12 illik klubun yeni başlanğıcı - LAYİHƏ

21:16 31 Avqust 2017

Sportarena.az saytı AFFA yanında Media Komitəsinin maliyyələşdirdiyi "Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması" mövzusunda layihənin icrasına davam edir.

 

Layihə çərçivəsində 8-ci yazımızda yeni mövsümdə Azərbaycanın futbol üzrə Birinci Divizionunda yeni adla çıxış edəcək "Şüvəlan"ın yeni mövsümə hazırlıq prosesindən bəhs edəcəyik.

 

Məlum olduğu kimi ötən mövsüm Premyer Liqanı sonuncu sırada tamamlayan AZAL mövsüm bitdikdən sonra fəaliyyətini dayandırdığı barədə məlumat yaydı. Bundan bir neçə gün sonra klub rəhbərliyi fikirlərini dəyişmək qərarına gəldilər. Amma bir neçə dəyişikliyə əl atmaq şərti ilə. Belə ki, yeni mövsümdən Birinci diviziondan çıxış etməyə razı olan rəhbərlik klubun yeni adla fəaliyyət göstərəcəyini də bildirdi. AZAL bundan sonra məskunlaşdığı qəsəbənin adıyla iştirak edəcək - "Şüvəlan". 2005-ci ildən fəaliyyət göstərən klub əvvəlki illərdə də ad dəyişiklərinə məruz qalıb.  İlk ilində Birinci divizionda çıxış edərkən AMKA adlanan klub, daha sonra "Olimpik", "Olimpik" və AZAL adı ilə çıxış etdi.

 

 

Ad, loqo və rəng dəyişikliklərinə rəğmən, klubun tarixi, infrastrukturu, stadionu dəyişmədi. Amma baş məşqçi və futbolçu dəyişiklikləri də qaçılmaz oldu. "Şüvəlan" yenidən qurulmağa başladı. Klubun icraçı direktor postuna tanınmış jurnalist və şərhçi Emin Abbasov, baş məşqçi vəzifəsinə isə vaxtı ilə AZAL-ın kapitanı olmuş Aqil Nəbiyev gətirildi. İyulun 3-də seleksiya xarakterli seçimlərlə yeni mövsümün hazırlığına başlayan "sarı-qaralar"da komandanın formalaşması prosesi demək olar ki, başa çatmaq üzrədir. "Şüvəlan" hazırlıq müddətində aktiv şəkildə yoxlama oyunları keçirir, heyətini kifayət qədər yaxşı futbolçularla gücləndirig. Mirkamil Həşimli, Hüseyn Axundov, Eyyub Əliyev, Orxan Səfiyaroğlu, Nodar Məmmədov, Elvin Həsənəliyev, Vadim Abdullayev və başqa adlar klubun yeni mövsümdəki iddiasından xəbər verir. 

 

"Şüvəlan"ın durumu ilə daha yaxından tanış olmaq üçün yollandıq klubun bazasına. Məşqi bir neçə dəqiqə izlədikdən sonra məndə komanda ilə bağlı müsbət fikirlər yaranmağa başladı. Məşqçi heyəti və futbolçular arasındakı münasibətlər olduqca yüksək səviyyədə idi. Əhval-ruhiyyə yüksək olduğundan havanın isti olması belə futbolçulara problem yaratmırdı. Baş məşqçi Aqil Nəbiyev daha çox toplu çalışmalara və qarşılıqlı oyunlara üstünlük verirdi. Məşq zamanı komanda daxilində mini turnirdə təşkil edilmişdi. Bu, futbolçular tərəfindən də böyük maraqla qarşılandı. Demək olar ki, "Şüvəlan" yenidən qurulmuş komanda təsirini bağışlamırdı. 

 

 

Məşqdən sonra futbolçularla ünsiyyət etmək imkanımız oldu. Onlardan çoxu əvvəlki mövsümlərdə Premyer Liqada çıxış etmişdilər. Onlar yenidən elitaya qayıtmaq aruzusu ilə alışıb yanırdılar. Bununla belə, "Şüvəlan"da olduqlarına görə, peşman deyildilər. Futbolçular yaxşı infrastruktura və 12 illik keçmişə sahib olan klubla bu istəklərini daha tez reallaşdıra biləcəklərini düşünürdülər. 

