Sportarena.az saytı AFFA yanında Media Komitəsinin maliyyələşdirdiyi "Ölkədaxili yarışların işıqlandırılması və təbliği, bölgələrin ölkədaxili yarışlardan kənarda qalması, ölkədaxili yarışların nüfuzu" mövzusunda layihənin icrasına davam edir.
Layihə çərçivəsində dördüncü yazımızda Birinci Divizionun debütantı "Sabah"dan bəhs edəcəyik. Azərbaycan respublikasının Təhsil Nazirliyi tərəfindən 2017-ci ilin yaradılan komanda ilk vaxtlar "Vətən" adlandırılırdı. Bu ad yəqin ki, bir çoxlarınıza yaxşı tanışdı. "Vətən" İdman məktəbi uşaq futbolunda kifayət qədər böyük nüfuza sahibdir. Bu məktəb bütün yaş qrupları üzrə turnirlərdə təmsil olunur. Ancaq nazirlik mövsümün başlamasına bir neçə gün qalmış qərarını dəyişərək klubu "Sabah" adlandırdı. Bu, i qərar ilk günlərdə kikayət qədər müzakirələrə səbəb olsa da, tədricən vəziyyət dəyişdi. Təhsil Nazirliyinin dəstəyi ilə yaradılan bu klubun məqsədi, faəliyyəti nədən ibarətdir? Ölkə futboluna xeyir verə biləcəkmi?
Bu suallarımıza cavab tapmaq üçün yollandıq "Sabah"ın düşərgəsinə. Həm də komanda ilə tanış olduq, həm də sturukturu yeni qurulan komandanın əsas söz sahiblərindən olan və eləcə də əsas komandanın baş məşqçisi olan Arif Əsədovla söhbətləşdik. Arif Əsədov klub yaranan ilk gündən buradadır. Onun ilk işi komandanı formalaşdırmaq idi. Sonrakı mərhələ isə bundan sonra - daha dəqiqi qış fasiləsindən sonra başlayacaq.
Öncə qısa şəkildə bildirək ki, komanda hazırda 9 turdan sonra turnir cədvəlində 8 xalla 9-cu sırada qərarlaşıb. Bu, komandanın daxilindəki vəziyyətdən xəbər vermir. Heyətə nəzər yetirdiyimiz qədər "Sabah"ın daha çox gənc futbolçulardan qurulduğunu görə bilərik. Oyunçuların əksəri böyük futbolda ilk mövsümlərini keçirirlər.
Təhsil naziri Mikayıl Cabbarovun bir başa nəzarətində olan "Sabah" ev oyunlarını Binə qəsəbə stadionunda keçirir. Buna səbəb klubun infrastrukturunun olmamasıdır. Bu səbəbdən komandanın azarkeş sarıdan problemi var. Biz komandanın məşqi zamanı orada olduq. "Sabah"ın hazırlığını yaşlı nəslin bir neçə nümayəndəsi, eyni zamanda, stadionun kənarından yaxınlıqdakı məktəbin şagird və valideynləri izləyirdilər.
"Sabah"la bağlı kifayət qədər qaranlıq qalan suallar var idi ki, cavablandırılmalıydı. "Sirrli qutu"ya bənzəyən komandanın sirrlərini məhz Arif Əsədovla açmağa çalıdıq.
- "Sabah" yaranan ilk gündən klubdasız. Komandanın yaranma proses necə başladı?
- Komanda iyulun 20-dən qurulmağa başladı. Bildiyiniz kimi, "Vətən" idman məktəbinin nəznində aşağı yaş qrupu üzrə komandalar var idi. U-17 və U-19 komandaları ötən mövsüm müvafiq yaş qrupları üzrə çempionatda çıxış etmişdilər. Mövsüm bitdikdən sonra isə həmin komandaların üzvləri "Səbail"ə verilmişdi. Bu səbəbdən kökü olmayan yerdən komanda qurmağa başladıq. Təklif gələn zaman düşünüb, dəyərləndirdim. Müsbət cavab verməyimdə əsas rolu komandanın arxasında Təhsil Nazirliyi kimi etibarlı qurumun olması idi. Sturukturlu iş idi. Həm də bir başa nazir Mikayıl Cabbarovun da bu məsələ ilə maraqlanması da məni bu işə cəlb etdi. Məhz onunla görüşdən sonra gələcəyin gördüm ki, burada komandası qurulacaq. Ona görə də razılıq verdim.
