Sportarena.az saytı AFFA yanında Media Komitəsinin maliyyələşdirdiyi "Ölkədaxili yarışların işıqlandırılması və təbliği, bölgələrin ölkədaxili yarışlardan kənarda qalması, ölkədaxili yarışların nüfuzu" mövzusunda layihənin icrasına davam edir.
Layihə çərçivəsində üçüncü yazımızı xeyli müddətdir Birinci Divizionda çıxış edən və hazırda bu turnirin lideri olan "Qaradağ Lökbatan"a həsr etmək qərarına gəldik.
"Qaradağ Lökbatan" adından bəlli olduğu kimi Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsini təmsil edir. Bu komanda neçə ildir ki, divizionda mübarizə aparır. "Qırmızılar" bir dəfə - 2011/12 mövsümündə çempionluq sevinci yaşayıb. Komandanın digər mövsümdəki nəticələri də heç də pis olmayıb. "Qaradağ Lökbatan" ən pis halda mövsümün sonunda dördüncü pillədə qərarlaşıb. Görünən odur ki, komanda həmişə ilk üç yer uğrunda mübarizə aparıb.
Cari mövsümdə isə "Qaradağ Lökbatan" uğurlu çıxış edir. Yuxarıda vurğuladımız kimi, komanda Birinci Divizionun lideridir. Lökbatan təmsilçisi geridə qalan 7 tur ərzində 6 dəfə qələbə qazanıb. Cəmi 1 görüşdə heç-heçə edib. Turnirin yeganə məğlub olmayan komandası 12 dəfə fərqlənə bilib. Bu göstəricidə yalnız MOİK liderlə ayağlaşa bilib. "Hərbiçilər"in aktivində də eyni sayda qol var. Həbib Ağayevin rəhbərlik etdiyi komandanın müdafiə xətti etibarlığı ilə diqqət çəkir. Qapısında sadəcə 4 top görən "Qaradağ Löhbatan" bu göstəricidə liderdir.
Yazımızın mövzusundan çox uzaqlaşmadan keçək mətləbə. Liderlə bağlı reportaj hazırlamaq üçün yollandıq Lökbatan qəsəbəsinə. Həmin gün - noyabrın 8-də komandan növbəti ev oyununu keçirirdi. Lökbatanlıların rəqibi divizionun debütantı "Xəzər" komandası idi. Klubun ev oyunlarını keçirdiyi Lökbatan Olimpiya idman kompleksinin stadionuna daxil olduğumuz zaman bizi klubun prezidenti Tahir Mustafayev qarşıladı. Mustafayev bir neçə dəqiqəlik söhbət etdik və klubun bazası ilə tanış olduq. Klubun məskunlaşdığı Olimpiya kompleksində komanda üçün hər bir şərait yaradılıb. Otel, idman zalları, futbol meydançaları, tutumu 2500 nəfərdən ibarət olan böyük meydança və iri avtodayanacaq fəaliyyət göstərir.
Daha sonra Tahir bəy matçı onunla birgə izləməyi təklif etdi. Klub prezidenti bildirdi ki, komandasının bütün oyunlarını bir başa arenadan izləyir. Ona xoş olmayan məqaram matça start fitindən sonra çatmasıdı. İtirilən vaxt ərzində baş verəcək maraqlı hadisələri, qolları və digər epizodları qaçırmaq, sonradan video şəkildə izləməyi sevmir.
Karyeram ərzində ilk dəfə idi ki, klub prezidenti ilə birgə oyun izləyirdim. Amma bu vaxta kimi çox az halda eşitmişdim ki, hansısa klubun rəhbəri komandanın düzülüşünü, məşqçi tərəfindən futbolçulara verilən tapşırığı və oyunçuların bacarıqlarını bu qədər yaxşı bilsin. O, məşqçilər kimi oyunu ayaq üstə izləyirdi. İmkan düşdükcə bizə komanda və oyunçular haqqında məlumat verirdi. Tahir bəy imkan düşən kimi rəqib komandadakı keçmiş futbolçuları haqqında da bizə məlumat verdi. Hətta rəqib olmasına rəğmən, bir sıra oyunçuları yaxşı tanıdığı da məlum oldu.
