"Huner Group”dan AFFA ilə yaşanan reklam qalmaqalına münasibət: "Forma bazarda satılır,almışıq"

18:49 11 Aprel 2019

Bu gün ölkə mətbuatında AFFA-nın "Huner Group” şirkətini məhkəməyə verəcəyi haqqında məlumat yayılıb. 

 

Sportarena.az xəbər verir ki, şirkət sosial şəbəkədə Ağ şəhərdə "Hünər qüllələri" adlanan yaşayış kompleksinin futbol meydançasından çəkilən bir çarx paylaşıb. Videoda millimizin və "Keşlə"nin qapıçısı Kamran Ağayev də yer alıb.

 

Futbolinfo.az saytının yaydığı xəbərdə, zalın divarında Zinəddin Zidan ilə Qurban Qurbanovun böyük posterlərinin olması və ən əsası Kamranın bu reklam kampaniyasına çəkilməsi AFFA-nın baş katibi Elxan Məmmədovun xoşuna gəlməyib. Nəticədə AFFA-nın hüquqşünası "Huner Group”a məktub göndərib. Kamranın reklam çəkilişində istifadə etdiyi forma, onun üstündəki emblem AFFA-ya məxsus olduğu iddiası ilə AFFA şirkəti məhkəməyə verməklə hədələyib. 

 

Məsələyə aydınlıq gətirmək üçün Sport7.az AFFA-nın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə əlaqə saxlayıb. Qurumun sözçüsü AFFA-nın "Huner Group"u məhkəməyə vermədiyini bildirib:

 

"AFFA-nın "Huner Group"u məhkəməyə verəcəyi ilə bağlı məndə rəsmi məlumat yoxdu. Məhkəməyə verməmişik. Narazılıq ilə bağlı onu deyə bilərəm ki, şirkətin çəkdiyi reklam rolikində AFFA-nın əmtəə nişanından istifadə olunub. Və bununla bağlı qurumdan icazə alınmayıb. AFFA-nın loqosu rəsmi qeydiyyatdan keçib və hər hansı bir şirkət bu loqodan hər hansı rolikdə, yazıda və s. şəkildə istifadə edərsə, AFFA-dan razılıq almalıdır. Bununla bağlı şirkətə narazılıq bildirilib. 

 

Digər məqam videoya Kamran Ağayevin çəkilməsidir. Onun da hüquqi baxımdan AFFA ilə razılaşmadan millinin formasında hər hansı bir şirkətin reklam çarxlarında iştirak etməyə ixtiyarı yoxdur. AFFA-nın loqosu AFFA-nın əmtəə nişanıdır və qurumla razılaşmadan hər hansı reklam xarakterli vasitələrdə istifadə etmək olmaz". 

 

"Huner Group”un PR və Marketinq Departamentinin direktoru Nəsimi Paşayev isə Sport7.az-ın sorğusuna cavab olaraq bunları deyib:

 

"Bu məsələylə bağlı bizə AFFA-dan zəng etmişdilər. Biz konkret olaraq Kamran Ağayevlə reklam xarakterli videoçarx çəkmişik. Zəng edən – AFFA-nın Marketinq Departamentinin əməkdaşı bildirdi ki, Kamran Ağayevin əynindəki formaya görə bu reklam paylaşılan hər yerdən silinməlidir. Biz də qeyd etdik ki, bu forma bazarda satılır, almışıq və hər kəs də bundan istifadə edə bilər. Biz AFFA-nın loqosundan məqsədli şəkildə istifadə etməmişik. Federasiyanı reklam və ya antireklam da etməmişik. AFFA Azərbaycan dövlətinin, Azərbaycan xalqınındı. Biz də Azərbaycanın inkişafı üçün çalışırıq. Düzdür, özəl şirkətik, amma bu məsələdə AFFA-dan nə reklam məqsədilə istifadə etmişik, nə də anti-reklam məqsədilə.


Bizimlə danışan xanım bildirdi ki, AFFA-nın tərəfdaşı olmayan şirkətlər loqodan istifadə edə bilməzlər. Hər hansısa futbolçunu reklama çəkmək üçün onlardan icazə almalıyıq. Biz də qeyd etdik ki, bir çox idmançılara müraciət etdik. Onlar bu məsələyə görə öz federasiyalarından icazə almalı olduqlarını dedilər. Lakin futbolçu kimi Kamran Ağayevlə əlaqə quranda bizə belə bir məsələ haqda məlumat vermədi. Artıq bu onunla AFFA arasında olan bir problemdir. Xanım bizə bir daha xatırlatdı ki, videoçarxı silməyəcəyimiz təqdirdə hüquq-mühafizə orqanlarına müraciət edəcəklər. Biz də qanunsuz heç bir iş görmədiyimizi, istənilən dairəyə müraciət edə biləcəklərini xatırlatdıq. Onların məhkəməyə müraciət edib-etmədikləri haqda bizə məlumat verilməyib”.


Digər xəbərlər

Xəbər xətti