Premyer Liqanın ilk turunda nələr baş verdi? - LAYİHƏ

18:52 17 Avqust 2017

Sportarena.az saytı AFFA yanında Media Komitəsinin maliyyələşdirdiyi "Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması" mövzusunda layihənin icrasına davam edir.

 

Layihə çərçivəsində 5-ci yazımızda futbol üzrə Azərbaycan Premyer Liqasının 2017/18-сi illər mövsümünün ilk turunu təhlil edəcəyik.

 

"Qarabağ"dan rahat qələbə

 

Premyer Liqada yeni mövsüm avqustun 11-də ölkə futbolunun iki köklü klubunun - "Neftçi" və "Qarabağ"ın qarşılaşması ilə başladı. Bu matça maraq yüksək olmasa da, az da deyildi. Təsadüfi deyil ki, bu komandaların matçını "Bakcell Arena"dan 4800 tamaşaçı izləyib. Ölkə çempionatının bütün yarışlarında iştirak etmiş və kifayət qədər nüfuzlu iki klubunun görüşünün gərgin mübarizə şəraitində keçəcəyi gözlənilirdi. Mövsümə yaxşı nəticə ilə başlamaq istəyən  "Neftçi" tam heyətinə çıxmışdısa, Ağdam klubunun baş məşçqisi Qurban Qurbanov 4 gün sonra Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşacaqları "Kopenhagen"lə matçı düşünərək heyətdə bir sıra dəyişikliklər etmişdi. Qurbanov Maksim Medvedevi ehtiyat oyunçuları skamyasında əyləşdirmişdisə, Donald Gierre, Miçel, İbrahim Şehiç və Riçard Almeydaya tamamilə istirahət vermişdi.

 

 

Matça hücumlarla başlayan "Qarabağ" tezliklə istəyinə nail oldu. Matçın 15-ci dəqiqəsində Əfran İsmayılovun cərimə zərbəsindən ötürməsindən sonra çıxışda kobud səhvə yol verən Səlahət Ağayevi Mahir Mədətov bağışlamadı - 1:0. Bu qoldan sonra "Neftçi" toparlanmağa çalışsa da, Ağdam klubunun futbolçuları buna imkan vermədi. Hücumlarına ara verməyən "atlılar" matçın 40-cı dəqiqəsində rəqibini növbəti dəfə mərkəzə dəvət etdi. Dino Ndlovu uzun reyddən sonra qapı qarşısında boş qalmış Mahir Mədətovu topla təmin edərək onun dubl etməsinə şərait yaratdı. Gənc hücumçu isə ələ düşən bu imkanı əldən vermədi. İlk hissə bu hesabla başa çatdı. "Neftçi" ikinci hissədə də vəziyyəti xeyrinə dəyişə bilmədi. Müdafiə xəttinin zəif çıxışı və xəttlər arasındakı əlaqənin yaxşı olmaması komandanın çıxışına ciddi şəkildə təsir edirdi. Elxan Abdullayev fasilədən dərhal sonra İqnasio Erreranı meydana buraxmaqla ikinci problemin qismən həllinə nail olsa da, vəziyyət heç cürə dəyişmədi. Daha doğrusu, "Qarabağ" "Neftçi"yə belə şərait yaratmadı. Hücumlarını aramsız şəkildə davam etdirən son çempion 62-ci dəqiqədə üçüncü qolun sevincini yaşadı. Bu dəfə Ndlovu fərqləndi. Bundan sonra da hücumlarına fasilə "Qarabağ"ın futbolçuları növbəti qolu vurmağa can atsalar da, istəyinə nail ola bilmədilər. Qeyri-dəqiqlik və Səlahət Ağayevin "seyv"ləri dördüncü qola mane oldu. Əvəzində "Neftçi" fərqin azaldılmasına nail oldu. Matçın 90-cı dəqiqəsində Elnur Cəfərovun cinahdan asmasından sonra Rahid Əmirquliyev topu öz qapısından keçirdi. Matç elə bu hesabla başa çatdı. "Qarabağ" mövsümə yaxşı əhval-ruhiyyədə başladısa, "Neftçi" gözlədiyi startı edə bilmədi.

 

Qələbə sevinən "Qarabağ" oyun zamanı ciddi itki ilə də üzləşdi. Uzun müddətdi zədədən əziyyət çəkən Dani Kintana matçın 75-ci dəqiqəsində meydana çıxsa da, 13 dəqiqə sonra zədələnərək oyunu tamamlaya bilmədi. Onun daha bir ay oynamayacağı artıq dəqiqləşib.

