Şahin Diniyev: "Mən onun belə biri olduğunu bilmirdim" - LAYİHƏ

02:15 31 Oktyabr 2017

Rəşad Sadiqov: "Bu sevgi ilə əlaqəli bir şeydir"

 

Sportarena.az saytı AFFA yanında Media Komitəsinin maliyyələşdirdiyi "Ölkədaxili yarışların işıqlandırılması və təbliği, bölgələrin ölkədaxili yarışlardan kənarda qalması, ölkədaxili yarışların nüfuzu" mövzusunda layihənin icrasına davam edir.

 

Layihə çərçivəsində ikinci yazımızda Azərbaycan Premyer Liqasının 10-cu turunda baş verənləri və son turlarda uğursuzluq zolağından çıxan iki klubu - "Neftçi" və "Kəpəz"i müzakirə edəcəyik.

 

Premyer Liqanın 10-cu turu bir sıra maraqlı məqamlarla yadda qaldı. Diqqət cəlb edən birinci nüans keçirilən dörd oyunun hər birinin gərgin mübarizə şəraitində keçməsi oldu. Turnir cədvəli baxımından da kifayət qədər önəmli görüşlərin keçirildiyini də söyləyə bilərik.

 

 

"Qarabağ" sonuncu dəqiqədə sevindi

 

Turun ilk görüşü oktaybrın 27-də "Azərsun Arena"da keçirildi. Həmin gün "Qarabağ" "Səbail"i qəbul etdi. Oyundan öncə son illərin çempionunun debütant üzərində rahat qələbə qazanacağı gözlənilirdi. Amma bu baş vermədi. Qonaqların baş məşqçisi Samir Əliyev rəqibini doğru təhlil etmiş, komandasını da matça yaxşı hazırlamışdı. Bunun nəticəsidi ki, "Qarabağ" oyun boyu "Səbail"in qapısına yol tapmaqda çətinlik çəkdi. Oyunun gedişində Pedro Enrikenin zədələnməsi və Ansi Aqollinin qırmızı vərəqə alaraq meydandan qovulması oyunun nə qədər gərgin mübarizə şəraitində keçməsinin bariz nümunəsidi. Rəqibin ciddi müqavimətinə rəğmən, Ağdam klubu bu görüşdən qalib aytıla bildi. Əfran İsmayılov 90-cı dəqiqədə cərimə zərbəsindən baxımlı qola imza atmaqla yanaşı, komandasına kifayət qədər önəmli 3 xal qazandırdı.

 

 

"Zirə"dən vacib qələbə

 

Çünki səhərisi gün "Qarabağ"ın ən yaxın izləyiciləri - "Zirə" və "Qəbələ" birincilərin meydanında üz-üzə gələcəkdilər. Bu görüşdə qeydə alınacaq heç-heçə nəticə baxımından "Qarabağ" üçün sərfəli idisə, sözügedən komandalar bu barədə düşünmək belə istəmirdilər. Zirədə keçirilən qarşılaşma da kifayət qədər maraqlı alındı. Zirvə yarışındna geri qalmaq istəməyən komandalar bir-birilərinə güzəştə getmək fikrində deyildilər. Matça daha istəkli başlayan ev sahibləri tezliklə hesabı açan tərəf oldular. Milan Duriç 18-ci dəqiqədə penaltidən fərqlənərək "Zirə"ni hesabda önə keçirdi. Bu qoldan 20 dəqiqə sonra yerli azarkeşlər ikinci dəfə qol sevinci üçün ayağı qalxdılar. Bu dəfə Saudio Tounkara fərqləndi.

