U-15 Liqası: Sensasiya olacaq?

10:57 10 Fevral 2018

Bu gün və sabah «Boulevard U-15 Liqası»nda 17-ci turun oyunları keçiriləcək. «Viləş»in istirahət edəcəyi bu turda keçiriləcək 7 oyunun 3-ü şənbə, 4-ü isə bazar gününə təyin olunub. Bu turda «Qarabağ» - «Sumqayıt» matçını çıxmaq şərtilə  turnir cədvəlinin üst pillələrində qərarlaşan komandalar «orta xətt»dən aşağıdakılarla qarşılaşacaqlar ki, bu da liderlərin xal itirmə ehtimalının az olması anlamına gəlir. «Sərhədçi» OİK-nin stadionunda keçiriləcək matç həm də turun mərkəzi oyunu olacaq. İddialıların oyununda sensasiya qeydə alınacaqmı?

 

10 fevral (şənbə)

13:00 «Səbail» - «Vətən»

(«Bayıl Arena»)

 

Rəqiblərin ilk dövrədəki oyununda «Vətən» 2:0 hesabı ilə qalib gəlmişdi. O vaxt «Səbail» yeni-yeni qurulurdu və indiki kimi «dişli» deyildi. Son turlar Xaqani Məmmədovun komandasında istər oyun, istərsə də nəticə baxımından artım müşahidə olunur. «Səbail»in heyətində yaxşı uşaqlar çoxdur. Onlardan 4-nün cümə axşamı U-16 Liqasında «Səbail» - «Keşlə» oyununda iştirak etməsi, bacarıqlarından xəbər verir. Üstəlik, həmin oyunda Nazim Əliyevin çalışdırdığı U-16 komandasının yeganə qolunu (oyun 1:1 hesabı ilə başa çatıb – red.) 15 yaşlı futbolçu vurub. Ötən tur çətin Masallı səfərindən minimal hesablı qələbə ilə qayıdan «Səbail» indi yaxşı formadadı. Yəni, komanda «Vətən»dən xal almağı bacarar. Təbii ki, bir balaca bəxt də onlar tərəfdə olsa…

 

Qonaqlara gəlincə, ötən tur «Qəbələ» üzərində 3:1 hesabı inamlı qələbə bu komandanın gücündən xəbər verir. Qış fasiləsində «məktəblilər» heyətlərini xeyli gücləndiriblər. «Kəpəz» və «Turan»dan gətirilən futbolçular komandanın gücünə güc qatıblar. Onlardan Kənan Kərimov U-15 millisinin son toplanışına dəvət alan futbolçulardandır. Kollektivdə yeganə qanqaraldan məqam futbolçuların bəzilərinin qrip virusuna yoluxmasıdır. Məhz bu üzdən «Qəbələ» ilə oyunda İlqar Mənsimov 3 əsas futbolçusunun xidmətindən yararlana bilməmişdi. 2 nəfər isə oyuna xəstə halda çıxmışdı. «Vətən» futbolçu sarıdan korluq çəkmədiyindən bu fakt komanda üçün qorxulu sayılmamalıdı. Oyunun favoriti şəksiz «Vətən»dir. Kağız üzərində üstünlük bu komandanın tərəfindədir. Bəs, meydanda necə olacaq?

 

14:00 «Neftçi» İK İB – «Zirə»

(Lökbatan OİK-nin stadionu)

 

Bu matçda da üstün tərəf kimi qonaqlar görünürlər. Çempionata əla start verən «Zirə»nin 1-ci dövrənin sonuna yaxın bir neçə vacib oyunda xal itkisi ilə üzləşməsi komandanın arada qeyri-stabil çıxış etməsinə işarədir. Nisbətən zəif rəqiblərlə xal itkisi bu komandanın zəif cəhətidir. «Turan» və «Zaqatala»ya məğlubiyyət dediklərimizə sübutdur. Qeyd edək ki, komanda «Zaqatala»ya 0:1 hesabı ilə uduzsa da, sonradan lisenziyası olmayan futbolçunu oynatdığına görə əyalət təmsilçisinə texniki məğlubiyyət verilmişdi.

 

Cəfər Hüseynovun komandasının hücum xətti «dişli»di. İstənilən rəqibi məyus etməyi bacarır. Amma nəzərə alaq ki, «Neftçi» İK İB-nin də üstün tərəfi yaxşı müdafiə olunmasıdır. Maraqlı faktı qeyd edək: Ramin Babayevin komandası turnir cədvəlinin sondan 2-ci pilləsində qərarlaşmasına baxmayaraq, 14 oyunda qapısında cəmi 19 qol görüb. Bunlardan 3-ü birinci dövrədə «Zirə»dən gəlib. Bəs neçə qol vurub? Təəssüf ki, vur-tut 3. Deməli, komandanın uğur qazanmamasının əsas səbəbi «vuran ayağ»ın olmamasıdır. Ötən tura kimi «Neftçi» İK İB 10 oyun idi ki, rəqib qapısına yol tapa bilmirdi. Tilsim 1 həftə əvvəl «Zaqatala» ilə oyunda qırıldı. Qalır növbəti tilsimi sındırmaq. Yəni, qələbə qazanmaq. «Zirə» ilə oyunda bunu etmək çətin olsa da, mümkünsüz də deyil. Axı, bu futboldu.

