Qattuzo istefa verdi, klub rəhbərliyi qəbul etmədi

12:50 19 Dekabr 2017

Son vaxtlar uğursuzluq zolağına düşən “Milan” heç cür özünə gələ bilmir.

 

Sportarena.az xəbər verir ki, “rossonyerlər”in rəhbərliyi uğursuz nəticələrin ardından Vinçentso Motellanı istefaya göndərərək, sabiq oyunçusu Cennaro Qattuzonu klubun “sükanı arxasına” gətirsə də, nəticələrdə heç bir dəyişiklik yoxdu. “Milan” A seriyasının 17-ci turunda səfərdə “Verona”ya 0:3 hesabıyla məğlub olub.

 

İtaliya mətbuatında yer alan məlumata görə, bu oyundan sonra Qattuzo istefa verib. O, böyük hesablı məğlubiyyətin ardından bir xeyli əsəbiləşib. Qattuzo futbolçuların həvəssiz çıxış etməsindən narazı qalıb. Lakin sabiq yarımmüdafiəçinin istefası klub rəhbərliyi tərəfindən qəbul edilməyib.

 

Qattuzo “Milan”ın “sükanı arxasında” 3 oyun keçirib. İtaliya millisinin keçmiş oyunçusu bu qarşılaşmalarda 1 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət əldə edib. 17 turdan sonra hesabında 24 xal olan “Milan” A seriyasında 8-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti