"Qarabağ"ı lider edən tur - LAYİHƏ

23:52 28 Sentyabr 2017

Sportarena.az saytı AFFA yanında Media Komitəsinin maliyyələşdirdiyi "Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması" mövzusunda layihənin icrasını başa çatdırır.

 

Layihə çərçivəsində sonuncu – 12-ci yazımızda Azərbaycan Premyer Liqasının 6-cı turunun yekunlarına yer ayıracağıq.

 

 

“Qarabağ”a qalib gəlmək mümkün deyil?

 

Bu turun oyunları 3 gün ərzində keçirildi. İlk görüş sentyabrın 22-də baş tutdu. “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Sumqayıt”ı qəbul etdi. Əslində bu görüş Sumqayıtda baş tutmalı idi. Ancaq Ağdam klubu qarşı tərəfə və Peşəkar Futbol Liqasına müraciət edərək ev sahibi olmaq istədiyini bildirib. Belə ki, “kimyaçılar” ev oyunlarını meydançası süni örtükdən ibarət olan “Kapital Bank Arenada” keçirir. Bu da “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində qarşılaşacağı  “Roma” ilə oyun öncəsi komandada bir sıra  problemlərin yaranmasına səbəb ola bilərdi. Bu məqamı nəzərə alan “atlılar”ın baş məşqçisi Qurban Qurbanov oyunun təbii meydançada keçirilməsini istəyib. PFL və “Sumqayıt” “Qarabağ”ın bu istəyini geri çevirməyib.

 

Oyuna gəldikdə isə, matç gözlənildiyindən çox maraqlı alındı. “Sumqayıt”ın güclü və təcrübəli rəqibindən qorxmaması belə deməyə əsas verir. Qonaqlar ilk dəqiqələrdən atılaraq mübarizlik kefiyyətlərini ön plana çəkdi. Bu da matçın sürətli keçməsinə şərait yaratdı. Matçın ilk yadda qalan epizodu 4-cü dəqiqədə gerçəkləşdi. “Qarabağ”ın yeni transferi Pedro Enrikenin sağ cinahdan uzun reydi zamanı həyəcanlı anlar yaşandı. Braziliyalı futbolçu qapıçı Mehdi Cənnətov ilə mübarizədən sonra yerdə qalsa da, matçın baş hakimi Orxan Məmmədov davam işarəsini verdi. Halbuki həmin epizodda   Cənnətov rəqibinə qarşı kobud oynamışdı.

 

 

İlk qol da özünü çox gözlətmədi. Nə qədər gözlənilməz olsa da, ilk qol qonaqlardan gəldi. Rəşad Eyyubovun cərimə zərbəsindən ötürməsindən sonra “Qarabağ”ın qarışıqlıq yaşandı. “Kimyaçılar”ın müdafiəçisi Bəxtiyar Həsənəlizadə bundan maksimum yararlanaraq hesabı açdı. Bu qol matçın maraqlı keçməsinin əsas səbəblərindən biri oldu. Ev sahibləri hesabı bərabərləşdirmək üçün irəli atıldığı bir vaxtda qonaqlar təhlükəli əks hücumlar etməklə məşğul idilər. Ələ düşən imkanlara rəğmən, fasiləyə qədər hesab dəyişmədi.

 

 

