Premyer Liqanın birinci yarısında nələr yaşandı? - LAYİHƏ

01:27 12 Dekabr 2017

Sportarena.az saytı AFFA yanında Media Komitəsinin maliyyələşdirdiyi "Ölkədaxili yarışların işıqlandırılması və təbliği, bölgələrin ölkədaxili yarışlardan kənarda qalması, ölkədaxili yarışların nüfuzu" mövzusunda layihənin icrasına davam edir.

 
Layihə çərçivəsində yeddinci yazımızda sizi Azərbaycan Premyer Liqasının 2017/18-ci il mövsüsümünün birinci yarısının yekunları ilə tanış edəcəyik.

 

Bu mövsüm əvvəlki illərdən daha fərqli şəkildə keçdi. Bunun əsas səbəbi son ölkə çempionu "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanası idi. Artıq Premyer Liqamız təkcə bizim üçün yox, "Qarabağ"ın rəqibləri və avropalılar üçün maraqlı olmağa başlamışdı. Azərbaycan çempionun Avropanın ən nüfuzlu klub turnirində iştirakı və adının 32 güclü klub sırasında olması çempionata olan marağı artırmaqla yanaşı, klubları da rəqabət aparmaq baxımından həvəslənsirməli idi. Proqnozlar müəyyən qədər özünü doğrultmadı. Mövsümün ilk yarısı bir sıra maraqlı məqamlarla yadda qaldı. Bu barədə yazının gedişində məlumat verəcəyik.

 

 

"Qarabağ"a çatmaq yenə mümkün olmadı

 

Bu mövsümün çempionluq mübarizəsinin daha gərgin keçəcəyi proqnozlaşdırılırdı. Bunun əsas səbəbi son illərin dəyişməz çempionu "Qarabağ" ilə rəqabət aparmağa qadir olan "Qəbələ"nin əvvəlki mövsümlərdən fərqli olaraq bu dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazana bilməməsi göstərilirdi. Yayda ciddi dəyişikliklərə məruz qalan "qırmızı-qaralar" mövsümün ilk turlarında heç də uğurlu çıxış etmədilər. 3-cü turda "Qarabağ"la görüşdə qeydə alınan məğlubiyyət (2:1) Roman Qriqroçukun rəhbərlik etdiyi komandanın heç də yaxşı formada olmadığını göstərdi. "Qarabağ" isə paralel olaraq Çempionlar Liqasında iştirak etməsinə rəğmən, Premyer Liqaya da diqqəti azaltmırdı. Elə bunun nəticəsi idi ki, komanda ilk dövrə ərzində keçirdiyi altı oyundan yalnız birində xal itirdi. Ağdam klubuna yeganə müqavimət göstərən komanda isə "Zirə" oldu.

 

 

"Qəbələ" ikinci dövrədə toparlanmağa müvəffəq oldu. Bunun nəticəsində komanda ikinci pilləyə yüksəlməklə yanaşı, "Qarabağ"ı doğma azarkeşləri önündə məğlub etməyi bacardı - 1:0. Bu, qələbədən sonra Roman Qriqorçukun yetirmələri "Zirə"yə səfərdə məğlub olmaqla (1:2) hər kəsi təəccübləndirsələr də, sonradan uğurlu qrafik cızaraq vəziyyəti xeyrinə dəyişə bildi. Xüsusilə son turlarda qazanılan nəticələr və sərgilənən futbol "Qəbələ"də vəziyyət yaxşıya doğru dəyişdiyini göstərdi.

 

 

 "Qarabağ" isə öz növbəsində uğurlu çıxışı davam etdirərək zirvədə daha da möhkəmləndi. İkinci dövrənin yekununda Ağdam klubunun ən yaxın izləyicisi "Qəbələ"ni 6 xal qabaqlaması çempionluğun xəbərçisi olmasa da, önəmli üstünlükdən xəbər verir. "Köhlən atlar" bununla ardıcıl beşinci dəfə mövsümün ilk yarısını zirvədə qış çempionu kimi tamamlamış oldu.

