"Çox az adam inanırdı ki, biz kiməsə badalaq vuraq, dişimizi göstərək" - LAYİHƏ

03:04 13 Fevral 2018

Sportarena.az saytı AFFA yanında Media Komitəsinin maliyyələşdirdiyi "Futzal üzrə liqaların işıqlandırılması, uşaq futzal məktəblərinin yoxluğu, real durum və problemlər" mövzusunda layihənin icrasına başlayır.

 

Futzal ölkəmizdə populyar və sevimli idman növlərindən biridir. Böyük futbolun kiçik qardaşı olan futzala Azərbaycanda maraq böyükdür. Marağa, populyarlığa rəğmən, futzalımızda vəziyyət elə də ürəkaçan deyil. Futzal üzrə ölkə çempionatının yüksək liqasında cəmi 7 komanda mübarizə aparır. Onlardan bir neçəsinin vəziyyəti isə heç də yaxşı deyil. Hətta bəzi klubların fəaliyyəti həvəskar səviyyədədir. Düzdür, çempionatımızda güclü komandalar da var. Ancaq onların qazandıqları nəticələrdə əsas pay sahibləri demək olar ki, legioner oyunçulardır. Yerli futzalçılarımızın səviyyəsi yüksək olanlar isə azlıq təşkil edir. Bunun nəticəsini milli komandanın heyətinə baxmaqla da görə bilərik. Yalnız Rövşən Hüseynli, Rizvan Fərzəliyev və Vitali Borisov millinin əsas üzvləridir. İsa Atayev, Ramiz Çovdarov və Xətai Bağırov kimi futzalçılar milli komandaya dəvət alsalar da, hətta meydanda olsalar da, sonuncu Avropa Çempionatı onların yüksək səviyyəyə və lazımı təcrübəyə sahib olmadıqlarını göstərdi.

 

Yerli futzalçıların olmamasının səbəbi təkcə klubların sayının az olması və onların maddi-texniki şəraitinin yüksək olmaması ilə əlaqədar deyil. Əsas məsələ, ölkəmizdə uşaqların futzalla məşğul olmaları üçün şəraitin - akademiyaların, məktəblərin olmamasıdır. Bu səbəbdən demək olar ki, peşəkar futzalçı yetişmir. Hazırda futzalla məşğul olanların əksəri isə böyük futbolda uğur qazana bilməyən oyunçulardı. Onlar böyük futbolda öyrəndiklərinin hesabına futzal meydanlarında nəsə etməyə çalışsalar da, bu heç də uğurlu alınmır. Çünki futbolla futzal arasında kifayət qədər fərq də var.

 

Futzalla bağlı ən böyük problemlərdən biri də regionlarda bu idman növü ilə məşğul olmaq üçün heç bir şəraitin olmamasıdır. Hətta hansısa bölgəmizi təmsil edən bir klub belə yoxdur. Böyük futbolda bölgələrdəki yarışların təşkili, futbol akademiyalarının və məktəblərinin problemləri, qayğıları ilə məşğul olan regional federasiyalar var. Futzalda isə bu yöndə nəinki regionlarda, hətta paytaxt Bakıda heç bir addım atılmayıb. Sadəcə 2 klubun futbol akademiyası fəaliyyət göstərir. Və bu inkişaf üçün yetərli deyil.

 

Məhz bu səbəblərdən futzalın inkişafında ciddi problemlər var. Yerli oyunçuların sayının az olması milli komandamıza da təsirsiz ötüşmür. Yığmaya cəlb edilən legionerlər isə gözləntiləri doğrultmurlar. Onların əvəzinə yerli oyunçuların oynaması daha yaxşı olardı. Bəlkə də o zaman Avropa Çempionatının 1/4 final mərhələsində Portuqaliyadan aldığımız 1:8 hesablı məğlubiyyət bizi bu qədər narahat etməzdi. Ən azından yerli futzalçılarımızın qitə çempionatında təcrübə qazanması ilə təskinlik tapardıq. Futzalımızda bu tipli problemlər kifayət qədər çoxdur və onları layihəmiz boyunca işıqlandırmağa çalışacağıq.

 

Futzal üzrə Yüsək liqada mübarizə aparan "Marafon" yuxarıda sadaladığımız problemlərin həlli yolunda addımlar atan klublardan biridir. Bu klubun şəraiti də digərlərindən fərqlənir. Eyni zamanda, "Marafon" uşaq futzalına da xüsusi diqqət ayırır. Bu məqamları nəzərə alaraq, klubun düşərgəsinə baş çəkib, oradakı şəraitlə, klubun problemləri və mövcud vəziyyəti ilə yaxından tanış olmaq qərarına gəldik.