 

11 avqust
21:00 Neftçi - Qarabağ 1:3
Qol:
Rahid Əmirquliyev, 90-ö/q - Mahir Mədətov, 15; 40. Dino Ndlovu, 62
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Eldəniz Musayev 
Hakim-inspektor: Məlik Həsənov
Bakı. 8-ci km stadionu. 4800 tamaşaçı.

Neftçi: 1. Səlahət Ağayev, 6. Pavel Dreksa, 25. Kiril Petrov, 15. Ruslan Abışov (k), 27. Məqsəd İsayev, 23. Tərzin Cahangirov, 10. Derlis Meza Kolli, 21. Məhəmməd Mirzəbəyov, 7. Namiq Ələsgərov, 97. Elnur Cəfərov, 9. Uqo Barqas

Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 53. Maksim Vaylo, 11. İqnasio Herrera, 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 12. Daniel Seqovia, 22. Mirabdulla Abbasov, 4. Rahil Məmmədov, 3. Mateo Mujek, 26. Ömər Buludov, 5. Anton Krivotsyuk 

Baş məşqçi: Elxan Abdullayev.

 

Qarabağ: 1. Anton Konibalotski, 2. Qara Qarayev (k), 7. Rahid Əmirquliyev, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev 

Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 3. Turan Manafov, 5. Maksim Medvedev, 21. Arif Daşdəmirov, 23. Elgün Uluxanov, 32. Elvin Yunuszadə, 39. Zaur Fərzəliyev, 88. Elşən Abdullayev, 99. Dani Kintana

Baş məşqçi: Qurban Qurbanov.


 

 

"İnter" döyüşsə də...

 

Turun ikinci matçı bir gün sonra "İnter Arena"da baş tutdu. Burada "İnter" "Qəbələ"ni sınağa çəkdi. Heç də yaxşı günlər yaşamayan və çətinliklər içərisində boğulan paytaxt klubu çempionluğa iddialı olan rəqibi qarşısında var gücü ilə mübarizə aparmağa çalışdı. "Keçmiş bankirlər" matça cidi itkilər ilə çıxmışdı. Belə ki, kapitan Nizami Hacıyev zədə səbəbilə matçı buraxırdısa, komandanın əsas qol silahı Rauf Əliyev Albaniyanın "Kukesi" klubuna transfer olunmaq üçün sözügedən ölkəyə yollanmışdı. "Qəbələ"də vəziyyət elə də yaxşı deyildi. Komandanın Avropa Liqasının 3-cü təsnifat mərhələsində mübarizəni dayandırması əhval-ruhiyyəni aşağı salmışdı.

 

Matça "İnter" hücumlarla başlasa da, "Qəbələ" elə ilk təhlükəli hücumunu qolla tamamladı. İlqar Qurbanovun cinahdan yerlə ötürməsindən sonra Elvin Məmmədov qapıçı Orxan Sadıqlı ilə dueldən qalib ayrıldı. Bakılılar qoldan sonra ruhdan düşməyərək hücumlarını davam etdirsələr də, matçın 22-ci dəqiqəsində qapılarında ikinci qolu gördülər. Adrian Skarlatake matçın 23-cü dəqiqəsində cərimə meydançasında Filip Ozobiçin qarşısını kobud oyunla alaraq penaltiyə səbəb oldu. Topun arxasına keçən zərərçəkmiş bu imkandan maksimum yararlanaraq fərqi daha da artırdı. Bundan sonrakı müddətdə azarkeşlər qarşılıqlı hücumların şahidi oldular. Növbəti qol isə 70-ci dəqiqədə vuruldu. MirHüseyn Seyidovun cərimə zərbəsindən asmasından sonra millimizin sabiq hücumçusu Pərdis-Fərcad Azad fərqi azalda bildi. Bu qol matçda tempin daha da artmasına səbəb oldu. Qələbəni əldən vermək istəməyən qonaqlar üçüncü qolu vurmaq üçün əllərindən gələni etsələr də, buna nail ola bilmədilər. Cəhdlərə rəğmən, "İnter"in bərabərlik arzusu da reallaşmadı. Beləcə görüş "Qəbələ"nin 2:1 hesablı qələbəsi ilə başa çatdı.

 

12 avqust
20:00 İnter - Qəbələ 0:2
Qol:
Pərdis Fərcad-Azad, 70 - Elvin Məmmədov, 13. Flip Ozobiç, 24-p
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mehman Mahmudov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Asim Xudiyev
Bakı, İnter Arena. 500 tamaşaçı.
 
