Riçard Almeyda: "Stankoviç təxribat xoşlayan oyunçudu"

22:36 1 May 2019

"Düşünürəm ki, çox gözəl oyun göstərdik. Kollektiv şəkildə baxımlı futbol oynadıq, baş məşqçinin bütün istədiklərini həyata keçirməyə çalışdıq.Amma bir səhv nəticəsində təəssüf ki, finala adlaya bilmədik".

 

Sportarena.az xəbər verir ki, bunu "Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda Azərbaycan kubokunun yarımfinal mərhələsində "Qəbələ" ilə keçirilən cavab görüşündən sonra deyib.

 

Səfərdə 0:1 hesabı ilə məğlub olan Ağdam təmsilçisi bu gün qələbə qazansa (2:1) da mübarizəni dayandırıb. Almeyda artıq bu matçı unutmalı olduqlarını vurğulayıb: "Bizim üçün bütün oyunlar vacibdi. Təəssüf ki, bu gün finala çıxmaq şansını əldən verdik. Kim finalda oynamaq istəməz? Ancaq bu, alınmadı. Üç gün sonra "Səbail"ə qarşı daha bir vacib matçımız olacaq. Artıq bunu unudub həmin görüşə hazırlaşacağıq".

 

Milli komandamızın üzvü vurduqları hər iki qoldan sonra "Qəbələ"nin təhlükəli hücumlar qurmasına da münasibət bildirib: "Qəbələ" bu gün bütün ümidini əks-hücumlara bağlamışdı. Buraxdığımız qol epizodunda da demək olmaz ki, vəziyyəti onlar yaratdı. Müdafiəçinin uzun ötürməsindən sonra fərqləndilər. Bizim isə daha bir neçə qol şansımız oldu. Fikrimcə, daha 1-2 top vura bilərdik".

 

Braziliyalı orta sahə oyunçusu Topaz Premyer Liqasındakı mübarizə barədə də danışıb. O, çempionluq titulunu rəqibin sırf "Neftçi" olmasına görə arzulamadıqlarını söyləyib:

 

"Futbolçu rəqibdən asılı olmayaraq, hər zaman titul qazanmaq istəyir. Rəqibin "Neftçi" və ya başqa komanda olmasını düşünmürük. Titul istənilən halda tituldu. Azarkeşlər arasında gərginlik ola bilər. Bu, hətta bəzən söyüş həddinə çatır. Ancaq biz futbolçu olaraq meydanda bir-birimizə hörmətlə yanaşmalıyıq. Təkcə "Neftçi" yox, "Qəbələ" də bizim rəqibimiz sayılır".

 

30 yaşlı futbolçu oyun zamanı bir neçə dəfə yaranmış gərginliyə də münasibət bildirib. O, xüsusən də, qarşılaşmadan sonra komanda yoldaşı Miçelin qırmızı vərəqə almasından danışıb:

 

"Miçel bir az çılğın, Stankoviç isə təxribat xoşlayan oyunçudu. Ancaq məğlub olmağı da bacarmaq lazımdı".


Digər xəbərlər

Xəbər xətti