Hakimlərimiz mövsümün ilk yarısında nələrlə yadda qaldılar? - LAYİHƏ

20:11 29 Dekabr 2017

Sportarena.az saytı AFFA yanında Media Komitəsinin maliyyələşdirdiyi "Ölkədaxili yarışların işıqlandırılması və təbliği, bölgələrin ölkədaxili yarışlardan kənarda qalması, ölkədaxili yarışların nüfuzu" mövzusunda layihənin icrasını başa çatdırır.

 

Layihə çərçivəsində sonuncu -onuncu yazımızda sizi 2017/18 mövsümünün ilk yarısında Premyer Liqa oyunlarına təyinat alan hakimlər və onların statistikaları ilə tanış edəcəyik.

 

 

Etiraf etmək lazımdı ki, əvvəlki illərə nisbətən cari mövsüm hakim qalmaqalları ilə gündəmi zəbt etmir. Artıq klublar da hakimlərlə bağlı açıqlamalar vermirlər. Bu, əvvəlki mövsümlərə nisbətən hakim idarəçiliyinin səviyyəsinin yüksəlməsindən xəbər verir. Klubların, məşqçilərin, futbolçuların ciddi narazılığı, hakimlərlə bağlı qalmaqallar yoxdusa, deməli, işlər yaxşı gedir. Bu, futbolun inkişafında vacib rol oynayan məqamdı. Narazıçılıqlar yox səviyyəsində deyil. Var, amma bu əvvəlki mövsümlərdəki kimi deyil. Oyunların nəticələrinə təsir edən hakim səhvləri xeyli azalıb. Ciddi səhvlər olan təqdirdə AFFA Hakimlər Komitəsi (bundan sonra HK) müəyyən addımlar atır. Hakimlərə xəbərdarlıqlar edilir, ehtiyac olarsa, cəzalanıdırlır.

 

 

8 klublu çemionatın 9 hakimi

 

Artıq HK-nın ixtiyarında 8 klublu çempionata uyğun sayda hakim var. Belə ki, mövsümün ilk yarısının 14 tur ərzində keçirilən 56 oyuna 9 hakim təyin alıb. Referilərimiz mövsümün ilk yarısında 224 sarı, 9 qırmızı və 12 penalti ilə yadda qalıblar. Ömər Paşayev ilə Rauf Cabbarov həmkarlarından daha çox 8 oyun idarə ediblər. Ən az təyinat alan hakim isə Rəvan Həmzəzadə olub. O, cəmi 3 oyunda söz sahibi olub.

 

 

Ən çox sarı vərəqə göstərən kimdi?

 

Hakimlərlə bağlı bir sıra maraqlı statistik məlumatlar var ki, onlara toxunmamaq mümkün deyil. Məsələn, Ömər Paşayevin hamıdan çox - 37 dəfə futbolçulara sarı vərəqə göstərdiyini qeyd etməmək mümkün deyil. "Sarı"ya ən az müraciət edən hakim Rəvan Həmzəzadədir. O, iştirakçısı olduğu 3 oyunda 10 sarı vərəqə göstərib. Referi həmçinin ikinci dövrənin "Qarabağ" "Səbail" matçında Ağdam klubunun müdafiəçisi Ansi Aqollini qırmızı vərəqə ilə cəzalandırıb.  Həmzəzadə oyun sayına görə həmkarlarından ciddi şəkildə geri qalır. O, oyunlara daha çox təyinat alsaydı, statistikada başqa rəqəmlər ola bilərdi. Bu səbəbdən eyni göstəricidə ondan sonra ikinci pillədə qərarlaşan hakimin adını vurğulamağı özümə borc bilirəm. Bu, Ramil Diniyevdi. O, təyinat aldığı 5 görüşdə 15 dəfə futbolçuları sarı vərəqə ilə cəzalandırıb.

 

 

Yusifov ilə Məmmədov "lider" kürsüsündə

 

Mövsümün ilk yarısının oyunlarını idarə edən 9 hakimdən 5-i qırmızı vərəqədən istifadə edib. 4 referi isə hansısa futbolçunu meydandan uzaqlaşdırmayıb. Onlar Rəhim Həsənov, Ömər Paşayev, Orxan Məmmədov və Ramil Diniyevdi. "Qırmızı"dan ən çox istifadə edən hakimlər isə Fariz Yusifov ilə İnqilab Məmmədovdur. Onların hərəsi 3 dəfə futbolçuları meydanan uzaqlaşdırıb. Rauf Cabbarov, Əliyar Ağayev və Rəvan Həmzəzadə isə bunu hərəyə cəmi 1 dəfə ediblər.

 

 

Kim daha çox penalti təyin edib?

