“Belə çıxır ki, biz də UEFA-ya şikayət etməliydik?..”- MÜSAHİBƏ

17:00 17 May 2019

"Qarabağ"ın baş meneceri Asif Əsgərov qol.az-a müsahibə verib.

 

Sportarena.az xəbər verir ki, dünən Bakıda "Çelsi"nin futbol əməliyyatları üzrə direktoru David Barnard ilə görüşən A.Əsgərov həm təssüratlarını bölüşüb, həm də ingilislərin Avropa Liqasının finalının Bakıya salınması ilə bağlı fikirlərini çatdırıb.

 

- David təşkilat işlərinin başında duran adamdır. Avropa Liqasının finalı böyük hadisədir və UEFA-nın final oyunundan öncə hər iki klubun nümayəndələri ilə görüşlər keçirməsi təbii haldır. Bu komandaların hər ikisi Azərbaycanımıza ilk dəfə deyil gəlirlər, azarkeşlərimiz onları canlı izləyiblər və bu qürur “Qarabağ” Futbol Klubuna aiddir” – deyə A.Əsgərov bizimlə söhbətə başlayır. Əlavə edir ki, həm "Çelsi", həm də "Arsenal" komandaları ilə normal münasibətləri var:

 

- Oyunlarımız zamanı yaranmış iş münasibətləri hal-hazırda həm də dostluq havası ilə davam edir. Onların da Bakıya gəlməsi zamanı görüşümüz təbiidir. David də Bakıdakı işlərdən vaxt tapan kimi görüş üçün vaxt təyin elədik.

 

- "Qarabağ" iki il öncə Çempionlar Liqasının qrup mərhələsində "Çelsi" ilə qarşılaşmışdı. Görünür, o vaxtdan arada yaxşı münasibət yaranıb...

- Əlbəttə. Rəqabət meydanda olur. Amma futbolçuların meydana qıraq təsirləri düşünmədən çıxması və 90 dəqiqə rahat oynaması üçün biz təşkilatçıların üzərinə yük düşür. Bunu da daha məsuliyyətli icra etmək – həm də rəqiblə normal münasibət qurmaqdır.  “Çelsi” ilə püşkatmadan sonra işlə bağlı münasibətlər yarandı. Biz azərbaycanlıyıq, öz qonaqpərvəliyimizi o vaxt da göstərmişdik, indi də göstərməli olmağımız təbiidir. Bizə lazım olan odur ki, onlar "azərbaycanlı" deyəndə ağıllarına ilk olaraq, yaxşı təəssüratlar gəlsin. Hansı ölkəyə getməyimizdən asılı olmayaraq, hər zaman buna çalışırıq. Əgər 2 il əvvəl Bakıya gəlmiş bir klub rəsmisi, yenidən həmin şəhərə gəlmə şansı yaranan kimi bizə yazaraq mütləq görüşməli olduğunu deyirsə, deməli, adamlar bizi yaddan çıxarmayıblar. Biz avrokubok mövsümü ərzində 5-6, onlar isə daha çox ölkədə oyunlar keçirirlər. Neçə ölkədə olurlar. İllərdir "Qarabağ"dayam. Son illərdə də təşkilat işlərin bir parçası olan şəxs kimi deyə bilərəm ki, heç bir klubla cuzi də olsa, narazılığa səbəb ola biləcək hadisə yaşamamışıq. Elə münasibət qurmağa çalışırıq ki, qarşı tərəf də haqqımızda mənfi fikirdə olmasın. "Çelsi"nin böyük klub olduğunu deməyə ehtiyac belə yoxdur. Yalnız ofislərində – təşkilati işlərdə 600 nəfər çalışır. Klubun böyüklüyü elə burdan da görünür.

 

- Maraqlıdır, görüş zamanı nələrdən danışdınız?

- Hər şeydən danışdıq. Əvvəlcə tarixə virtual səyahət etdik. Təşkilati baxımdan bizim oyunlarda olan maraqlı hadisələri xatırladıq. Azərbaycan haqda təssüratlarını bölüşdü. Onlar Azərbaycana ilk səfərlərində qış idi, havalar soyuq olduğundan az gəzə bilmişdilər, İndi isə yaxşı havaların imkan verməsindən istifadə edib gəzdiklərini bildirdilər və yaxşı mənada təəccübləndiklərini gizlətmədilər. 

 

"Arsenal"la oyundan əvvəl. "Emireyts" stadionu, 2018-ci il dekabr

 

- İngiltərə mətbuatı Avroliqanın finalının Bakıya salınması ilə bağlı hər gün müxtəlif məlumatlar yayır. Bəs real mənzərə, ingilis azarkeşlərin həlledici görüşün paytaxtımızda keçirilməsinə münasibəti necədir?

