Premyer Liqanın intizamlıları və intizamsızları - LAYİHƏ

07:34 25 Oktyabr 2017

Sportarena.az saytı AFFA yanında Media Komitəsinin maliyyələşdirdiyi "Ölkədaxili yarışların işıqlandırılması və təbliği, bölgələrin ölkədaxili yarışlardan kənarda qalması, ölkədaxili yarışların nüfuzu" mövzusunda layihənin icrasına başlayır.

 

Layihə çərçivəsində ilk mövzumuzda Azərbaycan Premyer Liqasının geridə qalan 9 turu çərçivəsində hakimlər tərəfindən intizamsızlığa görə sarı və qırmızı vərəqə ilə cəzalandırılmış futbolçular haqqında məlumat verməyə çalışacağıq. Qeyd etdiyimiz kimi, bu vaxta kimi 9 tur geridə qalıb. Baş tutmalı olan 36 görüşdən sadəcə biri - "Qarabağ" - "Səbail" matçı Ağdam klubunun Çempionlar Liqasındakı iştirakı ilə əlaqədar təxirə salınıb. Digər 35 qarşılaşmanın hamısında hakimlər əllərini ciblərinə atmalı olublar.

 

Statistika nə deyir?

 

Referilər 90 futbolçunu 152 dəfə vərəqə ilə cəzalandırıblar. Bunlardan 146-ı sarı, 6-ı isə qırmızı vərəqədir. Yalnız bir futbolçuya bir başa qırmızı vərəqə göstərilib. Beş halda isə bu, iki sarı vərəqədən sonra baş tutub. İndi isə keçək komandaların cəzalıları ilə yaxından tanış olmağa.

 

Ən az cəzalanan debütant, Qurbanovu əsəbiləşdirən Miçel

 

Premyer Liqanın ən cəzalanan komandası "Səbail"di. Debütantın 10 futbolçusu 15 dəfə sarı vərəqə ilə cəzalandırılıb. Hakimlər tərəfindən qırmızı vərəqə ilə meydandan qovulan futbolçu isə yoxdur. Komandanın ən intizamsız futbolçusu Tamazi Tsetsxladzedi. Gürcüstanlı müdafiəçi 3 dəfə sarı vərəqə ilə cəzalandırılıb. Samir Əliyevin yetirmələri hələ ki, rəqiblərinə qarşı intizamlı olsalar da, komanda daxilində vəziyyət hər an dəyişə bilər. Doqquzuncu tur çərçivəsində keçirilən "İnter"lə matçın son dəqiqələrində komandanın kapitanı Eltun Yaqublu ilə Maudo Jarjuenin mübahisə etmələri və onların görüşün baş hakimi Fariz Yusifov tərəfindən cəzalandırılması baş məşqçi üçün ciddi siqnal olmalıdır.

 

Səbail:  10 futbolçu - 15 sarı vərəqə
 
Sarı vərəqələr: Maudo Jarjue (2),  Tamazi Tsetsxladze (3), Elman Taqayev (2), Nurlan Novruzov, Pərviz Qaraxanov, Elton Yaqublu (2), Vüqar Nadirov, Emil Balayev, Renan Telles, Aqşin Muxtaroğlu.

 

 

Azərbaycan çempionatının ikinci intizamlı komandası "Kəpəz"dir. Cari mövsümdə işləri yaxşı getməyən, ilk 9 turdan sonra 4 xalla sonuncu sırada qərarlaşan Gəncə klubunun vəziyyəti yaxşı olmasa da, cəmi 9 futbolçu hakimin qəzəbinə tuş gəlib. Şahin Diniyevin komandası 16 dəfə hakimlər tərəfindən sarı vərəqə ilə cəzalandırılıb. Bu vərəqələrdən dördü Şəhriyar Əliyevə göstərilib ki, bu komanda daxilində ən yüksək göstəricidir.

 

Kəpəz: 9 futbolçu - 16 sarı vərəqə

 

Sarı vərəqələr: Şəhriyar Əliyev (4), Şəhriyar Rəhimov (3), Azər Məmmədov, Novruz Məmmədov (2), Tural Rzayev, İlyas Səfərzadə, İlkin Sadıqov (2), Kamran Abdullazadə, Kərim Diniyev.