Matçın ikinci yarısında isə hər şey tamamilə dəyişdi. “Qarabağ” rəqibinin qapsına doğru daha çox hücum etməyə başladı və nəticədə təhlükəli epizodların sayı artdı. Bu isə öz növbəsində qolun gec-tez vurulacağı anlamına gəlirdi. Elə də oldu. Pedro Enrike 56-cı dəqiqədə “Qarabağ” forması ilə ilk qolunu vurdu. Bu qol “Sumqayıt”da şok effekti yaratdı. Komandanın oyun intizamı tamamilə pozuldu. Samir Abbasovun komandası üçün oyun həmin qolla bitdi. İlk hissədə çəkilən əziyyət boşa çıxdı desək, yanılmarıq. Çox keçmədi ki, bu məqam tam təsdiqini tapdı. Belə ki, qapıçı Mehdi Cənnətov adi bir epizodda səhvə yol verərək topu itirdi. Səhvini düzəltmək istəyərkən isə... “Qaş düzəltmək istəyən yerdə vurub gözü də çıxartdı” misalı həmin epizoda çəkə biləcəyimiz ən gözəl ifadə olardı. Onun kobud səhvi penalti ilə nəticələndi. Topa yaxınlaşan Riçard Almeyda isə səhvə yol vermədi və komandasını hesabda önə çıxardı. Bundan sonra “Qarabağ”ın düşərgəsində rahatlıq və sakitlik hiss olundu. Qısa zaman kəsiyində komanda oyunun axarını dəyişə bilmişdi. Artıq ehtiyatlı oynamaq üçün zəmin yaranmışdı. Çünki ilk hissədəki “Sumqayıt”dan əsər-əlamət qalmamışdı. Bununla belə, “Qarabağ”ın futbolçuları ələ düşən imkanları qola çevirmək istəyirdilər. Bu, “Roma” ilə vacib oyun öncəsi məşqə bənzəyirdi. Ağdam klubunun gənc istedadı Mahir Mədətov da deyəsən məşq edirdi. O, uzaqda zərbələr zamanı nəyə qadir olduğunu yoxlamağa çalışırdı. Maraqlıdı ki, onun cəhdləri uğurlu alındı və bir-birindən gözəl 2 qolun müəllifi oldu. O, öncə matçın 62-ci dəqiqəsində fərqləndi. 73-cü dəqiqədə isə fürsətdən istifadə edərək dublunu rəsmiləşdirdi. Bu matçın son qolu olsa da, sonuncu yadda qalan hadisəsi olmadı. Belə ki, 88-ci dəqiqədə ev sahiblərinin futbolçusu Miçel rəqibə qarşı kobud oyuna görə ikinci sarı vərəqəni alaraq meydandan uzaqlaşdırıldı. Onun bu hərəkəti Qurban Qurbanovu özündən çıxardı və etirazına səbəb oldu. Hətta futbolçu yersiz qırmızı vərəqəyə görə klub tərəfindən cəzalandırıldı. Yekunda isə “Qarabağ” 4:1 hesablı qəbələ qazanaraq liderliyi ələ keçirdi.

 

Fürsət düşmüşkən qeyd edək ki, Mahir vurduğu qollar sayəsində bombardirlərin yarışında zirvəni ələ keçirdi. Milli komandamızın üzvünün aktivində hazırda 5 qol var. O, ən yaxın izləyicilərini 2 top qabaqlayır.

 

22 sentyabr

Qarabağ - Sumqayıt 4:1
Qollar: Pedro Enrike, 56. Riçard Almeyda, 62-p. Mahir Mədətov, 65; 73 - Bəxtiyar Həsənalızadə, 7.
Qırmızı vərəqə: Miçel, 88.

Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Vüqar Bayramov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Hakim-inspektor: Məhəmməd Məmmədov
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu. 1400 tamaşaçı.

Qarabağ: 1. Anton Kanibolotski, 5. Maksim Medvedev (k), 8. Markos Madera, 9. Dino Ndlovu, 10. Pedro Enrike, 11. Mahir Mədətov, 18. Tarik Elyunussi, 20. Riçard Almeyda, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov, 32. Elvin Yunuszadə

Ehtiyat oyunçular: 13. İbrahim Şehiç, 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 7. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 30. Abbas Hüseynov, 70. Nicat Süleymanov, 88. Elşən Abdullayev, 90. Ramil Şeydayev, 91. Coşqun Diniyev, 99. Dani Kintana

Baş məşqçi: Qurban Qurbanov

Sumqayıt: 23. Mehdi Cənnətov, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 5. Vüqar Bəybalayev, 9. Amil Yunanov, 10. Cavid İmamverdiyev, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 32. Rəşad Eyubov, 97. Xəyal Nəcəfov