 

Hakimlərin statistikası ilə bağlı digər məqam isə hakimlərin penal sayı ilə bağlıdır. 9 hakimdən 6-ı 12 dəfə 11 metrlik cərimə zərbəsi təyin edib. Rauf Cabbarovla Ömər Paşayev hamıdan çox – 3 dəfə ağ nöqtəni göstəriblər. Cabbarovla bağlı maraqlı məqam aktivindəki penaltilərdən 2-i bir oyunda təyin etməsidi. Belə ki, o, 12-ci tur çərçivəsində keçirilən “Kəpəz” - “Səbail” matçında (2:3) hər iki komandanın leyhinə 11 metrlik cərimə zərbəsi təyin edib. Tərəflər hər iki halda dəqiq olublar. Rəhim Həsənov ilə Orxan Məmmədov 2 dəfə penalti təyin ediblər. Təcrübəli hakimlər – Fariz Yusifov və Əliyar Ağayevin aktivində 1 penalti var. Ramil Diniyev, İnqilab Məmmədov və Rəvan Həmzəzadə isə bu mövsüm Premyer Liqada 11 metrlik cərimə zərbəsi təyin etməyiblər.

 

 

Heç bir vərəqənin göstərilmədiyi qalmaqallı oyun

 

Hakimlərlə bağlı digər maraqlı məqamlara yazımızın bu hissəsində toxunacağıq. Diqqət çəkən bir neçə məqam var. Onlardan biri də kart göstərilməyən yeganə oyunla bağlıdı. 13-cü tur çərçivəsində baş tutan “Neftçi” – “Keşlə” görüşündə heç bir futbolçu vərəqə ilə cəzalandırılmayıb. Görüşün baş hakimi Rauf Cabbarov heç penalti də təyin etməyib. Bu oyundan sonra ölkə futbolunda qeydə alınan zəlzələdən bixəbər olan insanlar bəlkə də bu matçı “nümunəvi görüş” adlandırırdılar. Ancaq bu qarşılaşmadan bir neçə gün sonra “Keşlə”nin 2 futbolçusu – Nizami Hacıyev və Mirhüseyn Seyidovun sözügedən oyuna, habel ə komandanın başqa matçılarına pul qoyuluşu edildiyi məlum olub. Bundan sonra hər iki futbolçu AFFA-nın İntizam Komitəsi tərəfindən ömürlük futboldan uzaqlaşdırılıb.

 

 

Ən çox vərəqə göstərilən matç isə 10-cu turda “Zirə” ilə “Qəbələ” arasında baş tutub. Birincilərin meydanında keçirilən görüşü də Rauf Cabbarov idarə edib. Referi bu görüşdə futbolçulara 10 sarı, 1 qırmızı vərəqə göstərib. O, həmçinin görüşün  19-cu dəqiqəsində qonaqların qapısına penalti də təyin edib. Qarşılaşma isə qəsəbə komandasının qələbəsi ilə nəticələnib - 2:1.

 

 

Hakimlər tərəfindən az vərəqənin göstərildiyi 2 oyun var. Maraqlı məqam bu görüşlərin hər ikisində “Neftçi”nin iştirakçı olmasıdı. Belə ki, 9-cu turda baş tutan “Kəpəz” – “Neftçi” və 14-cü turda keçirilən “Qarabağ” – “Neftçi” matçlarında cəmi 1 sarı vərəqə qeydə alınıb. Gəncədəki qarşılaşmanın baş hakimi Əliyar Ağayev və “Azər sun Arena”da baş tutan matçı idarə edən Fariz Yusifov ev sahibi komananın futbolçularını cəzalandırıblar. Müvafiq olaraq Kərim Diniyev və Miçel referilə tərəfindən sarı vərəqə ilə cəzalandırılıblar.

 

 

Hakimlərin statistikaları:

 HA

 OS 

 SV 

 QV 

 PS 

 Əliyar Ağayev

 8

 26

 1

  1

 Ömər Paşayev

 8

 37

 -

 3

 Rauf Cabbarov

 8

 31

 1

 3

 Fariz Yusifov

 7

 35

 3

 1

 Rəhim Həsənov

 6

 22

 -

 2

 İnqlab Məmmədov

 6

 32

 3

 -

 Ramil Diniyev 

 5 

 15 

 - 

 - 

 Orxan Məmmədov 

 4 

 16 

 - 

 2 

 Rəvan Həmzəzadə 

 3 

 10 

 1 

 - 

 

Qeyd: HA - hakimlərin adları, OS – oyun sayları, SV – sarı vərəqələr, QV – qırmızı vərəqələr, PS – penaltilərin sayı.

 

Heybət Məmmədov
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


Xəbər xətti