 

İlk həmsöhbətimiz "Marafon"un direktoru Samir Məmmədov oldu. Klub rəsmisi müsahibəsində bir sıra vacib məqamlara toxundu:

 

 

- Öncə "Marafon" klubu barədə məlumat verərdiz...
- Futzal komandamız "Marafon" İdman Klubunun nəzdində 2016-cı ildə yaradılıb. Elə həmin vaxtdan aşağı dəstədən mübarizəyə başlayıb. Komandamız yarandığı dövrdən öz gücünü nümayiş etdirib və sübut edib ki, biz yaxşı nəticələrə imza ata bilərik. Ötən mövsüm biz Birinci dəstədə mübarizə aparsaq da, ilk legioner gətirən klublardan biri idik. "Marafon" öz oyun dəsti-xətti ilə seçilən komanda idi. Çünki biz ilk gündən düşündük ki, kluba peşəkarları cəlb edək. Klub idarəsindən tutmuş məşqçi heyətinə qədər hamı öz sahəsində peşəkar şəxslərdən biridir. "Marafon" yeganə klublardandır ki, burada çalışan şəxslər öz işləri ilə məşğul olurlar. Direkoru, həkimi, məşqçisi və futzalçıları fikrini sadəcə öz işlərinə yönəldirlər. Klubumuzda ilkin vəziyyət belə idi.

 

Aşağı dəstədə mövsüm bitdikdən sonra qərara gəldik ki, Yüksək liqada çıxış edək. Bu addımı son zamanlar aşağıya yuvarlanan futzalımızı inkişaf etdirmək üçün atdıq. Çempionatımızda legionerlər var. Bunlar gözəldir, amma onların milli komandaya cəlb olunması futzalımızın hansı vəziyyətdə olmasını göstərir.

 

- Kütləvilikdən öncə başlanğıc uşaq futzalından olmalıdır. Yaxşı bazalar, klubların sayı çox olmalıdır. Bunlar əsas faktorlardı.
- Bəli, sözsüz ki. Gördüyünüz kimi, komandamızın burada hər cür şəraiti olan bazası var. Məşq üçün meydançalarımız, fitnes zalımız, açıq havada məşq etmək üçün məkanımız da var. Bu şəraiti bizə yaradalanlara təşəkkür bildirməliyik. Hər bir klubun da belə bazası, şəraiti olmaladır. Bizim ilk vaxtlardan düşüncəmiz o idi ki, uşaq futzal məktəbini yaradaq. Azərbaycanda demək olar ki, belə məktəb yox idi. Futzalçılar ordan-burdan yığılır. Bu, belə olmalı deyil. Uşaqlar kiçik yaşlardan parketi hiss etsinlər, topa öyrəşsinlər. Bizdə təəssüflər olsun ki, belə deyil. Amma buna doğru getmək lazımdır. Futzalımızı inkişaf etdirmək istəyiriksə, buna nail olmalıyıq.

 

- Birinci divizionda, əvəzedicilərin turnirində oynamaq istəməyən futbolçular futzala gəlib Yüksək liqa klublarında çıxış etmək istəyirlər. Razılaşarsız ki, hazırda vəziyyət belədir.
- Bəli, belə bir vəziyyət var idi. Böyük futbolda özünə yer tapa bilməyənlər və ya hansısa tələblərə uyğun gəlməyənlər futzala gəlirdilər. Bu, düzgün deyil. Futzalın sırf futzal oyunçusu olmalıdır. Məsələn, Rusiyada belədir. Uşaq parketdən məşqlərə, oyunlara başlayır. Elə parketdə də qalır.

 

- Yüksək Liqada iştirakçıların sayı azdır. Klubların sayını artırmaq mümkündürmü? Ümumiyyətlə futzalın inkişafı üçün hansı addımlar atılmalıdır?
- Bildiyiniz kimi, Yüksək liqada 7 klub iştirak edir. Bu, çox azdır. Niyə biz klubların sayını 10-a çatdırmırıq? Ona görə ki, klubların maddi vəziyyətləri buna imkan vermir. Komandalar var ki, perspektivli futzalçıları var. Amma klub rəhbərləri onları saxlamaq iqtidarında deyillər. Amma federasiyanın imkanı var ki, həmin klublara maddi dəstək olsun. Həmin maddi dəstəklə klubları məcbur etmək olar ki, uşaq komandaları yaratsınlar və bu komandalar arasında oyunlar keçirilsin. Həmçinin, məktəblər arasında futzal çempionatı keçirilməlidir.