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Kamal Mirzəyev, 7. Cavid Tağıyev, 11. Ehtiram Şahverdiyev, 13. Bəhlul Mustafazadə, 41. Ceyhun Rəcəbli, 90. Ramil Həsənov

Baş məşqçi: Samir Abasov

 

 

Yenə Elman Taqayev, yenə qələbə

 

Sentyabrın 29-da daha iki görüş baş tutdu. “Səbail” “Kəpəz”i qəbul etdi. İlk 5 turdan sonra aktivində cəmi 1 xal olan Gəncə təmsilçisinin debütantla görüşdə hansı nəticəni əldə edəcəyi maraqla görünürdü. Oyun barədə yazılası çox elə də şey yoxdu. Boş tribunalar önündə keçən qarşılaşma maraqlı alınmadı. Qapılar qarşısında çox sayda təhlükəli vəziyyətin yaranmadığı görüşdə cəmi 1 qol vuruldu. Paytaxt təmsilçisi gəncəliləri evə əliboş göndərməyə müvəffəq oldu. Yenə, Elman Taqayev komandasına qələbə qazandırdı. Matçın 60-cı dəqiqəsində fərqlənən futbolçu ikinci turda “Neftçi” ilə qarşılaşmadakı kimi (1:0) komandasının qələbəsində əsas pay sahibi oldu.

 

“Kəpəz”in başının üstünü isə “qara buludlar” tərk etmək istəmir. İlk dövrə artıq sona yekunlaşmaq üzrədi. Amma bu komanda hələ də özünə bənzəmir. Bu vəziyyət nə qədər davam edəcək? Bu suala cavab tapmaq elə də asan deyil.

 

23 sentyabr

Səbail - Kəpəz 1:0
Qol: Elman Taqayev, 60.

Hakimlər: Rəhim Həsənov, Zeynal Zeynalov, Cavanşir Yusifov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov 
Hakim-inspektor: Fazil Mürşüdov 
Mərdəkan. “Dalğa Arena”. 300 tamaşaçı.

 

Səbail: 1. Emil Balayev, 3. Tamazi Tsetsxladze, 10. Nurlan Novruzov, 11. Elman Taqayev, 17. Vüqar Nadirov, 20. Elton Yaqublu (k), 23. Ayron Stati, 35. Eqdaras Zarskis, 66. Pərviz Qaraxanov, 69. Renan Telles, 99. Maudo Jarjue

Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 6. Murad Ağayev, 8. Aqşin Muxtaroğlu, 9. Raul Yaqubzadə, 13. Murad Musayev, 14. Yamin Ağakərimzadə, 21. Murtuz Abakarov, 26. Kamal Qurbanov, 77. Təyyar Məmmədov, 88. Orxan Qurbanlı, 98. Kamran Əliyev

Baş məşqçi: Samir Əliyev

Kəpəz: 1.Davud Kərimi, 21. Novruz Məmmədov, 4. Şəhriyar Əliyev, 3. Dedimar Fereyra, 13. Şəhriyar Rəhimov (k), 5. Kərim Diniyev, 16. Azər Məmmədov, 12. İlyas Səfərzadə, 10. Tural Rzayev, 20. Samba Dialo, 8. Viktor Oseqeyl

 

Ehtiyat oyunçular: 22. Ruzi Qiyaslı, 15. Azad Kərimov, 18. Tural Cəlilov, 11. Kamran Abdullazadə, 7. Sergey Çernişev, 9. İlkin Sadıqov, 2. Yusif Cəfərov, 17. Əli Səmədov, 14. Fərid Məmmədov

 

Baş məşqçi: Şahin Diniyev

 

 

“Qırmızı”ya “nasist salamı”

 

Günün digər matçında isə “Zirə” “İnter”i doğma azarkeşləri önündə qəbul etdi. Bu tura qədər lider olan ev sahibləri yuxarıda qeyd etdiyim kimi zirvəni “Qarabağ”a təhvil verdilər. Bunun səbəbi “keçmiş bankirlər”lə oyunda komandanın xal itirməsi oldu.

