“Məni sevən kişi hardasa gözləyir, onu tapacam” - FOTOLAR + VİDEO

11:36 1 İyun 2019

Bakıda keçirilən fitnes bikini üzrə çempionatın qalibi olan Salatın Əsədova hər kəsin diqqətini üzərinə çəkməyi bacardı.

 

Sportarena.az xəbər verir ki, 31 atlet arasında ideal fiqura nümayiş etdirərək birinci olan Əsədova “Qafqazinfo”ya müsahibəsində liderliyindən və fitnes bikini yarışlarından danışıb:

 

- Niyə fitnesmodel olmaq istədiniz?

- İdmana həmişə həvəsim olub. Müəyyən yaşdan sonra döyüş növləri ilə məşğul ola bilmirsən. Məsələn, karate və ya kikboksinq üçün gec olur. Hər hansı bir idman növündə peşəkar olmaq istəyirdim. 19 yaşımda fitnesmodelliyə start vermişəm. Artıq 6 ildir. Amma təkcə bununla kifayətlənməmişəm. Kikboksinq və boksa da vaxt ayırmışam. Nailiyyət əldə etmək üçün fitnesmodelliklə davam etdim. Ümid edirəm ki, kikboksinq və boksda da nailiyyətim olar. 

 

- Kikboksinqlə nə qədər məşğul olmusunuz?

- Çox az. Vaxtım olmurdu ki, tam gedim. 3 ay gedirdim, sonra zaman ayıra bilmirdim. Kikboksinq elədir ki, əzələləri dağıdır. Çünki döyüş növlərində texnika önəmlidir. Orada məşq edirsən bel genişlənir. Sadəcə sevdiyim üçün onlarla məşğul oluram. 

  

- Bəs uşaqlıqdan niyə idmanla məşğul olmamısınız?

- Məndə həmişə maraq var idi. Amma uşaqlıqda ailədən asılı olursan. Valideynlərim mənim karate ilə məşğul olmağıma icazə vermirdi. Deyirdilər ki, xanım hara, idman hara?! İndiki ağlım olsaydı... Hər kəsə də burdan məsləhət verirəm ki, qız uşaqları gimnastika ilə məşğul olsunlar. Gimnastika elə idman növüdür ki, daimi elastikliyi saxlayır. Fitnes isə elədir ki, fasilə versən, bədən öz formasını itirəcək. Mən “ev uşağı” idim. Məsələn, evə saat 6 olan kimi gedirdim, dərslərimi oxuyurdum. Ancaq məktəbə gedirdim, evə gəlirdim. Məktəbimiz də evimizdən bir məhəllə o tərəfdə idi. Dərsə gedirdim və qayıdırdım evə, sonra başlayırdım ev işləri görməyə. Çox assosial bir uşaq idim. Aktiv həyat tərzim yox idi, əylənmirdim. 18 yaşımda universitetə qəbul oldum, işləməyə başladım. Bundan sonra dünyagörüşüm artdı. Təhsilim şərqşünaslıq idi. Başladım artıq görünüşümə fikir verməyə. Universitetdə 5 idman növünə bir yerdə yazıldım və evdə söylədim ki, məcburidir. Halbuki yalnız birini seçməli idim.

 

- Amma təhsilin dalınca gedib ixtisasınız üzrə işləməmisiniz. İdmanı seçmisiniz...

- Şərqşünaslığı çin dili üzrə bitirmişəm. Bitirdikdən sonra uşaqlar Çinə getməli oldular. Lakin mən ailə vəziyyətinə görə gedə bilmədim. Evdəkiləri tək qoymağı bacarmadım. Burda qaldığım üçün özümə iş tapdım. Satış sferasına yönəldim. Çox yaxşı alınırdı. Satıcı yox, satış müdiri idim. Geyim mağazasında satış müdiri də oldum. Bir dövr oldu ki, magistratura imtahanına getdim. Türkiyədə oxuyacaqdım və Antalyanı seçdim. Bir həftəlik getdim və düşündüm ki, istirahət də edərəm, imtahan da verərəm. Getdikdən sonra ora o qədər xoşuma gəldi ki, köçdüm ora. Amma sonradan ailəm geri qayıtmağımı istədi və gəldim. Bundan sonra isə başladım turizm sahəsi ilə məşğul olmağa. Həmin vaxt bir yarış oldu. Azərbaycanda ilk dəfə fitnes bikini yarışı baş tutdu. Mən də orada həvəskar idim. Çünki assosial uşaq idim və əhatəm də geniş deyildi. İndi də o qədər gəzməyə meyilli deyiləm. Həmin vaxt mənə təklif etdilər ki, görünüşünüz çox uyğundur və siz də burada iştirak edə bilərsiniz. Onsuz da məşq edirsiniz. Belə başladım və yarışa çıxdım. İlk yarışda 6 nəfər idik. O birilər məşqçi, mən isə həvəskar idim. Həmin yarışın qalibi oldum. Bundan sonra həvəs yarandı və peşəkar məşğul olmağa başladım. 