Oyuna gəlincə, qarşılaşmanın ilk hissəsi qarşılıqlı hücumlar şəraitində keçirdi. Komandalar üstünlüyü ələ almağa çalışsalar da, buna nail ola bilmirdilər. Bununla belə, matçı izləmək üçün stadiona gələn azarkeşlər maraqlı mübarizənin şahidi olurdular. Qapılar qarşısında kifayət qədər qol epizodları yaşansa da, komandalardan heç biri fərqlənə bilmədilər. Ancaq ikinci hissəyə "Qaradağ Lökbatan" yaxşı başladı. Komanda rəqib üzərində üstünlük və təzyiq yaratmağa başladı. Görünür fasilə zamanı baş məşqçi Həbib Ağayev futbolçularına ikinci yarıda necə oynamalı olduqlarını və rəqibin zəif cəhətlərini yaxşı başa sala bilmişdi.
İkinci hissəyə Emin Mustafayevin (46-cı dəqiqədə) qolu ilə başlayan ev sahibləri rəqib özünə gəlməmiş Sabir Allahquliyevin 51-ci dəqiqədə vurduğu qol sayəsində üstünlüklərini iki topa çatdıra bildilər. Bundan sonra "Qaradağ Lökbatan"ın qol vurmaq üçün imkanları olsa da, futbolçular ələ düşən imkanlardan yararlana bilmədilər. "Xəzər"in bütün cəhdləri də uğursuzluqla nəticələndiyindən hesab sona kimi dəyişmədi - 2:0.
Görüş ərzində diqqət çəkən məqam hər iki komandanın baxımlı futbola üstünlük verməsi idi. Xüsusilə, "Qaradağ Lökbatan" baxımlı oyunu ilə seçilirdi. Hətta hesabda 2 top fərqi ilə üstün olmalarına rəğmən, ev sahiblərinin müdafiəyə qapanmamasını və rəqibiə açıq futbol təklif etməsini xüsusilə vurğulamaq lazımdır. "Qırmızılar"ın hakimin yekun fitinə qədər qol axtarışında olması, oyunun gedişində tempin bir dəqiqə olsa belə aşağı düşməsinə imkan vermədi.
Tahir Mustafayev komandanı təbrik etmək və qonaqları - "Xəzər" klubunun rəhbərliyini yola salmaq üçün yollandığı vaxt fürsətdən istifadə edib komandanın ev oyunlarını keçiridiyi Olimpiya kompkleksinin direktoru Elşad Ağayevlə söhbətləşdik. Matç boyunca qarşılaşmanı maraqla izləyən Ağayev bildirdi ki, burada komandanın məskunlaşması və oyunlarını keçirməsi baxımından hər cürə şərait var.
"Gördüyünüz kimi, komandanın ixtiyarında böyük meydança, otel və idman zalları var. İnfrastrukturumuz yaxşı vəziyyətdədir. Kompleks olaraq əlimizdən gələni edirik ki, "Qaradağ Lökbatan"ın şəraiti yaxşı olsun. "Qaradağ Lökbatan"ın aşağı yaş qrupları da burada məşq edir. Biz təkcə futbolla kifayətlənmirik. Burada cüdodan tutmuş şahmata kimi 12 idman növünün sirrləri uşaqlara öyrədilir".
Daha sonra Tahir Mustafayevin kabinetinə yollandıq. Otaqda öncədən razılaşdığımız kimi klub prezidenti ilə yanaşı baş məşqçi Həbib Ağayev də vardı. Çay süfrəsi arxasında görüşlə bağlı fikir mübadiləsi apardıqdan sonra Ağayevlə müsahibəyə başladıq.
- Mövsümün başlamasına bir neçə gün qalmış baş məşqçi təyin edilsəz də, işləriniz yaxşı gedir...
- Bəli, elə vəziyyət yarandı. Komandanı təhvil alanda mövsümün başlamasına çox az vaxt qalmışdı. Komanda ilə işləməyə demək olar ki, vaxtım olmadı. Amma keçmiş baş məşqçi Azər Bağırovun köməkçisi kimi çalışdığımdan komandanı tanıyırdım. İlk turda MOİK-lə qarşılaşırdıq. Birinci hissəni 5 müdafiəçi ilə oynadıq. İkinci hissədə 4 müdafiəçili sistemə keçdim, qalib gəldik. Azər Bağırov 5 müdafiəçili sistemə üstünlük verirdi. Mən isə 4 müdafiəçili sistemi tətbiqi etməyi xoşlayırdım. Ondan sonra məşqlərimiz bu yöndə oldu. Vaxt keçdikcə pillə-pillə artmağa başladıq. Bu proses hələ bir müddət davam edəcək.