İlk tapşırıq o oldu ki, çətin də olsa, komanda quraq. Biz də işimizə seleksiya ilə başladıq. 60-a yaxın futbolçunu sınadıq. Həmin vaxt tanıdığımız, tanımadığımız futbolçuları sınadıq. Hətta elan verdik ki, kim istəyir baxışa gəlsin, qapımız açıqdır. Avqust ayında təlim-məşq toplanışımız planlaşdırılmışdı. Həmin vaxta qədər seçim etdik. 15-20 futbolçunu bəyənib, komandada saxladıq.
- "Vətən"in aşağı yaş qruplarından komandaya futbolçular cəlb olundumu?
- Bayaq dediyim kimi, 2 yaş qrupu üzrə futbolçular "Səbail"ə verildiyindən bu sarıdan çətinlik oldu. Amma kənarda qalan futbolçuları cəlb etdik. Oruc Bayramov elə futbolçulardan biri idi. Uzun müddət zədəli olmuşdu, bərpa dövrü keçirdi. Onu komandaya cəlb etik. Eyni zamanda, Təhsl Nazirliyinin nəznində olan Uşaq Gənclər İdman Məktəbinin komandalarından da futbolçular götürdük.
- Komandanın iştirak ərizəsinə baxan zaman təəccüblənməmək mümkün deyil. Yaşı 20-dən yuxarı olan barmaqla sayılacaq qədər futbolçu var...
- Bəli, nazirlə görüşdə söhbətimiz oldu ki, gənc komanda quraq. Hardasa, yaşı 20-dən yuxarı olan 4-5 futbolçumuz var. Digərlərinin yaşı azdı. Bu, gələcək üçün hesablanmış addımdı.
- Klubun qarşısına qoyulan məqsəd nədi?
- Bugünki günə qədər məqsəd komandanı formalaşdırmaq idi. Bu artıq baş verib. Yaxın günlərdə Mikayıl Cabbarovla yenidən görüşüb, qış fasiləsindən sonrakı dövr üçün müzakirələr aparacağıq. O zaman komandanın məqsədi, heyəti tam bəlli olacaq.
- Komandanın stadion seçimi qəribə gəldi. Binə qəsəbəsinin eyni adlı təmsilçisi var. Niyə məhz Binə stadionu?
- Klub yeni qurulduğundna infrastruktur baxımındna bir sıra problemlər var. İlk vaxtlarda Bibiheybət tərəfdə bir stadion bizə təklif edilmişdi. Bəzi səbəblərdən orada oynaya bilmədik. Binə stadionu Təhsil Nazliyinin nəznində olduğundan qərara alındı ki, müvəqqəti olaraq ev oyunlarımızı burada keçirək. Lazım olanda "Vətən"in akademiyasının medydançasında da məşq edirik.
- Binədə başqa bir klubun olduğunu nəzərə alsaq, yəqin ki, azarkeş probleminiz var. Bu məsələni necə həll etmək istəyirsiz?
- Son olaraq "Xəzər"lə burada oynayırdıq. Azarkeş sarıdan promlem var idi. 20-30 nəfər oyunumuzu izləyirdi. Futbolçuların yaxınları, qohumları dəstəyə gəlirlər. Nazirin göstərişi ilə bu və media ilə əlaqələrlə bağlı işlərə başlanılıb. Bu məsələ ilə əlaqəli şəxslərlə müzakirələr aparırıq. Azarkeşlərin stadiona cəlb olunması ilə bağlı işlər görüləcək. Bunun hansı formada olacağını, zamanla görəcəyik.
- Komandanın hədəfləri arasnda Premyer Liqada oynamaq varmı?
- İndiki vəziyyətdə bu çətin məsələdi. Çünki bu komanda istədiyim kimi formalaşmayıb. Tələsik qurulan komandadı. Heyətdə oyunçu sayıda çox deyil. Belə deyim, ilk 4 turdan sonra ikinci sırada qərarlaşmışdıq. Daha sonra zədələlənən və cəzalanan futbolçular oldu. Ehtiyat qüvvəmiz zəif olduğundan sonradan nəticələrimiz də yaxşı olmadı.
Premyer Liqada oynamaq məsələsi büdcədən asılı olan bir şeydi. Mikayıl Cabbarovla görüş zamanı bu məsələlərin müzakirəsi olacaq. Futbolçuların maaşı ilə bağlı büdcə artırılarsa, bu mümkün ola bilər. Görüş zamanı stadion və digər məsələlər də müzakirə ediləcək.
- Futbol ictimaiyyəti üçün komandanın adı gözlənilməz oldu. Niyə "Sabah"?
- Bu, rəhbərliyin qərarı oldu. Təhsil Nazirliyinin Sabah adlı istedadlı gənclər qrupu var. Onunıla bağlı məsələdi. Həmin qrup gələcək üçün hesablanıb. Elə klubun özü də eyni məqsədlə yaradılıb.