 

- Ailəniz bu məsələyə necə münasibət göstərdi?

- Uzun müddət narazı oldular. Hardasa 5-6 aydır ki, razılıqlarını almışam. Çünki bizdə bu, yaxşı qəbul olunmurdu. Qadın hara, əzələ hara... Hər kəs standart psixologiya ilə yanaşırdı. Ailəm də eyni reaksiyanı verirdi. Lakin mən məşq zalına girdikdə hər şeyi unudurdum. Problemlər olanda belə onu məşqdə həll edirdim. Əvvəllər daha çox məşq edirdim və bilgim də bu mövzuda az idi. Düşünürdüm ki, çox məşq daha tez ideal olmaq üçün yaxşıdır. Sonra araşdırdım və gördüm ki, daha az məşq etmək lazımdır. Bu barədə öyrəndikdən sonra bildim ki, normal yemək, normal məşq etmək lazımdır. Bir saat yarım məşq etdikdən sonra istəyimə daha rahat çata bilərəm. Belə-belə hər şey nailiyyətlərlə birlikdə gəldi. Ailəm də anladı ki, mən peşəkar idmançıyam, vaxt keçirmirəm. 

 

- Evdə sizdən başqa idmanı sevən var?

- Bacım var və idmanla əlaqəsi olmayan xanımdır. Hazırda yanıma gəlir və məşq edir. Yaxşı nəticələr əldə edir. O, məndən böyükdür. Məşqlərdə sərt adamam. Balacayam, amma onun üstünə qışqırıram. Dediklərimi qəbul edir deyə nəticə də alır. Anamı da məşq etdirirəm. Baxmayaraq ki, “toppuşdur”, amma ona da təsir edirəm. 

 

- Etiraz etmirsizsə, bir az şəxsi həyatınızdan danışaq...  

- Şəxsi həyatın fitnesə xeyri var, ziyanı yoxdur. Həm də daha əyləncəli həyatım olar. Hazırda sıxılmıram, çünki fitneslə bağlı təhsil alıram. Mənim düşüncəm odur ki, həyatımda sevə biləcəyim və sonuna qədər birlikdə yaşayacağım şəxs olmalıdır. Onu gözləyirəm. Vaxt keçirməyi sevmirəm. Ona görə də hələ ki, həyatımda heç kim yoxdur.     

 

- Ailə qurmağı düşünürsünüz?

- Bu, qəribə sualdır. Hər bir xanım ailə qurmağı, uşaq dünyaya gətirməyi istəyər. Hamilə olan xanımların çoxu formasını itirməkdən qorxur. Amma hamilələr üçün də məşqlər var. Düşünürlər ki, mənimlə ailə quran kişi məndən qorxar (gülür). Amma baxın xaricdə fitnesmodellik necə inkişaf edib. Bütün xarici fitnesmodellər onları qəbul edəcək, əzələli formada sevəcək kişiləri tapırlar. Mən də düşünürəm ki, məni sevən kişi hardasa gözləyir, onu tapacam. 

 

- Azərbaycanda rəqibləriniz çoxdur?

