U-15 Liqası: Sensasiyalarla zəngin tur

13:11 12 Fevral 2018

Həftəsonu «Boulevard U-15 Liqası»nda 17-ci turun oyunları keçirildi. Turun anonsunu hazırlayarkən, yazının başlığını «Sensasiya olacaq?» qoymuşduq. Sensasiya oldu. Özü də bir neçə oyunda. 

 

«Səbail» - «Vətən» 2:3

 

Turun açılış oyunu Bayılda keçirildi. Hamıdan tez meydana çıxan «Səbail»lə «Vətən»in qarşıdurması olduqca maraqlı keçdi. Oyunda futbol adına demək olar ki, hər şey var idi – gərgin mübarizə, gözəl oyun, ən əsası qollar.

 

Matçda hesabı 2-ci dəqiqədə meydan sahibləri açdılar. Loğman Əliyev cərimə zərbəsindən topu birbaşa qapıya göndərdi. Buraxılan qoldan sonra ərazi üstünlüyünü ələ keçirən «Vətən» bir neçə epizodda hesabı bərabərləşdirməyə yaxın olsa da, fasiləyə kimi bu, onlara qismət olmadı. Fasilədən sonra isə hadisələr İlqar Mənsimovun komandasının istədiyi kimi cərəyan etdi. İkinci hissənin 7-ci dəqiqəsində Nihat Dəryagirin cinah ötürməsindən sonra Bəhruz Tanrıverdiyev fərqləndi. Bu qoldan 4 dəqiqə sonra yenə də Nihatın eyni yerdən ötürməsini komandanın kapitanı və çempionatın bombardiri Elvin Abdullayev qapıdan keçirdi. Hesabda irəli çıxan «Vətən» bir qədər rahatlaşmışdı ki, qapısında qol gördü. 60-cı dəqiqədə rəqibi əks-hücumda yaxalayan Rauf Ağahüseynli 2 müdafiəçidən sıyrılaraq cərimə meydançasına daxil oldu. Burada «Vətən»in müdafiəçisi Fərrux Fərzəliyev Raufa qarşı qobud oynadı və hakim penalti təyin etdi. Arif Məmmədov gözəl imkanı boşa vermədi. Oyunun son dəqiqələri olduqca gərgin keçdi. 70 dəqiqədə sonuncu sevinən tərəf qonaqlar oldular. Final fitinə 4 dəqiqə qalmış Vüsal Vəliyevin uzun ötürməsini qəbul edən Bəhruz rəqib futbolçulardan sıyrılaraq uzaq güncü nişan aldı və komandasının qələbə topunu vurdu. Doğrudur, sona lap az qalmış «Səbail» hesabı bərabərləşdirə bilərdi. Əgər Xaqani Məmmədovun yetirmələri «Vətən»in cərimə meydançasında qapıya 10 metrdən də az məsafədə təyin olunmuş sərbəst zərbəni qola çevirə bilsəydilər. Oyunun lap əvvəlində belə bir imkandan yararlanan Loğman bu dəfə fürsəti boşa verdi.

 

Qazanılan 3 xal «Vətən»i «Qəbələ»dən uzaq düşməyə qoymadı. İndi «məktəblilər»i liderdən əvvəlki kimi 5 xal ayırır. «Səbail» isə məğlub olmasına rəğmən, güclü rəqib qarşısında sərgilədiyi oyuna görə ən xoş sözlərə layiqdir.

 

«Neftçi» İK İB – «Zirə» 1:0

 

Turun ən gözlənilməz nəticəsi Lökbatanda qeydə alındı. İndiyə kimi qələbəsiz qalan, 15 oyunda cəmi 3 qol vuran «Neftçi» İK İB axır ki, bir oyunda 3 xal qazanmağı bacardı. Özü də medallara oynayan «Zirə»dən. Meydan sahiblərinin etibarlı müdafiə xəttinin olduğunu əsas gətirərək, oyundan əvvəl «Zirə»nin büdrəyə biləcəyini qeyd etmişdik. Amma məğlub olacağına inanmırdıq.

 

Yeganə qol matçın 1-ci dəqiqəsində, daha dəqiq 35-ci saniyəsində vuruldu. İlkin Əliyevdən ötürmə alan Məmmədəli Qurbanlı komandasına qələbə gətirəcək qola imza atdı. Qalan 69 dəqiqə ərzində Cəfər Hüseynovun yetirmələrinin bir neçə epizodda qola yaxın oldular. Amma bəxtsizlik və diqqətsizlik onlara qol sevinci yaşamağa imkan vermədi. Ramin Babayevin yetirmələrinin daha çox müdafiəyə fikir vermələrinə baxmayaraq, onların da ikinci qolu vurmaları üçün imkanları var idi. Belə epizodların birində Tale Yusifovun zərbəsi qapı tirindən qayıtdı. Yeri gəlmişkən, 15-ci dəqiqədə baş verən hadisə xeyli söz-söhbətə səbəb oldu. Belə ki, «Zirə»li futbolçunun vurduğu zərbədən sonra meydan sahiblərinin qapıçısı topu geri qaytardı. Qonaqlar topun qapı xəttini keçdiyini israrla bildirsələr də, hakim onların bu iddiasını qəbul etmədi.