 

 

Bu qoldan sonra üstünlüyü ələ almağa çalışan "Qəbələ" şok yaşadı. Matçın 43-cü dəqiqəsində kapitan Cavid Hüseynov rəqib komandanın futbolçusuna sillə vurduğu üçün hakim tərəfindən meydandan uzaqlaşdırılıb. Bundan sonra azlıqda qalan qonaqlar ümidlərini itirmədilər. Görüşün ən yadda qalan epizodu 51-ci dəqiqədə qeydə alındı. "Qəbələ"nin futbolçusu Ekiqo Ehiosunu cərimə meydançasında rəqib müdaiəçi ilə mübarizədə yerdə qaldı. Baş hakim Fariz Yusifov həmin epizodu simulasiya kimi dəyərləndirməklə tənqidlərə məruz qaldı. Ruhdan düşməyən qonaqlar rəqibin qapısı qarşısında qol epizodları yaratmaqda davam etdilər. 71-ci dəqiqədə Famusso Kone buna nail olsa fərqi azaltmağa nail oldu. Bundan sonra "Qəbələ" dəfələrlə hesabı bərabərləşdirməyə yaxın olsa da, bu mümkün olmadı. Futbolçular çoxsaylı imkanlardan yararlana bilmədilər. Matç "Zirə"nin 2:1 hesablı qələbəsi ilə başa çatdı. Ayxan Abbasovun yetirmələri bu nəticədən sonra ikinci pilləyə yüksəlməyə müvəffəq oldular.

 

 

"Kəpəz" "Keşlə"nin debütünü korladı

 

 

Həmin gün daha bir görüş baş tutdu. Keçmiş "İnter" yeni - yeni adına, loqosuna qovuşması ilə əlamətdar oldu. "Keşlə" adı ilə ilk matçında "Kəpəz"i qəbul etdi. Problemlərdən başı açılmayan paytaxt klubu son üç görüşdə ardıcıl məğlubiyyətlər alaraq vəziyyətini çətinləşdirmişdi. Gəncə təmsilçisi turnir cədvəlinin son sırasında qərarlaşsa da, son iki oyunda daha yaxşı oyun sərgiləmişdi. Şahin Diniyevin komandası 8-ci turda "Qəbələ"ni səfərdə məğlub etməklə diqqət mərkəzinə düşmüşdü. Növbəti turda doğma azarkeşləri önündə əla formada olan "Neftçi"yə məğlubiyyətə (0:1) rəğmən, Gəncə təmsilçisi yaxşı oyun sərgiləmişdi.

 

"Kəpəz" "İnter"lə oyunda da yaxşı təsir bağışladı. Rəqibindən üstün oyun sərgiləyən "sarı-göylər" Viktor Osoqeyl və İlyas Səfərzadənin qolları ilə inamlı səfər qələbəsi qazanmaqla yanaşı, "Keşlə"nin debütünü korlamadı. Eyni zamanda, Gəncə təmsilçisi müxtəlif adlarla çıxış edən bu komandanı ilk dəfə məğlub etməyi bacardı. Bu qələbə ilə "Kəpəz" vəziyyətini müəyyən qədər yaxşılaşdırdı. Komanda 7-ci pillədə qərarlaşan "Keşlə" dən 1, 6-cı olan "Səbail"dən isə 2 xal geri qalır.

 

 

Qarşılaşmanın fasiləsində "Keşlə"nin yeni adına qovuşması ilə bağlı konsert proqramı da keçirildi. Tanınmış müğənni Ədalət Şüküro bir neçə mahnı ifa da etdi.

 

Bu oyundan sonra "Keşlə" klubunu rəhbəri Zaur Axundov komandanın baş məşqçisi Zaur Svanadze ilə görüşüb. Danışıqlardan sonra gürcü mütəxəssislə yolların ayrılması barədə qərar verilib. Artıq yeni baş məşqçinin adı bəlli olub. Əvəzedici heyətin koordinatoru Ramiz Məmmədovla qış fasiləsinə qədər müqavilə imzalanıb.

 

Komandanın uğurlu çıxışını nəzərə alaraq baş məşqçi Şahin Diniyevlə söhbətləşmək qərarına gəldik. Diniyev komandanın durumu, üzləşdikləri çətinliklər və onların səbəbləri barədə geniş məlumat verdi.