 

Mövsümdə uğurlu çıxış edən komandalardan biri də "Zirə"dir. Qəsəbə komandası "Qələbə" və "Qarabağ" arasındakı çempionluq mübarizəsinə qoşulmaqla futbol ictimaiyyətini xeyli təəccübləndirdi. Paytaxt təmsilçisi hətta 8 tur məğlubiyyətsiz irəliləməyə də müvəffəq oldu. Yalnız 9-cu turda "Sumqayıt" Ayxan Abbasovun komandasını məğlub edə bildi - 1:2. "Zirə"nin hələlik ikinci və sonuncu məğlubiyyəti isə "Qarabağ"la ikinci matça təsadüf edib.

 

"Zirə" rəqibləri üçün nə qədər arzuolunmaz rəqib olmasına, hətta yüksək pillələr uğrun mübarizə aparmasına rəğmən, "Qəbələ" və "Qarabağ" təcrübəli deyil. Komandanın bir sıra vacib oyunlarda xal itirməsi və "Sumqayıt"a məğlub olması bu komandanın hələ inkişaf mərhələsində olduğunu göstərir. Ayxan Abbasovun komandası güclü rəqiblərə qarşı oyunlara əla motivasiya olsa da, iddiası olmayan və ya nisbətən zəif komandalarla görüşə eyni əhval-ruhiyyədə çıxa bilmir. Bu kimi problemlərin həlli mümkündür, bunun üçün gənc mütəxəssis Ayxan Abbasova müəyyən qədər zaman lazımdır.

 

 

"Sumqayıt"la "Neftçi"nin Avroliqa mübarizəsi

 

Medallar uğrundan mübarizə "Qarabağ", "Qəbələ", "Zirə" üçlüyündən sonra "Sumqayıt"və "Neftçi" qərarlaşıb.  Dördüncü pillə uğrunda mübarizənin bu iki komanda arasında gedəcəyinə heç kimin şübhəsi yoxdur. Bu mübarizə olduqcu maraqlı rəqabət vəd edir.

 

Mövsümün əvvəlində üzdə olan bir sıra futbolçularla güclənən "Sumqayıt" bunun bəhrəsini mövsümün gedişində görməyə başladı. "Kimyaçılar" rəqibləri üçün arzuolunmaz və mübariz komandadır. Samir Abbasovun rəhbərlik etdiyi komanda heç bir görüşdə asanlıqla təslim olmur. Sumqayıtın eyni adlı təmsilçisi qazandığı nəticələrlə olduğu dördüncü sıraya layiq olduğunu sübut edib. Komandanın oyun üslubu da ürək açandır. Hücum və baxımlı futbola üstünlük verən Samir Abbasovun komandasının oyunları olduqca maraqlı alınır.

 

 

Hər bir komanda kimi "Sumqayıt"ın da müəyyən çatışmazlıqları var. Bu isə ehtiyat qüvvənin olmaması və bir sıra gənc futbolçuların təcrübəsizlikdən əziyyət çəkməsidir. Ancaq yerli oyunçulara üslüntük verən klub rəhbərliyinin strategiyası nə qədər alqışalayiq olsa da, bir o qədər də komanda üçün problemlər yaradır. Samir Abbasovun seçim baxımından korluq çəkməsi bu komandanın daha yaxşı nəticələr göstərməsinə, konkret olaraq avrokuboklar uğrunda mübarizə aparmasına imkan vermir. Cari mövsümdə tarixinin ən yaxşı heyətinə sahib olan "Sumqayıt" tarixinin ən yaxşı nəticəsini qazanmağa yaxın olsa da, heyətin kasadlığı bu məsələdə komandaya bir sıra problemlər yaradır. Klub rəhbərliyi qış fasiləsi zamanı bu baxımdan qərar qəbul etməlidir. Komandaya əsas heyət üzvləri qədər səviyyəli daha bir neçə futbolçu qoşulmalıdı. Bunun legioner vəya yerli olmasının heç bir önəmi yoxdur. Əsas olan oldu ki, baş məşqçi seçim baxımından korluq çəkməsin və komandadakı rəqabət pik nöqtəsinə çatsın.