 

Məğlub olmalarına baxmayaraq, zirəlilər turnir cədvəlindəki yerlərində qaldılar. Çünki onları addım-addım izləyən «Keşlə» də qələbə qazana bilmədi. «Neftçi» İK İB isə 9-cu xalına qovuşdu və neçə müddətdir ki, ilişib qaldığı 14-cü pillədən qurtulmağa yaxındı. Əgər növbəti tur turnir cədvəlindəki qonşusu ilə oyunda qalib gəlsə.

 

«Kəpəz» - İsgəndər Cavadov BFA 3:1

 

Sözügedən qonşu İsgəndər Cavadov BFA-dır. Hansı ki, çətin Gəncə səfərindən məyus döndü. Əslində, bu, gözlənilən idi. Qəhrəman Əliyevin komandasının «Kəpəz»dən 1 xal götürməsi belə sensasiya sayılacaqdı…

 

Yağışlı havada, palçıqlı meydanda keçən oyunda hesabı 22-ci dəqiqədə meydan sahibləri açıldılar. Rauf Əlizadənin cinah asmasını Sənan Əliyev tamamladı. Vurulan qolun sevinci gəncəlilərin «qursağında qaldı». Cəmi 1 dəqiqə sonra Qəhrəman Əliyevin yetirmələri hesabdakı bərabərliyi bərpa etdilər. Qoşqar Babayevdən ara ötürməsi alan Əmrah İbadov qapıçı ilə təkbətək mübarizədən qalib ayrıldı. Qonaqların sevinci isə bir qədər «uzun» çəkdi. Cəmi 2 dəqiqə. Həsən Seyfullayevin künc zərbəsindən «duqa»ya qaldırdığı topu Ümid Səmədov birbaşa qapıya göndərdi – 2:1.

 

Qarşılıqlı hücumlar şəraitində keçən 2-ci hissədə qeyri-adi heç nə baş vermədi. Yalnız 26-cı dəqiqədə «Kəpəz»in vurduğu qolu çıxmaq şərtilə. Matçda yekun nəticəni Cavad Kərimovun sayəsində boş qapını dəqiq nişan alan Həsən Seyfullayev qoydu.

 

Qələbə sayəsində İlham Səmədovun komandası xallarının sayını 26-a yüksəldərək «Sumqayıt»a çatdı. Amma həm top fərqinə, həm də öz aralarında keçirdikləri oyunun nəticəsinə görə sumqayıtlıları keçə bilmədi. Xatırladaq ki, bu komandaların 1-ci dövrədə Gəncədə keçirilən görüşündə «Sumqayıt» 3:2 hesabı ilə qələbə qazanmışdı.

 

Məşhur futbolçumuzun adını daşıyan komandasa yerində qaldı. Növbəti tur «Neftçi» İK İB-ni qəbul edəcək İsgəndər Cavadov BFA məğlub olsa, turnir cədvəlində axırdan əvvəlki yerə yuvarlanacaq.

 

«Qarabağ» - «Sumqayıt» 2:2

 

Turun mərkəzi oyunu proqnozlaşdırdığımız kimi sülhlə başa çatdı. Hərçənd ki, oyunun gedişində «Qarabağ» qələbəyə daha yaxın idi.

 

Matçda hesab 11-ci dəqiqədə açıldı. Heydər Rüstəmlinin cərimə meydançasına göndərdiyi topu Mirmövsüm Canıyev sinəsi ilə ram edərək səliqəli şəkildə qapının küncünə göndərdi. 20-ci dəqiqədə meydan sahibləri daha bir qol vurdular. Bu dəfə əks cinahdan Fidayə Əzizlinin ötürməsini Sahib Səmədli qola çevirdi. 2 top fərqilə məğlub duruma düşmələri qonaqları ruhdan salmadı. Burada illərin təcrübəsi Mehman Yunusovun da rolu az olmadı. Baş məşqçinin sayəsində toparlanmağı bacaran sumqayıtlılar 28-ci dəqiqədə hesab arasındakı fərqi azaltdılar. Künc zərbəsindən sonra qapı önündə yaranan qarmaqarışıqlıqda İlkin İbrahimov hamıdan yaxşı baş çıxardı. 1-ci hissə 2:1 hesabı ilə başa çatdı. Fasilədən sonra da oyunun ssenarisi dəyişmədi. Bərabərlik qolu yenə də 28-ci dəqiqəyə təsadüf etdi. Xaqani Cavadzadənin 20-22 metr məsafədən vurduğu effektli zərbə «doqquzluq»da dayandı.

