Araz Abdullayev: "Mahir gələcəkdə qollar vuracaq" - MÜSAHİBƏ

10:52 15 Oktyabr 2018

Milli komandamız Millətlər Liqasının qrup mərhələsinin 4-cü turunda evdə Malta ilə 1-1 hesablı heç-heçə edib.

 

Sportarena.az xəbər verir ki, oyundan sonra millimizin yeganə qolunun müəllifi olan Araz Abdullayev jurnalistlərin suallarını cavablandırıb.

 

- İki xal itirdik, yoxsa bu nəticəni normal qarşılamaq lazımdır?

- Komandamız bu gün yaxşı oynadı. Yaxşı epizodlarımız oldu, yararlana bilmədik. Sadəcə, bəxtimiz gətirmədi. İki xal itirdik. Bu gün Kosovo da heç-heçə edib. İki oyunumuz var. Bu matçlara yaxşı hazırlaşmalıyıq.

 

- Kosovonun xal itkisindən nə üçün yararlanmaq mümkün olmadı?

- Dediyim kimi, son iki qarşılaşma bizim üçün çox vacibdir. Bu gün istək çox idi. Futbol belədir. Qalib gələ bilmədik. Son matçlara hazır olmalıyıq.

 

- Qol epizodunda çox soyuqqanlı idin. Digər futbolçularımız isə şansları sağa-sola xərclədilər. Nə üçün sənin kimi ola bilmədilər?

- Elə anlar olur ki, mən də fərqlənə bilmirəm. Həm də top ayağıma daha rahat oturdu.

 

- Özünü hansı cinahda rahat hiss edirsən: sağda, yoxsa solda?

- Mənim üçün heç bir fərqi yoxdur. Məşqçi necə istəsə, elə də oynamağa hazıram.

 

- Qrupun taleyini hansı oyun həll edəcək?

- Futboldur, hamı xal itirə bilər. Biz son iki oyunda maksimuma köklənməliyik. Tək nəsə etmək olmur. Komanda şəklində olmalıyıq. Bu gün azarkeşlərimizə təşəkkür edirəm. Bizi ruhlandırdılar, dəstəklədilər. İstəyirdik ki, qalib gələk. Amma futbolda belə hallar olur.

 

- Əvvəlki Araz Abdullayev geri dönür?

- Çalışıram ki, məşqçinin tapşırıqlarını yerinə yetirim. İstəyirəm, əvvəlki formama qayıdım.

 

- Bu gün əlinə telefon alıb sosial şəbəkəyə girənlər Mahir Mədətovu tənqid edir, stadiona gələnlər də fitə basır. Bu gün də bu hal yaşandı.

- Azarkeşlərə deyərdim ki, Mahir gənc futbolçudur. Hər birimiz cavan olmuşuq. Belə psixoloji təsir etmək olmaz. Bu gün Mədətov əlindən gələni etdi.  Hər bir futbolçunun qaçırdığı şanslar olur. Düşünürəm ki, Mahir gələcəkdə qollar vuracaq.

 

- Belə çətin anda futbolçu psixoloji baryeri necə aşmalıdır?

- Bu an ona sadəcə, dəstək olmaq lazımdır. Komanda yoldaşları və azarkeşlər Mədətova dəstək verməlidir. Gənc futbolçudur. Ona kömək olacağıq. Mən ona inanıram. Hər şey özündən asılıdır.


Digər xəbərlər

Xəbər xətti