U-15 Liqası: Mərkəzi oyun “İnter Arena”da

16:54 16 Mart 2018

Sabah və birigün “Boulevard U-15 Liqası"nda 22-ci turun oyunları keçiriləcək. “Neftçi" İK İB-nin buraxacağı turda 7 oyunun cəmi 2-i paytaxtda keçiriləcək ki, onlardan da biri mərkəzi qarşılaşmadır.

 

17 mart (şənbə)

13:00 “Keşlə" - “Qəbələ"

(“İnter Arena", 4-cü meydan)

 

İki klubun təmsilçiləri son 1 həftədə 4-cü dəfə qarşılaşacaqlar. Maraqlıdır ki, U-17, əvəzedicilər və əsas komandaların iştirakı ilə əvvəlki 3 oyunun hamısında heç-heç qeydə alınıb. Bu oyunun da bərabərliklə başa çatması ehtimalı böyükdür. Heyətində ciddi itkilərə rəğmən “Keşlə" liderlə oyuna 3 xal üçün çıxacaq. Ötən tur oxşar vəziyyətdə “Qarabağ"ı 3:0 hesabı ilə özü də səfərdə məğlub etməyi bacaran “Keşlə" “Qəbələ" ilə oyundan əvvəl daha bir zərbə alıb. Belə ki, müdafiə xəttinin “dirəyi" Rəşad Həsənov cəza səbəbindən oyunu buraxacaq. İtkilər baş məşqçi Xəyal Mustafayevin çətin duruma salıb. “18-liy"i qurmaqda belə çətinlik çəkən məşqçi U-14 komandasının bir neçə futbolçusunu oynatmağa məcburdu.

 

“Qəbələ"də isə itkilər demək olar ki, yoxdur. Olsa belə, klubun akademiyasında matçı buraxacaq futbolçuları əvəzləyən yetərincə istedadlı uşaqlar var. Başqa sözlə, Rakif Əliyevin ehtiyat qüvvəsi də əsas qüvvə qədər təhlükəlidir. Hər şeyə rəğmən, “Keşlə"nin yaxşı komanda olduğu məlumdur və liderlə oyunda heyətdəki itkilərə baxmayaraq, qələbə qazanmaq gücündədir. Birinci dövrədə səfərdə “Qəbələ"yə 1:5 hesablı ağır məğlubiyyət olan-qalan futbolçulara əlavə motivasiya verə bilər. Oyunun nəticəsini əvvəlcədən proqnozlaşdırmaq çətindir. 90 dəqiqənin tamamında istənilən nəticə qeydə alına bilər.

 

13:00 “Zaqatala” - “Vətən”

(Zaqatala şəhər stadionu)

 

Bu oyun haqqında 1-2 cümlə ilə fikir bildirmək bəs edir. Qarşılaşmada “Vətən"in qələbəsinə heç nə mane ola bilməz. Qonaqlar 10 nəfərlə oynasalar, hesabda 2-3 top fərqi ilə geridə olsalar belə. “Vətən" çempionatın ən güclü 2-3 komandasından biridir. “Məktəblilər"in indiyə kimi qələbə üzünə həsrət qalan, əksər oyunları böyük hesabla uduzan autsayder qarşısında hansısa çətinliklə üzləşəcəyi mümkün deyil. Bəri başdan oyunun böyük hesabla “Vətən"in xeyrinə başa çatacağını da proqnozlaşdırmaq olar.

 

14:00 “Viləş” -” Zirə” 

(Masallı, A.Banişevski adına stadion)

 

Nəticəsini əvvəlcədən söyləməyin çətin olduğu qarşılaşmalardan biri də “Viləş" - “Zirə" matçıdır. Qeyri-stabil oyun sərgiləyən “Zirə" əslində cütün favoritidir. Qeyri-stabil ona görə deyirik ki, Cəfər Hüseynovun komandası istənilən oyunda xal itirməklə yanaşı, güclü rəqibləri məğlub etməyi də bacaran kollektivdir. “Neftçi" İK İB və “Qarabağ"a minimal hesablı məğlubiyyətlər, lider “Qəbələ" üzərində 3:2 hesablı qələbə dediklərimizə sübutdur. “Zirə" bu oyunda xal da itirə bilər, böyük hesabla da qalib gələ bilər. Bu, vəziyyətdən asılı olacaq. Bir də hava şəraitindən. Məsələ burasındadır ki, “Viləş"in ev oyunlarını keçirdiyi stadionunun qazonu Gəncədə və Sumqayıtın “İnşaatçılar"ında olduğu kimi  bərbad durumdadır. Yağış meydanı daha pis vəziyyətə salır ki, bu da komandaların istədiyini etməsinə imkan vermir. Digər tərəfdən “Viləş"in ev oyunlarında daha yaxşı oynamasını da yaddan çıxarmayaq.

 

14:00 Sumqayıt - Turan

(Sumqayıt, “Kapitalbank Arena")

 

Yeni ildə qələb üzünə həsrət qalan “Sumqayıt" axırıncı dəfə 10-cu turda 3 xala sevinən “Turan"ı məğlub etməyə borcludur. Birinci dövrədə daha yaxşı oyun sərgiləyən və vacib xallar qazanan Mehman Yunusovun komandası bu oyunda qalib gəlməklə 3 xal həsrətinə son qoya bilər.