 

- Məktəblərdə, küçələrdə uşaqların seçimləri aparılırmı? İstedadlar aşkarlanıb, klublara cəlb edilirmi?
- Hal-hazırda belə bir şey yoxdur ki, məktəbdə, küçədə oynayan uşaqlar seçilsin. Oynayanlar onsuz da oynayır. Oynamayanlar isə kənarda qalır.

 

- Həmçinin bazaların sayı da çox azdır
- Bəli, çox azdır.

 

 

- Məktəblərdə idman zalları var. Amma bununla iş bitməz. Bölgələrdə, rayonlarda futzal mərkəzləri olmalıdır. Necə ki, güləşdə, boksda. ağır atletikada, futbolda belə mərkəzlər, regional federasiyalar var.
- Gəlin razılaşaq ki, dövlətimizin dəstəyi ilə rayonlarımızda, şəhərlərimizdə olimpiya mərkəzləri tikilib. Həmin mərkəzlər bütün tələbatlara cavab verir ki, orada hansısa bir iş görülsün. Hətta məktəblərdəki o kiçik zallarda belə nəyəsə başlamaq olar.

 

- "Marafon"un indiki durumu, arzusu və çempionatın sonundakı hədəfi nədir?
- İlkin olaraq bildirim ki, biz çempionata qatılanda çox az adam inanırdı ki, biz kiməsə badalaq vuraq, dişimizi göstərək. Biz sakitcə o fikirləri qəbul edib, öz işimizlə çempionatda nəyə görə iştirak etdiyimizi göstərdik. İndi istəyirik ki, oyunlar elə bir vaxtda keçirilsin ki, biz azarkeşləri matçlara cəlb edək. Arada itirilmiş illər çox olub. Amma biz əminik ki, bu baş verə bilər.

 

Yığma komandamızın çıxışına gəldikdə isə, həmin nəticə Azərbaycan futzalının real durumunu göstərdi. Mütəxəssislər də bu barədə fikirlərini bildirdi. Bu, bir azərbaycanlı olaraq bizim üçün çox ağırdır.

 

- Komandanız turnir cədvəlində neçənci pillədədir?
- İkinci pillədəyik. Mövsümün ilk yarısı geridə qalıb. İddialarımız davam edir. Biz ölkə kubokunu qazanmağı düşünürük.

 

 

- Əsas rəqibləriniz hansılardı?
- Çempionatda iştirak edən komandaların hamısı güclüdür. Zəif rəqib yoxdur. Autsayder "Xəmsə" komandasına bayaq dediyim kimi dəstək az olsa da, heyətlərində yaxşı futzalçılar var. Hər bir komanda ilə görüşdə çətinliklə üzləşə bilərik. Əsas rəqibimiz isə "Araz"dır. Bu komandadan 7 xal geri qalırıq. İtirilmiş xalları geri almaq istəyirik.

 

- Komandanızda həm yerli, həm legioner futzalçılar var. Hətta çempionatın bombardiri komandanızın üzvü Renat Sultanovdur. Yerli futzalçıların komandadakı çıxışı və legionerlərin cəlbi barədə danışardız. Onlar tandem təşkil edirlərmi?
- Bizim işimiz elə bundan ibarətdir. Bəli, komandamızda legionerlər var. Onlar bizə yardımçıdılar, komandanı daşıyan deyillər. Biz üstünlüyü yerli futzalçılara veririk. Komandanın göstəricilərində öndə məhz yerlilərdir. Bombardirlərimiz də azərbaycanlılardır. Milli komandanın üzvü olan futzalçılarımız da var. Amma onlar milliyə niyə çağırılmadılar? Bu, artıq başqa bir məsələdir.

 

Legionerlərimiz komandaya dəstək üçün gəlib. Legionerlərimiz Belarus və İrandandırlar. Bütün dünyada olduğu kimi legionerlər yardımçı olmağa və rəqabət yaratmağa gəlirlər.