 

 

- Şahin bəy, "Kəpəz" uğursuzluq zolağından çıxa bildimi?
- Demək olar ki, komanda özünə gəlməyə başlayıb. "Keşlə" ilə oyunda qazanılan qələbə bundan xəbər verir. Komanda əslində 2 tur əvvəl qara zolaqdan çıxmağa başlamışdı. "Qəbələ" üzərində səfərdə qazanılan qələbə ilə bu dövr başa çatmışdı. Hətta "Neftçi" ilə oyunda məğlub olmağımıza baxmayaraq komanda yaxşı çıxış etmişdi.

 

- "Kəpəz"in uğursuz çıxışı barədə müxtəlif fikirlər səsləndirilir. Əsas səbəb nə idi?
- Bilirsiz ötən mövsüm qış fasiləsindən sonra da bu cür vəziyyətlə üzləşmişdik. Neçə oyunda məğlub olduq. Son dövrədə toparlanıb maksimum xal yığa bildik. Bunu daha tez bacarsaydıq Avropa Liqasına da vəsiqə qazana bilərdik. Sonda 5-ci olduq "Zirə"dən bir neçə xal geri qaldıq. Amma o zaman heyətimiz indiki kimi deyildi. Kifayət qədər yaxşı və təcrübəli futbolçularımız var idi. Sadəcə onlara toparlanmaq lazım idi. İndi isə vəziyyət tamam başqa cürdü. Mövsümlərarası fasilə zamanı komandanı 15-16 futbolçu tərk etdi. Onların əksəriyyəti əsas heyət üzvləri idi. 1-2 ay içində həmin futbolçuları əvəz etmək mümkün deyildi. Bunun üçün zaman lazım idi. Həm də büdcəmiz elə də geniş deyildi. Eyni zamanda, futbolçu tapmaq asan deyildi.

 

Fikir verin, biz Birinci diviziondan nə qədər futbolçu transfer etdik. Eyni zamanda, əvəzedici heyətdən də əsas komandaya futbolçular cəlb olundu. Onların çoxusu gənc idilər, Premyer Liqa təcrübələri yox idi. Yeni legionerlərimiz də var idi. Gənclərin Premyer Liqa abu-havasına alışmağına, ümumi oyun sistemizin oturmağına zaman lazım idi. Amma bizim elə də çox vaxtımız olmadı. Düzdü, Türkiyədə təlim-məşq toplanışı keçirdik, yoxlama oyunlarında qüvvəmizi sınadıq. Amma bu istədiyimizi almağa kifayət etmirdi. İlk turlarda qeydə alınan nəticələr məhz bununla əlaqədar idi. Eyni zamanda, başqa nüanslar da var idi. Komandanın ev oyunlarını Gəncədə keçirməməsi, azarkeş dəstəyini hiss etməməsi də komandaya təsir edirdi. Komanda demək olar ki, bir dövrənin bütün oyunlarını səfərdə keçirdi. Bu da futbolçularda psixoloji gərginlik yaradırdı. Artıq bu problem öz həllini tapıb. Vaxt keçdikcə futbolçular sistemimizə, Premyer Liqaya alışırlar. Komandanın son oyunlarda sərgilədiyi oyun artıq bu prosesin uğurlu getməsindən xəbər verir. Belə davam edərsə, istədiyimiz səviyyəyə yaxın gələcəkdə çatacağıq.