- Onlar bu məsələyə "yeni bir təcrübədir" kimi yanaşırlar. Məsələn, Çempionlar Liqasının finalı Madriddə, "Vanda Metropolitano" stadionunda olacaq. Biz orada "Atletiko" ilə oynamışıq. Səhv etmirəmsə, bu, "Atletiko"nun yeni arenasında üçüncü ev matçı idi. Mən "Vanda Metropolitano"nu Bakı Olimpiya Stadionu ilə müqayisə edə bilərəm. Çünki işlə əlaqədar hər iki stadionun imkanlarını öyrənmək mənim işimdir. İnanın ki, Bizim Olimpiya Stadionu Avropanın heç bir stadionundan geri qalmır, bəlkə çox stadiondan daha möhtəşəm və gözəldir. Əgər belədirsə, belə mötəbər turnirin finalı niyə də Azərbaycanda olmasın?! Hər şey nisbidir. Bir az yolun uzaqlığı bəhanə ola bilər. Şansımız da elə gətirdi ki, Avropanın o başından bu başına gəlirlər. Onlar bizdən nə qədər uzaqdırsa, biz də onlardan o qədər uzaqlıqdayıq. Belə çıxır ki, püşkatmada biz Farer adaları komandası ilə düşəndə UEFA-ya şikayət etməliydik ki, niyə bu ölkə komandası ilə oynayırıq? Yaxud da biz yaxın ölkə klubu ilə oynamaq istəyirik?  Bizi sevməyən qüvvələr ola bilər ki, bu məsələləri süni şəkildə qabartsın. Məsafənin uzaq olması normaldır. Burada əsas söhbət şəraitdən gedir. UEFA nümayəndələri də buradadır. Münasibətim olanlar var. Heç birindən taşkilati baxımdan problemlərin olması ilə bağlı bir şey eşitməmişəm. Düzdür, mən kənardan baxıram, təşkilat komitəsinin üzvləri qədər yaxın deyiləm məsələlərə. Amma xaricdən gələn qonaqlardan eşitdiklərim onu deməyə əsas verir ki, təşkilati işlər normal qaydada gedir.

 

- "Çelsi" və "Arsenal" klublarının narazılığına səbəb olan məsələlərdən biri də UEFA-nın finalçı komandaların hər birinin azarkeşləri üçün cəmi 6 min bilet ayırmasıdır. Bu barədə necə, söhbət oldumu?

- Azarkeşlərlə bağlı çətinliklərlə üzləşdiklərini bildirdilər. David Barnard "Çelsi" tərəfdən 2000-2500 azarkeşin Bakıya gəlməsinin real olduğunu bildirdi. "Arsenal"da bu işləri görən adamla telefonla danışmışam. Yəqin ki, onlarda bu say bir qədər daha artıq olacaq. Yəni, bu adamlar yalnız azarkeşlərin daha çox gəlməsini arzulayırlar. Başqa bir şey istəmirlər. Deyirlər ki, təki, daha çox tərəfdar gəlsin. Bildiyimə görə turları təşkil edən şirkətlərin qiymətləri bunların azarkeşləri üçün daha baha görünür. Bu baxımdan çox azarkeşin gələ bilməyəcəyinə təəssüflənirlər. Finalda oynayan hər bir komanda üçün ayrıca bilet sayı var. Bu, əvvəldən verilmiş, hər finalda tətbiq olunan qaydadır. Bu oyuna özəl bir kvota deyil. UEFA bayrağı altında oynayan klub onun qayda-qanunlarına riayət etməyə borcudur. 

 

Avropa Klublar Birliyinin toplıantısında

 

- Dünən "Arsenal" klubu rəsmi sayt vasitəsilə bəyanat yayaraq, Bakıda nəqliyyat məhdudiyyəti olduğunu bildiyi halda UEFA-nın final oyununu paytaxtımıza salmasına öz narazılığını bildirib. "Qarabağ" Avropa Klublar Birliyinin (ECA) üzvüdür. Ümumiyyətlə, bu qurumun belə məsələlərdə söz hüququ varmı? Yəni, UEFA final oyunlarının yerini müəyyənləşdirərkən, ECA ilə məsləhətləşirmi, yaxud da qurum bununla bağlı qərarlara təsir göstərə bilirmi?

- Avropa Klublar Birliyi müstəqil qurum kimi yarandı, amma son illər artıq UEFA-nın ali qərar verən bölümündə də ECA-nın nümayəndələri var. Onlar da söz hüququna malikdirlər. Bu baxımdan qurum belə məsələlərə təsir edə bilir. Sadəcə, Çempionlar Liqası və ya Avropa Liqasının final oyunlarının müəyyənləşdirilməsi zamanı müəyyən amillərə baxırlar. Hər bir şey yeni təcrübədir. Onlar bu təcrübədən istifadə edib, növbəti mövsüm üçün planlarını qururlar. Təbii ki, Bakını seçərkən, kortəbii qərar verməyiblər. UEFA "orda oynamayaq, burda oynayaq" deyə qərar vermir. Baxır, araşdırır, təhlil edir və sonda qərarını açıqlayır ki, Avropa Liqasının finalı bu şəhərdə keçirilə bilər. Son zamanlar yığdığım təcrübəyə əsasən deyə bilərəm ki, UEFA qərar verərkən bütün məsələlər yüksək səviyyədə təşkil olunur. Məsələn, keçən mövsüm Çempionlar Liqasının final oyunu Kiyevdə keçirilmişdi. Mən Kiyevdəki oyunda oldum. Təşkilati işlər yüksək səviyyədə qurulmuşdu. Qarşılanıb yola salınmadan tutmuş hər bir qonağa fərdi yanaşmaya kimi, hər şey detallı işlənmişdi. İnanıram və əminəm ki, Bakıda onlardan daha yüksək təşkilatçılıq olacaq. Sadəcə, bizi istəməyən qüvvələr Azərbaycanın reytinqini aşağı salmaq üçün hər hansı çıxışlar edə bilərlər. Açığı, "Arsenal"ın belə bir bəyanat yaydığını sizdən eşidirəm. Çünki həmin klubda bu işləri görən adamla telefonda danışdım. Dediyim kimi, yalnız reyslərdən və azarkeşlərin az gələcəyindən təəssüflənirlər. Belə ehtimal edə bilərəm ki, azarkeşlərin kluba təsirini öz üzərlərindən atmaq üçün belə bəyənat yayıblar.


Digər xəbərlər

Xəbər xətti