"Biz futzala yeni nəfəslər qazandırlmalıyıq" - LAYİHƏ

00:53 26 Mart 2018

Sportarena.az saytı AFFA yanında Media Komitəsinin maliyyələşdirdiyi "Futzal üzrə liqaların işıqlandırılması, uşaq futzal məktəblərinin yoxluğu, real durum və problemlər" mövzusunda layihənin icrasını davam etdirir.

 

Layihə çərçivəsində yeddinci yazımızda çox az sayda fəa uşaq futzal məktəblərindən biri haqqında məlumat verəcəyik.

 

Bildiyiniz kimi, ölkə futzalında bir sıra problemlər mövcuddur. Peşəkar klubların sayının az olması, maddi vəziyyətin, infrastruktur və şəraitin yaxşı olmaması bir yana peşəkar futzaçıların sayı elə də çox deyil. Bunun səbəb son illərdə futzal məktəblərinin və akademiyalarının fəaliyyət göstərməməsidi. Bu səbəbdən uzun müddətdi milli komandada braziliyalı legionerlər çıxış edirlər. Legionerlər bir çox ölkələrdə komandaya kömək olmaq üçün milliləşdirilirlərsə, bizdə vəziyyət fərqlidilər. Yığma komandamızın əsas oyunçuları məhz braziliyalılardı. Ustalıq səviyyəsi yüksək olan barmaqla sayılacaq qədər yerli futzalçımız var. Onların böyük hissəsi karyeralarının qürub çağını yaşayırlar. Onları əvəz edə biləcək futzalçılar isə demək olar yoxdur. Hazırda milli komandaya cəlb edilən gənclərdən yalnız qapıçı Rövşən Hüseynli liderlik xüsusiyəti ilə seçilir. O, artıq bir neçə ildi ki, milli komandanın heyətində çıxış edir və eyni zamanda, "Araz"ın qolkiperidi. Rövşəndən yanaşı milli komandada başqa gənc futzalçılar da çıxış edir. Ancaq onların ustalıq səviyyələri və təcrübələri elə də yüksək deyil. Sloveniyada keçirilən sonuncu Avropa Çempionatında yerli oyunçu sarıdan ciddi problemlərin olması ciddi şəkildə sezildi.

 

 

Yalnız son illərdə gənc futzalçıların yetişdirilməsi yönündə addımlar atılıb. Bir neçə klubun nəzdində uşaq futzal məktəbləri yaradılıb. Onlardan biri də 2012-ci ildən fəaliyyət göstərən "Fənər" Futzal Klubudu. Bu ildən etibarən sözügedən klubun nəzdində futzal məktəbi fəaliyyətə başlayıb. Məktəbin təsisçisi klubun prezidenti Turqay Fərzəliyevdi.

 

Qısa zaman kəsiyində müxtəlif yaşlardan 30-dan çox uşaq futzalın sirrlərini öyrənir. Növbəti yazımızı bu məktəbə həsr etmək üçün məşqlərdən birini izlədik. Gördüklərimiz bizi yaxşı mənada təəccübləndirdi. Keçirilən məşq, yaradılan şərait. uşaqlara qarşı xüsusi diqqət hər şey yüksək səviyyədə idi. Məşqləri A kateqoriyalı məşqçi Azər Cabbarov və uzun illər milli komandamızın şərəfini qorumuş, hazırda "FK. İD. Futsal" komandasında çıxış edən Rəcəb Fərəczadə ilə keçir. Onların işə yanaşmaları və uşaqlarla münasibəti xüsusilə seçilirdi. Elə uşaqlar da futzala böyük həvəslə məşq edirdilər. Qısa zaman kəsiyində əldə edilən nəticə gələcəyə ümid verə bilməz.

 

 

Məşqin gedişində fürsətdən istifadə edib "Fənər"in uşaq futzal məktəbinin koordinatoru Samir Məmmədovla söhbətlik. O, məktəbin yaradılmasından, mövcud vəziyyət və yaradılan şəraitdən danışdı:

 

"Bildiyiniz kimi futzalımızda məktəb və akademiya sarıdan problemlər var. Çox az sayda klubun uşaq futzal məktəbi var. 2018-ci ilin yanvarından isə "Fənər" futzal klubunun nəzdində bu məktəbi yaratdıq. Buna görə klubun prezidenti Turqay Fərzəliyevə təşəkkür edirəm. Gördüyünüz kimi məşqləri "Marafon" İdman Klubunun zalında keçirik. Hər cür şəraitimiz var. Forma və idman ləvazimatları baxımından da heç bir problemimiz yoxdu.