 

Sıralamamızın üçüncü pilləsində "Qarabağ" qərarlaşıb. Son illərin dəyişməz çempionu olan Ağdam klubunun cari mövsümdə cəmi 10 futbolçusu hakimlər tərəfindən cəzalandırılıb. Komandanın aktivində 15 sarı və 1 qırmızı vərəqə var. Miçel ləqəbi ilə tanınan Markos Madera mövsümdə komandasının heyətində hələlik "qırmızı" ilə cəzalandırılan yeganə futbolçudur. O, Premyer Liqanın 6-cı turu çərçivəsində keçirilən "Sumqayıt"la görüşün son dəqiqələrində ardıcıl qayda pozuntularına yol verdi. Sarı vərəqə ilə cəzalanan ispaniyalı yarımmüdafiəçi ehtiyatlı oynamaq əvəzinə peşəkarlığa sığmayan hərəkətlə komandasını azlıqda qoydu. "Qarabağ" hesabda böyük fərqlə irəli olarkən (4:1) yersiz edilən qayda pozuntusu hakimin futbolçunu ikinci dəfə sarı vərəqə ilə cəzalandırmasıyla nəticələndi. Miçel yersiz qırmızısı ilə baş məşqçi Qurban Qurbanovu belə əsəbiləşdirdi. Futbolçunun intizamsızlığı klub tərəfindən cəzasız qalmadı. Yarımmüdafiəçi pul cəzası ilə üzləşdi.

 

Qarabağ: 10 futbolçu - 15 sarı, 1 qırmızı vərəqə

 

Sarı vərəqələr: Arif Daşdəmirov, Elvin Yunuszadə, Rəşad Sadıqov (2), Rahid Əmirquliyev, Dino Ndlovu (2), Tarik Elyunussi (2), Yakub Jezniçak (2), Markos Madera (2*), Donald Qerye, Ansi Aqolli.

 

Qırmızı vərəqə: Markos Madera.

 

 

"Sumqayıt"la "Zirə" birgə addımlayır

 

Növbəti sıralarda isə passivində 20 sarı vərəqə olan iki komanda - "Sumqayıt" və "Zirə" qərarlaşıb. Cari mövsümdə heç də pis təsir bağışlamayan "kimyaçılar"ın 11 futbolçusu intizamsızlığa yol veribsə, çempionluq yarışında "Qarabağ"la "Qəbələ"nin mübarizəsinə qatılan qəsəbə klubunda bu rəqəm 13-ə bərabərdir. Bu komandalardan heç birində qırmızı vərəqə ilə cəzalandırılan futbolçu yoxdur. "Sumqayıt"ın heyətində 3 futbolçu - Vüqar Bəybalayev, Tural Axundov və Xəyal Nəcəfov hamıdan çox - 3 dəfə sarı vərəqə ilə cəzalandırılıblar. "Zirə"də isə eyni göstərici ilə Vüqar Mustafayev komanda yoldaşlarından öndədi.

 

Sumqayıt: 11 futbolçu, 20 sarı vərəqə

 

Sarı vərəqələr: Vüqar Bəybalayev (3), Cavid Tağıyev (2), Bəxtiyar Həsənalızadə (2), Kamal Mirzəyev (2), Azər Salahlı, Ehtiram Şahverdiyev (2), Tural Axundov (3), Xəyal Nəcəfov (3), Mehdi Cənnətov, Rail Məlikov, Vurğun Hüseynov.


Zirə: 13 futbolçu, 20 sarı vərəqə

 

Sarı vərəqələr: Yovan Krneta (2), Vüqar Mustafayev (3), Vüsal İsgəndərli (2), Milan Duriç (2), Qabriel Matey (2), Viktor İqbekoyi, Yusif Nəbiyev, Jozef Bum, Təmkin Xəlilzadə (2), Nicat Qurbanov, Riçard Qadze, Anar Nəzirov, Sadio Tounkara.

 

 

Premyer Liqanın intizamsızları - Komanda yoldaşını vuran kim, "nasist salamı" verən kim

 

Son üç sırada isə Premyer Liqada ən çox cəzalanan 3 klubu qərarlaşıb. Onlardan biri də "Qəbələ"dir. Bölgə təmsilçisi yenə çempionluq yarışında "Qarabağ"la mübarizə aparmaq əzmindədir. Mövsümə heç də yaxşı başlamayan komanda artıq tədricən əvvəlki formasını bərpa etməyə çalışır. Amma "Qəbələ"nin çətinlik çəkdiyi məqamlar var. Bunu futbolçuların vərəqə sayından da hiss etməmək mümkün deyil. "Qırmızı-qaralar"ın 14 futbolçusu 22 dəfə hakim tərəfindən cəzalandırılıb. Vərəqələrdən 21-i sarı, 1-i isə qırmızıdır. Maraqlı məqam qırmızı vərəqə ilə bağlıdır. Stiven Jozef-Monroz bu vərəqəni nə oyun zamanı, nə də rəqibə qarşı kobud və ya qaydalara zid olan hərəkətinə görə almayıb. O, 6-cı turda "Neftçi" ilə oyundan sonra komanda yoldaşı Ruslan Qurbanovla mübahisə edib və ona əllə zərbə endirib. Monrozun bu intizamsızlığı matçın baş hakimi Fariz Yusifovun diqqətindən yayınmayıb. Hücumçu bir başa qırmızı vərəqə ilə cəzalandırılıb. AFFA-nın İntizam Komitəsi futbolçunu 2-i şərti olmaqla, 4 oyunluq cəzalandırıb.