İnter: 1. Orxan Sadıqlı, 27. Adrian Skarlatake, 3. Denis Silva (k), 33. Tərlan Quliyev, 22. Ilkin Qırtımov, 19. Mirhüseyn Seyidov, 20. Aqşin Quluzadə, 10. Elnur Abdullayev, 6. Samir Zərgərov, 7. Mirsahib Abbasov, 9. Pərdis Fərcad-Azad 

Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 2. Sertan Taşkın, 4. Slavik Alxasov, 88. Məmməd Quliyev, 65. Cabir Əmirli, 77. Oleq Hüseynov, 66. Murad Qayalı, 99. Ricat Qarayev

Baş məşqçi:  Zaur Svanadze
 
Qəbələ: 22. Dmitri Bezatosnı, 3. Voislav Stankoviç, 6. Elvin Məmmədov, 8. Qismət Alıyev, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov (k), 15. Vitali Vernidub, 18. İlqar Qurbanov, 19. Filip Ozobiç, 21. Deyv Bultuis, 28. Stiven Jozef-Monroz

Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 35. Murad Popov, 4. Elvin Camalov, 5. Rasim Ramaldanov, 9. Baqali Dabo, 12. Endi Hallidey, 16. Dion Omar Malone, 17. Roman Hüseynov, 34. Urfan Abbasov, 45. Famussa Kone, 77. Fərid Nəbiyev, 88. Tellur Mütəllimov

Baş məşqçi: Roman Qriqorçuk.

 

 

Debütant üçün uğursuz start

 

Turun son iki oyunu avqustun 13-də keçirildi. Günün ilk matçında "Zirə" debütant "Səbail"i sınağa çəkdi. Gənc mütəxəssis Samir Əliyevin rəhbərliyi komandanın Premyer Liqadakı ilk oyunu heç də yaxşı başlamadı. Rəqibin start həyacanından istifadə edərək matça aramsız hücumlarla başlayan ev sahibləri tezliklə istəklərinə nail oldular. Milan Duriç 2-ci dəqiqədə hesabı açdı. Həyacanın üzərinə şok yaşayan "Səbail" özünə gəlməmiş qəsəbə təmsilçisi 6 dəqiqə sonra ikinci qola yaxın oldu. Maudo Jarjuenin Riçard Qadzeyə qarşı kobud oyunundan sonra təyin edilmiş penaltini zərərçəkən dəqiq yerinə yetirə bilmədi. Onun zərbəsi qapı dirəyindən qayıtdı. Ancaq çox çəkmədi ki, Qadze günahını yudu. O, matçın 17-ci dəqiqəsində topu qapı xəttindən oyuna daxil edərkən səhvə yol verən Emil Balayevin "hədiyyə"sindən imtina etmədi - 2:0. Bu qoldan sonra müəyyən qədər toparlanmağı bacaran qonaqlar "Zirə"nin qapısına doğru istiqamətlənməyə və zərbələr vurmağa başladılar. Bu, tezliklə öz nəticəsini verdi. Matçın 43-cü dəqiqəsində Vüqar Nadirov baxımlı zərbə ilə fərqi minimuma endirdi. İkinci hissədə tərəflərin, xüsusilə "Zirə"nin çoxsaylı cəhdlərinə rəğmən, hesab dəyişmədi - 2:1.

 

13 avqust
19:00 Zirə - Səbail 2:1
Qol:
Milan Duriç, 2. Riçard Qadze, 17 - Vüqar Nadirov, 43.
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Nahid Əliyev, Ramil Diniyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Rövşən Əhmədov
Zirə. İdman Kompleksinin stadionu. 900 tamaşaçı.

 

Zirə: 1. Anar Nəzirov (k), 5. Adil Nağıyev, 23. Yovan Krneta, 14. Qabriel Matey, 74. Yusif Nəbiyev, 4. Vüqar Mustafayev, 8. Milan Duriç, 9. David Manqa, 28. Təmkin Xəlilzadə, 43. Riçard Qadze, 10. Orxan Əliyev

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 39. Sadiq Quliyev, 13. Aleksandr Şemonayev, 7. Kerven Belfor, 11. Viktor İqbekoyi, 17.  Vüsal İsgəndərli, 19. Elgün Nəbiyev, 38. İlkin Muradov, 99. Nicat Qurbanov, 98. Elçin Əliyev
Baş məşqçi: Ayxan Abbasov. 