 

Uşaq sayı elə də çox olmadığından hələlik onları yaş qruplarına bölməmişik. 30-dan çox uşaq bizimlə məşq edir. Onların yaşları fərqlidi. Amma hələlik onlar bir arada məşq edirlər. Uşaqların sayı artdıqca tədricən onlar yaş qruplarına bölünəcəklər. Belə davam edərsə, yaxın gələcəkdə buna nail olacağıq. İndi bizim üçün ən vacib məsələ uşaqların futzala alışması və bu idman növünü qəbul etməsidi. Çünki futzal futboldan kifayət qədər fərqlənir. Kiçik yaşlı uşaqlar futzalın nə olduğunu bilmirlər. Hətta bəzilərinin topla ilk tanışlığı da burada olub. Ona görə də ilk addımlar müəyyən qədər çətin olur. Amma arxada qalan müddət ərzində müəyyən qədər irəliləyiş edə bilmişik. İlk vaxtları xatırlayanda uşaqlarda yaxşı mənada ciddi fərqlərin olduğunu görürük. Artıq bəzi uşaqlar tanışlıq mərhələsini aşıblar. Məktəbimizə qatılan, futzalla tanışlığı olmayan hər bir uşaq bu prossesdən keçəcək. Hətta valideynlər də bu idman növü ilə yenicə tanış olmağa başlayıblar. Bəzi valideynlərin futzaldan ümumiyyətlə xəbərsiz idilər. Kütləviliyin olmaması bunun əsas səbəblərindən biridir. Bu məktəb elə bu məqsədlə yaradılıb. Biz futzala yeni nəfəslər qazandırlmalıyıq. İrəliyə doğru addımlar atıldıqca problemlər getdikcə seyrəkləşəcək".

 

 

Uşaq futzal məktəbinin rəsmisi eyni zamanda problemlərdən də danışdı. Məmmədov sparrinq rəqiblər tapmaqda çətinlik çəkdiklərini vurğuladı. Eyni zamanda uşaq futzal məktəblərinin azlığından da şikayətləndi: 

 

"Bizim problemlərimizdən biri də aşağı yaş qrupları üzrə liqaların, oyunların olmamasıdı. Bu, uşaqların inkişafı üçün lazımdı. Bildiyiniz kimi, futbolda aşağı liqalar var. Futzalda da uşaqlar üçün turnirlər olsa, yaxşı olar. Məşq etməklə oyunçu yetişdirmək mümkün deyil. Uşaqlar kiçik yaşlarından nə qədər çox oyun keçirsələr, o qədər yaxşı formalaşar, təcrübə toplayarlar. Hələlik bu vəziyyətdən çıxış yolu sparrinq rəqiblər tapmaqdı. Amma bu sarıdan da problemlər var. Çox az sayda klubda uşaq komandaları olduğundan rəqib tapmaq da çətindi".

 

 

Samir Məmmədov gələcəyə böyük ümidlərlə yanaşır. Onun sözlərinə görə, belə davam edərsə. yaxın gələcəkdə milli komandada legionerlərdən istifadəyə ehtiyac qalmayacaq. Bunun üçünsə daha çox məktəblərin açılmasını, uşaqların futzala cəlb olunmasının vacib olduğunu da bildirdi:

 

"Bu işə yeni başlamışıq. İndidən gələcəklə bağlı nəsə danışmaq tezdi. Amma bizim bu yolda məqsədlərimiz var. Milli komandaya, həmçinin "Fənər"in əsas komandasına öz futzalçılarımızı vermək istəyirik. Uşaqlar müxtəlif yaşlarda olduğundan onların tam yetişmə prosesi də müxtəlifdi. Yaşı çox olan uşaqları qısa zamanda əsas komandaya verə biləriksə, 5-6 yaşlı uşaqların tam yetişməsi üçün bizə 10 il lazım olacaq. Burda gördüyünüz uşaqların heç də hamısı tam sona qədər davam etməyəcəklər. Bəziləri başqa istiqamətə yönələcək, bəziləri isə inkişaf etməyə, potensial olmaya bilər. Belə olan halda biz həmin uşaqlarla yollarımızı ayıra bilmərik. Amma biz sona qədər uşaqların inkişafı üçün çalışacağıq. Elə ola bilər ki, hansısa uşağın potensialı çox gec açılsın və ya meydan oyunçusu deyil yaxşı qapıçı olsun. Bunun üçün biz diqqətli çalışmalı və qərar verməyə tələsməməliyik.

 

Burada yetişəcək uşaqlar futzalımıza, millimizə və klubumuzun əsas komandasına böyük xeyir verəcək. Kənardan futzalçı gətirməyə ehtiyac qalmayacaq. Biz futzalmızın inkişafını istəyiriksə, başqa klublarda belə məktəblər açmalıdı. Bu, həm rəqabət, həm də inkişaf deməkdi. Belə olacağı halda milli komandada legionerlər çıxışına ehtiyac olmayacaq.

