U-15 Liqası: «Kəpəz» - «Neftçi» oyunu niyə təxirə salındı?

11:05 19 Mart 2018

Həftəsonu “Boulevard U-15 Liqası"nda 22-ci turun oyunları keçirildi. Baş tutan 6 oyunun hamısında böyük hesablı qələbə qeydə alındı. Turun 1 oyunu təxirə salındı. Səbəb…

 

“Keşlə" - “Qəbələ" 0:3

Turun mərkəzi oyunundan başlayaq. Şənbə günü «İnter Arena»nın 4-cü meydanında medallara iddialı olan və 11 oyundur ki, məğlubiyyət acısı dadmayan «Keşlə» birinciliyin lideri «Qəbələ»ni qəbul edirdi. Gözləmək olardı ki, «Keşlə» bu vacib oyunda da xal itirməyəcək. Azından ötən tur güclü «Qarabağ»ı səfərdə 3:0 hesabı ilə məğlub edən komandada qələbə əzmi daha yüksək idi. Amma «Keşlə» bu oyuna ciddi problemlərlə çıxmışdı. Zədə «epidemiyası» üzündən komandanın bir neçə aparıcı futbolçusu oyunu kənardan izləməyə məcbur idi. Üstəlik, «Qarabağ»la oyunda sarı vərəqə alan Rəşad Həsənov cəzalı duruma düşmüşdü. Baş məşqçi Xəyal Mustafayev «itirdiyi» futbolçuların yerinə heyətə U-14 komandasından bir neçə futbolçu çağırmışdı.

 

«Qəbələ»də isə heyətlə bağlı vəziyyət yaxşı idi. Doğrudur, komandanın əsas heyət üzvlərindən 2-3 futbolçu zədəli olduğu üçün qarşılaşmada iştirak edə bilmirdilər. Amma «Qəbələ»də bu futbolçuları əvəzləyən yetərincə ehtiyat qüvvə olduğundan Rakif Əliyev heyət qurmaqda hansısa çətinlik çəkmədi.

 

Oyun qarşılıqlı hücumlar şəraitində başladı və 1-ci hissənin sonuna kimi də belə davam etdi. Hər iki qapı önündə təhlükəli vəziyyətlər olsa da, kimsə topu qapıdan keçirə bilmədi.

 

İkinci hissədə qonaqların istədiyi kimi başladı. 5-ci dəqiqədə künc zərbəsindən sonra geri qayıdan topu Süleyman Damadayev cərimə meydançasının xətti üzərindən qapıdan keçirdi. Buraxılan qoldan sonra böyük qüvvə ilə irəli atılan meydan sahibləri Vaqif Həsənov, İsrail Əliyev, Əbil Əbilov, Seymur Məmmədov, Qurban Səfərovla bir neçə epizodda hesabı bərabərləşdirməyə yaxın olsalar da, imkanları boşa verdilər. Əvəzində 52-ci dəqiqədə qapılarında daha bir qol gördülər. Meydana yenicə çıxan Kənan Qaragözovdan ötürmə alan Ümid Həmzəyev fərqləndi. Başqa sözlə, «Qələbə»nin Ümidi «Keşlə»nin ümidlərini «dəfn etdi». «Qəbələ» matçda sonuncu qolu 61-ci dəqiqədə əks-hücumdan vurdu. Orxan Səlimovdan uzun ötürmə alan Kamal Kazımov «Keşlə»nin qapıçısı Mikayıl Əhmədovla təkbətək mübarizədən  qalib ayrıldı.

 

Məğlubiyyət «Keşlə»nin turni cədvəlindəki vəziyyətinə təsir etməsə də, 3-cü yerdəki «Zirə»din 5 xal aralı düşməsinə səbəb oldu. «Qəbələ» isə «Vətən»lə xal fərqini qorudu.