- Belə tez uğur qazanmağınızda Azər Bağırovun köməkçisi olmağınızın və komandanı yaxşı tanımağınızın rolu oldumu? Köməkçilər baş məşqçilərin sağ əli olurlar və komandaya daha çox onlar yaxın olurlar...
- Komandanı tanıyırdım. Amma biz Azər Bağırovla fərqli məşqçilərik. Onunla fikirlərimiz, oyun üslubumuz bir deyildi. Məsələn, Yurgün Kloppla Tomas Tuxel bir yerdə çalışsalar da, fərqli xarakterə üstünlük verən məşqçilərdi. Biri aqresiv hücum futbolunu sevir, digəri yavaş və topu saxlamağa meyilli məşqçidir. Biz də elə idik. Amma onu bildirim ki, Azər Bağırov komandanı kənardan izləyən məşqçilərdən olmayıb heç vaxt. Məşq zamanı meydanda olurdu. Amma mənim fikirlərimi alırdı. Onun köməkçisi idim. Əsas söz sahibi o idi.
- Komanda rəqiblərindən xeyli uzaqlaşıb. Bu gələcək turlarda futbolçularda arxayınçılıq yaratmaz ki?
- Komandanın rəqibləri ilə xal fərqi getdikcə artır. Hamı istəyirik ki, "Qaradağ Lökbatan" büdrəsin, xal fərqi azalsın. Bunların hamısı mübarizədi. Futbolçuların arxayınlaşmaması yönündə işlər görürük. Onlarla söhbətlərimiz olur. Futbolçulara hər oyunda meydana qələbə üçün çıxmalı olduqlarını başa salırıq. Bildiririk ki, bundan sonrakı oyunlar daha çətin olacaq. Çünki komandalar bizə qarşı ciddi hazırlaşacaqlar. Biz də öz növbəmizdə ehtiyatı əldən verməməliyik.
- Bu il komandaların sayı az olsa da, sanki komandalar arasında səviyyə fərqi əvvəlki illərdəki kimi yüksək deyil. Sizdən başqa hamı xallar itirir. Bu yaxşı haldı, yoxsa əksinə?
- Mən əvvəllərdə Birinci Divizionda işləmişəm. "Neftçala"da Kamal Quliyevin köməkçisi olmuşam, burda da eyni vəzifəni icra etmişəm. Amma geridə qalan illər ərzində bu cür səviyyəli və rəqabətcil çempionat görməmişəm. Komandaların hər biri meydana 3 xal üçün çıxır. Hamının xal itirmək imkanları yüksəkdi. Turnir cədvəlidə onu göstərir. Bu səviyyə fərqini göstərir. Rəqiblərimizlə oyunlarımız artıq çox çətin keçir. Heç kimi asanlıqla məğlub etmək mümkün deyil.
- Komandanızda kifayət qədər gənc və təcrüəbli futbolçular var . Onların səviyyəsi sizi qane edirmi? Premyer Liqada çıxış etmək imkanlarını necə dəyərləndirirsiz?
- Sizə bir söz deyim, divizionda yaxşı oyunçular var. Onlar Premyer Liqada rahatlıqla iştirak edə bilərlər. Amma Premyer Liqa klublarının məşqçiləri gəlib oyunlarımızı izləmirlər. Hələ bir dəfə eşitməmişəm ki, hansısa məşqçi gəlib oyunumuzu izləsin. İzləsələr, burada yaxşı futbolçuların olduğunu görərlər. Bir nümunə çəkə bilərəm. Amil Yunanov "Rəvan"ın heyətində Birinci Divizionda oynayıb. İndi baxın hansı səviyyədədir. "Sumqayıt" qol silahına çevrilib. Samir Abbasov onu görüb, bəyənib, şans verib. İndi də nəticəsini alır.
