"Qaradağ Lökbatan" zirvəni əldən verəcək? - LAYİHƏ

14:11 24 Dekabr 2017

Sportarena.az saytı AFFA yanında Media Komitəsinin maliyyələşdirdiyi "Ölkədaxili yarışların işıqlandırılması və təbliği, bölgələrin ölkədaxili yarışlardan kənarda qalması, ölkədaxili yarışların nüfuzu" mövzusunda layihənin icrasına davam edir. 

 

Layihə çərçivəsində doqquzuncu yazımızda sizi Birinci divizionun ilk yarısının yekunlarından bəhs edəcəyik.

 

Birinci Divizionda bu mövsüm əvvəlki illərə nisbətən fərqli formada keçir. Bu, istər komandaların sayından, istərsə də, turnirn gedişatından hiss olunur. Cari mövsüm start tarixi də çox fərqlidir. Turnirin oktyabrın 3-də start götürməsi arzuolunmayan, amma məcburiyyətdən atılan addım idi. Amma əsassız deyildi.

 

Bildiyiniz kimi, ötən mövsüm Birinci Divizionda danışılmış oyunlarla bağlı bir sıra məqamlar ortaya çıxmışdı. Aparılan araşdırmalardan sonra “Rəvan” və “Şərurspor” klubları başda olmaqla bir neçə futbolçu,  baş məşqçilər, klub nümayəndələri, hətta hakim belə AFFA tərəfindən haqlı olaraq cəzalandırılmışdı. Bundan sonra federasiya və turnirin təşkilatçısı Peşəkar Futbol Liqası daha diqqətli davrandı. Yeni mövsümdən cəzalanan şəxslərin və klubların Birinci Divizionda iştirakına icazə verilmədi. Hətta yeni yaradılan klubların lisenziya tələblərinə uyğun olub-olmaması və bu komandalarda danışılmış oyunlarda iştirak edən şəxslərin çıxışına icazə verilmədi. Bunun nəticəsində mövsümün startı müəyyən qədər yubandı. Sonda 10 klubun divizionda iştirakı təsdiqləndi və yarışa start verildi.

 

Birinci divizionın iştirakçılarından dördü yeni klublar idi. Onlardan “Binə”, “Xəzər” və “Sabah” debütant komandalar idisə, biri Premyer Liqanı sonuncu sırada tamamlayaraq tərk etmiş və  adını dəyişmiş AZAL idi. Bu klub yeni mövsümdən təmsil etdiyi qəsəbənin - “Şüvəlan” adı altında çıxış edir. Digər 6 klub isə “Qaradağ Lökbatan”, MOİK, “Zaqatala”, “Turan Tovuz”, “Ağsu” və “Mil-Muğan” idi. Ötən mövsümki iştirakçılardan “Səbail” Premyer Liqaya vəsiqə qazandığı üçün bu yarışda iştirak etmirdisə, “Rəvan” və “Şərurspor” danışılmış oyunlarda iştiraka görə cəzalandırıldığı üçün bu imkandan məhrum olmuşdu. “Şəmkir, “Şahdağ”, “Bakılı”, “Göyəzən”və “Energetik”in isə müxtəlif səbəblərdən diviziondan kənar qalıb. Onların əksəri yeni yaradılan Regional Liqasında iştirak edir.

 

Birinci Divizionun keçirilmə formatında da bir sıra dəyişiklik edilmişdi. Bunun səbəbi iştirakçı sayının az olması idi. Həm bu məqamı, həm də turnirin vaxtından gec başlamasını nəzərə alan PFL rəhbərliyi 3 dövrəli sistem tətbiq etdi ki, bu da mübarizənin 27 turdan ibarət olması anlamına gəlirdi.

 

 

Sıx təqvimlə keçirilən turnirin oyunları maraqlı mübarizə şəraitində keçir. Xüsusilə ilk turlardan inamla irəliləyən və liderlik kürsüsünü heç kimə vermək istəməyən “Qaradağ Lökbatan”ın çıxışı maraqlı alındı. Həbib Ağayevin yetirmələri mövsümün ilk yarısında keçirdikləri 13 oyundan 11-də qələbə qazanıb, 2-də isə heç-heçə ediblər. 35 xal toplayan turnirin yeganə məğlub olmayan komandası ən yaxın izləyicisini nə az, nə çox düz 14 xal qabaqlayır. Bu isə kifayət qədər ciddi rəqəmdi. Yeni mövsümdən Premyer Liqada çıxış etməyi arzulayan Lökbatan təmsilçisi mövsümün ikinci yarısında da eyni templə çıxış edərsə, vaxtından çox tez çempionluğu bayram edə bilər.