 

“Zaqatala” - “Vətən” 1:7

«Vətən»in autsayder ilə oyunda qalib gələcəyi, özü də böyük hesabla qalib gələcəyi gözlənilən idi. Belə də oldu. «Qəbələ»ni addım-addım izləyən «məktəblilər» əyalət təmsilçisinin qapısından 7 qol keçirdilər. Qonaqların heyətində Kamal Musayev (3-cü dəq.), Vüsal Vəliyev (9-cu dəq.), Elvin Abdullayev (21, 54, 61), Şahin Kərimli (54-cü dəq.) və Mircəlal Abbasov (65-ci dəq.) vurdular. Meydan sahibləri yalnız matçın başa çatmasına 1 dəqiqə qalmış prestij qola sevindilər. Qədir Salmanov Vüqar Məmmədli ilə mübarizədə qaydanı pozdu və hakim penalti təyin etdi. «Ağ nöqtə»yə yaxınlaşan «Zaqatala»nın qapıçısı Nail Əhmədov həmkarı Yunis Hüseynovla mübarizədən qalib ayrıldı.

 

«Vətən»li Elvin Abdullayev «het-trik» etməklə bombardilərin yarışında yenidən zirvəni ələ keçirdi. İndi Elvinin aktivində 24 qol var və «Qəbələ»ni Mehrac Baxşəliyevi 1 top qabaqlayır.

 

“Viləş” -” Zirə” 0:3

Matçın favoriti qonaqlar idi. Lakin «Zirə»nin çətin Masallı səfərində qalib gəlməməsi mümkün idi. Bunun da 2 səbəbi var idi. Birincisi, «Viləş» ev oyunlarında daha əzmkar oyun nümayiş etdirir. İkincisi isə meydan amili idi. Anatoli Banişevski adına stadionun qazonu ideal vəziyyətdə deyil. Üstəlik, oyun günü yağış yağdığını da nəzərə alsaq, futbolçuların hansı şəraitdə oynadıqlarını təsəvvür etmək çətin olmaz.

 

Oyun «Zirə»nin üstünlüyü şəraitində başlasa da, ilk yüz faizli qol vəziyyətini meydan sahibləri yaratdılar. Hesab 13-cü dəqiqədə açıldı. Meydanın mərkəzinə yaxın nöqtədən Cəlal Hüseynov topu qapıya doğru göndərdi. Yolüstü top Nurəli Nurəliyevə azacıq toxunuşla qapıdan keçdi. Düzü, oyunun protokolunu əldə edə bilmədiyimizə görə qolun kimin adına yazıldığını dəqiqləşdirə bilmədik.

 

Cəmi 1 dəqiqə sonra «Viləş» özünə gəlməmiş Mahmud Ağayev fərdi bacarığı sayəsində rəqibin 2 müdafiəçisindən sıyrılaraq qapıçı ilə təkbətək çıxdı və ikinci topu meydan sahiblərinin qapısından keçirdi. Birinci hissənin qalan dəqiqələrində hər iki tərəfin təhlükəli həmlələrinə rəğmən, hesab dəyişmədi. Xüsusilə, «Viləş»dən Mirsəlim İsayevin yerinə yetirdiyi cərimə zərbəsi daha yaddaqalan oldu. Topun qapıdan keçməsinə dirək mane oldu.

 

Eyni ssenari ilə keçən ikinci hissədə qapılara cəmi 1 qol vuruldu. Vüsal Əliyevin cərimə zərbəsindən qapı önünə göndərdiyi topu «Viləş»in qapıçısı çıxarmaq istəyərkən öz qapısından keçirdi. Təəssüf ki, bayaq göstərdiyimiz səbəbdən bu qolun da kimin adına yazıldığı barədə dəqiq məlumatımız yoxdur.

 

«Zirə» 3 xal qazansa da, oyunu itki ilə tərk etdi. Belə ki, əsas futbolçulardan olan Mirzəbəy Şahbazov birbaşa qırmızı vərəqə ilə oyundan qovuldu. Onun hakimi təhqir etdiyi iddia olunsa da. Futbolçu və məşqçisi Cəfər Hüseynov fərqli fikirdədilər.

 

Sumqayıt – Turan 5:0

7 oyundur ki, qələbə üzünə həsrət qalan «Sumqayıt» axır ki, qalib gəldi. Evdə autsayderlərdən olan «Turan»ın qəbul edən Mehman Yunusovun komandası tovuzluların qapısından 5 cavabsız qol keçrdi. Birtərəfli keçən oyunda «Sumqayıt»dan qolları 1-ci hissədə İlkin İbrahimov (2 qol), Uğur Nağıyev, Rüstəm Hümbətov, 2-ci hissədə isə Alı Alı vurdular.