 

 

Elxan Məmmədovun rəhbərliyi altında mövsümə çox pis başlayan "Neftçi"də 4-cü turdan sonra baş məşqçi dəyişikliyi baş verdi. Məmmədovun əvəzinə "ağ-qaralar"a yaxşı tanış olan Tərlan Əhmədov gətirildi. Onun gəlişindən sonra komandada vəziyyət tamamilə dəyişdi. Əhmədovla birlikdə təcrübəli Rəşad Sadiqov və milli komandanın üzvü Emin Mahmudov da flaqmanın sıralarına qoşuldu. Bundan sonra "Neftçi"də vəziyyət müsbətə doğru dəyişdi. Əhmədovun rəhbərliyi altında İlk görüşlərdə komanda məğlub olsa da, oyun planı baxımından inkişaf etmişdi. Bunum bəhrəsini isə komanda tezliklə gördü. Ardcıl qazanılan 4 qələbə paytaxt klubunu mövqeyinin və iddiasının dəyişməsinə səbəb oldu. Hətta sevimli komandalarından küsən azarkeşlər də tədricən tribunalara qayıtmağa başladılar. Amma bu uğurlu seriya sona qədər davam etmədi. Komanda gözoxşayan futbol sərgiləməsinə rəğmən, liderlər qrupunda qərarlaşan "Qarabağ", "Qəbələ" və "Zirə"dən xal qopara bilmədi. Həmin görüşlərdə rəqibləri ilə başabaş mübarizə aparan "Neftçi"də ehtiyat qüvvənin olmaması Tərlan Əhmədova ciddi problemlər yaratdı.

 

 

Əhmədov qış transfer pəncərəsi zamanı yerli və legionerlərin hesabına komandada futbolçu sayını artırmağı düşünür. Avropa Liqasına vəsiqə qazanmağı qarşısına məqsəd qoyan paytaxt klubu elə-belə futbolçuları da transfer etmək istəmir. Bu səbəblə transfer məsələlərinə xüsusi həssaslıqla yanaşılır ki, ötən illərdə edilən səhvlər yenidən təkrarlanmasın.

 

 

"Səbail" üçün formal, "Keşlə" və "Kəpəz" üçün ağır mövsüm

 

Turnir cədvəlinin son üç sırasında müvafiq olaraq "Səbail", "Keşlə" və "Kəpəz" qərarlaşıb. Mövsümün əvvəlində kimsə sonuncu iki komandanın7-8 xal toplayacağını və sonuncu pillələrdə qərarlaşacaqlarını söyləsəydi, heç kim ona inanmazdı. 

 

Amma "Səbail" üçün bu mövsüm formal xarakter daşıyır. Klubun fəaliyyəti 3 ildən az olduğundan qarşıya qoyulan məqsəd gələcəyin komandasını qurmaqdı. İxtiyarında kifayət qədər gənc futbolçu olan baş məşqçi Samir Əliyev də bu yöndə işlər görür. Komandanın mövsümün ilk hissəsində qazandığı nəticə son sıralardan uzaq olmaq baxımından önəm kəsb edir.