Daha sonra komandanın kapitanı İlqar Ələkbərovla söhbətləşdik. Uzun illər Premyer Liqada çıxış etmiş futbolçu "Sabah"ın liderlərindən biridir. O, söhbətə komandadakı çətinliklərdən danışmaqla başladı:
"Yeni komandayıq, çətinliklərimiz. Heyətdə təcrübəsiz futbolçuların sayı çoxdur. Əsas məsələ budur. Qarşıdan qış toplanışı gəlir. Çalışacağıq həmin vaxt problemləri aradan qaldırmağa çalışacağıq. Təcrübəsizliyə rəğmən, istedadlı futbolçular var. Hədəfimiz Premyer Liqada oynamaqdı. Qarşımıza bu iddianı qoymuşuq. Bunu bacarmaq üçün potensialımız da var".
O, Birinci Divizionun əvvəlki mövsümlərdən fərqli olaraq mübarizələrin çətin keçdiyini, burada inkişaf etməyin mümkün olduğunu bildirdi:
"İndiki mövsümdə Birinci Divizion əvvəlkilərdən fərqli olaraq daha maraqlıdı. Komandalar kifayət qədər güclüdür. Yeni yaradılan komandalar da çempionatı maraqlı edirlər. Bu mübarizədə uğurlu olmaq üçün məqsəd və istək olmalıdı.
Artıq burada vəziyyət əvvəlki kimi deyil. Yaxşı komandamız və Arif Əsədov kimi məşqçimiz var. O, bizə çox kömək olur. İnkişaf etməyimiz üçün əlindən gələni edir. Səhvlərimiz olanda deyir".
Kapitan azarkeşlərlə bağlı məsələyə də toxundu:
"Çox istəyərdik ki, azarkeşimiz olsun. Azarkeş komanda üçün həqiqətən də 12-ci oyunçu kimidir. Azarkeş qarşısında oynmaq özü bir məsuliyyətdi. Azarkeş qarşısında oynayanda futbolçunun motivasiyası da yüksələcək. Ümid edirik ki, zaman keçdikcə bu problemimiz həll olunacaq".
Daha sonra komandanın gənc üzvlərindən biri 19 yaşlı Murad İsmayılzadə ilə də söhbətləşdik. O, öncə böyük futboldakı ilk mövsümündə üzləşdiyi problemlərdən danışdı və Arif Əsədovun onlara dəstək olduğunu vurğuladı:
"Böyük futbolda ilk mövsümümdü. 19 yaşım var, hələ öyrənirəm. Böyük futbolda ilk oyunlar çətin keçirdi. özümdən 10 yaş böyük futbolçularla ilk dəfə idi üz-üzə gəlirdim. Onlara qarşı necə oynamalı olduğumu bilmirdim. Eyni zamanda, komanda daxilində özümün necə aparmalı, nə etməli kimi şeyləri bilmirdim. Vaxt keçdikcə öyrənməyə başladım. Baş məşqçimiz Arif Əsədov da mənə və gənc yoldaşlarıma dəstək olur. Arqressiv insan deyil, səbrlidir və öyrətməyi çox xoşlayır. Vaxt keçdikcə, özümüzü doğrultmağa çalışırıq".
Sonda isə Arif müəllimin onları milli komandalarda görmək istədiyini də bildirdi:
"Arif müəllim çox istəyir ki, milli komandalara futbolçu versin. Bu, onun arzusudur. Bizə bu yöndə çox şey öyrədir. Biz də istəyirik ki, həm məşqçimizin etimadığını doğruldaq, həm də milli komandalarda oynayaq".
Yeni yaradılan "Sabah"ın bir sıra problemlərinin olması qaçılmazdı. Qısa zaman kəsiyində qurulan klubun sturukturundakı problemlər məhz qış fasiləsinə doğru baş məşqçi Arif Əsədovun Təhsil Naziri Mikayıl Cabbarovla görüşündə müzakirə edildikdən sonra böyük ehtimalla həll ediləcək. Görüləcək işlər tam proqramlaşdırıldıqdan sonra "Sabah"ın gələcəyi müəyyənləşəcək. Komandaya yaradılan yüksək şəraiti gördükdən sonra digər məsələlərin qısa zaman kəsiyində həll olunacağına inanmaq olar. Çünki Mikayıl Cabbarov komandanın rahatlığı üçün hər bir şərait yaradıb. Hətta komandanın inzibati işçiləri ilə söhbətdə forma, top və digər idman ləvazimatları sarıdan heç bir problemlərinin olmadığını gördük. Bizə isə hələ ki gözləmək qalır. Görək, futbolumuzun "Sabah"ı necə olur və ya "Sabah" futbolumuza nələr verəcək?
Heybət Məmmədov
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.