U-17 Liqası: "Qarabağ" "Qəbələ"yə məğlub oldu

13:57 6 Fevral 2018

Dünən «Bakcell U-17 Liqası»nda 19-cu turun oyunları keçirildi. Turun mərkəzi oyunu Binə qəsəbə stadionunda baş tutdu. 2-ci pillədə qərarlaşan «Qarabağ» çempionatın lideri «Qəbələ»ni qonaq etdi. Oyun «Qəbələ»nin minimal hesablı qələbəsi ilə başa çatdı. «Neftçi» Binə qəsəbə stadionunda «Keşlə»ni, «Sumqayıt» isə «Kapitalbank Arena»da «Kəpəz»i məğlub etməyi bacardı. Autsayderlərin iştirakı ilə keçirilən oyunlarda sensasiya qeydə alınmadı. Əyaləti təmsil edən hər 3 komanda meydanı xalsız tərk etdi…

 

«Neftçi» - «Keşlə» 3:1

 

Turnir cədvəlinin üst sıralarında qonşu olan komandaların qarşılaşması tərəflər üçün olduqca əhəmiyyətli idi. «Neftçi» qalib gəlməklə «Keşlə» ilə xal fərqini 2-ə endirəcəkdi. Müşviq Qənbərovun komandası bundan əvvəlki 2 oyunda «Mil Muğan» və «Neftçi» İK İB-ni böyük hesabla məğlub estə də (4:0, 7:0), komandanın əsl gücü bu oyunda bilinəcəkdi. Oyunu maraqlı edən məqamlardan biri də «Neftçi»nin baş məşqçisinin cəmi bir neçə ay öncə «Keşlə»nin U-16 komandasını çalışdırması idi.

 

Oyunda 2 fərqli hissə izlənildi. Birinci hissə bütünlüklə «Keşlə»nin üstünlüyü şəraitində keçdi. Gəl ki, hesabı müdafiəyə daha çox diqqət yetirən, hücum qurmaqda çətinlik çəkən meydan sahibləri açdılar. 28-ci dəqiqədə «Keşlə»nin müdafiəçisi Xəyal Əhmədovun səhvindən sonra topu ələ keçirən İsmayıl Zülfüqarlı Vüsal Əsgərovun fərqlənməsinə imkan yaratdı. Buraxılan qol qonaqların oyununa təsirsiz ötüşmədi. Bu, əsasən ikinci hissədə özünü daha qabarıq şəkildə göstərdi.

 

Fasilədən sonra hesabı bərabərləşdirmək üçün böyük qüvvə ilə irəli atılan «Keşlə» qol vurmaq əvəzinə, qapısından daha bir qol buraxdı. 71-ci dəqiqədə ilk qolun müəllifi Vüsal Əsgərovdan ötürmə alan Tural Əhmədov qonaqları ikinci dəfə məyus etdi. Az sonra Nadir Əliyevin yetirmələri künc zərbəsindən sonra Rauf Rüstəmovla hesab arasındakı fərqi azaltsalar da, 81-ci dəqiqədə Vüsal yekun nəticəni müəyyən edən qola imza atdı. O, bu dəfə özünün qazandığı cərimə zərbəsini qola çevirdi.

 

Bu oyundakı qələbə və «Qarabağ»ın «Qəbələ»yə məğlubiyyəti «Neftçi»yə düşərli oldu. Hazırda 4-cü yerdə qərarlaşan «Neftçi»ni 2-ci pillədən cəmi 2 xal ayırır.

 

«Zirə» - «Mil Muğan» 5:0

 

Yeni ildə keçirdiyi 2 oyunda cəmi 1 xal qazanan «Zirə»nin austayder «Mil Muğan»ı məğlub edəcəyi gözlənilən idi. Belə də oldu.