 

İlk həmsöhbətimiz Elvin Həsənəliyev oldu. O, öncə komandanın yeni mövsümə hazırılığı barədə danışdı:

 

"Artıq bir müddətdi ki, bir aradıyıq. Hazırlıq prosesi, məşqlərimiz yaxşı keçir. Həm taktiki, həm də fiziki baxımdan hazırlaşır. Bu aralar isə daha yaxşı forma yığmaq üçün yüklənmələr də çox olur. Yeni mövsümə komanda tam hazır şəkildə başlayacaq.

 

Yaxşı futbolçularımız var. Çoxu gənc və perspektivlidir. Eyni zamanda, heyətdəki oyunçuların əksəri Premyer Liqada çıxış edib. Müəyyən qədər təcrübələri var. Bu məqam imkan verəcək ki, biz daha yaxşı oyun sərgiləyək".

 

 

Həsənəliyev söhbət əsnasında Premyer Liqada klub sayının azalmasından sonra futbolçuların qarşılaşdıqları çətinliklər barədə də fikirlərini bildirdi. O, həmçinin "Şüvəlan"la Premyer Liqaya yüksəlmək istədiklərini də söylədi:

 

"Premyer Liqada cəmi 8 klub var. Bu rəqəm çox azdı. Bu səbəbdən əksər futbolçular kənarda qalır. Hər bir futbolçu kimi biz də orada oynamaq istəyirik. Bu səbəbdən komanda olaraq Premyer Liqaya vəsiqə qazanmağa çalışacağıq. Bizim bunun üçün gücümüz var. Biz də əlimizdən gələni edəcəyik ki, bu imkanı əldə edək. Hətta Birinci divizionda çempion olmaq üçün belə şansımız var. 

 

Düzdü, son illər çempion olan klublar Premyer Liqaya vəsiqə qazana bilməyiblər. Bu klub rəhbərlərindən, maliyyə məsələlərindən və infrastrukturdan asılı olan məsələlər idi. "Şüvəlan"da isə bu sarıdan problem yoxdur. Klubun hər cür şəraiti var. Birinci divizionda heç kimdə, Premyer Liqa klublarının əksərində isə belə baza yoxdur. Bu cür üstünlüklərimiz var. Biz də əlimizdən gələni edəcəyik ki, "Şüvəlan" Premyer Liqaya qayıtsın".

 

O, bir sıra futbolçularımızın Türkiyənin həvəskar hesab edilən BAL liqasında çıxış etməyə üstünlük verməsinə də münasibət bildirdi:

 

"Premyer Liqada klub sayı az olduğundan çox sayda yerli futbolçu kənarda qalmış olur. Belə olan halda, Birinci divizionda və ya ölkə xaricində oynamaq məcburiyyətində qalırlar. Türkiyədə legioner limiti sərbəst buraxıldıqdan sonra artıq ora bizim futbolçuları çox dəvət etmirlər. Əsasən BAL liqasından təkliflər gəlir. Ordakı klubların şəraiti, maddi durumu, azarkeş sayı burdakılardan üstün olsalar da, həmin turnirdə iştirak edən futbolçular həvəskar sayılır. Ona görə də BAL liqasına getmək istəmirəm. Həm də orda potensial yoxdur. Ondansa, burda çıxış edib, şansınız gözləmək daha yaxşıdır. Gedənlərə də pis baxmıram. Futbolçuların hərəsinin bir seçimi olur. Onlar da pul qazanmalıdılar. Belə fürsət əllərinə düşüblərsə, niyə də dəyərləndirməsinlər?"

