"Qarabağ"sız yarımfinal - LAYİHƏ

19:18 19 Dekabr 2017

Sportarena.az saytı AFFA yanında Media Komitəsinin maliyyələşdirdiyi "Ölkədaxili yarışların işıqlandırılması və təbliği, bölgələrin ölkədaxili yarışlardan kənarda qalması, ölkədaxili yarışların nüfuzu" mövzusunda layihənin icrasına davam edir. 

 

Layihə çərçivəsində səkkizinci yazımızda sizi ölkə kubokunun 1/4 final mərhələsində keçirilən oyunları yada salıb, 1/2 final görüşlərinin təhlilini aparacağıq.

 

Kubokun  1/4 final mərhələsinin oyunları Premyer Liqanın ikinci dövrəsi bitdikdən sonra başladı. Adətən ilin son matçlarında komandalarda "çemodan" əhval-ruhiyyəsi hiss olunurdusa, bu dəfə belə vəziyyətlə üzləşmədik. Kubokun bu mərhələsinin görüşləri maraqlı və qollu mübarizə şəraitində keçdi.

 

"Sumqayıt" "Qarabağ" səddini necə keçdi?

 

Ölkə kubokunun 1/4 final mərhələsinin ilkin görüşləri 10-11 dekabr, cavab oyunları isə 14-15 dekabr tarixlərində keçirildi. Mərhələnin ilk matçı "Keşlə" ilə "Kəpəz" arasında baş tutdu. Premyer Liqanın turnir cədvəlində son iki sırada qərarlaşan bu komandalar üçün 1/4 final mərhələsində qarşılaşmaq bəlkə də göydən düşmə idi. Mövsümün uğursuzları vəziyyəti dəyişmək üçün gözəl şans etmişdilər. İki komandadan biri 1/2 finala yüksəlməklə həm Avropa Liqasında vəsiqə qazanmaq şansını saxlaya bilər, həm də çempionatın ilk yarısındakı uğursuzluğu qismən də olsa, unutdura bilərdi.

 

 

Tərəflər arasında ilk matç Bakıda keçirildi. Görüşə ev sahibləri yaxşı başladı. İlk dəqiqələrdən irəli atılan Ramiz Məmmədovun yetirmələri 17-ci dəqiqədə Pərdis Fərcad-Azadın vurduğu qol sayəsində hesabda önə keçdi. Matça sönük başlayan "Kəpəz" bu qoldan sonra hesabı bərabərləşdirmək üçün irəli atıldı. Ancaq qolu onlar deyil, yenə ev sahibləri vurdu. Rafael Məhərrəmli 41-ci dəqiqədə komandasının üstünlüyünü 2 topa yüksəltdi. İkinci hissədə tərəflərin səylərinə baxmayaraq qol vurulmadı. 2:0 hesablı qələbə cavab qarşılaşması öncəsi "Keşlə"yə ciddi üstünlük qazandırdı.

 

 

Bu üstünlük Gəncədəki cavab görüşündə paytaxt təmsilçisinin köməyinə çatdı. Yunis Hüseynovun "Kəpəz"indən fərqli olaraq "Keşlə" matça daha rahat çıxdı. Doğma azarkeşləri önündə oynamasına rəğmən, Gəncə təmsilçisinin oyunu yenə alınmırdı. Ramiz Məmmədovun əks hücum taktikası özünü doğrultmuşdu. Çünki bakılılar sürətli əks-hücumlarla ev sahiblərini qorxutmağa başlamışdı. Gəncəli azarkeşlərin ən çox qorxduğu şey rəqib komandasının bu görüşdə qol vurması idi ki, bu da başlarına gəldi. Mirsahib Abbasov 33-cü dəqiqədə hesabda önə keçirməklə cütün taleyini demək olar ki, həll etdi. Çünki bundan sonra "Kəpəz"in futbolçuları top buraxmamaq şərtilə 4 qol vurmalı idilər ki, 1/2 finala vəsiqə qazansınlar. Gözlənildiyi kimi bu baş verməsə də, azarkeşlər ikinci hissədə baxımlı oyun və 4 qol izlədilər. Həçənd Şəhriyar Rəhimovun 48-ci dəqiqədə vurduğu bərabərlik qolu "Kəpəz"də azacıqda olsa, ümid qığılcımları yaratmışdı. Bundan sonra "Kəpəz"ə 3 qol vurmaq lazım idi. Erkən vurulacaq qollar bunu reallaşdıra bilərdi. Ancaq "Keşlə"nin etibarlı müdafiə xətti buna imkan vermədi. Ev sahibləri 79-cu dəqiqədə Kamran Abdullazadənin vurduğu baxımlı qol sayəsində önə keçsələr də, "Keşlə" futbolçuları son dəqiqələrdə yerli azarkeşlərin "kefinə soğan doğradılar". Əvvəlcə Pərdis Fərcad-Azad 81-ci dəqiqədə tarazlığı bərpa etdi. Bu qoldan 3 dəqiqə sonra isə Mirsahib Abbasov komandasını hesabda önə keçirdi.