 

Qəbələ: 14 futbolçu - 21 sarı, 1 bir başa qırmızı vərəqə

 

Sarı vərəqələr: Stiven Jozef-Monroz, Elvin Məmmədov (3), Filip Ozobiç, Omar Malone, Qismət Alıyev (2), Voislav Stankoviç, Urfan Abbasov, Vitali Vernidub 2, Endi Hallidey, (3), Cavid Hüseynov, Ruslan Qurbanov, Asif Məmmədov (2), Dmitri Bezotosnı, Elvin Camalov.

 

Qırmızı vərəqə: Stiven Monroz

 

Artıq növbəti turdan "Keşlə" adı altında çıxış etməyə başlayacaq "İnter" məlum transfer qadağasına görə futbolçu sayı baxımından korluq çəkdiyi hər kəsə məlumdur. Amma adı iştirak ərizəsində qeyd edilən 20 futbolçudan sadəcə bir neçəsi vərəqə ilə cəzalandırılmayıb. Belə ki, komandanın 13 üzvü cəza ilə üzləşib. Tərlan Quliyev ilə İlkin Qırtımov isə qırmızı vərəqə ilə meydandan uzaqlaşdırılan futbolçulardır.

 

 

Qırtımov Premyer Liqanın 6-cı turu çərçivəsində baş tutan "Zirə" ilə matçın 43-cü dəqiqəsində oyunun baş hakimi İnqilab Məmmədov tərəfindən ikinci sarı vərəqə ilə meydandan uzaqlaşdırılarkən gözlənilməz reaksiya verib. O, hakim vərəqə göstərdiyi anda "nasist salamı" verib.

 

Keşlə (İnter): 13 futbolçu - 19 sarı, 2 qırmızı vərəqə

 

Sarı vərəqlər: Mirhüseyn Seyidov, Samir Zərgərov (3), İkin Qırtımov (4*), Tərlan Quliyev, (2*), Orxan Sadıqlı, Slavik Alxasov, Nizami Hacıyev, Denis Silva, Sertan Taşkın, Mirsahib Abbasov, Elnur Abdullayev, Məmməd Quliyev, Fuad Bayramov. 

 

Qırmızı vərəqələr: Tərlan Quliyev, İlkin Qırtımov.

 

Son zamanların ən çox müzakirə edilən klublarından olan biri, bəlkə də birincisi olan "Netçi"də vərəqə baxımından vəziyyət o qədər də yaxşı deyil. Mövsümə çox uğursuz start verən, amma son turlarda tədricən özünə gəlməyə başlayan paytaxt klubunun futbolçuları 22 dəfə hakimin qəzəbinə tuş gəlib. Vərəqələrdən 2-i qırmızı, 20-i isə sarıdır. "Neftçi"nin heyətində meydandan qovulan futbolçular Mirabdulla Abbasov və Derlis Meza Kollidir. Komandanın müdafiəçisi Kiril Petrov isə 4 dəfə sarı vərəqə gördüyündən artıq 1 dəfə cəzalı vəziyyətə düşüb. Ümumilikdə "ağ-qaralar"ın 10 futbolçusu vərəqə ilə cəzalandırılıb. Digər futbolçuların dosyeləri hələ ki təmizdir.

 

Neftçi: 10 futbolçu - 20 sarı, 2 qırmızı vərəqə

 

Sarı vərəqələr: Uqo Barqas (2), Kiril Petrov (4), Derlis Meza Kolli (4*), Fəhmin Muradbəyli, Anton Krivotsyuk (3), Pavel Dreksa, İqnasio Herrera, Mirabdulla Abbasov, (2*), Rəşad Sadiqov, Ruslan Abışov.

 

Qırmızı vərəqələr: Mirabdulla Abbasov, Derlis Meza Kolli.

 

Qeyd: Sarı vərəqə ilə bağlı statistikalarda rəqəmlərinin qarşısında * işarəsi olan futbolçular ikincı sarı vərəqədən sonra meydandan uzaqlaşdırılıblar. Onların aldığı vərəqələr rəqəm sayına daxil edilib və fərqlənməsi üçün * işarəsi ilə göstərilib.

 

Heybət Məmmədov

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


Digər xəbərlər

Xəbər xətti