 

- Dediyiniz kimi, yayda komandadan kifayət qədər futbolçu getdi. Bunun səbəbi nə idi?
- Gedən oyunçuları saxlamaq üçün imkanımız yox idi. Bildiyiniz kimi, məhdud büdcəmiz var, ondan kənara çıxa bilmərik. Gedən oyunuların əksəri ilə danışıb razılaşmışdıq. Amma son anda daha yaxşı təklif aldılar və seçimlərini başqa cür etdilər. Biz onlara nəsə deyə və eliyə bilməzdik. Peşəkar futboldu, onları yaxşı başa düşürük. Futbolçu ömrü qısadı və ələ düşən imkanları maksimum dəyərləndirmək lazımdı  Bizim imkanımız olmadı ki, onlara təklif edilən məbləği ödəyək. Məsələn, bizdə 5 manata oynayan futbolçuya 5 dəfə yaxşı maaş təklif edirdilər. Biz bunun əvəzində heç nə edə bilmirdik. Elə Dario Junioru nümunə göstərə bilərik. Bizdə aldığından 5 dəfə yaxşı təklif aldı və qəbul etdi.

 

 

- Komandanızda xeyli sayda gənc oyunçu çıxış edir. Transfer edilən yerli və legioner futbolçuların böyük hissəsi gəncdir. Bunun xüsusi səbəbi var?
- Bəli, gənc futbolçulara üstünlük veririk. Onlar daha çox öyrənmək, irəli getmək istəyirlər, üzərilərində daha çox çalışırlar. Təcrübəli futbolçu transfer etmək elə də asan deyil. Təcrübəli futbolçunun müqavilə dəyəri də yüksək olur. Geridə qoyduğumuz illərdə çox sayda gənc futbolçu "Kəpəz"də çıxış etdikdən sonra ustalıq səviyyələrini artırıb, yaxşı təkliflər alıblar. Budaq Nəsirov, Orxan Əliyev, Dario Junior, Renan Silva və başqalarını qeyd edə bilərik. Azərbaycan futbolunu bataqlıq hesab edirlər. Amma bizdə çıxış edən nə qədər futbolçu yaxşı müqavilə qarşılığında ölkə xaricinə üz tutublar. Bu səbəblərdən gənc futbolçular da bizim klubda çıxış etməyə razı olurlar.

 

- Transfer mövsümü bitdikdən sonra iki futbolçu ilə müqavilə imzaladız. Bu komandadakı problemləri aradan qaldırmaq üçün idi?
- Sual yarana bilər ki, transfer pəncərəsi bağlandıqdan sonra heyətə klubsuz futbolçu cəlb etmək nə dərəcə də düzgündür? Amma bəzən istisnalar olur. Heyətimizə qatdığımız futbolçulardan Məhəmməd Qurbanov komandaya çox faydalı oldu. Bir müddət sonra fiziki formasını bərpa edəcək. Mən onu şəxsən tanımırdım. Çox gözəl insandı. Mən onun belə biri olduğunu bilmirdim. Ba Aladji Mansur müdafiəçidir və yaxşı futbolçudur. Onun formasını bərpa etmək üçün zamana ehtiyac var. Bir müddət sonra komandaya tam kömək edə biləcək.

 

- Deyəsən bu mövsüm işiniz çox çətin olacaq. 10 tur ərzində turnir cədvəlində inanılmaz dəyişiklik olub və kifayət qədər ciddi nəticələr qeydə alınıb...
- Bəli elədi ki, var. Mən xüsusilə qeyd etmək istəyirəm, bu mövsüm ən çətin və maraqlı mövsümdü. Artıq zəif komanda yoxdur. Hamı güclüdür və futbol oynamaq istəyir. Hər bir komandanın heyətində güclü futbolçular var. "Qarabağ" Avropanı fəth edib, gücləri barədə danışmağa ehtiyac yoxdur. "Səbail" gənc oyunçulardan qurulmuş çox yaxşı komandadadı. Samir Əliyevin yetirmələri Avropada ad qoyan "Qarabağ"a əməlli başlı problem yaşatdılar. Sadəcə 90-cı dəqiqədə cərimə zərbəsindən vurulan qolla məğlub oldular. "Zirə" və "Qəbələ" çempionlu uğrunda mübarizə aparırlar. "Neftçi" Tərlan Əhmədovun gəlişindən sonra əvvəlki günlərini qaytarıb. "Sumqayıt" da çox ağıllı və baxımlı futbol oynayır. "Keşlə" çətinliklərlə üzləşsə də, güclü komandadır. Biz də "Qəbələ" kimi komandanı səfərdə məğlub edə bilmişik.  Yavaş-yavaş bu mübarizəyə qoşuluruq.