Biz Premyer Liqaya vəsiqə qazansaq, qarşımıza bir məqsəd qoymuşuq ki, öz futbolçularımızla oynayaq. Bizim istəyimiz belədir. Komandanın gücünə də inanırıq. Çox yaxşı gənc oyunçularımız var. Onların potensialı yüksəkdir. Oynadıqca inkişaf edəcəklər.
- Komanda olaraq gənc oyunçulara üstünlük verirsiz. Gənc oyunçuların yetişməsi üçün "Qaradağ Lökbatan"ın nə kimi imkanları var?
- Bizim aşağı yaş qrupları üzrə komandalarımız var. Onların inkişafı üçün rəhbərlik hər bir şərait yaradıb. Uşaq komandaların maddi-texniki bazası yüksək səviyyədədir. Onların inkişafı üçün biz məşqçilər də əlimizdən gələni edirik. Fürsət düşən kimi özüm də onlarını məşqlərini, oyunlarını izləyirəm. Uşaqların hər biri istəklidilər. Can atırlar ki, futbolun sirrlərini öyrənib, inkişaf etsinlər. Bizə də elə bu lazımdır. Çox istəyirik ki, klubumuzda elə bu ərazidə boya-başa çatmış uşaqlar oynasınlar. Lökbatanda isə həmişə futbolçu yetişib. Elə indinin özündə də aparıcı klublarımızın heyətində lökbatanlı futbolçular. Bura futbolla yaşayan bölgədi.
- Ölkə kubokunda "Qarabağ"la qarşılaşacaqsız. Ağdam klubunun adı, gücü hər kəsə məlumdur. Ölkə çempionu ilə oyun "Qaradağ Lökbatan"a nə qazandıracaq?
- "Qarabağ"a qarşı oynamaq bizim üçün şərəfdir. Bu komandanın Çempionlar Liqasındakı oyunlarını böyük həvəslə izləyirik. Onların hansı gücə sahib olduqları məlumdur. Biz bu qürur duyuruq ki, belə komandaya qarşı oynayacağıq. Bu görüş bizə təcrübə baxımından çox şey qazandıracaq.
- Sonda hər hansı sözünüz varmı?
- Mənə şans verdikləri və dəstək olduqları üçün rəhbərliyə təşəkkür edirəm. Onlar bizim üçün hər cür şərait yaradırlar. Şükür Allaha heç bir problemimiz yoxdur, heç bir çatışmazlığımız yoxdur. Daima komandanın yanındadılar. Məskunlaşdığımız bazada hər cür şərait var. Bu imkanlar bəzi Premyer Liqa klublarında demək olar ki, yoxdur. Biz də öz növbəmizdə çalışacağıq ki, qazanacağımız qələbələrlə, mövsümün sonunda isə çempionluqla rəhbərliyi sevindirək.
Daha sonra klub prezidenti Tahir Mustafayevlə həmsöhbət olduq. Onunla klubun gələcək hədəflərindən, görülən işlərdən danışdıq.
- Tahir bəy, xeyli vaxtdır komandaya rəhbərlik edirsiz. Çempion da olmusuz, mükafatçılar siyahısında da yer almısız. Bu dövr sizin üçün necə keçdi?
- Bu barədə qısa danışacam. Mən bura gələn il komanda çempion oldu. Bir onda ürəyim istəyən futbolu gördüm. Açıq deyirəm, neçə illərdi axtardığım futbolu indi görməyə başlayıram. Düzdü, komanda həmişə mükafatçılar siyahısında olub, yaxşı yerlər uğrunda mübarizə aparıb. Ancaq komanda bu il "pişib". Bu yerə gəlmişiksə, bunun qədrini bilmək, üzərimizdə daha çox çalışmaq lazımdır. Amma bu azdır, daha da irəli getmək lazımdır. Bir yandan da sevinirik ki, günü-gündən irəliyə doğru bir yox, iki addım atırıq. İstədiyimi deyəsən tapmışam.
- Azərbaycanda klub prezidentlərinin əksəri nəticəyə üstünlük verirlər. Komadadan gözəl oyun tələb edənlər də var. Bəs sizin üçün hansı məqam daha üstündür?