 

 

Komanda daxilində isə görüləcək iş çoxdur. Mövsümün gedişi göstərdi ki, qış transfer pəncərəsi zamanı "Səbail"də dəyişikliklər labüddür. Belə ki, komandanın müdafiə xətti heç də etibarlı çıxış etmir. Komanda 14 turdan sonra qapısında 20-dən çox top görən 3 komandadan biridir. "Səbail"in hücum xətti də elə də məhsuldar çıxış etmir. 9 dəfə rəqiblərini məyus edən paytaxt təmsilçisi "Keşlə" ilə birgə sonuncu sıraları bölüşür. Statistika elə də vacib məqam olmasa da, bəzi nəticələr onu göstərir ki, Samir Əliyevin görəcəyi hələ çox iş var. Arzulanan komandanı qurmaq üçün isə ona müəyyən qədər vaxt və şərait lazımdır.

 

"Keşlə" və "Kəpəz"in üçün bu mövsüm hər mənada ağır keçir. Komandalar  mövsümün ilk hissəsində təkcə nəticələri ilə deyil, klubdaxili problemləri ilə gündəmdə oldular.

 

 

"İnter" (!) mövsümə yaxşı başlanğıc etsə də, sonradan nəticələr pisləşməyə başladı. Bunun əsas səbəbi klubun uzun müddətdir davam edən maliyyə problemlərini həll edə bilməməsi və UEFA tərəfindən verilən transfer cəzasının hələ də qüvvədə olması idi. Klubun rəhbəri Zaur Axundov həmin vaxt bir neçə dəyişikliyə əl atdı. Yuxarıda qeyd etdiyim kimi mövsümə "İnter" adı ilə başlayan klub yola "Keşlə" kimi davam etdi. Klub rəngləri və loqosu belə dəyişdirildi. Axundovun növbəti addımı isə gözlənilməz oldu. Komandanın uğur çıxışına son vermək istəyən klub rəhbəri vəziyyətdən çıxış yolunu baş məşqçi dəyişikliyində gördü. Komandanın son illərdəki uğurlu çıxışında əsas pay sahibi olan Zaur Svanadze ilə yollar ayrıldı. Bu posta müvəqqəti olaraq əvəzedici komandanın koordinatoru Ramiz Məmmədov təyin edildi. Razılaşmaya əsasən, Məmmədov qış fasiləsinə qədər komandaya rəhbərlik etməli idi. Onun gəlişi komandanın nəticələrində heç bir dəyişikliyə səbəb olmadı. Ramiz bəy əvəzedici komandadan gənc futbolçuları əsas komandaya cəlb edib, onlara tədricən şans verməyə başladı. Bu isə əsas komandadakı oyunçu sayının artmasına səbəb oldu. Gənc futbolçuların əsas komandaya cəlb edilməsi klub rəhbərliyinin də marağında olan addım idi. Maliyyə problemlərini heç cür həll edə bilməyən "Keşlə" rəhbərliyi gənc futbolçulara böyük ümidlər bəsləyir.

 

 

Mövsümə damğa vuran hadisələrdən biri də "Keşlə"də yaşandı. Premyer Liqanın 13-cü turuda "Neftçi"yə 1:3 məğlubiyyətdən sonra keçirilən mətbuat konfransında jurnalistlərin komandadakı problemlərlə bağlı suallarını cavablayan baş məşqçi Ramiz Məmmədovun "danışsam, partlayış olacaq" açıqlaması bir neçə gün sonra reallığa çevrildi. Azərbaycan futbolu hələ belə partlayış görməmişdi. Komandanın üzvləri Nizami Hacıyev və Mirhüseyn Seyidov hüquq mühafizə orqanları tərəfindən saxlanıldı. Hər iki futbolçu "Neftçi" ilə qarşılaşmaya pul qoyuluşu etməkdə və həmin qarşılaşmalarda bilərəkdən zəif çıxış etməkdə günahlandırılırdı. Qısa zaman kəsiyində aparılan araşdırmalardan sonra futbolçuların əməlləri təsdiq edildi. Onlar AFFA tərəfindən iştirakçısı olduğu oyunun idman nəticəsinin manipulyasiyasına görə ömürlük futbola aid hər bir məşğuliyyətdən uzaqlaşdırıldı. Bundan bir neçə gün sonra "Keşlə"nin sabiq məşqçisi Ağakişi Mehdizadə də AFFA tərəfindən eyni əmələ görə eyni cəzaya məruz qaldı. Bu məsələ ilə bağlı araşdırmalar davam etdiyindən cəzalanacaq şəxslərin siyahısının artma ehtimalı var.