 

Mən valideynlərə səslənirəm, uşaqlarınızı bizə etibar edin. Bu, onlara çox lazımdı. Uşaqları həm idmanla məşğul olurlar, həm pis vərdişlərdən uzaq qalırlar, həm də peşəyə yiyələnirlər".

 

 

Daha sonra məşqçi Rəcəb Fərəczadə ilə söhbətləşdik. Məşqçi karyerasında ilk addımlarını atan təcrübəli futzalçı gördükləri işin nə qədər vacib olmasından, futzalın nə qədər çətin idman növü olmasından və mövcud problemlərdən danışdı:

 

"Məktəbimiz bildiyiniz kimi yeni fəaliyyətə başlayıb. Həftənin üç günü məşq edirik. Fikrimcə, ilk vaxtlar üçün məşq sayı normaldı. Özünüz də gördüz şəraitimiz normaldı. A kateqoriyalı məşqçi Azər Cabbarovla birlikdə çalışırıq. Mənə bu şansı verən rəhbərliyə təşəkkürümü bildirirəm.

 

Məşqlərimiz yaxşı keçir. Uşaqlar həvəslə çalışırlar. Baxmayaraq ki, futzal bəziləri üçün yeni idman növüdü. Bir sıra uşaqlar isə futbolla məşğul olduqları üçün müəyyən qədər tez öyrənirlər. Amma futzalla futbol bir-birilərindən tamam fərqlənirlər. Hər ikisinin fərqli qaydaları var və oynanılma şəraiti tamam başqadır. Futbol futzala nisbətən daha asandı. Futzalda meydan balaca, oyunçu sayı az, vaxt isə məhduddu. Qısa zaman kəsiyində qərar vermək, çoxlu fiziki güc verməlisən. Daha çox faktlar sadalaya bilərik. Futbolda nələrisə sığortalamaq, dəyişmək mümkündü. Futzalda hər şey tamam başqadı. Ona görə də futzalı ayrıca öyrənmək lazımdı. Bunun üçün isə şərait, məktəblər lazımdı. Təəssüf ki, belə məktəblərin sayı azdı. Demək olar ki, hamısı yeni fəaliyyətə başlayıb. Hər klubun öz məkətəbi, uşaq futzalı olmalıdı. Ona görə də yerli futzalçı baxımından problemlərlə üzləşmişik. Bundan sonra irəliyə baxıb yeni futzalçılar yetişdirmək lazımdı".

 

 

Fərəczadə futzalda yeni istedadların yetişəcəyinə, onlar milli komandaya qədər yüksələcəyinə də inanır:

 

"Uşaqlar məktəbimizə qoşulduqları gündən sonra xeyli inkişaf ediblər. İnanıram ki, gələcəkdə onlardan bir neçəsi əsas komandanın və yığmanın üzvünə çevriləcəklər. Aşağı yaş qrupları üzrə liqalar, digər futzal məktəbləri fəaliyyət göstərərlərsə, inkişaf prosesi daha sürətli gedə bilər. Bunun üçün digər klublar da hərəkətə keçməlidilər.

 

Valideynlər uşaqlarını futzala yönləndirməkdən çəkinməsinlər. Uşağın sağlamlığına, gələcəyinə müsbət təsir edəcək idman növüdü. Futzalla məşğul olan uşaqlar gələcəkdə futbola da yönələ bilərlər".

 

 

O, sonda vacib bir məqama da toxundu. Rəcəb Fərəczadə futzalçılarla yanaşı yeni məşqçilərin yetişməsinin də vacib olduğunu bildirdi:

 

"Uşaq futzal məktəblərinin açılması təkcə yeni futzalçıların yetişməsi demək deyil. Həm də futzalçıların karyeralarını bitirdikdən sonra məşqçi kimi fəaliyyətə başlaması üçün fürsətdi. Belə məktəblər nə qədər çox olarsa, kənarda qalan sabiq futzalçılarımız özlərinə iş tapa bilərlər. Sağ olsun "Fənər" rəhbərliyi mənə belə şərait yaradıb. Başqa futzalçılara da belə şərait yaradılmalıdı. Onlar təcrübələrini uşaqlarla, gənclərlə bölüşməlidilər. Gələcəkdə həmin məşqçilər əsas komanda da belə çalışa bilərlər. Xaricdən mütəxəssis gətirməyə də ehtiyac qalmaz. Bu olacağı təqdirdə futzalın gələcəyi və potensialı da daha da artacaq.  Bu idman növü hərtərəfli inkişaf edəcək".

 

Heybət Məmmədov

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.



Digər xəbərlər

Xəbər xətti