Rizvan Fərzəliyev: "Bu yarış bizim üçün çox vacibdi"

10:16 1 Dekabr 2017

Dekabrın 2-dən 7-dək İranın İsfahan şəhərində təşkil ediləcək “4 Top Nations” beynəlxal turnirində iştirak edəcək futzal üzrə Azərbaycan milli komandasının üzvü Rizvan Fərzəliyevin iştirakı ilə bu gün Bakı İdman Sarayında brifinq keçirilib.

 

Sportarena.az xəbər verir ki, təcrübəli oyunçu bunları söyləyib:

 

“Noyabrın 28-dən milli komanda təlim-məşq toplanışına başlayıb. Həmin gün iki, qalan günlərdə bir dəfə olmaqla məşqlər keçirik. Əsasən taktiki planda çalışırıq. Sabah gecə saatlarında İrana yola düşəcəyik. Təşkilatçı ölkə ilə bərabər, güclü Rusiya və Qazaxıstanla oyunlar keçirəcəyik. Bu yarış bizim üçün çox vacibdi. Çünki bir aydan sonra Avropa çempionatının final mərhələsində iştirak edəcəyik. Həmin yarışöncəsi bu turnir sonuncu sınağımızdı. Çalışacağıq ki, layiqli oyun göstərib yüksək nəticə ilə qayıdaq və Avropa çempionatına hazırlığımızı major notlarda davam etdirək. Qitə birinciliyində böyük yarışların daimi favoritlərindən hesab edilən İspaniya və Fransa kimi maraqlı komanda ilə qarşılaşacağıq. Əlbəttə, ən azı ¼ finala yüksəlmək üçün mübarizə aparacağıq”.


Xəbər xətti