Samir Əliyev: "Əvvəl gözəl oyun, sonra nəticə" - LAYİHƏ

17:40 17 Sentyabr 2017

Sportarena.az saytı AFFA yanında Media Komitəsinin maliyyələşdirdiyi "Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması" mövzusunda layihənin icrasına davam edir.
 
Layihə çərçivəsində 9-cu yazımızda 2017/18-ci illər mövsümündə Azərbaycan Premyer Liqasında debüt edən "Səbail" oldu. Klubla daha yaxından tanış olmaq məqsədilə məşqlərindən birinin qonağı olduq.

 

Ötən mövsümü Birinci Divizionda 57 xalla ikinci sırada tamamlayan "Səbail" elə ilk ilindəcə Premyer Liqada iştirak etmək hüququ qazandı. Bundan sonra komandada köklü dəyişikliklər oldu. Hər şey Samir Əliyevin baş məşqçi təyin edilməsi ilə başladı. Komanda mövsümlər arası fasilədən maksimum yararlanmağa çalışdı. Bakılılar Türkiyədə toplanış keçdi və orada yoxlama oyunlarında qüvvəsini sınadı. Əvvəlki yazılarımızda bu barədə məlumat verdiyimizdən təkrarçılığa yol vermək istəmirəm.

 

 

Dəyişikliklər təkcə komanda daxili ilə kifayətlənmədi. Rəhbər postlarla yanaşı, klubun loqosu da yeniləndi. Eyni zamanda, komandanın ev oyunlarının keçirdiyi "Bayıl Arena"da da təmir işlərinə başlanıldı. Stadionun ot örtüyü dəyişdirildi. Həmçinin, arenanın inzibati binasının üzərində "Səbail" üçün baza tikilməyə başladı. Təmir-tikinti işləri hələ də davam etdiyindən komanda ev oyunlarını müvəqqəti olaraq "Dalğa Arena"da keçirir.

 

Paytaxt təmsilçisi Premyer Liqada geridə qalan 4 tur ərzində 3 oyun keçirib. "Qarabağ"la 4-cü turda baş tutmalı oyun Ağdam klubunun istəyi ilə təxirə salınıb. Digər 3 qarşılaşmadan isə yalnız birində xal və qələbə qazanmaq mümkün olub. "Zirə" 2:1, "İnter"ə 1:0 hesabı ilə məğlub olan Samir Əliyevin yetirmələri yalnız "Neftçi"ni məğlub edə biliblər - 1:0.

 

 

İndi isə keçək əsas məsələyə. Biz komandanın məşqini izləmək üçün Bakı Olimpiya Stadionun köməkçi meydançasına yollandım. "Səbail" həmin gün məhz orada hazırlıq keçiridi. Baş məşqçi Samir Əliyev həmin məşqdə daha çox toplu çalışmalara üstünlük verdi. O, komandanın iki hissəyə ayıraraq, müxtəlif tapşırıqlar vermişdi. Məşqin sonunda isə iki tərəfli oyun keçirildi. Məşq zamanı diqqət çəkən məqam futbolçuların daha çox çalışmaları və güc qoymaları idi. Bu Samir Əliyevin diqqətindən yayınmırdı. O, bəzən buna müdaxilə edərək futbolçulara güclərini qorumalarını tövsüyyə edirdi. 

 

 

Xüsusilə Vüqar Nadirovun canfəşanlığı gözdən yayınmırdı. Məşqdən sonra ilk həmsöhbətimiz elə Vüqar oldu. "Qarabağ"dakı çıxışları tanınan futbolçu "Səbail"də  əvvəlki formasını bərpa etməyə çalışır. Onun komandanın təcrübəli futbolçularından olması isə məsuliyyətini daha da artırır. Nadirovla öncə yeni komandası barədə söhbətləşdik:


"Yeni komandayıq, mövsüm də yeni başlayıb. Yavaş-yavaş komplektləşməyə başlayırıq. Çalışırıq Samir müəllimin (baş məşqçi Samir Əliyevin) tapşırıqlarını yerinə yetirək. Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən maksimum istifadə etməyə çalışdıq. Bildiyiniz kimi, "Qarabağ"la oynamalı idik, oyun təxirə salındı. Amma biz yoxlama görüşü də keçirdik. Düzdü, Premyer Liqa oyunu olsaydı, daha yaxşı olardı. Amma fasilə zamanı məşqçilər və biz çalışdıq ki, ilk turlardakı səhvlərimizi və çətinliklərimizi aradan qaldıraq. Əlimizdən gələni edəcəyik ki, yaranmış fasilə oyunumuza təsir etməsin".