 

“Turan”a gəlincə, komanda çempionatın əvvəlində daha “dişli" idi. Amma qış fasiləsi ərəfəsində əsas heyət üzvlərindən bir neçə nəfərin komandadan ayrılması “Turan"ı xeyli zəiflətdi. Münasib rəqiblərə belə asan məğlub olan tovuzlular çempionatı indi olduğu yerdə tamamlasalar, böyük şeydi.

 

16:00 İ.Cavadov BFA - “Səbail”

(“Bakı baza")

 

Ötən həftə gərgin oyunda “Zirə"yə məğlub olan “Səbail"in İsgəndər Cavadov BFA ilə oyunda qalib gələcəyi gözlənilir. Xaqani Məmmədovun komandasının oyundan 3 xalla ayrılmasına yalnız 1 hal mane ola bilər - bəxtsizlik. Son turlar baxımlı oyun sərgiləyən “Səbail"in meydan sahiblərindən bir baş üstün olduğu sirr deyil. Doğrudur, Qəhrəman Əliyevin futbolçuları ara-sıra sensasiya etməyi bacarırlar. Məsələn, 19-cu turda onlar səfərdə “Neftçi" ilə qolsuz bərabərliyə qala bilmişdilər. Amma bəxt hər oyunda üzə gülmir ki?

 

18 mart (bazar)

14:00 “Kəpəz" - “Neftçi"

(Gəncə, TİM-nin meydanı)

 

Çempionatın əvvəlində iddialı olan amma tədricən birinciliyin ortabablarından olan “Kəpəz" Gəncədə medallar uğrunda mübarizə aparan “Neftçi"ni qəbul edəcək. Hər iki komanda qeyri-stabil çıxış göstərir. Zəif rəqiblərlə oyunlarda xal itkiləri, güclü rəqibləri isə büdrətmələri hər iki komandaya xas olan əlamətdir. Oyunda üstün tərəf kimi “Neftçi" görünür. Həm fiziki, həm də texniki futbol oynamağı bacaran Zaur Seyidovun komandasının qalib gəlməsinə yalnız 2 məqam manne ola bilər. Birincisi, “Kəpəz"in əzmkarlığı və döyüşkənliyi, ikincisi isə oyunun keçiriləcəyi Gəncə TİM-nin meydanının olduqca bərbad durumda olması. Məhz sadalanan iki məqamla yanaşı, evdə oynaması da “Kəpəz"in üstünlüyüdür. “Kəpəz"in qalan 9 turda liderlər qrupuna düşəcəyi inandırıcı olmadığı üçün komanda meydana rahat çıxacaq. Yəni, xal itkisi onlara o qədər də təsir göstərməyəcək. “Neftçi"də isə vəziyyət fərqlidir. Məğlubiyyət və ya heç-heçə komandanı 3-cü pillədəki rəqibdən 8 xal geri sala bilər. Bu üzdən bakılıların bu oyunda qalib gəlmələri çox vacibdir.

 

14:00 İOEUGİM - “Qarabağ”

(Sumqayıt, “İnşaatçılar" stadionu)

 

Son turda gözlənilmədən güclü “Keşlə"yə böyük hesabla məğlub olan “Qarabağ"ı bu dəfə münasib rəqib gözləyir. “Qarabağ" çempionatda baxımlı oyun sərgiləyən, taktiki və texniki oyuna üstünlük verən az sayda komandalardandır. Oyunun keçiriləcəyi “İnşaatçılar" stadionunda isə bu cür oyun sərgiləmək mümkün deyil. Bərbad qazon burada çox iddialı komandaların “evini yıxıb". “Neftçi"ni (1:0) və “Keşlə"ni (1:1) misal gətirə bilərik. “Növbəti qurban"ın “Qarabağ" olması da mümkündür. Qısası, qonaqlar rəqiblə yanaşı həm də bərbad qazonla mübarizə aparmalı olacaqlar.

 

Bu cür meydanda oynamağa öyrəşmiş Baba Əsgərovun komandası evdəki son 3 matçda rəqib qapılarından qol keçirməyib. Qol və xal sarıdan “quru seriya" “Qarabağ"la oyunda qırıla bilər. Meydan sahiblərinin “Qarabağ"dan xal(lar) alması ehtimalı az olsa da, məhz meydan amilinə görə bunu gözləməyə dəyər.

 

Cəza səbəbindən turu buraxacaq futbolçular: Elcan Şirinov (“Turan”), Nihad Kərimli (“Qarabağ”), Rəşad Həsənov (“Keşlə”), Həsən Seyfullayev (“Kəpəz”).

Bombardirlər: Mehrac Baxşəliyev («Qəbələ») – 23 qol, Elvin Abdullayev («Vətən») – 21 qol.

 

«Het-trik news» qəzetinin layihəsi

 

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


Digər xəbərlər

Xəbər xətti