“Neftçi” bizdən irəlidədir, onları üstələməliyik" - "Qarabağ"ın müdafiəçisi

23:37 17 Fevral 2019

"Qarabağ" Azərbaycan Premyer Liqasının 17-ci turunda "Qəbələ"ni qəbul edib və 2:1 hesablı qələbə qazanıb.

 

Sportarena.az xəbər verir ki, oyundan sonra Ağdam klubunun müdafiəçisi Maksim Medvedev jurnalistlərə müsahibə verib.

 

- “Qəbələ” ilə görüşdən qələbə ilə ayrıldınız. Matç haqda fikirləriniz necədir?

- Bilirdik ki, “Qəbələ” yaxşı futbol sərgiləyir. Rəqibimiz bizim üçün çətin komandadır, yaxşı hücum xəttləri var. Amma onlarla oyuna yaxşı hazırlaşmışdıq. Biz də onları analiz edirdik və bu gün düzünü desəm, bizdə çox şey alınmırdı. Bir az ehtiyatlı oynayırdıq. Vəziyyət elədir ki, komanda xal itirmək istəmir. Ona görə diqqətli oynayırdıq. Əsas odur ki, arzumuza çata bildik. 

 

- İkinci hissədə daha çox çətinlik çəkdiniz. Çünki “Qəbələ” ikinci yarıda təzyiqi artırmışdı. 

- Hesabda öndə idik, ona görə rist etmək istəmirdik. Hesabı qoruyub saxlamaq istəyirdik. Ona görə də ikinci hissədə “Qəbələ”yə oynamağa imkan verdik. 

 

- Mahir Mədətov top itkilərinə çox yol verir. Onun oyunu komandada gərginlik yaratmır?

- Mahir gənc futbolçudur. Oyuna sonradan daxil olmaq da çətindir. 1-2 epizodda səhvləri oldu. Düzdü, onun bu hərəkətlərinə əsəbləşirdik, lakin dəstək verməyə çalışırdıq. Oyunu alınmadığına görə ondan rəqib futbolçuları bağlamasını tələb edirdik. 

 

- Lider “Neftçi” ilə xal fərqi 1-ə endi. “Qarabağ”ın çempionluq şansının çox olduğunu düşünmürsünüz?

- “Neftçi” hələ bizdən irəlidədir. Əlbəttə, 1-ci pillədə qərarlaşmaq istəyirik. Amma futboldur, irəlidə oyunlar var. Həm biz, həm də “Neftçi” xal itirə bilər. Bunu ancaq zaman göstərəcək. Son oyunumuz “Neftçi” ilədi, hər şey ola bilər, biz hər şeyə hazırıq. Bu gün bir xal fərqi varsa, bu, bizə sərf etmir. 

 

-  Builki rəqabət sizin üçün daha xoşdur?

- Belə rəqabət olanda, çempionat maraqlı olur. Keçə illər “Qəbələ” ilə belə hallar yaşayırdıq. Amma sonunda çempion ola bilirdik. Bu il Avropa Liqasında çox güc sərf etdik, ona görə bəzi oyunlarda xallar itirdik. İndi isə “Neftçi” bizdən irəlidədir, onları üstələməliyik. 

 

- Milli komandanın aparıcı üzvlərindən birisən. Səncə, yeni baş məşqçi Nikola Yurçeviç Azərbaycan futboluna xeyir verə bilərmi?

- Məşqçi haqda çox şey bilmirəm. Millinin üzvləri onunla söhbət etməyib. İrəlidə vaxt var, məşqçimizi tanıyacağıq. Tanış olduqdan sonra dəqiq məlumat vermək olar. 

 

- Avropa çempionatında Xorvatiya ilə oyuna 1 aydan az vaxt qalıb. Sizcə, Yurçeviçin milli üzvlərini tanıması üçün çempionata fasilə verib təlim-məşq toplanışı keçirməyə ehtiyac varmı?  

- Bir tərəfdən yaxşıdı ki, məşqçi ilə çox vaxt keçirəsən. Bir tərəfdən də çempionatın qrafikində dəyişiklik olacaq. Bunu da heç bir futbolçu istəmir. Çünki qrafik bizim üçün çox maraqlıdır, planları ona uyğun qururuq. 5 günə görə çox şey dəyişə bilər. Ona görə futbolçular qrafikin dəyişilməsini istəmirlər.


Digər xəbərlər

Xəbər xətti