Yuri Maksimov "Keşlə"dən ayrılır? - Klubdan rəsmi açıqlama

13:05 28 Fevral 2018

Bu gün “Keşlə”nin baş məşqçisi Yuri Maksimovun postundan ayrıldığı barədə məlumat yayılıb..

 

Sportarena.az xəbər verir ki, bu barədə Futbolinfo.az saytı məlumat yayıb. Həmkarlarımızın iddiasına görə, bu gün ukraynalı mütəxəssis futbolçularla toplantı keçirib və onlarla vidalaşıb. Buna səbəb klubun Müşahidə Şurasının sədri Zaur Axundov onun işlərinə müdaxilələr etməsidir. Bu üzdən də Maksimov istefa vermək məcburiyyətində qalıb. Maksimovun səbr kasasını daşıran isə Axundovun Topaz Premyer Liqasının 17-ci turunda keçirilmiş “Sumqayıt”la ev oyunundan sonra baş məşqçinin fikrini soruşmadan, maraqlanmadan iki gənc oyunçunu – Rafael Məhərrəmli və Əlibəy Məmmədlini əvəzedici komandaya göndərməsi olub. Bütün bunlara görə bu gün komanda üzvləri ilə görüşən Maksimov onlarla vidalaşdıqdan sonra Ukraynaya qayıdacağını açıqlayıb.

 
Məsələ ilə bağlı "Keşlə" ilə əlaqə saxladıq. Klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov xəbəri təkzib etdi:
 
"Doğru məlumat deyil. Yuri Maksimov komandanı səhər məşqinə çıxarıb. Axşam daha bir məşqə çıxaracaq. Onunla əməkdaşlığımız davam edir".
 
Klub rəsmisi klubun Müşahidə Şurasının sədri Zaur Axundovun baş məşqçinin işinə qarışması və Rafael Məhərrəmli ilə Əlibəy Məmmədlinin əvəzedici komandaya göndərilməsi ilə bağlı iddialara da cavab verdi:
 
"Heç kim məşqçinin işinə qarışmır. Sözügedən futbolçular hazırda əsas komanda ilə birlikdədilər. Əvəzedici komandaya göndərilməyiblər.


Xəbər xətti