 

Oyunboyu ərazi üstünlüyünə malik olan «Zirə» matçın taleyini birinci hissədə həll etdi. Hesab 16-cı dəqiqədə açıldı. Seyxan Fərəcovun ötürməsindən sonra Anar Nəsibov qonaqları məyus etdi. 11 dəqiqə sonra imişlililər qapılarında ikinci qolu gördülər. Bu dəfə Xanlar Nəsibovdan ötürmə alan Ümid Əhmədov fərqləndi. Hissənin sonlarına doğru Rəşad Hüseynovun komandası daha 2 qol vurdu. Əvvəlcə 37-ci dəqiqədə Rəvan Babazadə adını qol vuran futbolçuların siyahısına yazdırdı. Ona məhsuldar ötürməni Ümid Əhmədov etdi. 6 dəqiqə keçmiş Rəvan bu dəfə assistent rolunda çıxış etdi. Onun ötürməsini məntiqi sonluqla yekunlaşdıran isə Ruslan Quliyev oldu.

 

İkinci hissədə daha çox top saxlamaqla məşğul olan «Zirə» bir daha 71-ci dəqiqədə qol vurdu. Samir Qasımov (qol ötürməsi Xanlar Nəsibov) yekun nəticəni müəyyənləşdirdi.

 

«Zirə»li futbolçular bu oyunda təkcə qol vurmaqla yadda qalmadılar. 81-ci dəqiqədə hakimlə mübahisəyə görə Pərviz Məmmədov qarşısında qırmızı vərəqə gördü.

 

Aktivində 30 xal olan «Zirə» hazırda 7-ci pillədə qərarlaşıb. Bu komandanı 2-ci yerdəki «Qarabağ»la 5 «addım» və ya 7 xal ayırır. Növbəti turda «Neftçi» İK İB isə oyunda qazanılacaq qələbə komandanın azı 1 pillə yüksəlməsinə səbəb ola bilər. «Mil Muğan» isə… Gələn həftə «Qarabağ»la oyunda imişlililərin nəsə edəcəyinə inam yoxdur.

 

«Xəzər Lənkəran» - «Səbail» 0:4

 

Oxşar ssenariyə Lənkəranda rast gəlindi. Bir həftə əvvəl «Keşlə»yə 0:9 hesabı ilə məğlub olan «Xəzər Lənkəran» bu dəfə «Səbail»ə 0:4 hesabı ilə uduzdu.

 

Birinci hissədə rəqibə layiqli müqavimət göstərən meydan sahibləri qapılarında yalnız 1 qol gördülər. Ad gününü qeyd adən Aydın Ağayev 15-ci dəqiqədə qol vurmaqla özünə hədiiyə etdi.

 

Bir neçə futbolçusu 2002 və 2003-cü il təvəllüdlü olan «Xəzər Lənkəran» 2-ci hissədə buraxılan qolun əvəzini çıxmağa çalışsa da, buna nail ola bilmədi. Əvəzində Ağadadaş Həmidovun futbolçuları daha 3 dəfə meydanın mərkəzinə «»dəvət olundu»lar. Lənkəranlıları 2 dəfə Xəlil Bəşirov, 1 dəfə isə Rəşid Məhərrəmli məyus etdi.

 

Lənkərandakı matçdan əvvəl maraqlı hadisə yaşandı. Belə ki, «Səbail»in baş məşqçisi Fizuli Məmmədov xoş sürprizlə qarşılaşdı. Premyer.az saytının verdiyi xəbərə görə, «Xəzər Lənkəran»da oynadığı vaxtlar komandanın azarkeşinə verdiyi imzalı formasını həmin azarkeş keçmiş «Xəzər Lənkəran»lıya geri qaytardı.

 

 

«Ağsu» - «Neftçi» İK İB 0:3

 

Hesaba nəzər saldıqda ilk baxışdan «Ağsu»nun zəif oyun sərgilədiyini düşünmək olar. Amma bu, belə deyil. Yaxşı oyun nümayiş etdirən, 2 oyundur ardıcıl qələbə qazanan ağsuluların («Qəbələ» 1:0, «Mil Muğan» 9:0) müəyyən mənada bəxtlərinin gətirmədiyini demək lazımdır. 

 

Qarşılıqlı hücumlar şəraitində keçən «Ağsu» - «Neftçi» İK İB matçında tərəflərin dəfələrlə qol vurmaq imkanları olsa da, bu imkanlardan yalnız qonaqlar istifadə edə bildilər. Yeri gəlmişkən, hər 3 qol fasilədən sonra vuruldu.