 

Son zamanlar yaxşı günlərini yaşamayan “İnter” çətinliklərə rəğmən, mübarizliyini itirməyib. Komandanın gələcək taleyi qaranlıq qalsa da, maaşların ödənməsində problemlər olsa da, futbolçular xarakter nümayiş etdirirlər. Hətta onların sayı məhdud olsa belə. “Zirə” ilə oyunda da onlar asan təslim olmadılar.

 

Oyuna gəldikdə isə ev sahibləri matçın favorit göstərilsə də, hesabı “İnter”lilər açdı. Son zamanlar yaxşı formada olan Sertan Taşkın görüşün 21-ci dəqiqəsində komandasını hesabda önə çıxardı. Bu qoldan sonra Zaur Svanadzenin komandası müdafiədə qapanaraq oyunu əks hücumlar üzərində qurmağa başladı. Amma oyun onlar üçün elə də asan keçmədi. İlkin Qırtımovun 43-cü dəqiqədə ikinci sarı vərəqə alaraq meydandan qovulması, üstəlik, komandanın kapitanı Nizami Hacıyevin zədələnərək matçı yarımçıq tərk etməsi və ehtiyat oyunçular skamyasında onların yoxluğunu unutduracaq futbolçuların olmaması, komandanın oyununa təsirsiz ötüşmədi. Sadaladığımızətinliklərə rəğmən, “İnter” “Zirə” üçün yem olmadı. Hətta Zaur Svanadzenini yetirmələri çətin səfər qarşılaşmasından xalla dönməyə müvəffəq oldular.  Ev sahibləri nə say üstünlüyündən yararlana bildilər, nə də ələ düşən imkanlardan istifadə edərək qələbə qazanmağı bacardılar. Ayxan Abbasovun komandasının gücü sadəcə bir qola çatdı ki, bu da yalnız hesabın bərabərləşməsi anlamına gəlirdi – 1:1. Yovan Krneta 67-ci dəqiqədə tarazlığı bərpa edə bildi. Bundan sonra qapılara qol vurulmadı. Qazanılan bir xal “Zirə” üçün qənimət olsa da, zirvə yarışında “Qarabağ”dan öndə olmağa kömək etmədi.

 

Bu matçın da ən yadda qalan hadisələrindən biri qırmızı vərəqə ilə bağlı epizodda yaşandı. 43-cü dəqiqədə matçın baş hakimi İnqilab Məmmədov tərəfindən ikinci sarı vərəqədən sonra meydandan qovulan İlkin Qırtımovun etdiyi hərəkət çətin ki, uzun müddət yaddaşlardan silinsin. Belə ki, müdafiəçi hakimə “nasist salamı” verərək sosial şəbəkələrin fenomeninə çevrildi. Qırtımov bu hərəkətinə görə İntizam Komitəsi tərəfindən cəzalandırılmadı. Əksər ölkələrdə belə jestlər qadağan edilsə də, siyasi ospektlər olmadığından yəqin ki, sözügedən komitə futbolçunun cəzalanmasına ehtiyac görməyib.

 

Zirə - İnter 1:1
Qollar: Yovan Krneta, 67 - Sertan Taşkın, 21.
Qırmızı vərəqə: İlkin Qırtımov, 43.

Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Nahid Əliyev, Ramil Diniyev
AFFA nümayəndəsi: Zamiq Hüseynov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Zirə. İdman Kompleksinin stadionu. 1200 tamaşaçı.