- Hamı istəyər ki, bütün oyunlarda 1:0 hesabla udsun. Necə oynamağından asılı olmayaraq. Bütün oyunları 1:0 hesabı ilə qalib gələrsə, sonda çempion olur, elə deyilmi? Üstündən 15 il keçəndən sonra nəticə yadda qalacaq. Məsələn, deyəcəkər ki, filan ilə "Qaradağ Lökbatan" oldu. Deməyəcəklər ki, necə çempion oldu? Mən də həmişə istəmişəm ki, həmişə alınımız açıq olsun. Reallıq nədir o olsun.
Hər şeyə vaxtında öz qiymətini vermək lazımdır. Məşqçimizlə həmişə səmimi olmuşam. Yaxşıdı yaxşı demişəm, nəsə pisdisə pis demişəm. Sonradan danışmaq lazım deyil. Məşqçinin işinə qarışmağı, kənardan oyuna müdaxilə etməyi xoşlamıram. Bu peşəkarlıq olmaz.
- Klubun infrastrukturu yaxşı vəziyyətdədi. Bu şərait siz gələndə də var idi, yoxsa siz özünüz sonra bu imkanları yaratmısız?
- Mən bura gələndə şərait var idi. Sadəcə zaman keçdikcə bəzi dəyişikliklər olur. Çalışırıq zamanla ayaqlaşaq. Şəraitlə özünüz tanış olmusuz. Çatışmazlıqlar varsa, bunları aradan qaldırmaq mümkündür. İnrastruktur baxımından problemimiz yoxdur. Gördüklərinizdən sonra özünüz deyin ki, biz Premyer Liqaya layiqik, yoxsa yox?
- Bəs Premyer Liqa ilə bağlı nə kimi planlarınız var?
- Hazırda biz bu barədə düşünmürük. Bütün diqqətimizi bura yönəltmişik. Neçə ildir ki, çempionluq üçün alışıb-yanıram. Bizim birinci pillədə olmağımız o demək deyil ki, çempionuq. Və ya ikinci, üçüncü olacağıq. Xeyr, biz sonra yeddinci də ola bilərik, onuncu da. Hələ 20 oyunumuz var. Premyer Liqanı istəyərəm. Sadəcə indi diqqətimizi bu yarışa yönəltmişik. Məqsədimiz olduğumuz yerdə birinci olmaqdı. Burada yer tutub Premyer Liqaya vəsiqə qazanaq, digər məsələlər öz həllini tapacaq.
- Baş məşqçi vurğuladı ki. gənc futbolçulara xüsusi diqqət yetirilir. Müasir futbolda klublar uşaq futboluna xüsusi həssaslıqla yanaşırlar. Sizdə vəziyyət necədi?
- İsti-isti sizə bir xəbər deyim. Elə alındı ki, U-19 komandasının oyunu izləmək imkanımız oldu. Həbib müəllim bir baxışdan futbolçulardan birini əsas komandaya dəvət etdi. Artıq məşqlərə də başlayıb. Aşağı yaş qrupları baş məşqçinin də, bizim də diqqətimizdədi.
- "Qaradağ Lökbatan"ın klub olaraq ümumi vəziyyətindən razısızmı?
- İndi belə bir pilləyə yüksəlmişik ki, biz heç kimi axtarmırıq. Artıq jurnalistlər, azarkeşlər, dostlar tanışlar bizimlə maraqlanırlar. Sözümü səhv anlamayın. Biz gördüyümüz işlə hamıda maraq oyatmışıq. Artıq biz heç bir qapını döymürük ki, bu məhsulu reklam edin və ya dəstək olun. Özünüz gördünüz, oyuna nə qədər azarkeş gəlmişdi. Biz onları qapı-qapı gəzib stadiona yığmamışdıq. Özləri bizi izləməyə gəlmişdilər. Gün ötdükcə azarkeşlərimizin də sayı artır. Necə ki, "Qarabağ"ın reklamı ehtiyaca yoxdur, bizdə çempionatımıza, özümüzə görə öndəyik. Kimsə deyə bilər ki, nə ediblər sevinirlər. İnsan hər uğuruna, hər irəliyə atılan addımına görə sevinməlidir. Biz də öz uğurlarımıza sevinirik. Böyük uğurlara imza atmaq elə buradan başlayır. Bu uğurları sizinlə bölüşmək bizim üçün çox xoşdur.
Heybət Məmmədov
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.