Rüfət Dadaşov: "Azərbaycanın dövlət himnini öyrənməyə çalışıram"

14:22 17 Oktyabr 2018

"Məşqçilər və futbolçular haqqımda müsbət danışdılar. Milliyə qayıtdığım üçün məmnunam. Farer adalarına şaxtalı havada, süni örtüklü meydanda qalib gəldik, amma Malta ilə heç-heçə bizi məyus etdi. Şanslardan istifadə edə bilmədik".

 

Sportarena.az xəbər verir ki, bu sözləri millimizin və Almaniya III Bundesliqa təmsilçisi "Proyssen"in hücumçusu Rüfət Dadaşov deyib. 28 yaşlı forvard Millətlər Liqasında yığmamızın qrup lideri olmaq üçün mübarizəyə davam edəcəyini deyib: "Malta ilə oyunda bir neçə qol epizodundan yararlanmadım. Buna baxmayaraq, biz qrup lideri olmaq üçün mübarizəni sona qədər davam etdirəcəyik".

 

Rüfət Dadaşov yığmada rus dilindən danışaraq, hər kəslə rahat ünsiyyət qurduğunu deyib: "Millidə rus dilindən istifadə edirdim. Komandada demək olar ki, hər kəs bu dili bilir. Ancaq Dmitri Nazarov üçün alman dilini bilən tərcüməçi var".

 

Dadaşov yenidən milliyə dəvət alacağına ümid edir: "İki oyunda 90 dəqiqə meydanda oldum. Fikrimcə, pis təsir bağışlamadım. Ümid edirəm ki, yenidən yığmaya dəvət alacam".

 

Rüfət himnimizi öyrənməyə çalışdığını qeyd edib: "Azərbaycanın dövlət himnini bilmədiyim üçün oyunlarda oxumuram. Amma bunun üzərində çalışıram".


Digər xəbərlər

Xəbər xətti