 

Oyunun qalan dəqiqələrində tərəflərin qələbə topunu vurmaq üçün imkanları olsa da, bərabərlik pozulmadı. Qazanılan 1 xal rəqibləri turnir cədvəlində «yerindən tərpətmədi». Növbəti tur hər iki komanda 3 xal qazanacağı təqdirdə belə yenə də «yerində sayacaq».

 

«Qəbələ» - «Turan» 3:0

 

Çətin durumda olan «Turan»ın «qorxunc» Qəbələ səfərində nə isə etmə ehtimalı sıfıra bərabər idi. Tovuzluların lehinə olan yeganə məqam «Qəbələ»nin oyuna yorğun çıxması idi. Rakif Əliyevin yetirmələri oyundan bir gün əvvəl Gürcüstandan qayıtmışdılar. Yeri gəlmişkən, 4 günlük Tiflis səfərində «Qəbələ» yerli «Dinamo»nun qonağı olmuş və bu klubun U-15 komandası ilə 2 yoldaşlıq oyunu keçirmişdi. Təəssüf ki, çempionatımızın «1 nömrə»si hər iki oyunda məğlub olmuşdu – 1:3, 0:4.

 

Qısaca olaraq oyun haqqında danışaq. Böyük ərazi üstünlüyünə malik olan «Qəbələ»nin ilk 2 qolu Kamal Kazımovdan gəldi. Kamal 25 və 45-ci dəqiqələrdə fərdi bacarığı sayəsində rəqibin bir neçə müdafiəçisindən sıyrılaraq baxımlı qollar vurdu. Matçın yekun nəticəsini 2004-cü il təvəllüdlü İxtiyar Məmiyevdən məhsuldar ötürmə alan Rəşad Əmrahov müəyyən etdi  - 3:0.

 

Gələn həftə «Qəbələ» «Sumqayıt»ın qonağı olacaq. Ardıcıl 3 oyundur ki, meydandan sülhlə ayrılan Sumqayıt təmsilçisinin lideri büdrətməsi gözlənilən olsa da, qış fasiləsində bir neçə futbolçusunu itirməsi üzündən zəifləmiş «Turan»ın evdə «Səbail»dən xal alacağı bir o qədər inandırıcı deyil.

 

İOEUGİM - «Keşlə» 1:1

 

Turun daha bir sensasiyası Sumqayıtın palçıqlı, bərbad durumda olan «İnşaatçılar» stadionunda reallaşdı. 5 oyun idi ki, məğlub olmayan, indiyədək heç-heçə etməyən «Keşlə» gözlənilmədən xal itirdi.

 

Süni (hamar) örtüyə öyrəşmiş qonaqlar hücum qurmaqda əməlli-başlı çətinlik çəksələr də, birinci hissədə 5 halda qol şansını əldən verdilər. Bunlardan 3-ü Əbil Əbiləovun payına düşdü. 2 dəfə onun fərqlənməsinə qapı tiri, 1 dəfə isə rəqib müdafiəçi mane oldu.

 

İkinci hissədə hücumlarının kəsərini kortəbii şəkildə artıran «Keşlə» 9-cu dəqiqədə axır ki, istəyinə çatdı. Asif Səfərovdan ötürmə alan Vaqif Həsənov 16-17 metr məsafədən qapını dəqiq nişan aldı. Top yenə də tirə dəyərək bu dəfə tora daxil oldu. Bu qoldan sonra gözləmək olardı ki, Xəyal Mustafayevin futboçuları qələbəni əldən verməyəcəklər. Gəl ki, müdafiədəki boşluqlar və Seymur Məmmədovun məcburən oyundan çıxması nəticəsində meydanın mərkəzinə nəzarətin itməsi buna imkan vermədi. 53-cü dəqiqədə cinah ötürməsindən sonra qapıçı Elmar Əzizov topu bir qədər inamsız çıxardı və «mərmi» Dünyamalı Sevdimalıyevə düşdü. Qapıya zərbə vurmağa hazırlaşan Dünyamalını Məhəmməd Tağıyev kobudluqla dayandırdı və hakim 11 metrlik nöqtəni göstərdi. Nihat Ağayev Elmarla topu ayrı-ayrı künclərə «göndərdi» - 1:1. Qalan 17 dəqiqədə «Keşlə» 2-3 epizodda qələbə topunu vura bilərdi. Oyunun başa çatmasına 2 dəqiqə qalmış Əli Tağıyevin künc nöqtəsindən qapı önünə etdiyi asmaya İsrail Əliyev hamıdan tez çatdı. Top bu dəfə də tirə dəyidi. Tirlərə zərbə hesabında «Keşlə» 3:0 hesabı ilə öndə oldu. Amma bu «qələbə» komandaya 3 xal qazandırmadı.