 

Səbail:  1. Emil Balayev, 25. Eqdaras Zarskis, 23. Aryon Stati, 99. Maudo Jarjue, 20. Elton Yaqublu (k), 3. Tamazi Setsxladze, 8. Aqşin Muxtaroğlu, 17. Vüqar Nadirov, 66. Pərviz Qaraxanov, 11. Elman Taqayev, 10. Nurlan Novruzov 

Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 98. Kamran Əliyev, 7. Emin Mehdiyev, 26. Kamal Qurbanov, 9. Raul Yaqubzadə, 13. Murad Musayev, 4. Amit Quluzadə, 5. Seymur Əsədov, 77. Təyyar Məmmədov, 2. Sahil Mirzəyev

Baş məşqçi: Samir Əliyev.

 

 

"Sumqayıt"dan baxımlı oyun

 

Birinci tura Sumqayıtda yekun vuruldu. Şəhərin eyniadlı təmsilçisi "Kəpəz"i qəbul etdi. Mövsümlər arası fasilə zamanı hər iki komandanın heyətində ciddi dəyişikliklər olduğundan, bu oyunun necə keçəcəyi maraq doğururdu. Matça ev sahibləri hücumlarla başladılar. Bunun nəticəsində qolu elə də çox gözləməyə ehtiyac olmadı. Qarşılaşmanın 16-cı dəqiqəsində Rəşad Eyyubovun ötürməsindən sonra Cavid İmamverdiyev baxımlı qol imza atdı. O, hazırda klubsuz olan tanınmış isveçli hücumçu Zlatan İbrahimoviç sayağı dabanla fərqlənərək, turun bəlkə də, mövsümün ən gözəl qollarından birinə imza atdı. Bundan sonra hücumlarını davam etdirən "kimyaçılar" əllərinə düşən real qol imkanlarını sağa-sola xərclədilər. Futbolun bəzəyinə çevrilən "vurmayana vurarlar" prinsipi bu məqamda işə düşdü. Matçın 54-cü dəqiqəsidə Viktor Oseqeyl müdafiəçilərin kobud səhvini bağışlamadı - 1:1. Bu qoldan sonra yenidən hesabda önə keçmək istəyən sumqayıtlılar aramsız hücumlarını davam etdirdilər. "Kəpəz"in ümidi isə əks hücumlara qalmışdı. Ancaq onlar da ələ düşən fürətlərdən yararlana bilmirdilər. "Sumqayıt"ın cəhdləri isə 74-cü dəqiqədə öz bəhrəsini verdi. Xəyal Nəcəfovun zərbəsindən sonra Davud Kəriminin qaytardığı topa özünü yetişdirən Amil Yunanov komandasını hesabda önə keçirdi. Sonrakı dəqiqələr ərzində də komandaların qol vurmaq üçün imkanları olsa da, istəklərinə nail ola bilmədilər. Matç elə 2:1 hesabı ilə başa çatdı. "Sumqayıt"ın sərgilədiyi baxımlı oyun və hücum futbolu bu komandanın mövsüm boyunca istənilən rəqibə problem yaradacağının ilkin siqnalları oldu.

 

21:00 Sumqayıt - Kəpəz 2:1
Qol:
Cavid İmamverdiyev, 16. Amil Yunanov, 74 - Viktor Oseqeyl, 54.
Hakimlər: Fariz Yusifov, Knyaz Əmiraslanov, Rahil Ramazanov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Xaqani Məmmədov
Sumqayıt. Şəhər stadionu. 1326 tamaşaçı.

 

Sumqayıt: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov (k), 5. Vüqar Bəybalayev, 7. Cavid Tağıyev, 9. Amil Yunanov, 10. Cavid İmamverdiyev, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 32. Rəşad Eyubov, 97. Xəyal Nəcəfov

Ehtiyat oyunçular: 23. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov, 6. Kamal Mirzəyev, 11. Ehtiram Şahverdiyev, 13. Bəhlul Mustafazadə, 17. Fərid Kərimzadə, 39. Tural Bayramlı, 90. Ramil

Baş məşqçi: Samir Abasov.

 
Kəpəz: 1.Davud Kərimi, 21. Novruz Məmmədov, 3. Dedimar Fereyra, 4. Şəhriyar Əliyev, 13. Şəhriyar Rəhimov (k), 5. Kərim Diniyev, 11. Kamran Abdullazadə, 7. Sergey Çernışev, 20. Samba Dialo, 9. İlkin Sadıqov, 8. Viktor Oseqeyl

Ehtiyat oyunçular: 22. Ruzi Qiyaslı, 12. İlyas Səfərzadə, 2. Yusif Cəfərov, 10. Tural Rzayev, 6. Ceyhun Cavadov, 16. Azər Məmmədov, 15. Azad Kərimov

Baş məşqçi: Şahin Diniyev.

 

Heybət Məmmədov

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


Xəbər xətti