 

Bu nəticə "Keşlə"nin 1/2 finala vəsiqə qazanmasını rəsmiləşdirdi. Növbəti mərhələyə vəsiqə qazanan paytaxt klubu mövsümün ilk yarısındakı uğursuzluğunu qisməndə olsa unutdurdu.Komanda qış fasiləsinə müsbət "notlar"la yollandı.

 

 

"Keşlə"nin 1/2 finaldakı rəqibi "Qarabağ" - "Sumqayıt" cütünün qalibi olmalı idi. Ağdam klubu cütün favorit kimi göstərilsə də, gözlənilənlər baş vermədi. "Sumqayıt" əsl əzmkarlıq nümayiş etdirərək növbəti mərhələyə yüksəldi. Amma bu uğur onlara heç də asanlıqla baş vermədi.

 

Tərəflər arasında "Azərsun Arena"da keçirilən ilk görüşdə "Sumqayıt" gözlənilməz şəkildə hesabı açdı. 24-cü dəqiqədə Yükup Jezniçakın "məhsuldar ötürməsindən" sonra Rəşad Eyyubov komandasını hesabda önə keçirdi. Bundan sonra "Qarabağ" hücum etməyə, "Sumqayıt" isə müdafiə olunmağa başladı. "Kimyaçılar" güclü rəqibinin qol vurmaması üçün mümkün olan hər şeyi edirdilər. Onların bu istəyi 57-ci dəqiqəyə qədər uğurla davam etdi. Məhz həmin vaxt Riçard Almeyda hesabı bərabərləşdirdi. Bu qoldan sonra təzyiqi daha da artıran ev sahibləri ikinci qolu da vurmağa müvəffəq oldular. Pedro Enrike 85-ci dəqiqədə komandasına qələbə qaandıran qolu vurdu. Braziliyalı yarımmüdafiəçi 3 dəqiqə sonra dublunu rəsmiləşdirə bilərdi. De gəl ki, qonaqların qapıçısı Fərhad Vəliyev qırmızı vərəqə bahasına olsa belə, onun qarşısını kəsə bildi. Bu matçda sonuncu yadda qalan hadisə oldu. "Qarabağ" 2:1 hesablı qələbə qazansa da, bu cavab oyunu öncəsi ciddi üstünlük qazandıracaq hesab deyildi.

 

 

Amma cavab oyunundan öncə "Qarabağ"ın yarımfinala yüksəlməyicəyi fikrinə inanlar demək olar ki, yox idi. Ən nikbin "Sumqayıt" azarkeşi belə möcüzəyə inanmırdı. Amma "gənclik şəhəri"nin sakinləri oyun günü doğma komandalarını yalnız buraxmadılar. Hətta arenanın tribuna olmayan hissələrində belə, azarkeşlər matçı ayaq üstə izləyirdilər. 

 

Gözlənilənlərdən fərqli olaraq matça üstün başlayan tərəf "Sumqayıt" oldu. Ev sahibləri topa nəzarət etməklə yanaşı, rəqib qapısında da qol vəziyyətləri yaratmağa başladı. Getdikcə təzyiqi artıran ev sahibləri 22-ci dəqiqədə Kamil Mirzəyevin vurduğu qol sayəsində önə keçdi. Artıq bu hesab "Sumqayıt"ı növbəti mərhələyə daşıyırdı. "Qarabağ" qol vurmaqla vəziyyəti xeyrinə dəyişə bilərdi. Bu məqsədlə irəli atılan Ağdam təmsilçisi istəyini reallaşdıra bilmirdi. Qurban Qurbanovun komandasının aramsız hücumlarının qarşısını "Sumqayıt"ın etibarlı müdafiə xətti dəf edirdi. Vaxt keçdikcə qonaqların əsəbləri tarama çəkilirdi. Xüsusilə, əks hücumlar vaxtı Rəşad Eyyubov və Amil Yunanov tandemi "Qarabağ"ın müdafiə xəttinə ciddi problemlər yaradırdı. Amma bütün səylərə rəğmən, ölkə kubokunun son qalibi lazım olan qolu vura bilmirdi. 90-cı dəqiqədə "Sumqayıt"ın təhlükəli əks hücumlarından biri "Qarabağ"ın növbəti mərhələ arzularının üstündən xətt çəkdi. Oyun boyu əla oyun nümayiş etdirən Amil Yunanov haqq etdiyi qolu vurdu - 2:0. Bu qol "Sumqayıt" üçün tarixi əhəmiyyət kəsb edirdi. Çünki komanda  1/2 finala vəsiqə qazandı.

 

Yarandığı vaxtdan bu yana ən yaxşı göstəricisinə nail olan "kimyaçılar"ın bunu reallaşdıracağı heç də inandırıcı deyildi. Hətta Samir Abasovun "Qarabağ"la oyun zamanı işinin başında deyil, "Atletiko"nun düşərgəsində təcrübədə olması bəlkə də bunun bir nömrəli gösrəticisidir. Amma "Sumqayıt" ili uğurla başa vura bildi.

 

"Sumqayıt"ın növbəti mərhələdik rəqibi "İnter" olacaq. Bu komandalar 1/2 finalda üz-üzə gəlməsi böyük maraq oyadır. Avropa Liqasına vəsiqə qazanmaq istəyən "kimyaçılar" Premyer Liqada 4-cü sırada qərarlaşıblar. Bununla belə, tarixi nəticəni yaxşııaşdırmaq üçün əla fürsət var. Çünki "Keşlə"nin heyət baxımından ciddi problemləri var. Hələ heç kim qış fasiləsindən sonra bu komandada vəziyyətin necə olacağını söyləyə bilməz. Bu səbəbdən, son zamanlar stabil oyun sərgiləyən "Sumqayıt"ın finala yüksəlmək şansları yüksək qiymətləndirilir. Çünki bu komanda son üç mövsümdə ölkə kubokunun qalibi olmuş "Qarabağ"ı mübarizədən kənarlaşdırması bunu deməyə əsas verir.

 

Erkən final

 

1/4 finalın cütlərindən biri "Qəbələ" ilə "Səbail" idi. Bu cütün də aşkar fovariti kimi birincilər göstərilirdi. Son zamanlar əla formada olan və məhsuldarlığı ilə seçilən "qırmızı-qaralar" Premyer Liqa oyunlarında da debütanta heç bir şans verməmişdi. Bu dəfə də belə oldu. İlk görüşdə rəqibindən açıq-aşkar üstün olmasına rəğmən, Stiven Monrozun 59-cu dəqiqədə vurduğu qol sayəsində 1:0 hesabı ilə qələbə qazanan Roman Qriqorçukun komandası artıq növbəti mərhələnin qapılarını aralamışdı.