 

Daha sonra komandanın digər üzvü Nicat Abbasov da bizimlə komanda ilə bağlı fikirlərini bölüşdü. Abbasov baş məşqçi Aqil Nəbiyevin onlara dəstək olduğunu söylədi:

 

"Yeni mövsümə ciddi şəkildə hazırlaşırıq. Məşqlərimiz də heç bir problemlər yoxdur. Həm fiziki, həm də taktiki cəhətdən yaxşı formadayıq. Mövsüm başlayana qədər bu tempdə davam edəcəyik. Baş məşqçimiz Aqil Nəbiyev də bizə hər cür dəstək olur. Onunla bizim aramızda yaxşı münasibət var. Yeni mövsümdə uğurlu çıxış edib Premyer Liqaya vəsiqə qazanmaq arzusundayıq".

 

Premyer Liqadakı çıxışları ilə tanınan Hüseyn Axundov da yüksək liqada mübarizə aparmaq arzusundadı:

 

"Komanda toplaşdığı  ilk gündən intensiv məşqlərini davam etdirir. Şükür Allaha ki,  heç bir problem yoxdur, işlərimiz yaxşı gedir. "Şüvəlan" ölkə futbolunda yeni ad deyil. Bildiyiniz kimi, AZAL-ın strukturu və bazası üzərində qulub. AZAL ölkə futbolunda öz yer olan klubdu. Yaxşı heyətimiz var. Futbolçuların əksəri Premyer Liqada çıxış edib. Eyni zamanda, komanda daxilində abu-hava yaxşıdı. Mehribançılıq hökm sürür. Bu da baş məşqçimiz Aqil Nəbiyevin işi sayəsində olub. Bütün bu məqamları nəzərə alaraq istəyirik ki, yüksək yerlərdən birini tutub, Premyer Liqaya vəsiqə qazanaq".

 

Bir vaxtlar "Fənərbaxça"nın aşağı yaş qrupları üzrə komandalarında çıxış etmiş, hətta kapitan sarğısını belə daşımış Mirkamil Həşimli də "Şüvəlan"da çıxış edir. O da mənimlə həmsöhbət olan futbolçulardan idi. Həşimli öncə "Şüvəlan"ın yay hazırlığı barədə danışdı:

 

"Hazırlıqlarımız yaxşı gedir. 12 yoxlama oyunu keçirmişik, yarısından çoxu Premyer Liqa klublarına qarşı olub. Hazırda komanda yaxşı vəziyyətdədi. Mövsüm başlayana qədər tam hazır olacağıq".

 

O, komandanın oyun üslubundan da bəhs etdi:

 

"Komandanın topla oynamağa üstünlük verməsi mənim üçün çox rahatdı. Ümumiyyətlə futbolçularımızın hamısı toplu oyuna üstünlük verirlər. İndiki dövrdə müasir futbol artıq topla oynamaqdan ibarətdi. Buna daha çox üstünlük verilir".

 

 

Daha sonra Mirkamillə karyerası barədə danışdıq. Necə oldu ki, uşaq yaşlarında böyük potensial vəd edən futbolçu Birinci divizionda çıxış edən kluba lazım olacaq səviyyəyə endi? Əslində nə baş verdi? O suallarımızı belə cavablandırdı:

 

"Bəzi səbəblər var. Bu barədə danışmaq düzgün olmaz. Kiminsə arxasıyca danışmaq kimi çıxar. Mən çalışıram ki, heç kimin kənar köməyi olmadan, öz gücümə irəliyə addımlayım. Mən "Fənərbaxça"da oynayanda hamı məni axtarır, maraqlanırdılar. Bura gələndən sonra isə... Mənə bunların heç biri lazım deyil. Sadəcə Azərbaycanda mentalitet belədi. Futbolçuya oyununa görə yox, çıxış etdiyi kluba görə qiymət verirlər".