 

İkinci sıranın sakini “Binə”dir. Qəsəbə komandası Premyer Liqada iştiraka iddialı kollektivlərdən biridir. Onların göstərdiyi nəticəni qənaətbəxş adlandırmaq olar. Heyətində Bəxtiyar Soltanov, Emin Cəfərquliyev, Amil Ağacanov kimi təcrübəli futbolçuların çıxış etdiyi komandanın bu nəticəni göstərməsi heç də təəccüblü deyil. “Binə”nin uğurlarında pay sahibi olan insanlardan biri də baş məşqçi Mehman Babayev idi. Onun mövsümün ilk yarısında gördüyü işlər diqqət kənarda qalmadı. “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov onu köməkçilərinin siyahısına əlavə etdi. Gənc mütəxəssis bundan sonra “ağ-qaralar”ın məşqçilər korpusunda yer alacaq. Komandanın Babayevsiz necə çıxış edəcəyi isə maraq doğurur.

 

 

Üçüncü pillədə qərarlaşan MOİK də Premyer Liqaya vəsiqə qazanmaq da iddialıdır. 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi qeyd ediləcək. Tarixi ildə MOİK-in futbol komandası uğurlu çıxışla yubileyə tövhə vermək niyyətindədir. Onların çempionluq arzuları çətin görünsə də, mükafatçılar siyahısına düşmək ehtimalı kifayət qədər yüksəkdir. Qazanılacaq medal və ya Premyer Liqaya vəsiqə ordumuzun yubiley ilinə ediləcək gözəl hədiyyə ola bilər.

 

Növbəti sırada qərarlaşan digər bir iddialı klub isə “Şüvəlan”dı. Qəsəbə təmsilçisi barədə ayrıca geniş məlumat vermişdik. Ötən mövsümün sonunda AZAL Premyer Liqanı sonuncu sırada bitirdi. Bu “təyyarəçilər”in elitanı tərk etməsi anlamına gəlirdi. Həmin vaxt klub rəhbərliyi bəyanat yayaraq AZAL-ın fəaliyyətini dayandırdığı barədə bəyanat verdilər. Cəmi 1 həftə sonra onlar fikrlərindən daşınaraq “Şüvəlan” adı altında Birinci Divizionda çıxış edəcəklərini bildirdilər. Kluba yaxın olan və bir vaxtlar komandanın kapitanı olmuş Aqil Nəbiyev baş məşqçi postuna gətirildi və yeni komanda quruldu. Hazırda “Şüvəlan”ın heyətində kifayət qədər tanınmış futbolçu olsa da, mövsümün əvvəlində çempionluğa namizəd göstərilən qəsəbə komandasının 4-cü sırada qərarlaşması təəccüb doğurur. Doğrudur, komandanın yenidən qurulması bu məsələdə vacib rol oynaya bilər. Amma ciddi infrastruktura sahib olan “Şüvəlan” yenidən Premyer Liqada çıxış etmək istəyirsə, nəticələr də bir o qədər qənaətbəxş olmalıdır.

 

 

Beşinci pillənin sakini isə ötən mövsümün çempionu “Turan Tovuz”du. Ötən mövsüm rəqibləri üçün əlçatmaz olan Əsgər Abdullayevin komandasında vəziyyət elə də yaxşı deyil. Komanda stabil çıxış etmir. Maliyyə təminatı verə bilmədiyi üçün Premyer Liqaya buraxılmayan klub ötən mövsümdən fərqli olaraq həvvəssiz çıxış edir. Tovuzlu azarkeşlər də sanki futboldan küskün düşüblər. Birinci divizionun çempion olan komandalarının elitada çıxış edə bilməməsi onlara pis təsir edir. Biz də azarkeşlər kimi ümid edirik ki, qərb təmsilçisi yaxın zamanlarda maliyyə dəstəyi tapacaq və əvvəlki qüdrətini geri qaytaracaq. Futbolçu fabrikinə bənzəyən Tovuzun Premyer Liqada çıxış etməsi futbolumuzun ancaq xeyrinə ola biləcək amillərdəndir.

