Çempion debütantı “taxtdan endirdi”

Sportarena.az      2 Noyabr 2018, 10:31

Bu gün futzal üzrə ölkə çempionatının Yüksək Liqasında 5-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, tura əzəli rəqiblərin derbisi ilə start verilib. CBC Sport televiziya kanalı ilə canlı yayımlanan qarşılaşmaya nominal meydan sahibləri yaxşı başlayıb. Düzdü, EKOL-un ilk qoluna “Neftçi” tezliklə cavab verib. Amma fasiləyə qədər EKOL daha 2 qol vurmaqla oyunun taleyini böyük ölçüdə həll etməyi bacarıb. Çünki bu iki topluq üstünlük yekunda öz əksini tapıb. İkinci hissədə 4 qol vurulsa da, “Neftçi” fərqi azalda bilməyib. Beləliklə əzəli rəqiblərin duelində EKOL qələbə qazanmağı bacarıb.

 

Günün ikinci oyunu da maraqlı keçib. Fasiləyə qədər hər iki komandanın qol vurmaq şansı olsa da, qapı torunu silkələyən olmayıb. Hesab isə ikinci hissədə açılıb. Debütant ardıcıl 2 qol vurmaqla həyəcanını boğmağa çalışıb. Amma “Xəmsə” də ardıcıl qollar vurub və tablodakı rəqəmləri eyniləşdirib. Xal itkisi ilə barışmaq istəməyən nominal qonaqlar son 3 dəqiqəni beş meydan oyunçusu ilə keçirib. “FK İD Futsal” topa nəzarət edən tərəf olsa da, rəqib torunu silkələyə bilməyib. Əvəzində “Xəmsə” boş qapını nişan almağa yaxın olsa da, tələskənlik iki epizodda onlara mane olub. “Xəmsə” hətta son dəqiqədə 10 metrlik zərbəni də tora qovuşdura bilməyib. Vaxtın tamamında isə baş hakim Elçin Məmmədov əvvəlcə “FK İD Futsal”ın qapısına 10 metrlik zərbə təyin edib, amma sonra vaxtın başa çatdığını və zərbənin ləğv edildiyini bildirərək komandaları sülhlə yola salıb.

 

Tura son çempion “Araz”la bu oyuna qədər turnir cədvəlinin zirvəsində yer alan “Marafon Futsal”ın dueli ilə yekun vurulub. Oyuna sürətli başlayan debütant standart vəziyyətdən hesabı açıb. Kapitan “çərçivə”ni dəqiq nişan almaqla həm komandasını hesabda önə keçirib, həm də çempionatdakı qollarının sayını 8-ə çatdırıb. Qolun şokunu tez dəf etməyə çalışan “Araz” nəhayət rəqib qapısına yol tapmağı bacarıb. Bu dəfə Qabriel Bastos adını tabloya yazdırmağı və komandasının bir qədər rahat oynamasını təmin edib. Bundan sonra da üstünlüyü əldən verməyən və rəqibi əsasən müdafiə olunmağa vadar edən “Araz” ikinci qol vurub. Yenə Qabriel fərqlənib. Hissənin son saniyələrində isə Karvalyo 10 metrlik zərbəni qapıdan keçirə bilməyib. İkinci hissədə ilk təhlükəli vəziyyəti nominal qonaqlar yaradıb. Amma qapıçı inamlı oynamaqla hesabın dəyişməsinə imkan verməyib. Əvəzində Tyaqo komandasının üçüncü qolunu vurmağa müvəffəq olub. 33-cü dəqiqədə isə “Araz” oyunu azlıqda davam etdirib. İkinci sarı-qırmızı vərəqə alan Eduardo meydanı tərk etdiyinə görə komandası azlıqda qalıb. Bu azmış kimi etirazını bildirən Alesio da texniki zonadan kənarlaşdırılıb, kapitan isə sarı vərəqə ilə sakitləşdirilib. Bundan sonra meydanda mübatrizə bərabər səviyyədə davam edib. Hətta sona yaxın rəqib Rizvanın avtoqulu sayəsində fərqi minimuma endirməklə intriqanı yenidən qızışdırıb. Son dəqiqədə isə debütant ardıcıl 2 şansı qaçırıb. Əvvəlcə Məcid Moravatinin zərbəsində azacıq dəqiqlik çatmayıb. Növbəti epizod zamanı isə Renat topa toxuna bilməyib. Beləliklə 4-cü qələbəsini qazanan “Araz” “Marafon Futsal”ı “taxt”dan da salmağı bacardı.

 

Yüksək Liqa, 5-ci tur
1 noyabr

Araz - Marafon Futsal 4:2
Qol: Qabriel Bastos (2), Tyaqo (2) - Renat Sultanov, Rizvan Fərzəliyev.

 

Xəmsə - FK İD Futsal 2:2
Qol: Qüdrət İsmayılov, Yamin Ağakərimzadə - Nihad İsmayılov, Anar Ağayev.

 

EKOL - Neftçi İK 5:3
Qol: Sərxan Məstiyev, Samir Həmzəyev, Fərid Atakişiyev, Namiq Məmmədkərimov - Davud Xolerdi, Sadiq Cavid, Mehram Eybeli.


DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin