiqləşsə də, AFFA rəhbərliyi bank olmayan kredit təşkilatı ilə razılığa gələ bilib. Beləliklə, "İnter" daha bir mövsüm rəqiblərini doğma stadionda qəbul edəcək.

 

Heybət Məmmədov

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


Xəbər xətti