 

 

Növbəti sırada qərarlaşan komanda isə “Ağsu”dur. Bu klub xeyli vaxtdır ki, Birinci divizionun sakinidir. “Ağsu” hər il olduğu kimi bu mövsüm də medallara iddialıdır. Çempionlu imkanı çətin görünsə də, komanda ikinci sıradakı “Binə”dən 3, üçüncü pillədə qərarlaşan MOİK-dən isə cəmi 2 xal geri qalır. “Ağsu”dan fərqli olaraq yaxşı infrastruktura sahib olan “Mil-Muğan” isə rəqibindən 1 xal geri qalmaqla yeddincidir. İmişli şəhər stadionu çətin səfər arenalarından sayılır. Yeddinci olmasına rəğmən, “Mil-Muğan” da medallara iddialı komandalarındandır.

 

 

8-9-cu sıraların sakinləri debütantlar - “Xəzər” və “Sabah”dır. Bu komandaların hər ikisi gənc futbolçulardan qurulub. Bu səbəbdən hər iki klubun çıxışı heç də stabil deyil. Fasilədən sonra hər iki komandadan daha uğurlu çıxış gözlənilir. Belə ki, Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən “Sabah”a təcrübəli mütəxəssis Arif Əsədov rəhbərlik edir. O, artıq mövsümün ikinci yarısının hazırlıqlarına indidən başlayıb. “Xəzər” də mövsümün digər hissəsində iddialı olmaq barədə düşünür. “Neftçi”nin əvəzedici komandasının məşqçisi Elşad Əhmədovun komandanın sükanı arxasına gətirilməsi və Emin Abbasovun icraçı direktor, Gündüz Abbasovun isə klubun meneceri vəzifəsinə gətirilməsi bu yöndə atılan ilk addımlardan idi. Debütantların da digər komandalar kimi medalçı olmaq şansları var və bu fürsətdən istifadə etmək onların xeyrinə ola biləcək amillərdəndir.

 

 

Klublar haqqında sırasına uyğun məlumat verdik. İndi növbə autsayderindi.  “Zaqatala”nı sonuncu sıranın sahibi kimi təqdim etmək çox çətin olsa da, reallıq budur. Ölkə futbolunda xüsusi çəkisi olan bu bölgənin komandası ötən mövsüm yüksək yerlər uğrunda mübarizə aparırdı. Şimal-qərb təmsilçisinin adı hətta Premyer Liqa yüksələcək klublar siyahısında çəkilirdi. Klubun Müşahidə Şurasının sədri Musa Qurbanovun cəhdləri sonda uğursuzluqla nəticələndi. O, kluba sponsorlar və güclü maliyyə dəstəyi tapmağa çalışsa da, buna müvəffəq olmadı. Bundan sonra bir sıra futbolçular komandanı tərk etdi və “Zaqatala”nın çıxışında ciddi şəkildə eniş yaşandı. Rəqabətin kifayət qədər yüksək, komandalar arasındakı xal fərqinin az olduğu bir çempionatda təəssüf ki, “Zaqatala” cəmi 4 xalla sonuncudur. “Yaşıllar” doqquzuncu olan “Sabah”dan 11 xal geri qalır.

 

Bombardirlər yarışında da gərgin mübarizə gedir. Siyahıya 8 qolla "Turan Tovuz"un futbolçusu Elnur Səmədov başçılıq edir. "Qaradağ Lökbatan"ın qol silahı Sabir Allahquliyev isə 7 qolla ikincidir. MOİK-li Bəhruz Teymurov və "Mil-Muğan"lı Samir Babayev 3-4-cü sıraları bölüşdürürlr. Onların aktivində 6 top var.

 

Göründüyü kimi çempionluq mübarizəsində "Qaradağ Lökbatan"ın aşkar üstünlüyü var. Sonuncu pillənin sakini "Zaqatala" da faktiki olaraq mübarizədən kənarda qalıb. Digər 8 klub isə medallar uğrunda mübarizə aparır. Medallar uğrunda mübarizə ikinci dövrədə daha gərgin keçəcək. Bunun üçün bir nümunə çəkmək kifayət edər - doqquzuncu "Sabah" ikinci olan "Binə"dən cəmi 6 xal geri qalır.

 

 

Heybət Məmmədov
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


Digər xəbərlər

Xəbər xətti