 

 

"Neftçi"yə "dur" deyən tapılmır

 

Turun son oyunu isə olduqca maraqlı alındı. Qonşu pillələrdə qərarlaşan və son zamanlar yaxşı çıxış edən iki komanda "Neftçi" və "Sumqayıt" "Bakcell Arena"da üz-üzə gəldi. Son üç oyunda qalib gələn paytaxt klubu uğurlu seriyanı davam etdirməklə yanaşı, dördüncü sıraya yüksəlməyi hədəfləyirdi. Son turda "Zirə"yə qalib gəlməklə özündən söz etdirən "Sumqayıt" isə liderlər qrupundan uzaq düşməmək və Avroliqa uğrunda mübarizə apardığı komandalardan uzaqlaşmağı hədəfləyirdi.

 

Matça inanılmaz təzyiqlə başlayan "Neftçi" 3-cü dəqiqədə hesabı açdı. Bu qolun ardınca hər iki komanda hücuma atıldı. Azərbaycan futbolunda nadir halda rast gəlinən hal baş verdi. Belə ki, hər iki komanda qorxmadan hücum futbolu oynamağa başladı. Belə oyun üslubu hər iki komandanın müdafiə xəttində təşviş yaratsa da, oyunun maraqlı keçməsinə əngəl yaratmırdı. Oyunun 38-də dəqiqəsində qonaqlar hesabı bərabərləşdirdi. Tural Axundov penaltini dəqiq yerinə yetirdi. İlk hissə bu hesabla başa çatdı.

 

İkinci yarıda oyunun tempi xeyli aşağı düşsə də, hər iki komanda hesabda önə keçmək üçün cəhdlər edirdi. Vaxt keçdikcə "Neftçi" daha çox nəzarət etməyə başladı ki, bu da "Sumqayıt"ın müdafiəyə çəkilməsinə səbəb oldu. Çoxsaylı qol imkanları əldə edən Tərlan Əhmədovun komandası fürsətləri dəyərləndirə bilmirdi. Ev sahiblərinin dayanmadan artan qol təzyiqi matçın sonlarında öz bəhrəsini verdi. Rəhman Hacıyev 88-ci dəqiqədə qapıya iti bucaq altından təyin edilən cərimə zərbəsi zamanı heç kimin gözləmədiyi halda qapıya yönəltdi. Onun zərbəsi olduqca baxımlı və dəqiq alındı. Bu qol "Neftçi"yə 3 xal qazandırmaqla yanaşı, dördüncü pilləyə yüksəlməsinə səbəb oldu. İlk 6 turdan sonra aktivində cəmi 1 xal olan flaqman artıq avrokubok mübarizəsində "mən də varam" dedi.

 

Komandanın uğurlu çıxışı Tərlan Əhmədovun baş məşqçi təyin edilməsindən sonra baş verdi. Həmin vaxt Əhmədov özü ilə "Neftçi"yə yaxşı tanış olan bir futbolçunu da gətirdi. Daha doğrusu geri qaytardı desək, yanılmarıq. Söhbət Rəşad Sadiqovdan gedir. Rəşadın liderlik kefiyyətlərindən yararlanmağı planlaşdıran mütəxəssis fikirlərində yanılmadıı. Nələr dəyişdi və baş verdi ki, "Neftçi"özünə gəlməyə başladı? Bu sual ətrafında məhz Rəşadla müzakirə apardıq.