 

- İlk hədəfiniz çempionatda iştirak etmək idi. Artıq buna nail oldunuz. Bundan sonrakı hədəfiniz nə olacaq? Uşaq futbol məktəbi ilə bağlı hansı addımlar atılacaq? Qeyd etdiyiniz problemlərin həlli yolunda nələri planlaşdırırsız?
- Artıq, futzal məktəbi layihəmizə start verilib. Artıq uşaqlar məşqlər keçirlər. Müxtəlif yaş qruplarından uşaqlar var, komandalar komplekləşirlər. Amma o uşaqlar kimlərlə oynayacaqlar? Əsas məsələ budur. Başqa klubların da uşaq mətkəbləri olmalıdır, turnirlər keçirilməlidir. Artıq "Fənər" futzal məktəbi də açılıb. Orada da bu yöndə işlər gedir.

 

Daha sonra komandanın baş məşqçisi Elşad Quliyev də suallarımızı cavablandırdı:

 

 

- Komandanın hazırkı durumu və qarşıya qoyulan hədəflər barədə məlumat verərdiz.
- Durumumuz çox yaxşıdır. Məşqlərimiz davam edir. Çempionat oyunlarına hazırlaşırıq. Çərşənbə günü "İtal Dizayn"la oyunumuz var. Demək olar ki, 70-80 faiz oyuna hazırıq. Birinci Liqadan yeni gəlmiş komandayıq. İlk vaxtlar müəyyən çətinliklər oldu. İndi çempionluq şansımız var. Mümkün olduğu qədər çempionluq uğrunda mübarizə aparacağıq. Daha sonra ölkə kubokunu qazanmaq istəyirik.

 

- 7 komandalı çempionat sizi qane edirmi?
- Bu bizim ən böyük bəlamızdır. Çempionatda 14-16 komanda oynamalı idi. Belə olanda yerli futbolçular üçün də yaxşı olacaqdı. Həm də oyunların sayı artacaqdı. 7 komandalı çempionatda isə oyunların sayı az, aralarındakı vaxt isə uzun olur.

 

- Uşaq futbolu - bünövrə çox vacibdir. İndiki vəziyyətdə kənardan futzalçı gətirmək çıxış yoludur. Razılaşarsız ki, uşaq futzalı bütün problemlərin həllində daha vacibdir.
- Əlbəttə, uşaq futzalı 100% lazımdır. Biz də uşaqlardan ibarət komanda yaratmışıq. Ki, onları gələcəkdə perspektivli futzalçılar edək.

 

Daha sonra komandanın əsas üzvlərindən biri, həmçinin Yüksək liqanın bombardiri Renat Sultanov suallarımızı cavablandırdı. O, komandanın iddiasından, ölkə çempionatının mövcud durumundan bəhs etdi: 

 

 

"Debütant komandayıq. İlk dövrədə maksimum xal toplamağa çalışdıq. Ona da nail olduq. Çətinliklərimiz və məğlubiyyətlərimiz oldu. Bununla belə, ikinci pillədə qərarlaşmışıq. Bir çoxlarının fikri odur ki, "Araz"dan deyil, "Marafon" klubundan xal alsınlar. İkinci dövrədə bizi çətin mübarizə gözləyir. Əlimizdən gələni edəcəyik ki, mövqeyimizi qoruyaq. Komadamız "Araz"la mübarizə aparmağa da hazırdır. Məşqlərimiz yaxşı keçir. Həm taktiki, həm də fiziki cəhətdən oyunlara hazırlaşırıq. İstədiyimiz kimi alınır".

 

- Müxtəlif komandalarda oynamasın. "Marafon"la çempionluğu dadmaq necə olar?
- Fərq etmir hansı komanda ilə çempion olursan. Çempionluğun dadı başqadır. "Marafon"la çempion olmağı çox istəyirəm. Yaxşı kollektivimiz var, hamı bir-biri ilə mehribandır. Ümid edirəm ki, bu il olmasa da, gələn il çempion olarıq.

 

- Çempionatın bombardirisən, komandaların sayının azlığından narahatsızmı? Oyun sayı az, oyunlar arasındakı vaxt isə çox olur...
- Əlbəttə, komandaların azlığından gileylənirik biz də. Komanda sayı çox olsa, çempionat maraqlı keçər. Milli komandaya da yaxşı olar. İndiki çempionat əvvəlki illərə baxanda zəif deyil. 

Bombardirliyə gəlincə, bombardirlik önəmli deyil. Əsas komandamızın qələbəsidir. Kimin bombardir olması məni düşündürmür.

 

 

Rüfət Nadirli

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


Digər xəbərlər

Xəbər xətti