 

 

O, daha sonra komandanın gələcək hədəflərindən də danışdı:

 

"Gələcəyin komandasını qurulur. Hamı eyni nöqtəyə vurarsa, hədəfimizə çata bilərik. Mən də bura kömək etməyə gəlmişəm. Çalışacam ki, əvvəlki formamı bərpa edib, oyunumla özümü göstərim. Gənc kollektivimiz var. Oyunçularımızın çoxu təcrübəli deyil. Amma zamanla hər şey düzələcək".


"Mövsüm başlamasına, komandalarının vəziyyətinin məlum olmasına rəğmən, mövqeyimiz barədə indidən fikir bildirə bilmərik. Biz yekun barədə fikirləşmirik. Hədəfimiz hər oyunda ayrılıqda nəticə qazanmaqdı. Hər oyun ayrılıqda diqqət ayırırıq. "Qarabağ" və "Qəbələ" çempionatdakı bütün komandalardan birbaş üstündülər. Onların avrokuboklarda daima uğurlu çıxış etməsi bunun sübutudur. Digər komandalara isə zəif rəqiblər deyil. Onların hər biri istənilən nəticəni qazanacaq gücdədilər. Ona görə də hər bir oyuna ciddi və məsuliyyətli yanaşırıq".

 

Daha sonra 30 yaşlı hücumçu milli komandada yenidən qayıtmaq istədiyini də bildirdi. O, bunun üçün hər şey edəcəyini bildirdi:

 

"Milli komandaya da qayıtmaq istəyirəm. Bildiyiniz kimi, Əmrə Belezoğlunun 35-36 yaşı var. Amma ötən ay milli komandaya çağırılmışdı. Mənim üçün də hələ gec deyil. Çalışacam ki, fiziki formamı yaxşılaşdırım. Qalanları özü düzələcək".

 

Daha sonra komandanın azsaylı legionerlərindən biri olan Elman Taqayevə suallarımızı ünvanladıq. Türkmənistanlı futbolçu öncə "Səbail" haqqında fikirlərini bölüşdü:

 

"Yaxş komandamız, yaxşı kollektivimiz var. Məşqlərimiz yaxşı keçir. Rəhbərlikdən, məşqçi heyətindən də razıyıq. Bizim üçün hər cür şərait yaradılır. Burda olduğum müddət ərzində hər şey müsbət yöndə cərayan edir. Hazırda qarşımıza böyük məqsədlər qoyulmasa da, özümüzü sübut etməyə, yaxşı yerlər tutmağa çalış çalışacağıq".

 

2012/13-cü illər mövsümündə AZAL-ın (indiki "Şüvəlan") formasını geyinmiş yarımmüdafiəçi çıxış

etdiyi  çempionatla indikindən güclü olduğunu da bildirdi:

 

"İndiyə baxanda əvvəllər çempionat daha güclü idi. Əsas fərq onu görürəm. İndiki çempionatla yaxından tanışam. Fikrimcə, əvvəl oynadığım çempionat daha güclü idi".

 

 

2-ci turda "Neftçi" ilə qarşılaşmada (1:0) komandasının Premyer Liqadakı ilk qələbəsinin memarı olan Taqayev vurduğu qol barədə də danışdı:

 

"Neftçi"yə vurduğum qolu sözlə ifadə edə bilmərəm. Gərək o anı yaşayasan. Üstəlik son dəqiqələr və komandamıza 3 xal qazandıran qol idi. O hissləri danışmaq mümkün deyil. Çox sevincli idim".

 

"Səbail" növbəti mövsümdən avrokuboklar uğrunda mübarizəyə qoşula bilərmi" sualına 28 yaşlı futbolçu belə cavab verdi:

 

"Yeni komandadı, gənc futbolçular yığışıb. Vaxt getdikcə, komanda daha yaxşı çıxış edəcək və irəliləyiş olacaq. Növbəti mövsüm haqqında indidən danışmaq düzgün deyil. Nəyin necə olacağını bilmirik. Bunu zaman göstərəcək. Hər şey vəziyyətdən asılı olacaq. İndi əsas hədəfimiz qarşıdakı oyunlara hazırlaşmaqdı".

 

 

Daha sonra baş məşqçi Samir Əliyevlə söhbətləşdik. Mütəxəssis komandanın vəziyyətindən, qarşılarına qoyulan məqsəddən danışdı. 


- Samir bəy, artıq bir neçə aydır komandanın başındasız. Vəziyyət necədi?
- Təqribən 3 aydı bir yerdəyik. 29 futbolçumuz var. Artıq yavaş-yavaş komanda qurulur. Zaman keçdikcə kəmiyyətə deyil, kefiyyətə üstünlük veririk.