 

15:00 «Kəpəz» - İsgəndər Cavadov BFA

(Gəncə şəhəri TİM-nin meydanı)

 

«Kəpəz»in öz meydanında daha yaxşı oynaması çoxlarına məlumdur. Gəncə təmsilçisini ev oyunlarında ən iddialı komandaya belə «yeriyə-yeriyə» məğlub etmək müşkül məsələdir. Gəl ki, İlham Səmədovun futbolçuları son turlar özlərinə bənzəmirlər. Komanda son iki ev oyununda «Vətən»ə (0:1) və «Sumqayıt»a (2:3) məğlub olub. Hər iki komandanın kifayət qədər sanballı rəqib olduğundan məğlubiyyətlərə müəyyən qədər haqq qazandırmaq olar. Təəssüf ki, bu sözləri İsgəndər Cavadov BFA haqqında deyə bilmirik. Turnir cədvəlinin aşağılarında qərarlaşan Bakı təmsilçisinin ən yaxşı halda Gəncədən heç-heçə ilə dönə biləcəyini ehtimal etmək olar.

 

11 fevral (bazar)

14:00 «Qarabağ» - «Sumqayıt»

(Sərhədçi OİK-nin meydanı)

 

Turun mərkəzi görüşündə üz-üzə gələcək rəqiblər eyni gücdədilər. Yığdıqları xallar, turnir cədvəlindəki mövqeyləri bunu deməyə əsas verir. Üstünlük azacıq «Qarabağ»ın tərəfindədir. Birincisi, Asif Əlizadənin yetirmələri öz meydanlarında oynayırlar. İkincisi, «Qarabağ» son turlar əla oyun sərgiləyir, ardıcıl 3 oyundur ki, meydanı qələbə ilə tərk edir. Üçüncüsü, «Sumqayıt» son 2 ev oyununda «Neftçi» İK İB (0:0) və «Neftçi» (1:1) ilə vacib xallar itirib və bu amil futbolçuların psixoloji durumuna, onlarda özünəinam hissinin azalmasına səbəb ola bilər. Amma unutmayaq ki, Sumqayıt təmsilçisini Mehman Yunusov kimi təcrübəli məşqçi çalışdırır. Hər halda oyunun başa çatmasını gözləyək. «Qarabağ» - «Sumqayıt» oyunu turun yeganə qarşılaşmasıdır ki, qeydə alınacaq hesab sensasiya sayılmayacaq. Çünki hər iki komanda qələbəyə layiqdir.

 

14:00 «Qəbələ» - «Turan»

(Qəbələ şəhər stadionu)

 

Əminliklə deyə bilərik ki, «Qəbələ» «Turan»ı asanlıqla məğlub edəcək. Turnir cədvəlindəki mövqeləri və futbolçuların səviyyəsi əminliyimizə əsas verir. Qonaqlar böyük hesablı məğlubiyyətdən qaçsalar, yaxşıdır.

 

14:00 İOEUGİM - «Keşlə»

(Sumqayıt şəhəri, «İnşaatçılar» təlim-məşq bazası)

 

İlk dövrədə bu komandaların qarşılaşmasında «Keşlə» oyunun gedişində 0:2 hesabı ilə geridə olmasına baxmayaraq, sonradan 6 qol vurmuş və çempionatda ilk qələbəsini qazanmışdı. Həmin vaxtdan 4 aydan çox vaxt keçib. O vaxtdan indiyə kimi çox şey dəyişib – klubun adı, məşqçisi, futbolçuların vəziyyəti… «İnter Arena»dakı oyunda komanda meydana optimal heyətlə çıxmışdı. İndi isə Xəyal Mustafayevi narahat edən əsas məsələ futbolçuların sağlıq durumlarıdır. Komandanın bir neçə aparıcı üzvü zədəli və ya xəstədir. İOEUGİM-lə oyunda onlardan bəzilərinin oynayacağı məlum olsa da, həmin futbolçuların fiziki durumları istənilən səviyyədə deyil. Buna rəğmən «Keşlə»nin zəiflədiyini düşünmək olmaz. «Eks-bankirlər» məhz «yarımcan» heyətlə 5 oyundur ki, xal itirmir.

 

Qarşılaşmada üstün tərəf şübhəsiz ki, qonaqlardır. Onların 3 xal qazanmasına 2 hal əngəl ola bilər – Baba Əsgərovun futbolçularının mübarizliyi və meydanın bərbad durumda olması.

 

15:00 «Neftçi» - «Zaqatala»

(Binə qəsəbə stadionu)

 

Üstün tərəf əlbəttə, «Neftçi»dir. Amma qonaqları da hesabdan silmək olmaz. «Zaqatala»nın çempionatın autsayderi olması, indiyədək qələbəsiz qalması çoxlarını zənnində yanılda bilər. Son 5-6 turda bu komandanın oyununda əməlli-başlı artım var. Yeganə çatışmazlıq nəticə ilə bağlıdır. Qarşılaşmanın «Neftçi»nin qələbəsi ilə bitəcəyi gözləniləndi. Lakin «Zaqatala»nın rəqibə «badalaq» vurması da mümkündür.

 

«Neftçi»dən söz düşmüşkən… U-15 Liqasının 16-cı turunun icmalında diqqətsizlik edərək «Sumqayıt» - «Neftçi» matçında bakılıların qolunu Altay Əbdülkərimovun ötürməsindən sonra Rəvan Nağıyevin vurduğunu göstərmişdik. Əslində, matçın 2-ci dəqiqəsində vurulan qolun müəllifi Altaydır. Ona ötürməni isə Rəvan etmişdi.

 

Turu buraxacaq futbolçular: Mahmud Ağayev («Zirə»), Elman Ağayev («Viləş»).

 

 

Bombardirlər: Elvin Abdullayev («Vətən») – 15 qol, Alı Alı («Sumqayıt»), Mehrac Baxşəliyev («Qəbələ»)  – 14 qol.

 

«Het-trik news» qəzetinin layihəsi

 

 

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


Xəbər xətti