 

 

Sonda isə baş məşqçi Aqil Nəbiyevlə söhbətləşdik. O, bizə "Şüvəlan"ın formalaşmasından tutmuş, gələcək planlarına qədər danışdı:

 

- Öncə başlayaq "Şüvəlan"a gəlişinizdən...
- Mən "Zirə"nin U-17 komandasında baş məşqçi idim. Həmin vaxt həm Birinci divizion klublarından, həm də Premyer Liqa klublarının əvəzediciləri ilə bağlı təkliflər var idi. "Şüvəlan" klubunun rəhbərliyindən zəng gəldi, görüşüb danışdıq, şərtlərimizi qarşılıqlı şəkildə bir-birimizə çatdırdıq. Qərar verərkən biraz düşündüm. Açığı asan deyildi. Bu, 9 ay məşqçi işləyən bir şəxs üçün məsuliyyətli təklif idi. Eyni zamanda, klubun vəziyyəti qəliz idi. Komandada heç kim qalmamışdı. Hər şey yenidən qurulmalı idi. Nəyin necə olacağını bilmirdik. Düşündükdən sonra təklifi qəbul etdim. Baş məşqçi olmaq mənim uşaqlıq arzum idi. "Neftçi"nin mətbuat xidmtəinin rəhbəri portunda çalışan Rüstəm Əfsərli mən AZAL-da çıxış edəndə klubda işləyirdi. O da təsdiqləyə bilər ki, futbolu erkən başa vurub, baş məşqçi olmaq fikrinə düşmüşdüm. O, mənə dedi ki, hələ tezdi yoluna davam et. Bu iş mənim uşaqlıq arzum idi.


Texniki heyətindən tutmuş futbolçusuna qədər sıfırdan komanda qurduq. İlk gündən seleksiyamız oldu. Çoxlu futbolçularla işləmək imkanımız oldu. Onlar arasında tanınmış oyunçular da var idi. Ancaq mən onları komandamda görmək istəmədim. Mənim üçün hər şeydən əvvəl insaniyyətdi. Mən istəyirəm ki, futbolçudan əlavə onlar kefiyyətli insan olsunlar. Eyni sözlər texniki heyətə də şamildi. Mən istəyirəm ki, seçdiyim insanlarla uzun müddət iş birliyində olum. Onlarla gələcək illərdə də bir yerdə addımlayım. 

 

 

- Seçimlər zamanı hər hansı çətinliklə üzləşmədiniz ki?
- Mən ötən mövsüm "Turan Tovuz" yığılanda Əsgər Abdullayevin köməkçi məşqçisi idim. Mən onun təkcə köməkçi məşqçisi deyildim, həm də köməkçisi idim. Seçimlərdə ona kömək edirdim. Həmin vaxt müəyyən qədər təcrübə toplamışdım. Burada həmin təcrübəmdən yararlandım. Bizim düşərgəmizdə çox sayda futbolçu oldu, ancaq mən onlar arasında tələblərimə cavab verən 18-19 oyunçunu seçdim. Daha iki oyunçu qarşıdakı günlərdə sıralarımıza qoşulacaq. Elə də çox oyunçu istəmirəm. Bu qədər oyunçu ilə rahat çıxış edə bilərik.

 

Mən seçim edəndə seçmək xatirinə bu işi görmürəm. Mən indiki zamanla yanaşı gələcəyi də düşünürəm. Bayaq qeyd etdiyim kimi, öz tələblərimə cavab verən, insanlıq kefiyyətləri yüksək olan şəxsləri komandama götürürəm. Mən onlarla gələcəkdə də bir yerdə çalışmağı planlaşıdırıram. Seçim edərkən bu məqama da diqqət yetirirəm ki, həmin şəxslə uzun müddət bir yerdə işləyə bilək. Sabah ola bilər ki, kimləsə yollarımı ayırım. Bu prinsiplərimə uyğun gəlməyən vəziyyət yaranarsa, olacaq. Ancaq yenə də seçimlərimə həssaslıqla yanaşıram.

 

- Birinci divizionda yeni mövsümün nə vaxt başlayacağı hələ məlum deyil. Bu sizə problem yaratmır ki?
- Biz çempionatın nə vaxt başlayacağını bilsəydik, hazırlıq prosesini də ona görərdik. Bununla belə, sentyabrın 15-16 qədər tam hazır olmağı planlaşdırmışıq. Öncədən həmin tarixdə mövsümün başlayacağını ehtimal kimi götürdük. Mövsüm başlayanda tam hazır olmasaq da, 60-70 faiz hazır olacağıq.