 

- Komandada gənc futbolçular üstünlük təşkil edir. Bu, sizin işinizə problem yaratmır ki?
- Deməzdim, gənc futbolçuların sayı çoxdur. Komandanın orta yaşı 24-25-dir. Futbolçuların bir qismi gəncdirsə, digərləri Premyer Liqa klublarına lazım olmayan, onların heyətinə düşmək də çətinlik çəkən futbolçulardı. Eyni zamanda, Birinci Diviziondan da oyunçular cəlb etmişik.

 

- Transfer dönəmində ən çox "Neftçi"dən futbolçu cəlb etdiniz. Tanığınız futbolçulara üstünlük verdiz?
- "Neftçi"dən gələn oyunçuların sayı elə də çox deyil. İcarə əsasında çıxış edənlər də var. "Neftçi"nin heyətinə düşə bilməyən futbolçulardı. Onları tanıyırıq, götürmüşük ki, həm özləri inkişaf etsinlər, həm də bizə kömək etsinlər.

 

- Siz komandaya yeni baş məşqçi təyin edilərkən bildirmişdiz ki, klub yeni yarandığından avrokuboklarda iştirakı mümkün deyil, ona görə də bu ilə qarşıdakı mövsümlər üçün hazırlıq mərhələsi kimi baxırsız. Vəziyyət dəyişməyib ki?
- Sözün düzü hər şey rəhbərlikdən asılıdı. Bu mövsüm üçün qarşımıza böyük məqsəd qoyulmayıb. Əsas iş komandanı formalaşdırmaqdı. Yəqin ki, qarşıdakı dönəmlərdə hədəflər komandanın oyunundan asılı olacaq. Rəhbərlik komandaya uyğun addımlar atacaq.

 

- Komanda sayı az olduğundan hər bir komandanın sonuncu yeri tutub, elitanı tərk etmək ehtimalı var. Siz gələcək üçün komanda qurarkən bu məqamı nəzərə almısızmı?
- Bu barədə ümumiyyətlə düşünmürük. Əsas məqsədimiz öncə yaxşı oyun sərgiləmək, daha sonra nəticə qazanmaqdır. Amma yenə də çalışacağıq ki, sonuncu sırada olmayaq.

 

 

- Premyer Liqada komandaların sayının az olması işiizə təsir göstərirmi?
- Premyer Liqada komanda sayı az olsa da, oyun sayı normaldı. Müsbət məqam odu ki, komandaları yaxşı tanıyırsan, onları təhlil etmək asan olur. Amma komandaların sayının çox olması daha yaxşı olardı. Həm fərqli komandalarla oynayırsan, rəqabət güclü olur, oyunçuların sayı da çox olur. Amma indiki vəziyyətdə komanda sayı 8-dir.  Bununla belə çempionatda zəif rəqib yoxdur. "Qarabağ"la "Qəbələ"ni nəzərə almasaq, digər klubların hamısının gücü eynidir. Bizim işimiz 8 komanda içərisində özümüzü yaxşı tərəfdən göstərməkdi.

 

- Komandanız meydana çıxdığı oyunlarda hücum futbolu sərgiləməyə çalışır. Bəzən maraqlı hücumların da şahidi oluruq. Sabiq hücumçu kimi özünüz belə oynamağa üstünlük verirsiz?
- Bizim hər bir oyunda əsas məqsədimiz maraqlı oyun sərgiləmək, düşünülmüş hücumlar qurmaqdı. Bunu hər oyunda etməyə çalışırıq. Tək çatışmayan cəhət isə komandanın hücumlarını qola çevirə bilməməsidi. Hazırda bunun üzərində işləyirik.

 

- Qol vurmaq problemi nədən qaynaqlanır? Bəzi oyunlarda bəxt də üzünüzə gülmür sanki...
- Futbol da bəxt də olmalıdı. Ancaq ustalıq səviyyəsi daha vacibdir. Futbolçularımızın ustalıq səviyyəsi nisbətən aşağıdı. Zaman keçdikcə, bu da düzələcək.

 

Görünən odur ki, "Səbail"də gələcəyin komandası qurulur. Hazırkı mövsüm bu komandanın formalaşması üçün birinci mərhələdə. Yəqin ki, qarşıdakı aylarda və qış transfer pəncərəsi zamanı bu iş daha da təkmilləşəcək. Bu, sadəcə bizim məşqdə gördüklərimizdən, etdiyimiz söhbətlərdən sonra doğan fikirlərdi. Düşündüklərimizin reallaşıb-reallaşmayacağını, "Səbail"in hansı səviyyədə olacağını zaman göstərəcək.

 

Heybət Məmmədov

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


Digər xəbərlər

Xəbər xətti