- İndiyə qədər Azərbaycanda bu yarış 7 dəfə keçirilib. 3-ünü mən qalib olmuşam, 4 yarışda isə iştirak etməmişəm. Həmin yarışların qalibləri də çox gözəl xanımlardır. Gözəl bədən formaları da var. Rəqib olaraq niyə görmürəm? Çünki fitnes bikini yarışlarında təkcə əzələlərə fikir vermirlər. Baxımlı olmaq lazımdır. Düşünürəm ki, biz normal xanımlara görə daha çox baxımlıyıq. Saçımız, dırnaqlarımız, kirpiklərimiz, rəng tonumuza fikir verməliyik. Kobud görünməməliyik. Adi hərəkətdə belə kobud görünmək olar. Səhnədə estetikaya fikir verməliyik. Buna münsiflər də çox önəm verir. İncə olmaq lazımdır. Mənim boyumun uzun olmağı da üstünlüyümdür. Əzələ kütləm çox tez formalaşır. Bunların üstünə boy, xanım kimi görünmək gəldikdə rəqibim olmur. Daha yaxşı xanımlarımız da var. Amma səhnəyə çıxa bilmirlər. Çünki bikini ilə bədən nümayiş etdirməyi hər ailə qəbul etmir. Mən buna bir iş kimi baxdığım üçün problem yoxdur. Biz dənizə də gedirik və həmin geyimləri orada da geyinirik. Buna bir iş kimi baxdıqda narahat olmuram. Amma bəziləri kimi geriqalmış düşüncəsi ilə baxdıqda başqa cür görünür. Bikini ilə səhnəyə çıxdıqda yaxşı düşünmürlər. Hamı dənizdə elə gəzir, mən isə işimi görmüşəm. Nə problem var ki? Mən çıxıb yağ göstərmirəm, əziyyətimin bəhrəsini nümayiş etdirirəm. Azərbaycan Bodibildinq Federasiyasının prezidenti Rauf Bünyatəliyev məni dünya səhnəsinə dəvət edib. 7 ay hazırlaşıb əziyyətimin bəhrəsini görməyə çalışacam. Bu, yerimdən durdum, bikini geyinib göstərdim deyil. Nizam-intizam pik səviyyədə olur. 

 

- Şirniyyat və yağlı yeməklərdən istifadə edirsiniz?

- Hər bir şey yemək olar. Sadəcə mənim bədənim yağlı yeməkləri, şirniyyatları, “fasfood”u qəbul etmir. Zərərli qidanı istəsəm də yeyə bilmirəm. Yedikdə halım pis olur. İdmanla məşğul olan qadınlar əgər çox kök deyillərsə, həftədə bir dəfə hər şey yeyə bilərlər. Bunun səbəbi nədir? Bədən 6 gün ərzində o qədər nizam-intizamla işləyir ki, həmin yeməyin təsiri olmur. Çünki məşqlərdə itirdiyin yağları həmin bir gün nə qədər yağlı yemək yesən belə, bərpa edə bilməzsən. 

 

- Hər hansı dərmanlardan, preparatlardan istifadə edirsinizmi?

- Peşəkar səviyyədə bəzi şeylər var. Amma mən bodibildinqlə məşğul olmuram. Onlar dərmanlar qəbul edir və etməlidirlər. Fitnes bikinidə isə ehtiyac yoxdur. Çünki bu bədəni normal qida və idmanla formaya salmaq olar. Həmin qidalar da kimyəvi deyil, sadəcə adi qidaların toz formasında olanlarıdır. Əlavə dərmanlar bodibildinqdə xarici səhnələrdə belə istifadə olunur. Xanımın kişi bədəninə sahib olmağı normal yolla mümkün deyil. Amma xanımın piyləri olmadan, daha ideal formada olmağı normal şeydir. Səhnəyə çıxmayan çox fit xanımlarımız var. Yarışlar zamanı dərinin altındakı yağ səviyyəsini minumuma salırıq. Kişilər qədər olmasa da, bunu edirik. Çünki əzələ ilə birlikdə həm də gözəlliyimizi qorumalıyıq. Bədənimiz çox “qurusa” skeletə oxşayarıq. Məsələn mən alkoqol istifadə etmirəm. Dediyim kimi o da həftədə bir dəfə olar. Amma mən istifadə etmirəm. Çünki çəkdiyim əziyyətə heyfim gəlir. Dadını bilirəm, əvvəllər olub. İdmana görə onsuz da enerjim var və ona ehtiyac görmürəm. Artıq ölkədə şəkərsiz şirniyyatlar da var. 

 

 - Qazancınız nə qədərdir? Sizi qane edirmi?

- Nəzərə alsaq, iki yarışa çıxmışam, xərcimi deməyəcəm, amma çoxdur. Yaxşı qazanırıq, amma çox da xərcləyirik. Maşınsızam, amma iki yarışa xərclədiyim pula maşın alardım. Bir ayda yemək üçün xərclədiyim pulu ödəyərək kreditlə maşın alaram. Maşın alsam, formamı itirərəm. Taksilərdən istifadə edirdim. Amma artıq maşın almağı düşünürəm. Sürməyi bilməsəm də, öyrənəcəm. Təlimlərə getmişdim və yəqin ki, qorxdum. Amma artıq bunu bacarmalıyam. 

 

- Ətrafınızda yalnız idmanla məşğul olanlardır?

- Digər iş yerlərimdə olan heç kəslə yaxın əlaqəm yoxdur. Müdirlərim və müəllimlərim xaric. Assosial olduğum üçün onlarla həmin vaxtlar da çox münasibətim olmurdu. 

 

 



Digər xəbərlər

Xəbər xətti