Zirə: 1. Anar Nəzirov (k), 3. Jozef Bum, 4. Vüqar Mustafayev, 9. David Manqa, 11. Viktor İqbekoyi, 14. Qabriel Matey, 17.Vüsal İsgəndərli, 23. Yovan Krneta, 28. Təmkin Xəlilzadə, 43. Riçard Qadze, 74. Yusif Nəbiyev

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 5. Adil Nağıyev, 7. Sadio Tounkara, 13. Aleksandr Şemonayev, 19. Elgün Nəbiyev, 20. Camal Camalov, 38. İlkin Muradov, 39. Sadiq Quliyev, 87. Müşfiq İlyasov, 99. Nicat Qurbanov

Baş məşqçi: Ayxan Abbasov

İnter: 1. Orxan Sadıqlı, 2. Sertan Taşkın, 3. Denis Silva, 8. Nizami Hacıyev (k), 9. Pərdis Fərcad-Azad, 10. Elnur Abdullayev, 22. İlkin Qırtımov, 24. Fuad Bayramov, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev, 88. Məmməd Quliyev

Ehtiyat oyunçular: 57. Əkbər Vəliyev, 4. Slavik Alxasov, 6. Samir Zərgərov, 7. Mirsahib Abbasov, 19. Mirhüseyn Seyidov, 20. Aqşin Quluzadə, 65. Cabir Əmirli

Baş məşqçi: Zaur Svanadze

 

 

“Neftçi” yenə uduzdu

 

Turun son matçı sentyabrın 24-də Qəbələdə keçirildi. Turun əyalətdə keçirilən ilk və son qarşılaşmasında sözügedən şəhərin eyniadlı təmsilçisi “Neftçi”ni qəbul etdi. Çempionluq yarışında “Qarabağ”la “Zirə”dən geri qalan “qırmızı-qaralar” yaranmış müəyyən xal fərqinin artmaması üçün əllərindən gələni edirdilər. Tərlan Əhmədovun baş məşqçi postuna təyinatından qısa müddət keçsə də, “Neftçi” oyun baxımından müəyyən irəliləyişə nail olsa da, eyni sözlər komandanın nəticələrinə hələ ki aid deyil.

 

Qarşılaşmaya “Qəbələ” hücumlarla başladı. Ev sahibləri bu hücumların bəhrəsini tezliklə daddılar  - Stiven-Jozef Monroz görüşün 4-cü dəqiqəsində komandasını hesabda önə keçirdi. Erkən qoldan ruhlanan Roman Qriqorçukun yetirmələri dərhal ikinci qolun axtarışına çıxdılar. “Neftçi” isə toparlana bilmirdi. Komandanın müdafiəsindəki problemlər qısa zaman kəsiyində özünü göstərməyə başladı. Arxa xəttə futbolçular arasında əlaqaənin zəif olması və futbolçuların seyirci mövqeyi tutması ev sahiblərinin rahat hücumlar qurmasına şərait yaradırdı. Payaxt klubunun əks hücumları elə də kəsərli alınmırdı. Böyük üstünlüyə rəğmən, “Qəbələ”nin futbolçuları 2-ci qolu ilk hissənin sonlarında vura bildilər. 40-cı dəqiqədə Baqari Dabo fərqlənə bildi.

 

 

Matçın ikinci hissəsi isə tamam başqa məcrada keçdi. İkinci yarının ilk dəqiqələrindən irəli atılan “Neftçi” rəqibinin qapısı qarşısında təhükəli qol epizodları yaratmağa başladı. Hücumların effektli alınması qısa zamanda öz sözünü dedi. Namiq Ələsgərov matçın 48-ci dəqiqəsində əks hücum zamanı reydini baxımlı qolla tamamladı. Bu qol oyunun gedişatına təsirsiz ötüşmədi. Bundan sonra Roman Qriqorçukun yetirmələri mümkün olduğu qədər hesabı qorumağa, risk etməməyə çalışdılar. Ancaq bu məqamlar “Neftçi”yə elə də maraqlı deyidi. Çünki komanda  hesabı bərabərləşdirmək üçün qol  axtarışına çıxmışdı. Tərəflər çox çalışsalar da, sonrakı dəqiqələrdə qol vura bilmədilər. Yekunda qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə nəticələndi. Bu nəticə “Qəbələ”yə çempionluq yarışında bir xeyli kömək etsə də, “Netçi”ni son sıralardan xilas edə bilmədi.