 

 

- Tərlan müəllimlə bura gələndə komandada özünə və qələbəyə inam tamamilə itmişdi. Futbolçular nə edəcəklərini bilmirdilər. Biz öncə özünəinamı bərpa etməyə çalışdıq. Məşqçimiz futbolçularla fərdi və ümumi şəkildə söhbətlər etdi. Onlara nə etməli olduqlarını, necə davranmalı olduqlarını başa saldı. "Neftçi" kimi komandaya bu vəziyyətin yaraşmadığını başa saldı. Rəhbərlikdə ona və bizə dəstək olurdu. Yadınızdadısa, biz Tərlan müəllimin gəlişindən sonra ardıcıl iki oyunda məğlub olduq. Xüsusilə "Qəbələ" ilə oyunda (2:1) yaxşı təsir bağışladıq. Həmin məğlubiyyətlər zamanı rəhbərlik biz futbolçulara heç bir irad bildirmədi. Əziyyətimizin bəhrəsini qısa zamanda gördük. Budur, artıq neçə oyundu ardıcıl qələbələr qazanırıq və mövqeyimizi xeyli yaxşılaşdırmışıq. Bizi bundan sonra kifayət qədər çətin oyunlar gözləyir. Liderlərlə qarşılaşacağıq. Bu oyunlar bizim üçün çox vacibdi. Qeydə alınacaq nəticələr qış fasiləsindən sonra hansı məqsəd uğrunda mübarizə aparacağımızı müəyyənləşdirəcək. Əlimizdən gələni edəcəyik ki, həmin oyunlarda ən yaxşı nəticəni qazanacaq. Bunu bacarmaq üçün yaxşı gücümüz və qələbəyə inamımız var.

 

- Lider "Qarabağ"dan elə də uzaq deyilsiz. Çempionluq uğrunda mübarizə apara bilərsiz, yoxsa Avropa Liqasına vəsiqə qazanmağı hədələyirsiz?
- Hər şey qazanacağımız nəticələrdən asılıdı. Mümkünsüz heç nə yoxdur. Biz bu nəticələri əvvəldən göstərsəydik, çempionluq yarışında olacaqdıq. Amma yenə də gec deyil. Lider komandalar da gec-tez xallar itirəcəklər. Həm də belə deyim var, iştah dişin altındadı. Nə qədər yaxşı oynasaq, istəyimizə çata bilərik. Liderlərlə görüşlərdə qazanılacaq nəticələrdən sonra bu tam bəlli olacaq.

 

- Qışda fasiləsi zamanı transferlər olmalıdımı?
- Yəqin ki, rəhbərlik və baş məşqçimiz bu barədə düşünüblər. Büdcəmiz də məhduddur. Mən bildiyim qədəri ilə büdcə tam qapanıb. Bir neçə futbolçu göndərilərsə, transferlər edə bilərik. Transferlər olsa, komanda daha da güclənər.

 

- Komandaya üçüncü qayıdışındı. Meydanda ən çox can yandıran futbolçulardansan. Bildiyimiz qədəri ilə, "Neftçi"nin təklifini düşünmədən qəbul etmisən. Bu sevgidir, yoxsa başqa səbəb var.
- Sözsüz ki, bu sevgi ilə əlaqəli bir şeydir. "Neftçi" ən çox və gəncliyimdən çıxış etdiyim komandadı. Burada inkişaf edib, tanınmışam. Karyeramın 7 ili burada keçib. Heç də qısa zaman deyil. Burada işimi sevgi ilə görürəm, başqa səbəb yoxdur. "Neftçi" daha yaxşı yerlərə qaldırmaq üçün əlimdən gələni etməyə hazıram.

 

- "Netçi"dən təklif alana qədər karyeranı bitirməyə hazırlaşırdın. İndi necə düşünürsən, daha bir müddət oynamaq olar?
- Fiziki durumum, oyun formam belə davam edərsə, olar. Bu barədə mövsüm bitəndən sonra baş məşqçimizlə məsləhətləşəcəm. Gücüm imkan verərsə, oynamağı çox istəyərəm.

 

Heybət Məmmədov

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


Digər xəbərlər

Xəbər xətti