 

 

"Keşlə" kimi "Kəpəz" üçün də cari mövsüm heç də yaxşı keçmir. Əvvəlki 2 mövsümdə uğurlu çıxış edən Gəncə təmsilçisinin heyətində yay transfer pəncərəsi zamanı ciddi dəyişikliklər oldu. Komandanın əsas üzvləri ilə yollar ayrıldı. Onların əvəzinə isə heç də güclü olmayan və əsasən gənc futbolçular cəlb olundu. Bunun səbəbi isə büdcədəki azalma idi. Azalmaya səbəb kimi Gəncə şəhər stadionun ot örtüyünün yenilənməsi və arenada bir sıra təmir işlərinin aparılması göstərilirdi.

 

Nəticə isə göz qabağındadır. Komandanın sabiq baş məşqçisi Şahin Diniyevin səylərinə rəğmən, komandanın nəticələri yaxşılaşmadı. Bu səbəbdən Diniyev "Kəpəz" azarkeşlərindən üzr istəyərək istefa verdi. Onun bu postda Gəncə futbolunun yetirdiyi əfsanəvi futbolçulardan biri - Yunis Hüseynov əvəzlədi. Onun gəlişindən sonra da "Kəpəz"in nəticələrində irəliləyiş olmadı. Bu səbəbdən qış fasiləsi zamanı komandada ciddi dəyişikliklər olacaq. Hüseynov artıq bu barədə ciddi mesajlar da verib.

 

 

"Kəpəz" də "Keşlə" kimi ağır dönəmdən keçdi. AFFA-nın qəfil qərarı ilə federasiya tərəfindən klubun Müşahidə şurasının üzvü vəzifəsinə yerləşdirilən Mikayıl Nərimanoğlu işindən azad olundu. Hər şey bundan sonra başladı. Məlum oldu ki, Nərimanoğlu işindəki nöqsanlara və maliyyə pozuntularına yol verdiyinə görə qurum tərəfindən işindən uzaqlaşdırılıb. AFFA-nın baş katibi Elxan Məmmədovun tələbi ilə aparılan audit yoxlamasından sonra bu faktlar öz təsdiqini tapdı. Nəticədə klubun Müşahidə şurasında və sturukturunda bir sıra dəyişikliklər oldu. 

 

"Kəpəz"in cari mövsümdəki çıxışı və yaşanan nəticələr klubun imicinə kifayət qədər zərər vurub. Bunun nəticəsi kimi komandanın ev oyunları zamanı tribunaların əvvəlki tək dolmamasını göstərmək olar. Düzdü, Gəncədə keçirilən qarşılaşmalarda turun ararkeş rekordu burada qeydə alınsa da, yerli futbolsevərlər əvvəlki tək komandaya dəstək olmurlar. Bəzən oyunları yarımçıq tərk edirlər. Uğursuz nəticələr onları "Kəpəz"dən küsdürüb desək, yanılmarıq. Mövsümün ən böyük hesablı məğlubiyyətinin (red - "Kəpəz" - "Qəbələ" 1:6) şahidi olan insanların hisslərini anlamamaq mümkün deyil. Hər halda, Azərbaycan futbolunda xüsusi izi olan belə bir böyük klubun sonuncu pillədə qərarlaşması heç futbol ictimaiyyətinin də ürəyincə deyil. Klub rəhbərliyi isə qış fasiləsindən sonra mövcud vəziyyətin dəyişəcəyinə dair söz verir. Nəyin necə olacağını isə zaman göstərəcək.

 

Heybət Məmmədov
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


Xəbər xətti