 

Bu oyunda da qırmızı vərəqə qeydə alındı. Amma bu hakimin final fitindən sonra baş verdi. Belə ki, Stiven-Jozef Monroz komanda yoldaşı Ruslan Qurbanovla mübahisə edərək ona zərbə endirdi. Bu məqam hakimin gözündən yayınmadı və Monroz meydandan qovuldu. İntizam Komitəsi də futbolçunun hərəkətinə biganə qalmadı. Fransalı vinger 2-i şərti olmaqla 4 oyunluq cəzaya məruz qalıb. O, həmçinin, 3200 manat məbləğində də cərimələnib.

 

24 sentyabr

Qəbələ - Neftçi 2:1

Qollar: Stiven-Jozef Monroz, 4. Baqari Dabo, 40 - Namiq Ələsgərov, 49.
Qırmızı vərəqə: Stiven-Jozef Monroz (oyundan sonra)

Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Elman Musayev, Ömər Paşayev
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Murad Məmmədov
Qəbələ. Şəhər stadionu, 18:00

 

Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 8. Qismət Alıyev, 9. Baqali Dabo, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov (k), 15. Vitali Vernidub, 12. Endi Hallidey, 28. Stiven Monroz, 34. Urfan Abbasov, 88. Tellur Mütəllimov

 

Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 35. Murad Popov, 4. Elvin Camalov, 5. Rasim Ramaldanov, 6. Elvin Məmmədov, 7. Alen Akserov, 16. Dion Omar Malone, 17. Roman Hüseynov, 10. Ruslan Qurbanov, 45. Famussa Kone, 70. Ülvi İsgəndərov, 90. Ekiqo Ehiosun

 

Baş məşqçi: Roman Qriqorçuk

 

Neftçi: 94. Rəşad Əzizli, 5. Anton Krivotsyuk, 6. Rəşad Sadiqov, 7. Namiq Ələsgərov, 9. Uqo Barqas, 10. Derlis Meza Kolli, 11. İqnasio Herrera, 15. Ruslan Abışov (k), 17. Rəhman Hacıyev, 25. Kiril Petrov, 27. Məqsəd İsayev

 

Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 3. Mateo Mujek, 8. Emin Mahmudov, 12. Daniel Seqovia, 16. Pavel Dreksa, 19. Fəhmin Muradbəyli, 23. Tərzin Cahangirov, 21. Məhəmməd Mirzəbəyov, 97. Elnur Cəfərov

 

Baş məşqçi: Tərlan Əhmədov

 

 

Məğlubedilməzlərin dueli

 

Bu nəticələrdən  sonra turnir cədvəlinə 15 xalla “Qarabağ” başçılıq edir. Rəqiblərinə nisbətən 1 oyun az keçirən Ağdam klubunun maksimum nəticə göstərdiyini vurğulamaq da lazımdır. İkincı pillədəki “Zirə”nin isə 14 xalı var. İlk üçlüyü 13 xalla “Qəbələ” qapayır. Akivində 8 xalı olan “İnter” dördüncüdü. Paytaxt klubundan cəmi 1 xal az toplayan “Sumqayıt” 5-cidir. Debütant “Səbail” xalını 6-a çatdırmaqla elə altıncıdı. Son iki pilləni bölüşən “Netçi” ilə “Kəpəz”in isə cəmi 1 xalı var.

 

Növbəti turda azarkeşləri maraqlı qarşılaşmalar gözləyir. Sözsüz ki, turun ən maraqlı matçı ilk iki pillənin sahibi “Qarabağ”la “Zirə” arasında keçiriləcək. Bu tura qədər məğlub olmayan komandaların duelində hansı nəticənin qeydə alınacağı maraq doğurur. Turun digər maraqlı görüşündə isə Bakı derbisi baş tutacaq. “İnter” azarkeşləri “Neftçi”ni qəbul edəcək. İlk dövrənin son turunda daha iki görüş keçiriləcək. “Qəbələ” “Kəpəz”i, “Səbail” isə “Sumqayıt “ı sınağa çəkəcək..

 

Heybət Məmmədov

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


Digər xəbərlər

Xəbər xətti