 

47-ci dəqiqədə Əli Novruzovun cinah ötürməsindən sonra Nəzər Bədəlov baş zərbəsi ilə topu qapıdan keçirdi. Buraxılan qol meydan sahiblərinin psixoloji durumuna təsirsiz ötüşmədi. Oyununu «itirən» «Ağsu» 10 dəqiqə sonra ikinci dəfə cəzalandı. Bu dəfə İlham Əsədovun zərbəsindən sonra qapıçıdan qayıdan topu Elşad Hətəmzadə qapıya göndərdi. 80-ci dəqiqədə Elşaddan ötürmə alan Niyazi Qasımzadə matçın sonuncu qolunu vurdu.

 

Qələbə sayəsində xal ehtiyatını 20-ə çatdıran Elçin Dərgahquliyevin futbolçuları bu qələbə ilə ötən tur «Neftçi» qarşısındakı 0:7 hesablı məğlubiyyətdən yaranan psixoloji yükü üstlərindən ata bildilər. «Neftçi» İK İB-ni növbəti tur «Zirə», «Ağsu»nu isə «Keşlə» ilə çətin sınaq gözləyir.

 

«Sumqayıt» - «Kəpəz» 3:2

 

Turun ən gərgin oyunlarından biri Sumqayıtda keçirildi. Bəri başdan qeyd edək ki, meydan sahiblərinin heyətində 4 futbolçu 2002-ci il təvəllüdlü idi və «Sumqayıt»ın vurduğu qolların müəllifləri də həmin futbolçulardan ikisi oldu.

 

Bərabər mübariəz şəraitində keçən oyunda hesabı 15-ci dəqiqədə Cavidan Abbaszadədən ötürmə alan Fərhad Salamzadə açdı. 5 dəqiqə sonra Cavidan özü gəncəliləri məyus etdi. Bundan sonra bir qədər arxayınlaşan sumqayıtlılar qapılarında qol gördülər. Ayxan Quluzadə hesab arasındakı fərqi azaltdı. İlk hissə 2:1 hesabı ilə başa çatdı.

 

Fasilədən sonra İbrahim Novruzovun cinah ötürməsindən sonra Fərhad «məsələni həll etdi». «Kəpəz»in gücü yalnız oyunun əsas vaxtına əlavə olunmuş dəqiqələrdə Ayxanla «prestij» qol vurmağa çatdı.

 

«Qarabağ» - «Qəbələ» 0:1

 

Nəhayət, 1-2 cümlə ilə turun mərkəzi qarşılaşması haqqında. Olduqca maraqlı keçən oyun təhlükəli epizodlar sarıdan zəngin olsa da, qarşılaşmada cəmi 1 qol vuruldu. 57-ci dəqiqədə qonaqlardan Məhəmməd Məhərrəmov cinah reydindən sonra «Qəbələ»yə qələbə gətirən qola imza atdı.

 

Qazanılan 3 xal «Qəbələ»nin liderlik mövqeyini bir qədər də möhkəmləndirdi. Əyalət təmsilçisi hazırda ən yaxın izləyiciləri «Qarabağ» və «Keşlə»ni 13 xal qabaqlayır. Çempionatın başa çatmasına hələ 14 tur var. 2-ci dövrənin qalan 3 turunda «Qəbələ» xal itirməzsə, bu komandanın qızıl medalları qazanacağını söyləmək olar. Əyarca aşağı olan medallar uğrunda isə çempionatının sonuna kimi gərgin mübarizənin gedəcəyini əminliklə deyə bilərik.

 

 

Bombardir: Nicat Musayev («Neftçi») – 20 qol.

 

U-17 Liqasında 20-ci turun oyunları fevralın 12-də keçiriləcək: «Kəpəz» - «Xəzər Lənkəran», «Səbail» - «Neftçi», «Keşlə» - «Ağsu», «Neftçi» İK İB – «Zirə», «Mil Muğan» - «Qarabağ», «Qəbələ» - «Sumqayıt».

 

Oyunların başlama saatı və keçiriləcəyi yer barədə əlavə məlumat verəcəyik.

 

«Het-trik news» qəzetinin layihəsi

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


Xəbər xətti