 

- Heyətinizdə Premyer Liqa təcrübəsi olan, ölkənin aparıcı klublarında çıxış etmiş futbolçular var. Onların yaşları elə də çox deyil. Siz bütün bu məqamları nəzərə alaraq düşünürmüsüz ki, həm onları, həm də "Şüvəlan"ı yenidən Premyer Liqaya qaytarmaq olar?
- Mən sizə bir söz deyim. Əvvəlki illərdə Birinci divizionda çempion olan klublardan heç biri Premyer Liqaya futbolçu verməyib. Amma biz "Turan"da çalışanda 3 futbolçunu, Aqşin Muxtaroğlunu "Səbail"ə, Azər Məmmədovla İlkin Sadıqovu "Turan"a verdik. Bayaq dediyim kimi, mən futbolçu seçəndə bu günlə qane olmuram. Mənə yaşlı futbolçular təklif edirlər ki, 6 ay, 1 il kömək edə bilər. Bununla razılaşmıram. Mən futbolçularla uzun yol çıxmaq istəyirəm. Özünüz də gördüz, komandada gənc və perspektivli futbolçuların sayı kifayət qədərdir. Onların yaş həddi yüksək deyil. Amma hər biri Premyer Liqada oynayacaq gücdədilər. Acı da olsa, reallıq budur ki, Premyer Liqada 8 klub var. Oyun sayı elə də çox deyil. Ona görə də hamı 21-23 futbolçu götürür. Legionerlər də dəvət edirlər. Buna görə də, kefiyyətli futbolçular kənarda qalırlar və Birinci divizionda oynamağa məcbur olurlar. Bu səbəbdən onlar burdadılar. Çalışacağıq ki, özümüz Premyer Liqaya çıxacaq. Mövsüm ərzində hər hansı futbolçumuza Premyer Liqa klubundan təklif olsa, demişəm ki, problem yaratmadan onları saxlamayacam. Bu komandada Premyer Liqaya layiq futbolçular çoxdur. 

 

- AZAL adı altında Premyer Liqada çıxış edərkən klubun maddi problemləri var idi. İndi vəziyyət necədi?
- Bizim hazırda heç bir problemimiz yoxdur. Bütün işlər peşəkar klub kimi vaxtı-vaxtında görülür. Özünüz də bu şəraiti görürsüz. Birinci divizionda heç bir klubun belə şəraiti yoxdur. 

Amma başqa problemlərlə üzləşirik. Məsələn, başqa məşqçilərin futbolçularımıza əlavə 50-100 manat təklif edib, gəl bizdə oyna. Onların bu addımı peşəkarlıqdan uzaqdı. Biz günlərlə, aylarla futbolçularla danışıqlar aparıb komandamıza cəlb edirik. Onlar isə asan yola əl atırlar. Əgər peşəkardırlarsa, gəlsinlər müqaviləsi olan futbolçunun klubu ilə danışsınlar. Belə şeylər yaxşı hal deyil. Onlar deyərdim ki, özlərinə və işlərinə hörmət etsinlər.

 


Görünən odu ki, "Şüvəlan" yeni adı ilə də Premyer Liqa havasınu udmaq, güclülərin mübarizəsində iştirak etmək istəyir. Klubun fəaliyyətini dayandırmaması özü bir uğurdusa, yeni dən yüksək liqaya qayıtmaq 1 il ərzində qazanılacaq ikinci uğur hesab etmək olar. Ölkə futbolu son illər ərzində çox sayda köklü klubun çöküşünü, məhvini izlədi. Amma keçmiş AZAL, indi "Şüvəlan" çətinliklərə qalib gələrək yoluna davam edir. Görülən işlər isə onları yenidən gəldikləri yerə qayıtmağa sövq edir.

 

Heybət Məmmədov

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


Digər xəbərlər

Xəbər xətti