 

2 xal itkisi bakılılara baha başa gəldi. 1 gün əvvəl «Zirə»nin məğlubiyyətindən yararlanmaqla 3-cü pilləyə yüksəlməyi hədəfləyən «Keşlə» 5-ci yerə düşdü. Bu komanda hazırda «Neftçi» ilə eyni xala malikdir. Öz aralarında 1-ci dövrədə keçirilən oyuna görə isə (1:0) «Neftçi» üstündür.

 

İOEUGİM-ə gəlincə, rəqibdən zərrə qədər də çəkinməyən Baba Əsgərovun komandası oyunboyu mübarizliyi və əzmkarlıqları ilə yadda qaldı.

 

«Neftçi» - «Zaqatala» 8:0

 

Turun daha bir sensasiyası. Yox, «Neftçi»nin «Zaqatala»nı məğlub edəcəyi kimdəsə şübhə doğurmurdu. Amma bu hesabla…

 

Fiziki və taktiki baxımdan rəqibdən açıq-aşkar üstün olan «Neftçi» «Zaqatala»nı 8 qolla məyus etdi. Uzun-uzadı olmasın deyə, matçda fərqlənən futbolçuların adlarını və qolların vurulma dəqiqələrini qeyd etməklə kifayətlənirik:

3-cü dəq. Nihat Həsənzadə (ötürmə Cavanşir Şahbaz)

7-ci dəq. Nihat Xəlilov

17-ci dəq. Rəvan Nağıyev (Nihat Xəlilov)

33-cü dəq. Rəvan Nağıyev (Hüseyn Babayev)

37-ci dəq. Rəvan Nağıyev (Zaur Allahverdiyev)

57-ci dəq. Kənan Tağızadə (Zaur Allahverdiyev)

62-ci dəq. Nihat Həsənzadə (Turan Namazov)

68-ci dəq. Altay Əbdülkərimov (Nihat Həsənzadə).

 

Göründüyü kimi «Neftçi»li Rəvan Nağızadə bu oyunda «het-trik» edib. Onun komanda yoldaşı Nihat Həsənzadə isə «dubl» və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Hesabın bu qədər biabırçı olmasının bir neçə səbəbi var. Onlardan ən birincisi «Zaqatala»nın bu oyunda 6 nəfər 2004-cü il təvəllüdlü futbolçu ilə oynamasıdır. Baş məşqçi Ceyhun Zurabov bir neçə futbolçusunu məşqlərə biganə yanaşdığına görə cəzalandırmış və Bakıdakı oyuna gətirməmişdi. Bu barədə Ceyhun müəllimin özündən öyrəndik. Onu da qeyd edək ki, Zurabov əməkdaşımızla söhbətdə 8 topluq məğlubiyyətə rəğmən, futbolçuların oyunundan narazı qalmadığını söylədi.

 

İnamlı qələbə Zaur Seyidovun komandası üçün növbəti turda «Zirə» ilə oyundan əvvəl çox vacib idi. Komanda «Zirə»ni devirsə, 3-cü pilləyə yüksələcək. Rəqibin psixoloji cəhətdən «axsadığını» nəzərə alsaq, bu, mümkündür.

 

«Zaqatala»ya gəlincə, sonuncu pillənin daimi sakininə çevrilmiş əyalət təmsilçisinin hələ bir neçə tur da orada qalacağı dəqiqdir. Həftəsonu güclü «Qarabağ»ı qəbul edəcək «Zaqatala»nın qələbə qazanacağı az inandırıcıdı. Amma bu turda olduğu kimi növbəti turda da sensasiya(lar) gözləməyə dəyər.

 

 

Bombardirlər: Elvin Abdullayev («Vətən») – 16 qol, Alı Alı («Sumqayıt»), Mehrac Baxşəliyev («Qəbələ»)  – 14 qol.

 

U-15 Liqasında 18-ci turun oyunları fevralın 17-18-də keçiriləcək: «Keşlə» - «Kəpəz», İsgəndər Cavadov BFA – «Neftçi» İK İB, «Zirə» - «Neftçi», «Zaqatala» - «Qarabağ», «Sumqayıt» - «Qəbələ», «Turan» - «Səbail», «Vətən» - «Viləş». Oyunların başlama vaxtı və keçiriləcəyi məkan barədə əlavə məlumat verəcəyik.

 

«Het-trik news» qəzetinin layihəsi

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


Digər xəbərlər

Xəbər xətti