 

Qazanılan 3 xal «Sumqayıt»ın «Kəpəz»i keçməsinə bəs etdi. İndi sumqayıtlılar 31 xalla 7-ci yeri «kirayələyiblər». Əgər «Kəpəz» «Neftçi» ilə oyunda xal gbtürə bilməsə, o halda həmin yer «Sumqayıt»ın adına «özəlləşəcək». «Turan» isə «zirzəmi»ni çoxdan «özəlləşdirib» və çətin ki, çempionatın sonuna kimi yuxarı mərtəbələrə çıxa bilsin.

 

İ.Cavadov BFA - “Səbail” 0:3

Eyni sözlər Qəhrəman Əliyevin komandasına da aiddi. Söhbət İsgəndər Cavadov BFA-dan gedir. Bu dəfə «Səbail»ə məğlub olan komanda «Turan»la eyni xal toplayıb. Onların gələcəkdə xallarını artırmaq üçün ən real vəziyyət öz aralarındakı oyunda olacaq. Təbii ki, sensasiyaya imza atmasalar.

 

Oyuna gəlincə, qonaqların üstünlüyü şəraitində keçən oyunda «Səbail» 3 qolla 3 xala sevindi. 4-cü dəqiqədə Nicat Quliyevdən ötürmə alan Arif Məmmədov, 37-ci dəqiqədə Nahid Abbasov və 56-cı dəqiqədə isə Elnur İbadov fərqləndilər.

 

Bu qələbə ilə «Səbail» xal ehtiyatını 30-ca çatdıraraq «Kəpəz»i haqladı. Amma 1-ci dövrədə «Kəpəz»ə məğlub olduğu üçün (1:3) Gəncə təmsilçisini keçə bilmədi. İsgəndər Cavadov BFA haqqında isə bayaq qısaca bəhs etdik. «Turan»la eyni aqibətdə olan komanda Tovuz təmsilçisi ilə 13-14-cü yerləri bölüşür.

 

İOEUGİM - “Qarabağ” 0:3

Bəri başdan qeyd edək ki, bazar gününə 2 oyun nəzərdə tutulmuşdu. Onlardan «Kəpəz» - «Neftçi» matçı son anda təxirə salındı. Səbəb oyunun keçirilməli olduğu Gəncə TİM-nin meydanının güclü yağış səbəbindən pis vəziyyətə düşməsi idi. Palçıqda futbol oynamağın mümkün olmadığını nəzərə alınaraq oyun ertələndi və böyük ehtimalla martın 24-ü keçiriləcək. Əlbəttə, əgər yenə də yağış yağmasa.

 

Elə İOEUGİM – «Qarabağ» oyunun təyin olunduğu Sumqayıtın «İnşaatçılar» stadionunun da qazonu ürəkaçan deyildi. Amma bu oyun baş tutdu və qonaqlar 3:0 hesabı ilə qalib gəldilər. Asif Əlizadənin komandası 1-ci hissədə Ziyatay Niyazlı ilə 2 dəfə rəqibi məyus etdi. Fasilədən sonra isə Etibar Həsənlidən ötüpmə alan Mirmövsün Caniyev yekun nəticəni müəyyənləşdirən qola imza atdı.

 

Qələbə sayəsində «Qarabağ» «Keşlə» ilə xallarını bərabərləşdirdi. Lakin bu komandalar arasında keçirilən hər iki oyunda məğlub olmaları (1:2, 0:3) onların «Keşlə»ni keçməsinə imkan vermədi.

 

U-15 Liqasında 23-cü turun oyunları martın 31-i və aprelin 1-də keçiriləcək: «Turan» - «Zaqatala», «Vətən» - «Zirə», «Viləş» - İsgəndər Cavadov BFA, «Səbail» - «Keşlə», «Qəbələ» - İOEUGİM (Sumqayıt), «Qarabağ» - «Kəpəz», «Neftçi» - «Neftçi» İK İB.

 

Oyunların başlama saatı və yeri haqqında əlavə məlumat verəcəyik.

Bombardirlər: Elvin Abdullayev («Vətən») – 24 qol, Mehrac Baxşəliyev («Qəbələ») – 23 qol.

 

 

«Het-trik news» qəzetinin layihəsi

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


Digər xəbərlər

Xəbər xətti