 

 

Cavab görüşü ilk oyundan fərqli olaraq daha məhsuldar və maraqlı məcrada keçdi. "Səbail"in 16-cı dəqiqədə Adrian Popoviçinin sayəsində hesabda önə keçməklə komandasının ümdiləndirsə də, onların sevinci çox çəkmədi. Filip Ozobiç 6 dəqiqə sonra tarazlığı bərpa etməklə yanaşı, Samir Əliyevin komandasının növbəti mərhələ arzularının üstündən xətt çəkdi. Bu qoldan ruhdan düşəndən sonra "Səbail" toparlanmağa imkan tapmadı. Fürsətdən istifafə edən qonaqlar Ruslan Qurbanov (44), Famussa Kone (56) və Baqali Dabo (75) fərqlənmək hesab arasındakı fərqi daha da artırdılar - 4:1. Elman Taqayevin 78-ci dəqiqədə vurduğu qol isə "Səbail" üçün təsəllidən başqa bir şey olmadı.  İki oyunun nəticəsinə görə 5:2 hesabı ilə qələbə qazanan "Qəbələ" çətinlik çəkmədən 1/2 finala vəsiqə qazandı.

 

 

"Qəbələ"nin növbəti mərhələdəki rəqibi isə "Zirə" - "Neftçi" cütünün qalibi olacaqdı. "Zirə" Premyer Liqaya vəsiqə qazandığı ilk mövsümdən bəri yüksək pillələr və böyük amallar uğrunda mübarizə aparan komanda olduğu hər kəsə məlumdur. Mövsümə pis başlayan "Neftçi" isə Tərlan Əhmədovun gəlişindən sonra daha yaxşı çıxış etməyə başlamışdı. Eyni zamanda, bu komandaların arasındakı görüşlərin gərgin mübarizə şəraitində keçməsi futbolsevərlərə maraqlı mübarizə vəd edirdi. Diqqət çəkən məqam "Neftçi"nin Premyer Liqada, "Zirə"nin isə kubok yarışında rəqibini məğlub etməkdə çətinlik çəkməsi idi.

 

 

Tərəflər arasında ilk görüş Zirə qəsəbə stadionunda keçirildi. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada "Neftçi" rəqibinə nisbətən daha yaxşı təsir bağışlayırdı. Ancaq "ağ-qaralar"ın bu üstünlüyü heç cürə hesabda əksini tapmadı. Oyunun sonlarında - 86-cı dəqiqə David Manqanın vurduğu qol sayəsində qəsəbə təmsilçisi ilk görüşdə qələbə qazandı - 1:0.

 

İlk görüş kimi cavab qarşılaşması da maraqlı alındı. Amma bu dəfə ssenari fərqli idi. Bu matça da hücumlarla başlayan "Neftçi" ilk hissənin sonlarında rəqibin müqavimətini qırmağa müvəffəq oldu. Uqo Barqas 36-cı dəqiqədə hesabı açdı. İlk yarıya əlavə edilmiş birinci dəqiqədə isə Mirabdulla Abbasov komandasının ikinci qolunun müəllifi oldu. İkinci yarı gərgin mübarizə şəraitində keçdi. Qol vurmağa məhkum olan "Zirə"nin futbolçuları hücumlar qurmağa çalışsa da, gah qeyri-dəqiqlik, gah da "ağ-qaralar"ın qapçısı Rəşad Əzizli onların fərqlənməsinə imkan vermədi. "Neftçi"nin futbolçuları da yaranan imkanlardan istifa edə bilməyindən görüş 2:0 hesabı ilə başa çatıb. Bu nəticə ilə "Neftçi" adını yarımfinala yazdırdı.

 

 

"Neftçi" 1/2 finalda "Qəbələ"yə rəqib oldu. Bu komandalar arasındakı görüşləri erkən finalda adlandırmaq olar. Titullara ac olan "Qəbələ" "Qarabağ"ın yoxluğundan istifadə edərək ilk titulunu qazanmaq istəyir. Uzun müddətdir ki, qızıl medal qazanmayan "Neftçi" uğursuzluqları unutdurmaq istəyir. Bu səbəblərdən futbolsevələri iki maraqlı qarşılaşmanın gözlədiyini söylə bilərik.

 

Sonda qeyd edək ki, 1/2 final görüşləri 11-18 aprel tarixlərində keçiriləcək.

 

Azərbaycan Kuboku, 1/2 final
11/18 aprel

Qəbələ - Neftçi
Keşlə - Sumqayıt

 

Heybət Məmmədov
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


Digər xəbərlər

Xəbər xətti